Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü
il inkişafa, tərəqqiyə gedən yolun
başlanğıcıdır
Azərbaycanın
tarixində, xalqımızın taleyində elə
mühüm günlər var ki, onların önəmi, əhəmiyyəti
illər keçdikcə daha dərindən dərk olunur, ən
əsası, o tarixlərdə gələcəyimizi müəyyənləşdirən
yolun başlanğıcı qoyulur. Belə əhəmiyyətli,
bugünkü reallıqlarımızın əsasında
dayanan günlərdən biri məhz 1993-cü ilin 3 oktyabr
tarixidir. Həmin gün xalqımız özünün gələcək
taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə
gedən yolun əsası kimi dəyərləndirilən bir
seçimi etdi. Müasir müstəqil Azərbaycan
Respublikasının tarixində son dərəcə əlamətdar
gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə
keçirilən prezident seçkilərində ulu öndər
Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin
səsini qazanaraq Prezident seçildi. Ümummilli Lider ölkəmizin
ən yeni tarixində böyük bir epoxanı özündə
təcəssüm etdirən, müstəqil dövlətin
iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını
yaradan, gələcək inkişafı müəyyənləşdirən
inkişaf strategiyasının müəllifidir. Müasir
müstəqil Azərbaycan əbəs yerə ulu öndər
Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilmir.
Bu fikirləri AZƏRTAC-a YAP
Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın
uğurlu inkişafına yol açan 3 oktyabr 1993-cü il
prezident seçkilərində xalqın 98,84 faiz səsini
qazanaraq Prezident seçilən ulu öndər Heydər
Əliyevin uzaqgörən və məqsədyönlü
siyasətinin Azərbaycana qazandırdığı
uğurlardan bəhs edərkən bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın
müstəqilliyinin ilk illəri tariximizin qaranlıq səhifəsi
kimi xarakterizə olunur. Həmin illərdə ölkəyə
rəhbərlik edənlərin siyasi
savadsızlığı, idarəçilik qabiliyyətlərinin
yoxluğu, ən əsası, şəxsi maraqlarını
dövlət maraqlarından üstün tutmaları ölkəmizi
böyük faciələrlə üz-üzə qoymuşdu.
Sabaha inamını itirən xalq üzünü öz
xilaskarına - ulu öndər Heydər Əliyevə tutdu. Daim Vətəni, xalqı, dövləti
üçün çalışan, Azərbaycanı müstəqil
ölkə kimi görmək istəyini hələ Sovet
İttifaqının mövcudluğu şəraitində -
hakimiyyətinin birinci dövründə atdığı
addımları ilə təsdiqləyən Ümummilli Lider
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı ilə
bugünkü Azərbaycanın möhkəm bünövrəsini
yaratdı. Bu gün müasir müstəqil Azərbaycanı
yüksək mərtəbəli binaya bənzətsək, bu
binanın mərtəbələrinin sayının daim artması
möhkəm təmələ əsaslanır. Düşünülmüş və məqsədyönlü
siyasətin zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi,
dövrün çağırışlarının yüksək
səviyyədə cavablandırılması Azərbaycanın
dünyada ən islahatçı ölkə kimi
tanınmasında stimulverici amil rolunu oynayır.
Baş redaktor bildirib ki, məhz
Ümummilli Liderin 1993-cü il 3 oktyabr prezident seçkilərində
seçicilərin böyük etimadını qazanması
xalqımızın onun dönməz siyasi iradəsinə,
yüksək nüfuzuna, idarəçilik təcrübəsinə
olan inamından, ən əsası Vətən, xalq sevgisinin
böyüklüyündən irəli gəldi.
