Azərbaycan milli
kapitalının görkəmli nümayəndələri
Azərbaycan neft
sənayesinin yaranmasında milli, rus və xarici kapitalın
rolu
XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri
Şimali Azərbaycan tarixində mühüm mərhələ
təşkil edir. Bu dövr Şimali Azərbaycanda
çar Rusiyasının bütün imperiya ərazilərində apardığı islahatların nəticələri
özünü büruzə verməyə başladı.
1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğvi
bu sahədə çox böyük yüksəlişə səbəb
oldu. Neftli torpaqların hərraca
çıxarılması neft sənayesinə böyük
miqdarda kapitalın axınına səbəb oldu.
Neft sənayesində sahibkarlıqla Avropa
ölkələri, ABŞ və Rusiyadan olan ayrı-ayrı
şirkətlər və şəxslər məşğul
olmağa başladılar. Bakıda neft sənayesinin coşqun inkişafı
illərindən danışarkən belə bir cəhəti hökmən
nəzərə almaq lazımdır ki, azərbaycanlı neft sahibkarlarının əksəriyyəti
çox kasıb ailələrdən
çıxmışdı və nəticədə XIX əsrin
70-ci illərindən - 1920-ci ilin mayınadək təkcə
Azərbaycanın deyil, o cümlədən Rusiya
imperiyasının ən nüfuzlu şəxslərinə
çevrilmişdilər. Onların çoxu heç bir təhsil
görməmişdi. Yeganə
üstünlükləri bundan ibarət idi ki, nadir bir
dövrdə yaşayırdılar və belə bir dövrdə
gecə-gündüz neft mədənində alın təri
tökməklə çalışan adi fəhlə
Bakının tükənməz, məşhur neft
fontanları sayəsində varlı sahibkar ola bilərdi.
Lakin bunun üçün, təbii ki, bacarıq, istedad,
müdrikliklə bərabər, ilk növbədə
güclü milli qürur hissi tələb olunurdu.
İndiyədək hər birimizin fəxr
etdiyimiz Bakı şəhərinin qaynar həyatı bu
sahibkarların səxavəti sayəsində
yaranmışdır, əvəzsiz xeyriyyəçilik ənənələrinin
əsasını onlar qoymuşlar.
Müstəmləkə dövründə
millətinə sahib çıxan bu böyük şəxsiyyətlər
içərisində H.Z.Tağıyevin, A.M.Nağıyevin,
A.M.Muxtarovun, A.Ş.Əsədullayevin, Aşurbəyov, Kainski
və Dadaşov qardaşlarının adları xüsusi yer
tutur və bu adlar Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Şimali Azərbaycanın Rusiya imperiyasının müstəmləkələrindən
biri olduğu, milli dövlətçiliyin müvəqqəti
olaraq itirildiyi bir şəraitdə bu insanlar dövlətin
görə biləcəyi işləri öz çiyinlərinə
götürmüşdülər. Azərbaycan millətinin
yaşaması, inkişafı və yenidən milli dövlətçiliyə
qovuşması üçün mümkün olmayan işi mümkün
etdilər. Sovet dövrü ərzində bu
şəxslərin hətta adlarını belə çəkmək
qadağan edilsə də, totalitar sistem onların unudulması
üçün hər cür vasitələrə əl atsa
da, sahibkarların ucaltdıqları möhtəşəm
binalar kimi nəcib əməlləri də xalqın qəlbindən,
hafizəsindən heç zaman silinməmişdir. 1872-ci
ildə iltizam sistemi ləğv edildikdən sonra Bakı neft və
neft emalı sənayesində Azərbaycan milli kapitalı
geniş şəkildə təmsil olunmuşdur. Belə ki, XIX əsrin 70-ci illərində neft
quyularının 88%-i yerli
sahibkarların əlində cəmlənmişdi. İstifadəyə
yararlı yalnız 17 sahə var idi ki, onlardan 15-i Balaxanı,
2-si Bibiheybət kəndləri ərazilərində yerləşirdi.
