Novruz soraqlı axır çərşənbə

Elimizin, obamızın ən xoş günlərindən olan Novruz bayramının sevincini yaşayırıq. Əsrlərlə yaşı olan bu bayram həqiqi mənada birlik, həmrəylik nümunəsidir. Bütün xalqlar kimi azərbaycanlıların da özünəməxsus milli mənəvi dəyərləri, bu dəyərlər içərisində daha çox sevilənləri, əziz tutulanları tək-tək olsa da fərqliliyi ilə seçilən Novruzun yeri özgədir.

 

Od, su, yel, torpaq çərşənbələrində adətən od qalanır, bütün evlərdə şənlik, bayram əhval-ruhiyyəsi yaşanır, qarşıdan gələn bayramın sevinci duyulur. Qonşular, yaxın qohumlar bir araya gələrək bayramlaşır, evlərdə bayram xonçaları bəzədilir. Elə ilk çərşənbədən etibarən nənələr, evlərin ağbirçəkləri səməni hazırlığına başlayırlar. Novruzun atributlarından olan səməni haqqında deyilənsəməni, saxla məni, ildə göyərdərəm sənisözlərinin bu gün səslənməsi onu göstərir ki, əsrlərdən bəri səməni ilə bağlı elliklə oxunan bu mahnının da yaşı elə yeni ilin gəlişini bildirən Novruz qədərdir. Qarşıdan gələn ilimizin yurdumuza bolluq, bərəkət gətirməsini arzulayan hər kəs evində rəmzi məna daşıyan səməni göyərdir. Qonşular bir araya gələrək səməni halvası bişirir, hər kəsə pay verilir.

 

Axır çərşənbə ilə Novruz arasında olan müddətdə qız, gəlinlər bayram süfrəsinin bəzəyi olan şəkərbura, paxlava bişirir, yeddi ləvin deyilən çərəzlər hazırlayırlar. Püstə, nabat, noğul, qoz, fındıq, qoğal, ləbləbidən ibarət bayram xonçalarından hər kəsə pay verilir.

 

Novruzun gəlişini bildirən, bəzən ilaxır çərşənbə adlandırılan sonuncu çərşənbə əsl bayram kimi qeyd olunur. Ümumi əlamətləri oxşar olsa da, bölgələrdə axır çərşənbə müxtəlif ayinlərlə qeyd edilir. Böyük kiçik çilələrin çətinliklərindən qurtardıqları üçün sevinən qız-gəlinlər evlərdə səliqə-sahman işlərinə başlayırlar. Yazın gəlişini günəşə açılan tumurcuq gözləri ilə soraqlayan ağacların ətrafı təmizlənir, torpağı yumşaldılır, qurumuş budaqlardan təmizlənir.

 

Soyuq qışın qar yorğanını üstündən atan, oyanışını günəşə yenicə boylanan bənövşənin gözü ilə bildirən torpaq yavaş-yavaş isinməyə başlayır. Çaylarda suların bolluğu artır. Çay qıraqlarını özünə məskən seçən yarpızların ətri lap uzaqlardan hiss olunur.

 

Kütləviliyi ilə seçilən axır çərşənbədə həyətlərdə yandırılan, birlik, həmrəylik, səmimiyyət rəmzi olan tonqalların ətrafına toplaşanlar bayramın əsas personajlarından olan Kosa ilə Keçəlin oyunlarına tamaşa edir, şənlənirlər. Özünəərzaq toplayan”, şən zarafatları ilə hamını güldürən Kosa ilə Keçəlin oyunlarına daha çox maraq göstərən, qırmızı rəngə boyanmış yumurtalarının bərkliyini sınayan uşaqlar bu cütlüyün hərəkətlərini təqlid edir, onlarla birgə oynayırlar. Evlərdə dəmə qoyulan zəfəranlı bayram aşının xoş ətri ətrafa yayılır.

 

Axır çərşənbənin illərdən bəri qorunub saxlanılan xüsusiyyətlərindən biri həmin axşam nişanlı qızlara, təzə ailə qurmuş gəlinlərə bayram xonçasının aparılmasıdır. Novruzu əbəs yerə mehribanlıq, səmimiyyət bayramı kimi əziz tutmurlar. Bu günlərdə küsülülər barışır, qonşular biri-birinə bayram aşından pay göndərirlər.

