Tarixi kənd
müasir inkişaf mərhələsində
Babək rayonunun Kültəpə kəndində yeni sosial
obyektlər istifadəyə
verilib
Naxçıvan kəndləri bu
gün yeni inkişaf mərhələsinə qədəm
qoyub. Babək rayonunun Kültəpə kəndi də
abadlaşıb, müasir infrastruktur yaradılıb. Bu il
kəndin quruculuq tarixinə yeni səhifələr
yazılıb, məktəb binası, kənd və xidmət
mərkəzləri, həkim ambulatoriyası tikilib, avtomobil
yolu yenidən qurulub. Quruculuq işləri kənddə
insanların rahat yaşayışına, təsərrüfat
sahələrinin daha da genişlənməsinə
səbəb olub.
Kültəpə kənd tam orta
məktəbinin açılışı olub
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, sentyabrın 30-da Kültəpə
kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, 360 şagird
yerlik 3 mərtəbəli məktəb binası ən
müasir tədris infrastrukturuna malikdir. Məktəbdə 20
sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları,
hərbi kabinə, şahmat sinfi, kompüter,
müəllimlər və psixoloq otaqları, kitabxana və
idman zalı vardır. Məktəb zəngin kitabxana fonduna
malikdir. Hazırda kitabxanada 2024-ü dərslik və 2937-si
bədii ədəbiyyat olmaqla, 4961 kitab vardır. Eyni zamanda,
təhsil ocağında yeni texnologiyaların tətbiqi
diqqətdə saxlanılıb, sürətli internetə
çıxış imkanı yaradılıb, 19 kompüter,
3 elektron lövhəli sinif istifadəyə verilib.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan
Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi
haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamına
uyğun olaraq muxtar respublikanın ümumtəhsil
məktəbləri ilə tarix muzeyi arasında interaktiv
dərs keçirilib.
Ali Məclisin Sədri interaktiv
dərsi izləyib.
Gənclərin fiziki
hazırlığı və
hərbi-vətənpərvərlik tərbiyəsinin
təşkili üçün lazımi şərait yaradılıb,
idman zalı və hərbi kabinə istifadəyə verilib.
Həmçinin şagirdlər fizika, kimya və biologiya
laboratoriyalarında quraşdırılan avadanlıqlardan,
eləcə də elektron dərsliklərdən istifadə
edərək dəqiq elmləri daha yaxşı
mənimsəyəcəklər. Bildirilib ki,
“Pillə-pillə” və “Debütdə buraxılmış
səhvlərə aid 1000 oyun” kitabları dərs vəsaiti
kimi şahmatın tədrisində səmərəliliyi xeyli
artırır.
Ali Məclisin Sədri fiziki
tərbiyə və hərbi hazırlıq fənninin
tədrisinə ciddi diqqət yetirilməsi, şagirdlərin
kompüter biliklərinin artırılması barədə
tapşırıqlar verib.
Sonra məktəbin pedaqoji
kollektivi ilə görüş olub.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Kültəpə kənd tam orta məktəbinin yeni
binasının istifadəyə verilməsi
münasibətilə kollektivi təbrik edərək deyib:
Ölkəmizdə həyata keçirilən islahatlar
Azərbaycanı ümumdünya təhsil sistemində
qabaqcıl yerlərə çıxarıb. Bu gün Azərbaycan
savadlılıq səviyyəsi yüz faiz təmin olunmuş
ölkələr sırasındadır. Bütün
bunların hamısı təhsil sahəsində
görülmüş işlərin, müəllimlərin
fəaliyyəti üçün yaradılan şəraitin
nəticəsidir. Ölkəmizdə istər tam orta və
peşə, istərsə də orta ixtisas, ali və akademik
təhsil pillələri üzrə gənclərin təhsil
almaları və peşə seçmələri
üçün lazımi şərait
yaradılmışdır. Bu da imkan verir ki,
müəllimlər şagirdləri bacarıq və
maraqlarına uyğun peşə seçiminə
yönəltsinlər. Sevindirici haldır ki, gənclərimiz
bu imkanlardan səmərəli istifadə edirlər.
Kültəpə kənd tam orta məktəbində də
şagirdlərin maraqlarına uyğun peşə seçiminə
şərait yaradılmış, ali məktəblərə
qəbulda məktəbin nəticələri 50 faizdən
yüksək olmuşdur.
