Bakı Ali Neft Məktəbi “Aramco” şirkəti ilə əməkdaşlığa
başlayır
Bakı Ali
Neft Məktəbinin
(BANM) rektoru Elmar Qasımov Səudiyyə Ərəbistanının milli
neft şirkəti “Aramco Overseas”in nümayəndə heyəti
ilə görüşüb.
Görüşdə “Aramco
Overseas” şirkətinin
Azərbaycan nümayəndəliyinin
baş direktoru Ahmad M. Al Şiha,
şirkətin baş
direktorunun müavini Abdullah M. Al Zahrani, biznesin inkişafı üzrə
meneceri Murad Sadixov, Bakı Ali Neft Məktəbinin
prorektoru Rəşad Həsənov, Ali Məktəbin aidiyyatı
şöbə və
kafedralarının əməkdaşları
iştirak edib.
Qonaqları salamlayan
rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı
məlumat verib. O bildirib ki, Bakı
Ali Neft Məktəbində yüksəkixtisaslı
ingilisdilli mühəndis
kadrları hazırlanır.
Bununla yanaşı, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları
üzrə Böyük
Britaniyanın Heriot-Vatt
Universitetinin tədris
proqramları üzrə
təhsil həyata keçirilir.
Bundan başqa,
rektor BANM-in tələbələrinin nüfuzlu
yerli və transmilli şirkətlərdə
istehsalat təcrübəsi
keçdiyini vurğulayaraq,
Ali Məktəbin “Aramco Overseas” ilə bu istiqamətdə
birgə əməkdaşlığa
maraqlı olduğunu bildirib.
“Hazırda Səudiyyə
Ərəbistanın ən
böyük milli neft şirkətinin Bakıda nümayəndəliyi
fəaliyyət göstərir.
Biz qısa zamanda əməkdaşlıq əlaqələrinin
genişləndirilməsinə maraqlıyıq. Çox istərdik ki, Bakı Ali Neft
Məktəbinin tələbələri
təmsil etdiyiniz şirkətdə təcrübə
keçsin, eyni zamanda, Səudiyyə Ərəbistanlı tələbələr
BANM-də təhsil alsınlar. Eyni zamanda, “Aramco Overseas” tərəfindən
təsis edilən təqaüd proqramlarında
azərbaycanlı tələbələrin
də iştirakı arzuolunandır”.
“Aramco Overseas”
şirkətinin Azərbaycan
nümayəndəliyinin baş
direktoru Ahmad M. Al Shiha öz
növbəsində bildirib
ki, Azərbaycanın Səudiyyə Ərəbistanla
intensiv sosial-iqtisadi, mədəni əlaqələri
mövcuddur.
“Bu gün
bizim şirkətin əsas ofisində neft-qaz, mühasibatlıq,
hüquq departamentlərində
ləyaqətli, peşəkar
azərbaycanlılar işləyir.
Bilirəm ki, Azərbaycanda insanlar hədəfə köklənir.
“Aramco Overseas” şirkəti hər zaman yeni kadrlar
axtarışındadır. Elə bu səbəbdən
də, yeni peşəkar kadrların işə cəlb olunması istiqamətində
BANM-in məzunlarından
faydalana bilərik. Zəruri təlimlərdən
sonra onların işə qəbul olunması mümkündür.
Biz şirkət olaraq Səudiyyə Ərəbistanlı tələbələrin
tam təqaüdlə
Bakı Ali Neft Məktəbində təhsil almasını təmin edə bilərik. Hər il bizim şirkətin
təqaüd proqramları
çərçivəsində 500-dək
tələbə Böyük
Britaniya, Amerika Birləşmiş Ştatları,
Koreya, Yaponiya, Çin, Sinqapur və Almaniya kimi ölkələrdə
təhsil alırlar”.
Baş direktor
həmçinin, Bakı
Ali Neft Məktəbinin mütəxəssislərinin
“Aramco Overseas” şirkətinin əməkdaşları
üçün təlimlər
keçməsini təklif
edib.
Sonda birgə
əməkdaşlığın genişləndirilməsi üçün
memorandumun imzalanması
qərara alınıb.
Məlumat üçün
bildirək ki, Baş Qərargahı Səudiyyə Ərəbistanın
Dahran şəhərində
yerləşən “Aramco
Overseas” neftin hasilatı və neft ehtiyatlarının həcmi baxımından dünyanın ən böyük neft şirkətlərindən biridir.
Şirkət 1933-cü ildə Səudiyyə Ərəbistan hökuməti
və ABŞ-ın “Standard Oil of
California” şirkəti
tərəfindən təsis
olunub.
“Aramco” 260 milyard barel neft
ehtiyatları yataqlarını
idarə edir ki, bu dünyada
kəşf olunmuş
neft yataqlarının
dörddə bir hissəsini təşkil edir. Şirkət, həmçinin ölkə
ərazisində müasir
neft və qaz emalı zavodlarına sahibdir.
2018-ci ilin aprel ayından şirkətin Bakıda Azərbaycan nümayəndəliyi fəaliyyət
göstərir.
Zamin Məmmədov
İki sahil.- 2019.- 3
oktyabr.- S.10