Bakı Kitab Mərkəzində “Yolum keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb
Mayın 8-də Bakı Kitab Mərkəzində “Yolum keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb
və eyniadlı kataloqun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimi Bakı
Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq bildirib ki, sərgi
Azərbaycanın dilbər
guşələrindən olan
Şuşanın işğalının
27-ci ildönümünə təsadüf edir. G.Rzayeva qeyd edib ki, Kitab
Mərkəzi ilə
“My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılıq
Mərkəzinin müştərək
layihəsi olan “Yolum keçir Qarabağdan” adlı sərgidə 40-a yaxın
əsər nümayiş
etdirilir. Buradakı rəsmlər yaşı
12-18 arasında olan gənc rəssamlar tərəfindən çəkilib.
Bu gənclər
ABŞ vətəndaşlarıdır və onlardan heç biri Qarabağda olmayıb. Bəzilərinin valideynləri
vaxtilə Azərbaycanda
yaşasalar da, bu uşaqların əksəriyyəti ölkəmizi
görməyib. Həmin
uşaqlar Qarabağı
görməmələrinə baxmayaraq, rəsmlərdə
bu cənnət məkanını çox
gözəl, sevə-sevə
təsvir ediblər. Bu əsərlərin içində sanki bir ruh dolaşır.
Yaradıcılıq Mərkəzinin
direktoru Alyona Bədəlovanın səyi
və təşkilatçılıq
qabiliyyəti sayəsində
bütün bu aylar ərzində uşaqlar Qarabağı yağlı boya ilə kətan üzərinə köçürüblər.
Yaradıcılıq Mərkəzi qeyri-kommersiya
təşkilatının təsisçisi
və direktoru Alyona Bədəlova layihə barədə məlumat verib. Bildirib ki, təmsil
etdiyi təşkilat Nyu-Yorkda beş ildir fəaliyyət göstərir və incəsənət, rəqs,
musiqi, idman və mədəni irsin öyrənilməsi vasitəsilə icmaları
bir araya gətirir. Təşkilatda
çalışan uşaqlar
ABŞ vətəndaşlarıdır. Artıq dördüncü
sərgidir ki, keçiririk. Onlar sadəcə, müəllimlərindən
və sosial şəbəkələrdən Qarabağ və onun acı taleyi
haqqında məlumat alaraq qəlblərindən
keçəni kağıza
və kətana köçürüblər. Əlbəttə,
uşaqlar hələ
peşəkar rəssam
deyillər, onlar bu sənətin astanasında dayanıb
öz seçimlərini
etməyə hazırlaşırlar.
Bəlkə də kimsə bu yolu
davam edib dünyaca məşhur rəssam olacaq, nə vaxtsa “Yolum keçir Qarabağdan” sərgisi üçün çəkdiyi
rəsmini mükəmməlləşdirib
daha böyük və mötəbər sərgilərdə nümayiş
etdirəcək.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti
Fərhad Bədəlbəyli,
Azərbaycan Rəssamlar
İttifaqının katibi,
Xalq rəssamı Ağaəli İbrahimov Azərbaycanın mədəniyyət
beşiyi Şuşanın işğal gününə təsadüf
edən və Qarabağ mövzusuna həsr olunan sərgi barədə fikirlərini bölüşüblər.
Bildirilib
ki, Azərbaycan xalqı üçün Dağlıq Qarabağ mövzusu qanayan yaradır. “Şərqin konservatoriyası” adlandırılan
Şuşa Azərbaycanın
bir sıra görkəmli müğənnilərinin,
musiqiçilərinin, böyük
bəstəkarlarının və dirijorlarının vətənidir.
Sonra tədbirin
bədii hissəsində
“Simurq” uşaq musiqi festivalının qalibləri və laureatları, həmçinin
Bülbül adına
musiqi məktəbinin
şagirdləri çıxış
ediblər.
Sərgi ziyarətçilər
tərəfindən maraqla
qarşılanıb.
İki sahil.- 2019.- 11
may.- S.9