46 kerosin zavodunun sahiblərindən
25-i azərbaycanlı idi. 1883-cü ildə isə Bakıda fəaliyyət
göstərən 100 kerosin zavodundan 41-i azərbaycanlı
sahibkarlara məxsus idi. Bu zavodların əksəriyyəti
H.Z.Tağıyevə, H.Mehdiyevə, A.Nuriyevə, M.Xanlarova və
başqalarına məxsus idi. Ümumi neftçıxarma
işində də azərbaycanlı sahibkarların xüsusi
çəkisi böyük idi.
Belə ki, Bakıda çıxarılan neftin 3%-dən
çoxu Ağamusa Nağıyev və Ağa Şəmsi
Əsədullayevə məxsus şirkətlərin payına
düşürdü.
HACI ZEYNALABDİN TAĞIYEV (1823-1924)
Pinəçi ailəsində
anadan olmuş Zeynalabdin altı yaşında bənna
şagirdi işləməyə başlamışdı.
Sonralar o, milyonlar sahibi olsa da, bütün ömrü boyu
özünün cəmi bir neçə qəpikdən ibarət
ilk əmək haqqını hər şeydən yüksək
qiymətləndirirdi. Bu əmək haqqı ona
çörək və pendir almaqla böyük ailəni
dolandırmağa imkan vermişdi. Təqribən 55
yaşında ikən neft milyonçusu oldu. Həmin vaxtadək
bənna, yükvuran və podratçı işləmişdi.
XIX əsrin 60-cı illərinin
sonunadək tikinti işləri ilə məşğul
olan H.Z.Tağıyev müəyyən miqdar kapital
topladıqdan sonra manufaktura işi ilə məşğul
olmaq qərarına gəlir. O, 1870-ci ildə azərbaycanlılar
içərisində ilk olaraq kerosin zavodu alır. 1872-ci ildə
isə neftçıxarma
işində özünü sınamaq istəyir. O bu məqsədlə
topladığı 9 min rubla öz ortaqları ilə Bibiheybətdə
neftli torpaq alır və burada qazma işlərinə
başlayır. Lakin H.Z.Tağıyevin şəriki
gözləməkdən bezərək öz payını ona
güzəştə gedir. Özünə inam və
inadkarlıq H.Z.Tağıyevə uğur gətirir. 1878-ci ildə
H.Z.Tağıyevin qazdırdığı ilk neft quyusu fontan
vurur və tezliklə, o, Bakının ən zəngin və
tanınmış adamlarından birinə çevrilir.
Onun yaratdığı “H.Z.Tağıyev” şirkəti
bütün neft sənayesində mühüm mövqeləri ələ
keçirir: qazma, hasilat, emal və nəqletmə kimi əsas
istiqamətlər bir şirkətin fəaliyyətində
öz əksini tapır. Böyük kimyaçı-alim
D.Mendeleyev özünün “Neft” kitabında yerli sahibkarlardan
H.Z. Tağıyevi fəaliyyətinə görə xüsusi
qeyd edir və onu neft sənayesinin “mühərriki”
adlandırır. Tez bir zaman içərisində
H.Z.Tağıyev təkcə neft sənayesində deyil, həm
də neft satışı bazarında böyük nüfuz
qazanır. 1886-cı il yanvarın 11-də neft sənayeçilərinin toplantısında “Biz neftsənaye
böhranından necə çıxa bilərik
?”mövzusunda məruzə ilə çıxış
edir və yaranmış vəziyyətdən xilas
yollarını göstərir. O öz təklifləri ilə
“Kaspi” qəzetinin səhifələrində
çıxış edir. Lakin onun təklifləri
neft işi ilə məşğul olan əksər
sahibkarları qane etsə də, Azərbaycan neft sənayesində
çox güclü mövqeləri ələ
keçirmiş “Nobel qardaşları
yoldaşlığı” və Rotşildlərə məxsus
“Xəzər-Qara dəniz neft-sənaye və ticarət”
şirkətləri tərəfindən rədd edilir.