Ali Məclisin Sədri
məktəbin nailiyyətlərinə görə
müəllimlərə təşəkkür edərək
deyib: Qazanılan uğurlar onu deməyə əsas verir ki, məktəbdə
nizam-intizam, müəllim tələbkarlığı və
şagird çalışqanlığı vardır.
Hazırda məktəbin şagirdlərindən 36-sı
əlaçıdır. Bu nailiyyətləri qoruyub saxlamaq
lazımdır. Müasir tədrisin
tələbləri səviyyəsində qurulan məktəb
uğurların daha da artmasına imkan verəcəkdir.
Çünki məktəbin müəllimlərinin
əməyi də dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmiş, diaqnostik
qiymətləndirmədən keçənlərin
əməkhaqqı artırılmışdır.
Ümummilli liderimiz Heydər
Əliyevin “Gənclər millətin gələcəyidir”, -
fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, gənclərlə
iş hər kəsin üzərinə düşən
vəzifədir. Müasir məktəb binaları ona
görə tikilir ki, gənclərimiz təhsilli və
vətənpərvər böyüsünlər. Eyni zamanda
müəllim əməyinə yüksək qiymət verilir
ki, onlar ölkəmiz üçün peşə sahibi olan
gənclər yetişdirsinlər. Kültəpə kənd
tam orta məktəbində yaradılan şərait bu
vəzifələrin uğurla yerinə yetirilməsinə
imkan verir. Bu il məktəbin birinci sinfinə 26 şagird
qəbul olub. Kollektiv müasir tədris şəraitindən
səmərəli istifadə etməli, tədrisin
səviyyəsi yüksəldilməli, şagirdlər
hərtərəfli hazırlanmalıdır.
Kültəpə kənd tam orta
məktəbinin direktoru Ruqiyyə Məmmədova
çıxış edərək deyib ki, məktəb
əvvəllər köhnə və şəraiti olmayan binada
fəaliyyət göstərirdi. Müasir məktəb
binasında fəaliyyət göstərmək ən
böyük arzumuz idi. Kollektivimizin arzusu reallığa
çevrilib. Yaradılan şəraitdən
səmərəli istifadə edərək savadlı və
vətənpərvər gənclər yetişdirilməsi
üçün çalışacaq, etimadı
doğruldacağıq. Ruqiyyə Məmmədova kollektiv
adından minnətdarlıq edib.
Gənc müəllim Aytən
Nağısoy minnətdarlıq edərək deyib:
“Kültəpə kənd məktəbinin
müəllimləri müasir infrastruktura malik binada
işləyəcək, şagirdlərimiz
hərtərəfli təhsil alacaqlar. Bundan böyük
diqqət və qayğı ola bilməz. Yüksək
şərait təhsil işçiləri
qarşısında mühüm vəzifələr qoyur, müəllimləri
daha yaxşı işləməyə ruhlandırır,
məsuliyyətimizi daha da artırır. Muxtar respublikada
gənclərin işlə təmin olunması da daim
diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, bu il
keçirilən müsabiqədə yüksək
nəticə əldə etmiş 100-ə yaxın
müəllim orta məktəblərdə işlə
təmin olunub. Həmin müəllimlərdən biri kimi
mən də coğrafiya fənni üzrə
Kültəpə kənd tam orta məktəbində müəllimlik
fəaliyyətinə başlamışam. Belə
gözəl və yaraşıqlı məktəb
binasında işləmək ən böyük arzum idi”.
Binanın həyətində
şəhid Həsən Şahverdiyevin büstü qoyulub,
müəllim və şagirdlər üçün bufet,
eləcə də fərdi qazanxana tikilib, açıq idman
qurğuları quraşdırılıb və abadlıq
işləri görülüb.
Kültəpə Kənd
Mərkəzi istifadəyə verilib
Sentyabrın 30-da Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Kültəpədə kənd mərkəzinin
açılışını edib.
