Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva martın 15-də Oksford Universitetinin Bodli kitabxanasının rəhbəri Riçard Ovendenin dəvəti ilə Bodli kitabxanasının yaradıcısı Ser Tomas Bodlinin şərəfinə universitetin ali akademik heyəti və fəxri qonaqları üçün təşkil edilmiş 31-ci təntənəli tədbirdə iştirak edib. (https://www.bodleian.ox.ac.uk/ ).

Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Ser Tomas Bodlinin xatirəsinə və onun filantropik fəaliyyətinə həsr edilmiş bu mühüm ənənəvi tədbirdə hər il məşhur alimlər, ictimai xadimlər, Böyük Britaniya Parlamentinin üzvləri, Oksford Universitetinin əsas akademik tərəfdaşları, universitetin ali rəhbərliyi və administrasiyası iştirak edir.Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva təntənəli surətdə Oksford Universitetinin kansleri lord Patten Barnesin başçılıq etdiyi Xeyriyyəçilər Komitəsinə üzv qəbul edilib. Professor Nərgiz Paşayeva məşhur alimlər, ictimai xadimlər və Oksford Universitetinin qarşısında xüsusi xidmətləri olan nüfuzlu təşkilatlardan ibarət Xeyriyyəçilər Komitəsinə qəbul edilmiş Azərbaycanın ilk akademik nümayəndəsi olub. Lord Patten Barnes vurğulayıb ki, Nərgiz Paşayeva “Oksford Universitetinin böyük dostu və akademik tərəfdaşıdır”.Builki təntənəli qəbulun 80 nəfərə yaxın nüfuzlu qonaqlarını Oksfordun əsas tədqiqat kitabxanası olan Ueston Kitabxanasının (Weston Library, https://www.bodleian.ox.ac.uk/weston) Bləkvell Hollda (Blackwell Hall) Bodli kitabxanasının rəhbəri Riçard Ovenden (Richard Ovenden, https://www.bodleian.ox.ac.uk/weston/about/librarian ) salamlayıb.

Sonra kiçik konfrans zalında “Tanınmamış qanunvericilər: ədəbiyyat və cəmiyyət” (Unacknowledged legislators: literature and society”) mövzusunda ekspert diskussiyası keçirilib. Diskussiya britaniyalı yazıçı, jurnalist və tənqidçi (1992-2002-ci illərdə “The Times” nəşrinin redaktoru, 2002-2016-cı illərdə “The Times” nəşrinə ədəbi əlavənin redaktoru) ser Piter Stothardın (Sir Peter Stothard, https://www.revolvy.com/page/Peter-Stothard ) sədrliyi ilə keçirilib. Diskussiyanın digər aparıcıları nigeriyalı şair və çoxsaylı romanların müəllifi, Buker mükafatı laureatı, cəngavər ordenli, Kral Ədəbiyyat Cəmiyyətinin üzvü Ben Okri (Ben Okri, https://www.britannica.com/biography/Ben-Okri ) və britaniyalı yazıçı və tarixçi, professor, Britaniya Akademiyasının fəxri üzvü, cəngavər ordenli, Kral Ədəbiyyat Cəmiyyətinin üzvü və onun ilk (2017-ci ildə) qadın prezidenti Deym Marina Uorner olmuşdur. (Dame Marina Sarah Warner, https://www.thebritishacademy.ac.uk/fellows/marina-warner-FBA ).

Tədbir çərçivəsində Bodli Kitabxanasının ilk tərkib hissəsindən biri olan, XV əsrdə yaradılmış İlahiyyat Məktəbində (Divinity School, https://www.bodleian.ox.ac.uk/whatson/venue-hire/rooms-available#div_school ) təntənəli ziyafət verilib. Qeyd edək ki, İlahiyyat Məktəbində tədris məşğələləri və imtahanlarla bərabər çox sayda mühüm görüşlər, hətta Kral səfərləri də olub. Bu binanın tavanı Avropa Qotik memarlığının ən böyük nailiyyətlərindən biri hesab edilir.Rəsmi hissədə Riçard Ovenden, həmçinin Oksford Universitetinin kansleri lord Patten Barnes qonaqların qarşısında çıxış ediblər (https://www.ox.ac.uk/about/organisation/university-officers/chancellor?wssl=1).