1886-cı ilin qışında Nobel qardaşları şirkəti
H.Z.Tağıyevin yerli sahibkarların bir təşkilatda birləşməsi
təşəbbüsünə faktiki olaraq müharibə
elan edir. “Nobel qardaşlarının yoldaşlığı”
şirkəti xam neftə verginin tətbiq edilməsi təklifi
ilə çıxış edir və bu məqsədlə
geniş təbliğata başlayır. Buna cavab olaraq
H.Z.Tağıyev “Nobel qardaşları
yoldaşlığı”
şirkətinin bu təklifinin əleyhinə
çıxır. Bu məsələdə onu D.İ.Mendeleyev
müdafiə edir. “Nobel qardaşları
yoldaşlığı” şirkətinin və Rotşildlərin
bu addımı yerli
sahibkarları hərəkətə gətirir. Lakin 1892-ci ildə
neft sənayesində başlanan böhran bir-biri ilə
heç də sadə münasibətləri olmayan 80 şirkətin
“Bakı kerosin zavodçuları ittifaqı”nda birləşməsi
ilə nəticələndi. Bu təşkilatda
güclü rəqabət mövcud idi və o iki qrupa
bölünmüşdü. Birinci qrupa “Nobel qardaşları
yoldaşlığı”, Rotşildlərin “Xəzər-Qara dəniz
neftsənaye və ticarət cəmiyyəti”, “S.M.Şibayev və
K0”, “Musa Nağıyev” və başqa şirkətlər,
ikinci qrupa isə H.Z.Tağıyevin
başçılığı ilə “Bakı standartı”
şirkətlər birliyi daxil idi.
Qeyd etmək lazımdır ki, XIX əsrin
sonunda neft sənayesində heç bir sindikat birliyi
H.Z.Tağıyevin iştirakı
olmadan fəaliyyət
göstərə bilmirdi. Onun enerjisi, ağlı, güzəştə
getmək diplomatiyası hətta ən ümidsiz layihələrin
reallaşdırılmasına kömək edirdi. H.Z.Tağıyevin bir neft sahibkarı kimi fəaliyyətində
diqqəti cəlb edən ən mühüm məqam ondan ibarətdir
ki, o dövrün bütün siyasi və iqtisadi çətinliklərinə
baxmayaraq heç bir böhran və yaxud rəqabət
çarpışması onu öz yolundan döndərə
bilməmişdi. XIX əsrin sonunda Bakı neft sənayesinin icmalı göstərir ki,
H.Z.Tağıyevin neft sənayesi sahəsində sahibkarlıq
fəaliyyətinin ümumi dəyəri 20 mln rubla bərabər
idi. Lakin bu zaman bütün iş dünyasını
çaxnaşmaya salan hadisə baş verir. H.Z.Tağıyev
bütün neft müəssisələrini ingilislərə
satır. O bunu nə üçün edir, onu belə bir qərara
nə sövq edir? Bunu yalnız bu dahi şəxsiyyətin
özü bilirdi. Çox maraqlıdır ki,
H.Z.Tağıyev bütün neft müəssisələrini
satsa da, neft işindən tamamilə
ayrılmamışdı. Bir müddət keçdikdən
sonra H.Z.Tağıyev yenidən neft işinə
dönmüş və bu sahədə bir sıra
yeni konsern, şirkət və səhmdar cəmiyyətlərinin
yaradılması və idarə edilməsində iştirak
etmişdi. 1915-ci ilin aprelində “Rusiyanın səhmdar-pay
müəssisələri”nin Peterburq nəşri “Sərgi-Qafqaz
neftsənaye və ticarət səhmdar cəmiyyəti”
yaradıldığını və onun İdarə heyətinə
H.Z.Tağıyevin
seçildiyini yazır. Lakin o özünün neft sənayesində
əvvəlki nüfuzunu bərpa edə bilsə də, onun XX
əsrin əvvəllərindəki fəaliyyəti XIX əsrin
sonlarındakı miqyasla müqayisəyə gəlmir. XX əsrin
əvvəllərində H.Z.Tağıyev artıq öz
gücünü başqa sahələrə yönəltmişdi.