Bildirilib ki, kənd
mərkəzində rabitə evi, kitabxana, polis sahə və
baytarlıq məntəqələri, statistika otağı,
mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi
ilk təşkilatı, poçt bölməsi, arxiv və 66
yerlik zal yerləşir. Kitabxanada 4426 ədəbiyyat
vardır. Onlardan 1666-sı latın, 2760-ı isə kiril
əlifbası ilə çap olunmuş kitablardır. Burada
oxunması zəruri olan kitablardan ibarət guşə də
yaradılıb. Yeni Azərbaycan Partiyası Kültəpə
kənd ərazi ilk təşkilatının 106 partiya
üzvü vardır. Onlardan 25-i gənc, 45-i isə
qadındır.
Rabitə evindəki 384
nömrə tutumlu ATS Kültəpə kəndində 192
abonentə xidmət edir. Hazırda kənddə 84 internet
istifadəçisi vardır.
Kənd yaşayış
məntəqələrində baytarlıq xidmətinin
nümunəvi təşkili ərzaq
təhlükəsizliyinin təminatında və sağlam
məhsul istehsalında mühüm amildir. Ona görə
də kənd mərkəzində baytarlıq
məntəqəsi üçün lazımi şərait
yaradılıb.
Ali Məclisin
Sədri tikilənlərin qorunub saxlanılmasında və
yaşıllıqların artırılmasında kənd
inzibati ərazi dairəsi üzrə nümayəndəliyin
və bələdiyyənin üzərinə mühüm
vəzifələr düşdüyünü bildirib,
müvafiq tapşırıqlar verib.
Həyətdə abadlıq
işləri aparılıb, müasir suvarma və
işıqlandırma sistemi çəkilib.
Sakinlərə
hərtərəfli səhiyyə
xidməti
göstəriləcək
Muxtar respublikanın
kəndlərində müasir tibbi avadanlıqlarla təchiz
olunmuş həkim ambulatoriyalarının istifadəyə
verilməsi insan amilinə göstərilən diqqətin daha
bir ifadəsidir.
Sentyabrın 30-da
Kültəpə Həkim Ambulatoriyasının
açılışı olub.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
açılışı bildirən lenti kəsib, tibbi
xidmətin təşkili ilə maraqlanıb.
Bildirilib ki, lazımi tibbi
avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti
otaq, o cümlədən baş həkim, stomatoloq
üçün kabinə, doğuş, fizioterapiya
kabinəsi, qeydiyyat otağı və aptek vardır. Elektron
qeydiyyat sistemindən istifadə gələcəkdə icbari
tibbi sığortanın tətbiqi baxımından
mühüm əhəmiyyət daşıyır.
Həkim ambulatoriyasında
stomatoloji qurğu, doğuş masası, quruducu şkaf,
sentrifuqa, hemometr, qlükometr, tərəzi,
boyölçən, soyuducu və digər tibbi avadanlıqlar
qoyulub. Fizioterapiya kabinəsi isə elektroterapiya və
ultrasəslə müalicə aparatı, ultrayüksək
tezlikli cərəyanla müalicə aparatı,
parafinəritmə qazanı və solyuks lampası ilə
təmin edilib. Bildirilib ki, bu ilin ötən
dövründə kənddə 16 uşaq doğulub.
Tibb bacısı Hürrü
Həsənova yaradılan şəraitin tibbi xidmətin
yüksək səviyyədə təşkilinə imkan
verəcəyini bildirib, kollektiv adından minnətdarlıq
edib.
Ali Məclisin
Sədri səhiyyə xidmətinin keyfiyyətinin
artırılması, eyni zamanda, həkim briqadalarının
kəndə göndərilməsi, yaş qruplarına
görə qeydiyyat aparılması, uşaqların və
hamilə qadınların sağlamlığına ciddi
diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Kültəpə kənd avtomobil
yolu
yenidən qurulub
Muxtar respublikanın
kəndlərində aparılan quruculuq işlərinin ən
mühüm cəhətlərindən biri də yolların
abadlaşdırılmasıdır. Yenidən qurulan kənd
yolları yaşayış məntəqələrinin inkişafında
əsas vasitəyə çevrilib.
Sentyabrın 30-da
Kültəpə kənd avtomobil yolu istifadəyə verilib.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, kənddə
tikinti işləri aparılarkən 8,9 kilometrlik avtomobil yolu
da yenidən qurulub. Yol yatağı genişləndirilib,
keyfiyyətli asfalt örtük salınıb, 85 su keçidi
qoyulub, 1325 metrlik beton kanal çəkilib. Həmçinin 700
metr kənddaxili yol yenidən qurulub, qum-çınqıl
qatı verilib.