Bodli Kitabxanasının rəhbəri R.Ovenden rəsmi qəbul zamanı çıxışında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib. Özlüyündə çox şeyə dəlalət edən bu fakt Mərkəzin elmi-akademik, təhsil-maarifçilik və tarix-arxeologiya sahələrində gərgin işinin nəticəsini təsdiq edir.

 

Xatırladaq ki, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildən Azərbaycanın, Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin öyrənilməsinə və onu Qərbin elmi-akademik dairələrində populyarlaşdırmaq məqsədinə xidmət edir (https://www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus). 2018-ci il mayın 23-də Klarendon Kollecində Oksford Universitetinin vitse-kansleri, professor Luiz Riçardson və professor Nərgiz Paşayeva tərəfindən imzalanmış sazişə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində daimi əsasda onun ayrılmaz tərkib hissəsi kimi fəaliyyətə başlayıb. Bu fakt, heç şübhəsiz, mədəni, elmi və humanitar miqyaslı tarixi əhəmiyyətli hadisədir. Təsadüfi deyil ki, bu hadisəni Azərbaycanda elm, mədəniyyət və təhsil sahəsində “Əsrin kontraktı” adlandırdılar. Elmi Mərkəz yaradıldığı gündən bir sıra mühüm elmi-akademik layihə həyata keçirib. Onların arasında elmi-praktiki konfransları, şərqşünas alim Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (The Great Azerbaijani Poet Nizami) kitabının ingilis dilinə ilk akademik tərcüməsini, Mərkəzin dəstəyi ilə altı tələbənin Oksford Universitetində təhsil almasını, Oksford Universitetinin arxeoloqları tərəfindən Bərdə şəhərində qazıntılar aparılmasını və başqalarını qeyd etmək olar.2018-ci ilin aprel ayında akademik Nərgiz Paşayevanın Bodli Kitabxanasının rəhbəri Riçard Ovenden ilə kitabxananın əsas binasında keçirilmiş işgüzar görüşündə tərəflər Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətini müzakirə ediblər. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi barədə Nərgiz Paşayevanın irəli sürdüyü təklif Britaniya tərəfindən müsbət qəbul edilib və bu, dahi Azərbaycan şair-mütəfəkkirinin dərin fəlsəfəsində və yaradıcılığında təcəssüm olunan humanist, ümumbəşəri ideyalara verilən daha bir layiqli qiymət olub.Bodli Kitabxanasının rəhbəri və Oksford Universitetinin kansleri 2018-ci ildə kitabxana üçün xüsusi əhəmiyyət kəsb edən hadisələr arasında dövrünün çox məşhur ingilis şair və dramaturqu, 1913-cü ildə şair-laureat olmuş Robert Seymur Bricesin (1844-1930) https://www.poetryfoundation.org/poets/robert-bridges ) arxivinin əldə edilməsini də qeyd edib. Brices ingilis metrikası sahəsində dərin tədqiqatlarla məşğul olub və ingilis şeirinin tonik mənşəyi barədə öz nəzəriyyəsini yaradıb. 2018-ci ilin noyabr ayında Bricesin arxivi, o cümlədən onun yaxın dostu, ingilis şair və katolik keşiş Cerard Menli Hopkinskin (1844 –1889, https://www.poetryfoundation.org/poets/gerard-manley-hopkins ) məktubları və əlyazmaları, habelə yazıçı və şair Tomas Hardinin (1840-1928), yazıçı və şair Redyard Kiplinqin (1865-1936) və o dövrün bir sıra başqa yazıçı və şairlərinin məktubları Robert Bricesin vərəsələri tərəfindən Bodli Kitabxanasına verilib. Bodli Kitabxanasının rəhbəri Riçard Ovenden deyib: “Bricesin arxivinin əhəmiyyəti bundadır ki, o, XIX-XX əsrlərin böyük yazıçılarının şəxsiyyətini anlamaqda və daha yüksək qiymətləndirməkdə bizə kömək edir”.Təntənəli tədbirin sonunda dünya şöhrətli hindistanlı iqtisadçı və filosof, Şərəf Kavalerləri ordenli, Britaniya Akademiyasının üzvü, 1998-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı, professor Amartiya Sen (https://www.nobelprize.org/prizes/economic-sciences/1998/sen/biographical/) Bodli medalı ilə təltif edilib (https://oxfordliteraryfestival.org/literature-events/2019/april-3/bodley-lecture-and-award-of-bodley-medal). Qeyd edək ki, Bodli medalı ədəbiyyat, mədəniyyət və informasiya mübadiləsi kimi sahələrə verdiyi sanballı fərdi töhfəyə görə, habelə Bodli Kitabxanasını təkcə Oksfordun deyil, bütün dünyanın kitab xəzinəsi hesab edən Ser Tomas Bodlinin ideallarına çatmağa kömək etdiyinə görə Bodli Kitabxanası tərəfindən verilir. Məlumat üçün bildirək ki, Amartiya Sen bəşəriyyətin və insanın inkişafı indeksi haqqında BMT-nin illik hesabatlarının konseptual strukturunun ifadə edilməsinə sanballı töhfəsi ilə məşhurdur. Alim “rifahın iqtisadi nəzəriyyəsinə töhfəyə görə” Nobel mükafatına layiq görülüb.