AĞA MUSA NAĞIYEV
Ağa Musa Hacı Əli
Nağı oğlu Nağıyev 1849-cu ildə Bakının
Biləcəri kəndində samançı ailəsində
dünyaya göz açmışdı. Öz tərcümeyi-halında
təhsili qrafasında “ev təhsili” yazdıran Ağa Musa
Nağıyev əslində heç bir təhsil
almamışdı. Təbiətən çox
çevik və ağıllı olan Ağa Musa Nağıyev
hələ uşaq ikən kənd təsərrüfatı ilə
məşğul olmağa başlayır. O, 12 yaşında
olarkən böyük qənaətlə pul topladıqdan sonra
1862-ci ildə kiçik bir dükan
açır. Bundan sonra Ağa Musa Nağıyev Bibiheybətdə kiçik bir
torpaq sahəsi alır. Tale aldığı torpağı
suvarmaq üçün quyu qazmağa başlayan
A.M.Nağıyevin üzünə gülür və
qazdığı quyudan neft fontan vurur. Bu neft fontanı
çox qısa bir müddət ərzində A.M.Nağıyevi
Bakının ən zəngin və tanınmış iş
adamlarından birinə çevirdi. A.M.Nağıyev
bundan sonra Sabunçu, Ramanı və Suraxanıda yeni neftli
torpaq sahələri aldı və neft işində öz fəaliyyətini
genişləndirməyə başladı. O bu sahədə
işlərini uğurla davam etdirmək üçün
1887-ci ildə “A.M.Nağıyev” şirkətini təsis edir.
Başqa neft sənayeçiləri kimi
A.M.Nağıyev də Qara şəhərdə kiçik
neft emalı zavodu tikdirir və bu işini genişləndirdikdən
sonra onun buxarla işləyən
ilk gəmisi Xəzər dənizində üzməyə
başlayır. Çox qısa bir müddət ərzində
A.M.Nağıyev Bakının, haqqında əfsanələr
gəzən ən zəngin və nüfuzlu şəxslərindən
birinə çevrilir. Onun bu məşhurluğu
cəmiyyətin bütün təbəqələrinin, o
cümlədən cinayətkar aləmin də diqqətini cəlb
edir. XX əsrin əvvəllərində
Bakıda bolşeviklərə rəhbərlik etmiş və
o zamanlar “Koba” ləqəbini daşıyan İ.V.Stalin əksəriyyəti
qeyri-azərbaycanlı millətlərdən ibarət olan və
özünün başçılıq etdiyi silahlı
“quldur” dəstəsinə A.M.Nağıyevi oğurlamaq
tapşırığı verir və onun
geri qaytarılması üçün tələb olunan məbləği
də müəyyənləşdirir - 300 min rubl pul. 1908-ci il
dekabrın 26-da quldurlar onu günün günorta
çağı oğurlayaraq yuxarıda göstərilən
məbləğin ödənilməsini tələb edirlər.
Qeyd etmək lazımdır ki, bolşeviklərin oğurluq və
qarət yolu ilə topladıqları pullar
onların lideri V.İ.Leninin birbaşa
tapşırığı ilə dövlət əleyhinə
fəaliyyətə sərf olunurdu.
İ. V.Stalinin
ekspropriasiya (reket - C.B.)
yolu ilə əldə etdiyi pullara silah
alınırdı. Bu silahın böyük hissəsi
1905-1906- cı illərdə Şimali Azərbaycanda azərbaycanlılara
qarşı törədilən qırğınlarda canfəşanlıq edən ermənilərə
paylanmışdı. A.M.Nağıyevin azad edilməsi
üçün səy göstərən Bakı şəhər
rəisi Martınov peşəkar oğrular qarşısında
çıxılmaz vəziyyətə
düşərək 50 min rubl
ödəməklə onun azad edilməsinə nail olur.
Heç şübhəsiz ki, ödənilən məbləğ
A.M.Nağıyevə məxsus idi. Beləliklə,
rəsmi məlumatlara əsasən XX əsrin əvvəllərində
A.M.Nağıyevin Balaxanı, Ramanı və Sabunçu kəndləri
ərazilərində yerləşən neftli torpaqlarında o
dövr üçün müasir texnika ilə təchiz
edilmiş 45 yüksək debitli neft mədəni işləyirdi.
Bu mədənlərdə 800 fəhlə
çalışırdı. A.M.Nağıyevin neft sənayesində
qazandığı uğurlarda istedadlı azərbaycanlı
mühəndis Fətəlibəy Rüstəmbəyovun
xüsusi əməyi var idi. 1908-ci ildə Ağa Musa
Nağıyev öz mədənlərindən 12328300 pud
neftin hasil edilməsinə nail olmuşdu. 1915-ci ildə isə onun şirkətləri
ən nüfuzlu azərbaycanlı sahibkarların təşkil
etdikləri onluğa daxil idi.