Xalqımız tam əmin idi ki, Azərbaycanı
düşdüyü ağır vəziyyətdən, xaosdan,
anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən
yalnız və yalnız ulu öndər Heydər Əliyev
xilas edə bilər. Dahi şəxsiyyət Heydər
Əliyevin hələ hakimiyyətinin birinci dövründə
gördüyü işlərə diqqət yetirsək, bu
işlərin miqyasının nə qədər geniş
olduğunu görərik. Ulu Öndərin Azərbaycanın
müstəqil gələcəyini düşünərək
atdığı addımlar sırasında gənclərimizin
keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsini, Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin təsis edilməsini
xüsusi qeyd etməliyik. Ulu öndər Heydər
Əliyevin hakimiyyətinin ikinci dövründə
gördüyü işlər məhz 1969-1982-ci illərdə
yaradılan möhkəm bazaya əsaslanırdı. Həyatının
mənasını xalqına və dövlətinə xidmətdə
görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra əsas diqqət göstərdiyi
məsələ müstəqillik yollarında ilk
addımlarını atan Azərbaycanın
varlığını təsdiqləmək, beynəlxalq aləmdə
mövqeyini möhkəmləndirmək idi.
V.Rəhimzadə ulu öndər Heydər
Əliyevin 10 oktyabr 1993-cü ildə keçirilən
andiçmə mərasimində səsləndirdiyi bu vədini
bir daha yada salıb: “Belə bir yüksək məsuliyyətli
vəzifəni öz üzərimə götürərkən,
birinci növbədə Azərbaycan xalqının zəkasına,
müdrikliyinə, qüdrətinə güvənirəm,
arxalanıram. Azərbaycan xalqının mənə
bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə
götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm
ki, bu ümidləri doğrultmaq üçün əlimdən
gələni əsirgəməyəcəyəm”.
“Ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycanın gələcək
inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi,
inkişafı şərtləndirən amilləri
açıqladı”, - söyləyən V.Rəhimzadə
qeyd edib ki, sabitlik inkişafın əsası kimi qeyd olundu.
Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa
sosial-iqtisadi layihənin həyata keçirilməsindən
danışmaq qeyri-mümkündür. Məhz
onun uğurlu daxili siyasəti nəticəsində ölkədə
sabitlik yaradıldı, cəbhə xəttində atəşkəs
sazişi imzalandı. Bu mühüm addım həm ölkədə
sabitliyin dönməz xarakter alması, həm də digər
sahələrin inkişafı istiqamətində mühüm
addımların atılması üçün çox
vacib idi. Sabitliyin təmin olunması fonunda ölkəmizlə
iqtisadi əlaqələrin qurulmasında maraqlı olan
dövlətlərin, transmilli şirkətlərin tərəddüdlərinə
son qoyuldu. Məhz bunun nəticəsidir ki,
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”
imzalandı. Sonralar bu saziş ölkəmizin gələcək
inkişafına və təhlükəsizliyinə etibarlı
zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki
mövqeyini möhkəmləndirdi. Tarixən neft ölkəsi
kimi tanınan Azərbaycan etibarlı tərəfdaş kimi
mövqeyini möhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin
müqaviləsi”nin imzalanması deyilənlərin təsdiqidir.
Bu kimi mühüm addımlar, eyni zamanda, Azərbaycanın bu
gününə və gələcəyinə inamı
nümayiş etdirir.
V.Rəhimzadə bu mühüm məqamı
xüsusi qeyd edib ki, Azərbaycanın inkişafının
sonrakı mərhələləri göstərdi ki, əldə
olunan nailiyyətlərin ana xətti ölkəmizi dünya
birliyinin layiqli üzvünə çevirən
uğurlarımız və gələcəyə
hesablanmış inkişaf modelinin beynəlxalq aləmdə
böyük dəstək qazanmasıdır. İqtisadi tərəqqi
bütün sahələrdə uğurlu addımların
atılmasını təmin etdi. Müharibə şəraitində
yaşayan ölkə üçün güclü, qüdrətli
ordunun olması vacib idi. Ulu Öndərin 1993-cü ildə
hakimiyyətə qayıdışından sonra diqqət
yönəltdiyi əsas məsələlərdən biri məhz
ordu quruculuğu oldu. Dahi rəhbər 1993-cü il oktyabrın
10-da keçirilən andiçmə mərasimində bu məsələyə
xüsusi diqqət yönəldərək demişdir: “Azərbaycan
Respublikası bir müstəqil dövlət kimi
özünü müdafiə etməyə qadir orduya malik
olmalıdır. Təəssüf ki, müstəqillik əldə
ediləndən sonra keçən dövrdə bu sahədə
az iş görülübdür. Lazım gələrsə,
sülh yolunda addımlarımız nəticə verməsə,
Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək üçün, respublikanı müdafiə etmək
üçün qüdrətli bir ordunun yaradılması
bizim əsas vəzifəmizdir”. Ümummilli Lider həmin
nitqində bir daha bəyan etmişdir ki, şəhidlərimizin
qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə
əbədi yaşayacaq, gənclərimiz və gələcək
nəsillər onların qəhrəmanlıqlarından
nümunə götürəcəklər. Azərbaycan
xalqı öz qamətini düzəldəcək, ayağa
qalxacaq, gücünü birləşdirəcək, müasir
ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini
bundan sonra göz bəbəyi kimi qoruyacaq.
