Milli qurtuluşa gedən yolun ilk pilləsi...

Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu

 

 

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabr ayının 3-nə təsadüf edir.

 

Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın mütləq əksəriyyətinin etimadını qazandı. Ulu Öndərin 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.

 

Dahi lider Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun sarsılmaz siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəni bəlalardan qurtara biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var. 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki parlaq nitqində həmin dövrü ətraflı xarakterizə edən Ulu Öndər demişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.”

 

Hələ 1969-1982-ci illərdə - Ümummilli Liderin  birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi, faciəni törədən SSRİ rəhbərliyini kəskin ittiham etməsi dahi liderə olan inamı daha da artırmışdı.

 

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

 

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb. Ulu Öndər isə Azərbaycana rəhbərliyinin hər iki dövründə yalnız və yalnız xalqımızın zəkasına, müdrikliyinə arxalanırdı. 1993-cü il oktyabrın 3-də müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən dahi lider Heydər Əliyev andiçmə mərasimində bunu belə dəyərləndirmişdi: “Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

 

Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Ümummilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki nitqində bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

 

Dahi rəhbər Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

 

Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. 2016-cı ilin aprelində qoşunların təmas xəttində baş verənlər sübut etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə üstün olan Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

 

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.

 

Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında Qurucu və Xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil. Ulu Öndərin andiçmə mərasimində qətiyyətlə bəyan etdiyi “Əmin ola bilərsiniz ki, bir Prezident kimi mən bu vəzifəni özümün əsas vəzifəm hesab edirəm və bunu yerinə yetirmək üçün bütün Azərbaycan xalqının qüvvələrini səfərbər edib, bütün imkanlardan istifadə edib, bütün səylərimi sərf edib Azərbaycan xalqının istəyinə nail olacağam” vədi qısa müddətdə reallığa çevrildi və bugünkü müstəqil, qüdrətli Azərbaycan dövlətinin möhkəm siyasi, iqtisadi və hüquqi əsaslarını yaratdı.

 

Zaman göstərdi ki, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

 

Zamin Cəbrayıloğlu

İki sahil.- 2019.- 3 oktyabr.- S.4