 

Bodli Kitabxanası (https://www.bodleian.ox.ac.uk/) Oksfordun əsas kitabxanasıdır. Bu kitabxana Avropada ən qədim kitabxana hesab edilmək hüququ uğrunda Vatikan Kitabxanası ilə, ölkəsinin ən iri kitab toplusu titulu uğrunda Britaniya Kitabxanası ilə bəhsə girir. Bodli qrupuna daxil olan bütün kitabxanalarda 13 milyondan çox mətbu nüsxə və digər artefaktlar var.Kitabxananın kitab fondu XIV əsrdə Vuster Yepiskopu Uilyam Kobenin (1327-ci ildə vəfat edib) vəsiyyətinə əsasən yaradılmış ilk məlum Oksford Kitabxanasından başlanır. Kitabxana Kraliça I Yelizavetanın sarayında çalışmış alim və diplomat Ser Tomas Bodlinin (1545–1613) sayəsində faktiki olaraq xilas edilib və ikinci həyatını qazanıb. 1598-ci ildə Ser Bodlinin səyləri ilə köhnə kitabxana yenidən qurularaq təqribən 2500 kitabdan ibarət kolleksiyanın saxlanması üçün uyğunlaşdırılıb, kitabxanaçı təyin edilib və 1602-ci il noyabrın 8-də kitabxananın açılışı olub. Bodlinin gördüyü işlər bununla bitmir. 1610-cu ildə o, ölkədə buraxılan bütün nəşrlərin zəruri nüsxəsini almaq hüququna nail olub. Ser Bodlinin ölümündən sonra da kitabxana fəaliyyətini davam etdirərək, bütün Avropadan alimləri cəlb edən nəşrlər kolleksiyasına çevrilib.Oksford Universitetinin ayrılmaz tərkib hissəsi olan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti dünyanın aparıcı akademik və ictimai xadimlərinin – alimlərin, məşhur yazıçıların, siyasətçilərin, jurnalistlərin daimi diqqət mərkəzindədir. Həqiqətən çox önəmlidir ki, Mərkəzin yorulmaq bilməyən elmi və funksional fəaliyyəti sayəsində Azərbaycanın mədəni, tarixi və ədəbi irsi qarşısında yeni imkanlar və üfüqlər açılır

İki sahil.- 2019.- 20 mart.- S.10