V.Rəhimzadə bildirib ki, 12 may 1994-cü ildə
atəşkəsin əldə edilməsi ordu quruculuğunda
köklü islahatların aparılması üçün əlverişli
imkan yaratdı. Silahlı Qüvvələrimizin maddi-texniki
bazası gücləndirildi, ordumuz müasir silah və sursatla
təmin olundu. Rəsmi Bakı məhz həmin
illərdə yaradılan möhkəm bazaya əsaslanaraq
dünyanın ən nüfuzlu təşkilatlarının
tribunasından bəyan edir ki, sülh
danışıqları səmərə vermədiyi təqdirdə
işğal altında olan torpaqlarımızı hərb yolu
ilə azad edəcəyik. 2016-cı ilin aprel
döyüşləri Azərbaycan Ordusunun gücünü,
qüdrətini bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrimiz
həmin döyüşlər zamanı düşmən təxribatının
qarşısını qətiyyətlə aldı, dünyaya
bu mesajı çatdırdı ki, bir qarış
torpağımız belə düşmənə verilməyəcək.
Azərbaycan əsgəri ölkə Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin hücum əmrinə hər zaman
hazırdır.
Ulu öndər Heydər
Əliyev andiçmə mərasimində bu mühüm məqamı
da xüsusi qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyi
respublika qarşısında, onun vətəndaşları
qarşısında çox böyük və mürəkkəb
vəzifələr qoyub ki, onlardan biri milli dövlət
quruculuğunu həyata keçirmək idi. Demokratiyanı
strateji kursun əsası kimi dəyərləndirən ulu
öndər Heydər Əliyev demokratik cəmiyyətin
varlığını təsdiqləyən bütün
atributların ölkəmizdə bərqərar olması
istiqamətində mühüm addımlar atdı. Bu gün
tam əminliklə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi
digər ölkələrə nümunədir. Ölkəmizdə
insan hüquqlarının qorunması, azad mətbuatın
inkişafı, çoxpartiyalı sistemin təkmilləşdirilməsi,
seçkilərin demokratik və beynəlxalq standartlara
uyğun keçirilməsi üçün möhkəm
qanunvericilik bazası mövcuddur. Azərbaycan bu gün
tolerant, multikultural dəyərlərin inkişafına
davamlı töhfələr verən ölkə kimi
tanınır və nüfuz qazanır. Bunun nəticəsidir
ki, müxtəlif səviyyəli beynəlxalq tədbirlərə
ev sahibliyi edir, müxtəlif mədəniyyətləri, dinləri
bir araya gətirən, uğurlu addımları ilə
körpü roluna yeni əlavələr edən ölkə
kimi mövqeyini möhkəmləndirir. Azərbaycan zəngin
tarixi, mədəniyyəti, incəsənəti, dili ilə
dünyanın diqqətindədir. Ölkəmizin bu il
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasına ev sahibliyi etməsi də deyilənlərin təsdiqidir.
Bu mühüm uğurların əsasında
ölkəmizdəki sabitlik dayanır ki, onun da təminatçısı
xalq-iqtidar birliyidir. 1995-ci ildə ulu öndər Heydər
Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib
hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul
olunan Konstitusiyamızda qeyd olunduğu kimi, Azərbaycanda
hakimiyyətin yeganə mənbəyi xalqdır. Dövlətimizin siyasətində insan amilinə
verilən dəyərin ən bariz nümunələrindən
biri Konstitusiyamıza əlavə və dəyişikliklərin
edilməsi məqsədilə bu günə qədər 3 dəfə
referendumun keçirilməsidir. İnsan hüquq və
azadlıqlarının qorunması üçün yeni
müdafiə mexanizmlərinin
yaradılması, idarəçilik sistemində təkmilləşmə
davamlı inkişafa yol açan əsas amillər
sırasındadır. 2016-cı ildə keçirilən
ümumxalq səsverməsinə əsasən vitse-prezidentlik
institutunun yaradılması, 2017-ci ilin fevralında cənab
İlham Əliyevin Sərəncamı ilə Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti təyin olunması bugünkü
uğurlarımızda əhəmiyyətli rola malikdir.