Kültəpədə xidmət
mərkəzi fəaliyyətə başlayıb
Həmin gün Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Kültəpə kəndində xidmət mərkəzinin
də açılışını edib.
Mərkəzdə
bərbərxana, qadın gözəllik salonu, ət
satışı yeri, ərzaq və təsərrüfat
malları mağazaları, dərzi və iki anbar vardır.
Burada xidmət sahələrinin fəaliyyəti
üçün nümunəvi şərait yaradılıb,
6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli
məhsullar satışa çıxarılır.
Xüsusilə də kənddəki ailə
təsərrüfatlarında istehsal olunan məhsullara
üstünlük verilir.
Mərkəzlə
tanışlıqdan sonra sakinlərlə görüş
olub.
Ali Məclisin Sədri
Kültəpənin abadlaşan kəndlər sırasına
qoşulduğunu bildirib, bu münasibətlə sakinləri
təbrik edərək deyib: Muxtar respublikanın kənd,
qəsəbə və rayon mərkəzlərinin 90 faizə
yaxını yenidən qurulub, abadlaşdırılıb.
Kültəpə kəndi də müasir yaşayış
məntəqəsinə çevrilmişdir. Kənddə
yaradılan şərait, tikilən sosial obyektlər
sakinlərə rahatlıq gətirəcəkdir. Tikmək,
qurmaq işin bir tərəfidirsə, onların qorunması
isə kənd sakinlərinin üzərinə düşən
vəzifədir. Abadlaşan
yaşayış məntəqələrində İctimai
Nəzarət Şuraları yaradılmalı, həmin
şuranın üzvləri inzibati ərazi dairəsi
üzrə nümayəndəlik, bələdiyyə və
sahə müvəkkili ilə birlikdə kəndin
təmizliyinin, abadlığının,
yaşıllıqlarının qorunmasını və
artırılmasını diqqətdə
saxlamalıdırlar.
Ali Məclisin Sədri deyib:
Kültəpə kəndinin məhsuldar torpaqları var. Bir
neçə il bundan əvvəl
kəndin su problemi də həll olunub. Bu
gün kənddə yeni sosial obyektlərlə yanaşı,
həm də müasir rabitə sistemi istifadəyə verilir. Artıq Kültəpə müasir Azərbaycan
kəndidir. Ona görə də
sakinlər yaradılan şəraitdən səmərəli
istifadə etməli, torpaqları əkməli, bol məhsul
istehsal etməli, təsərrüfatları genişləndirməli,
yaşıllıqları artırmalıdır. Kültəpə kəndi muxtar respublikamızın,
ölkəmizin ərzaq təhlükəsizliyinin və
inkişafının təmin olunmasında yaxından
iştirak etməlidir.
Kənd ağsaqqalı, “Şöhrət” ordenli
Həsən Həsənov çıxış edərək
deyib: Kültəpə kəndinin inkişafı daim
diqqətdə saxlanılıb. İki il bundan
əvvəl kəndə yeni su kanalının
çəkilməsi torpaqların su təminatını xeyli
yaxşılaşdırıb. İndi
həmin sahələrdə dənli bitkilərlə
yanaşı, bostan və digər kənd
təsərrüfatı məhsulları da yetişdirilir. Bu gün isə Kültəpə kəndi
qəsəbə simasındadır. Kənd
yolları asfaltlanıb, məktəb, kənd və xidmət
mərkəzləri, həkim ambulatoriyası tikilib, rabitə
və elektrik xətləri yenilənib. Bütün bunlar insanların rahat və
təhlükəsiz yaşayışına xidmət edir. Həsən Həsənov yaradılan
şəraitə görə sakinlər adından
minnətdarlıq edib.
X X X
Kənddə yeni sosial obyektlər
tikilərkən bir sıra abadlıq işləri də
görülüb. 803 metr yeni fiberoptik
və 1200 metr yeraltı rabitə xətti çəkilib, 3
transformator yarımstansiyası yenidən qurulub. Bundan başqa 10 kilovoltluq elektrik xətləri
yenilənib, 7600 metr qaz xəttinin yeri dəyişdirilib,
artezian quyusu qazılıb.
İki sahil.- 2019.- 2 oktyabr.- S.12-13