A.M.Nağıyev Bakı neft sənayeçiləri
arasında 12 səsə malik idi.
AĞA MURTUZA MUXTAROV (1855-1920)
XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycan neft sənayesində təmsil olunan milli
kapitalın ən görkəmli nümayəndələrindən
biri də Ağa Murtuza Muxtarovdur. 1855-ci ildə Bakının
Əmircan kəndində dünyaya göz açan Ağa
Murtuza Muxtarov 1891-ci ildə “Murtuza Muxtarov” şirkətini yaradır
və şirkət Azərbaycanda ilk dəfə neft sənayesi
üçün texniki avadanlığın istehsalı ilə
məşğul olmağa başlayır. Bundan əlavə,
o, Sabunçu, Bibiheybət və Suraxanıda neft mədənləri
və mexaniki zavodların sahibi idi. A.M.Muxtarov
1903-1917-ci illərdə “Qazma işləri sahibkarları
sindikatı”nın, “Neft mədənləri qazmaçı
-podratçıları Bakı cəmiyyəti”nin və
“Podrat qazma şirkətləri
ittifaqının” əsas üzvlərindən biri
olmuşdur. 1913-cü ildə “Podrat qazma şirkətləri
ittifaqı” səhmdar cəmiyyətə çevrilir və
ona məxsus kapitalın həcmi 4 mln rubl təşkil
edirdi. Bakı neft sənayesində 1903-1917-ci illər ərzində
qazma işi ilə 30 müəssisə məşğul olurdu
ki, onlardan ikisi A.M.Muxtarova məxsus idi. Podrat qazma işi ilə
məşğul olan bu müəssisələrdən biri
Sabunçuda, digəri isə Bibiheybətdə yerləşirdi.
Bu müəssisələrdə əvvəllər
1000 nəfər fəhlə çalışdığı
halda, 1907-ci ildə burada 1950 fəhlə
çalışırdı. Qeyd etmək lazımdır ki,
Bakı neft sənayesində podrat qazma işində
üstünlük milli kapital
nümayəndələrinə məxsus idi. Lakin bu da
bir həqiqətdir ki, Bakı neft sənayesində söz
sahibi olan “Nobel qardaşları yoldaşlığı”
şirkəti milli kapital nümayəndələrinə
münasibətdə çox sərt mövqe tuturdu. Məhz Nobel qardaşlarının səyləri sayəsində
Azərbaycan neft sənayesində uzun müddət podrat qazma
ilə məşğul olan “Murtuza Muxtarov” şirkəti zəifləmiş
və Azov-Don kommersiya Bankı tərəfindən satın
alınmışdı. 1920-ci ildə Azərbaycanı
işğal edən Sovet Rusiyasının XI Qızıl
Ordusunun bölmələri ölkənin paytaxtı neft
Bakısını ələ keçirdikdən sonra
varlıların evinə girərək qiymətli əşyaları
müsadirə edirdilər. Murtuza Muxtarovun evinə
qapını sındıraraq soxulan bolşevik əsgərlərə:
“Siz nə cəsarətlə qapını döymədən
mənim evimə daxil olmusunuz? Siz kimsiniz?” sualına cavab olaraq
M.Muxtarov təhqir və söyüşlə
qarşılaşır. Öz qürur və qeyrəti ilə
oynanıldığını görən M.Muxtarov onu təhqir
edən əsgərləri yerindəcə güllələyir
və son olaraq: “Bu evə siz yalnız mənim cəsədim
üstündən keçə bilərsiniz” - deyərək
sonuncu gülləni özünə vurur. Gecə ikən onun
cəsədi dostu Ağa Hüseyn Davud oğlu molla Əmir tərəfindən
gizlicə sarayından çıxarılaraq Əmircan kəndinə
aparılır və orada dəfn olunur. Həyat yoldaşı
Liza xanım Tuqanova-Muxtarova gizli şəkildə
Bakını tərk etməyə çalışsa da,
soyğunçuların hücumuna məruz qalır və
çox çətinliklə İstanbul şəhərinə
köçə bilir.
Ardı var
Cəbi Bəhramov
Iki sahil.-
2019.- 19 mart.- S.21