Ulu öndər Heydər
Əliyevin Azərbaycan dövləti, xalqı
qarşısında misilsiz xidmətlərini bir yazıda əhatə
etməyin mümkünsüzlüyünü bildirən
Vüqar Rəhimzadə 1993-cü ildən başlanan
inkişaf yolunun uğurları fonunda bu ümumiləşdirməni
aparıb ki, ulu öndər Heydər Əliyev
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini
qazanan Ulu Öndər kimi qalıb və qalacaq. Ümummilli
Liderin bu müdrik kəlamları Azərbaycanın bu
gününə və sabahına nur saçan qətiyyətli
fikirlərdir: “Nə qədər ki Azərbaycan var, mən
də varam. Mən isə Azərbaycanda əbədi
olacağam”.
“Heydər Əliyev yolu müstəqil
Azərbaycanımıza qarşıdakı illərdə daha
böyük uğurlar gətirəcək” söyləyən
V.Rəhimzadə qeyd edib ki, son 16 ildə bu siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi, təkmil islahatların həyata keçirilməsi,
qarşıya yeni-yeni hədəflərin qoyulması və
onlara çatmaq üçün icra mexanizmlərinin müəyyənləşdirilməsi
bu əminliyə əsas verir. “Azərbaycan 2020:
gələcəyə baxış» İnkişaf
Konsepsiyası, bu sənəddə əksini tapan hədəflərin
gerçəkləşməsi üçün 12 istiqamət
üzrə Strateji Yol xəritələrinin hazırlanması
və icrası Azərbaycanın bundan sonra da bütün sahələrdə
davamlı uğurlara imza atacağını şərtləndirir.
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da bu
uğurlarımız öz əksini tapıb. Dünya
Bankının hesabatında ən islahatçı ölkə
kimi mövqeyini möhkəmləndirən Azərbaycan bu
uğurları ilə inkişaf etmiş ölkələr
sırasında addımlamaq istəyini gördüyü
işlərdə, atdığı addımlarda təsdiqləyir.
Dövlətimizin başçısı İlham Əliyevin
qeyd etdiyi kimi, bugünkü Azərbaycan ulu öndər Heydər
Əliyevin görmək istədiyi Azərbaycandır.
V.Rəhimzadə ulu öndər Heydər
Əliyevin 10 oktyabr 1993-cü ildəki andiçmə mərasimində
səsləndirdiyi bu fikrə də diqqət yönəldib:
“Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar
edərək respublikanın xarici siyasətində Azərbaycanın
müstəqilliyini daim qoruyacağıq”. Bu
fikirlərə istinadən bu gün Azərbaycana dünyanın
baxışının hansı səviyyədə olduğu
göz önündədir. 155 ölkənin dəstəyini
qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilən Azərbaycanın bu uğuru
dünyadakı mövqeyinə, nüfuzuna işıq
saldı. Dövlətimizin başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, Azərbaycan çox müsbət
beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Azərbaycana
qarşı dünya birliyi tərəfindən böyük rəğbət,
dəstək var. Əldə edilmiş nəticələr, qəbul
edilmiş qərarlar bunu bir daha təsdiqləyir.
Baş redaktor Heydər Əliyev
yolunun uğurlarına söykənərək bu əminliyi də
ifadə edib ki, iqtisadi tərəqqiyə əsaslanan
güclü, qüdrətli ordumuz, diplomatik mübarizədə
qələbəmiz yeganə problemimiz olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə
inamı daha da artırır. Üçrəngli bayrağımızın
Şuşada, Xankəndidə dalğalanacağı gün
uzaqda deyil.
İki sahil.- 2019.- 3 oktyabr.-
S.7