 

Gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edən, baharın gəlişindən xəbər verən Yeni il - Novruzunbir addımlığındaolan ilaxır çərşənbə həm niyyətlərin çin olduğu gündür. Məhz axır çərşənbədə yeniyetmə qız oğlanlar sevib-seçdikləri yarısına qovuşacağına əminlik nümunəsi kimi bağlı qapı arxasındaaçar salmakimi el adətinə inamlarını nümayiş etdirir, gələcəkləri ilə bağlı eşitdikləri sözləri xəyallarında canlandırır, şirin anlar yaşayırlar. Artıq illərin təcrübəsindən çıxmış həmin inanc bu günə qədər etibarını qoruyub saxlaya bilir. Nənələr, el ağsaqqalları da təsdiqləyirlər ki, həmin gün eşidilən sözlərin yozumu ürəklərdə tutulan niyyətlərə işıq salır, güzgü kimi əks olunur. İlaxır axşamının səhəri, gün doğmamış, elliklə axar suda yuyunmaq, içmək, qarşıdan gələn ilin bolluq, bərəkət gətirməsinin simvolu olan bulaqlardan evlərə daş gətirmək, çaylardan götürülən suyu evlərə, həyətlərə səpmək kimi adətləri yerinə yetirmək insanlarda sabaha inam yaradan inaclardandır.

 

Kəndlərdə mağar, el məclisi qurulur, aşıqlar sazın, sözün qüdrətini öz məharətləri ilə göstərirlər.

 

Axır çərşənbə Novruz bayramı Naxçıvan sakinlərinin yaddaşında bir hadisə ilə qalıb. Sovetlər dönəmində, planlı iqtisadiyyatın mövcud olduğu illərdə muxtar respublikanın enerji ilə təchizatı daplanlışəkildətəmin olunurdu.” Bilərəkdənmi ya qaydaya görəmi o vaxt muxtar respublikaya elektrik enerjisi Ermənistandan ötürülürdü. İnsanların süfrə arxasında toplaşdığı məqamda evlərdə işıqlar sönürdü. Yəni, “mehriban ailənin üzvükimi yaşadığımız illərdə ermənilər bayram sevincimizi azacıq müddətə olsa azaltdıqları üçün rahatlıq tapırdılar. Bu da ermənilərin qanlarında olan türkə qarşı nifrətinin, mənfur xislətinin bir nümunəsi idi.

 

İllərdən bəri bu bayrama dini don geyindirməklə xalqımızın yaddaşından Novruz sevincini qoparmaq niyyətində olanlar kimi ermənilər heç bir halda insanların bayram sevincinə xələl gətirə bilmirdilər. Ümummilli lider Heydər Əliyev Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasını rəsmiləşdirməklə insanlarda ünsiyyət, mehribanlıq, dostluq duyğularını gücləndirdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, sözün əsl mənasında ümumxalq bayramı mahiyyətini illərdən bəri qoruyan Novruz bayramının respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin bəhrələrindəndir.

 

Bayramın kütləvi el şənlikləri mərasimləri ilə dövlət səviyyəsində keçirilməsi yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması xalqımızın keçmişinə bağlılığı, varlığının təsdiqidir.

 

Xalqımızın illərdən bəri qoruyub yaşatdığı ən ülvi keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun beynəlxalq səviyyədə tanınması da təqdirəlayiq haldır. Novruz bayramının Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində UNESCO tərəfindən mədəni irs nümunələri siyahısına daxil edilməsi Şərq aləmində özünəməxsusluğu ilə seçilən bu el şənliyinin bəşəri dəyərlərlə zənginliyindən xəbər verir.

 

... Yurdumuza bahar gəlir. İnsanlar şadlıq, sevinc içərisindədirlər. Şərq təqviminə görə, təzə ilin gəlişini bildirən Novruz şənlikləri yenə insanları bir araya gətirəcək, hər kəs yaxınlarına, dost-tanışlarına ən xoş diləklərini çatdıracaq. Bu sevincə biz şərik olur, deyirik: Ocaqlarınız daim isti, süfrələriniz nemətlərlə bol olsun! Yeni il ölkəmizə, hər bir ailəyə ruzi, bolluq, bərəkət gətirsin!

 

Xuraman İsmayılqızı

İki sahil.- 2019.- 19 mart.- S.22