Neft-Kimya Prosesləri İnstitutunun
yaradılmasının 90 illik yubileyi qeyd olunub
Oktyabrın
2-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90
illik yubileyinə həsr olunan yığıncaq
keçirilib.
Əvvəlcə tədbir
iştirakçıları I Fəxri xiyabanda ümummilli lider
Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin
məzarlarını ziyarət edib, məzarlar önünə
əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, AMEA-da
keçirilən tədbirdə qonaqlar institutun fəaliyyətinə
həsr edilən sərgi ilə tanış olublar.
Yığıncağı
giriş sözü ilə açan akademik Akif Əlizadə
tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2019-cu il 11 mart tarixli "AMEA-nın akademik Yusif Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin
qeyd edilməsi haqqında" Sərəncamına əsasən
keçirildiyini bildirib, bunun dövlətin elmimizə və
alimlərimizə qayğısının növbəti
göstəricisi olduğunu vurğulayıb.
Akademik qurumun 1929-cu ildə "Azneft"
İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası
bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə
başladığını, 1959-cu ildən isə Azərbaycan
Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu
adlandırıldığını deyib. O, elmi müəssisənin
90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə
neft kimyası və kimya elminin inkişafında mühüm
rola malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu illər ərzində institutun alimlərinin
elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksəkkeyfiyyətli
yanacaq və yağlar alınması məqsədilə
effektiv emalın elmi əsaslarının işlənilməsinə,
neft kimyası və neft emalı prosesləri üçün
yeni texnologiyalar və katalizatorların yaradılmasına və
s. həsr olunub. Qeyd edib ki, qurumun 90 illik fəaliyyəti
dövründə kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr
kimyası, fiziki kimya, neft-kimya sintezi sahəsində fundamental
tədqiqatlar aparılıb, Azərbaycanın neft kimyası və
neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin
hazırlanması istiqamətində mühüm işlər
görülüb.
Akademik Akif Əlizadə institut əməkdaşlarının
bundan sonra da neft-kimya sahəsində yeni elmi nəticələr
və nailiyyətlər əldə edəcəklərinə əminliyini
bildirib, yubiley münasibətilə onları təbrik edib,
işlərində uğurlar arzulayıb.
Sonra Akademik Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov
“Elmin zirvələrinə aparan 90 illik yol" adlı məruzə
ilə çıxış edib. O bildirib ki, rəhbərlik
etdiyi qurum 1929-cu ildə Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə
başlayıb, 30 il sonra isə üç institut birləşdirilərək
Neft-Kimya Prosesləri İnstitutu yaradılıb. Üç
institutdan birinin Azərbaycan Elmlər Akademiyasının Neft
İnstitutu olduğunu deyən alim onun direktorunun dahi Yusif Məmmədəliyev
olduğunu əlavə edib: “Dünyada tanınmış alim
Y.Məmmədəliyevin institutumuzun şərəfli tarixində
xüsusi yeri var. Təsadüfi deyil ki, o, iki dəfə Azərbaycan
Elmlər Akademiyasının prezidenti seçilib, Bakı
Dövlət Universitetinin rektoru olub. İkinci Dünya
müharibəsində SSRİ-nin qələbəsində onun
elmi nəticələrinin xüsusi rolu olub. Onun 1946-cı ildə
aldığı SSRİ dövlət mükafatı da bunun təsdiqidir”.
Akademik vurğulayıb ki, yarandığı
gündən İvan Qutt, Matvey Kapelyuşnikov, Tahirə
Tahirova, Nikolay Lutsenko, Hacı Həşimov, Yusif Məmmədəliyev,
Vahab Əliyev, Murtuza Nağıyev, Musa Rüstəmov
institutun direktorları olublar. Həmin alimlər dünya
şöhrətli elmi məktəblər yaratmaqla
yanaşı, elmin sənayeyə tətbiqi sahəsində də
böyük uğurlar qazanıblar. Natiq
institutun şərəfli tarixini yaradanlar sırasında
akademiklər İzzət Orucova, Rüstəm İsmayılov,
Əli Quliyev, Soltan Mehdiyev, Bahadur Zeynalov, Məhərrəm Məmmədyarov,
Toğrul Şaxtaxtinski, Nadir Seyidov, Sahib Əliyev, Ayaz Əfəndiyev,
Akif Əzizov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev,
Ramiz Rizayev, Əjdər Məcidov, müxbir üzvlər
Məcid Mərdanov, Bilal Dadaşov, Nazil Canıbəyov, Fəzilə
Səmədova, Nazim Hüseynov, Hafiz Əlimərdanov, Ziyafəddin
Əsədov və başqalarının xüsusi yer
tutduğunu əlavə edib.
V.Abbasov institutun fəaliyyət göstərdiyi
bu müddət ərzində bir çox uğura imza
atıldığını, mühüm elmi nəticələr
əldə olunduğunu söyləyib. Qeyd edib
ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini,
Bakı neftindən bir neçə növ reaktiv
yanacağın alınma texnologiyası, SSRİ miqyasında tətbiq
olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə
prosesi, eləcə də bu gün uğurla istifadə olunan
katalitik krekinq prosesi institutun nəticələridir. İlk
raket yanacağının bu institut tərəfindən
təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya,
Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycanda tətbiq
olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə
lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri
inhibitorunun texnologiyası, analoqlarından üstün olan
superplastifikatorun alınma texnologiyası, maye kauçukun ən
müasir istehsal texnologiyası, yüngül gəmi
dizel mühərrikləri üçün yanacaq alınma
texnologiyası, dünyada bənzəri olmayan müalicəvi
"ağ Naftalan yağı"nın alınma
texnologiyası və digər elmi nəticələri
sadalayıb. Qeyd edib ki, institutun alimləri SSRİ-nin 6
dövlət mükafatına və Azərbaycanın 4
dövlət mükafatına layiq görülüblər.
Müxtəlif istiqamətli tədqiqatların
bu gün davam etdirildiyini deyən V.Abbasov institutun istehsalatla əlaqəli
işlədiyini bildirib. Vurğulayıb ki, respublikanın
elmi-tədqiqat institutları və ali təhsil müəssisələri
ilə sıx əməkdaşlıq edilir.
Akademik institutun şərəfli tarixinə və
bu gününə böyük dəyər verdiyi
üçün Prezident İlham Əliyevə, yubiley tədbirinin
təntənəli şəkildə təşkilinə
görə isə AMEA rəhbərliyinə kollektiv adından
təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft-Kimya Prosesləri
İnstitutunun tarixinin Azərbaycanın qədim neft-qaz sənayesinin
inkişaf yolu ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, bu gün də neft-qaz sənayesinin
inkişafına mühüm töhfələr verən
institut yüksək elmi potensialı, müasir biliklərə
və zəngin təcrübəyə malik mütəxəssisləri
ilə Xəzər regionunda tanınır. Alimlərimizin kataliz, üzvi kimya, yüksəkmolekullu
birləşmələr kimyası, neft-kimya sintezi kimi
perspektivli istiqamətlər üzrə əldə etdikləri
elmi nəticələr böyük istehsalat əhəmiyyəti
daşıyır, ölkəmizin iqtisadi qüdrətinin daha
da güclənməsinə xidmət edir. SOCAR Y.Məmmədəliyev
adına Neft Kimya Prosesləri İnstitutu ilə əməkdaşlığı
yüksək qiymətləndirir, institutun maddi-texniki
bazasının müasirləşməsini, texniki
potensialının zənginləşməsini daim diqqət mərkəzində
saxlayır. Neft-Kimya Prosesləri İnstitutu ilə SOCAR-ın
Bakı Ali Neft Məktəbinin əməkdaşlığı
da uğurludur. Tələbələr institutun
laboratoriyalarında tədqiqatlar aparır, nüfuzlu alimlərin
kimyadan mühazirələrinə qulaq asır və
laboratoriya məşğələləri keçirlər.
Bir sözlə, əməkdaşlıq ildən-ilə daha da
genişlənir və dərinləşir.
Yubiley tədbirində
çıxış edən Təhsil naziri Ceyhun Bayramov
vurğulayıb ki, əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan və Prezident İlham
Əliyevin uğurla inkişaf etdirdiyi neft strategiyasının
elmi təminatına Neft-Kimya Prosesləri İnstitutu
böyük töhfələr verir. İnstitut elmin və təhsilin
uğurlu inteqrasiyası sahəsində əla təcrübə
yaradıb, habelə ali məktəblər və istehsalat
üçün yüksəkixtisaslı kadrlar yetişdirib.
Hazırda magistratura və doktorantura səviyyəsində bu
iş uğurla davam etdirilir.
Ceyhun Bayramov diqqətə çatdırıb
ki, institutun alimləri ümumtəhsil məktəbləri və
ali təhsil müəssisələri üçün dərsliklərin,
dərs vəsaitlərinin hazırlanmasında fəal
iştirak edirlər. Məhz onların müəllifliyi ilə
28 dərslik, 52 dərs vəsaiti hazırlanıb. Müstəqillik illərində bütün siniflər
üçün kimya dərsliklərinin müəllifləri
Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov
və institutun əməkdaşları olublar. 2003-cü ildən
bu elm müəssisəsinin Təhsil İnstitutu ilə birgə
çap etdirdiyi “Kimya məktəbdə” elmi jurnalı müəllim
və tələbələr üçün faydalı
vəsaitə çevrilib.
Mərasimdə, həmçinin
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev,
akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin
və Muzeyinin direktoru, professor Andrey Nikolayeviç Zelinski,
İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma,
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı çıxış edərək
institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən,
həyata keçirilən layihə və tədqiqatlardan,
uğurlu nəticələrdən danışıb, qurumun
neft emalı və neft kimyası sahəsinə böyük
töhfə verdiyini bildiriblər. Çıxış edənlər
elmi müəssisənin kollektivini 90 illik yubiley
münasibətilə təbrik ediblər, gələcək tədqiqatlarda
onlara uğurlar arzulayıblar.
İki sahil.- 2019.- 3 oktyabr.- S.5