Böyük insan haqqında kiçik yazı
Hər
gün gördüyün, iş prosesində ünsiyyətdə
olduğun insan haqqında yazı yazmağın bu qədər
çətin olduğunu bilməzdim. Amma
yadıma düşən, zaman-zaman işarası dediyi hansısa fikri, tövsiyəsi, bəzən
şikayətləri yaxınımızda
olsa da uzaqdaymış
kimi görünən
akademik İsa Həbibbəylinin qismən
də olsa portretini canlandırmağa kömək etdi.
Alimin 70 illik yubileyi
ilə bağlı mətbuatda dərc olunan yazıları oxuduqca düşünürəm
ki, gördüyü genişmiqyaslı işlərin
görünən və
görünməyən tərəflərini,
şəxsiyyətinə aid
cizgi və detalları əks etdirən bu məqalələr, ürək
sözləri İsa Həbibbəyli haqqında gələcəyə
yazılmış məktublardır.
İsa Həbibbəyli ona
verilən zamanın ömrünü uzadan alimdir. “Üç gecə yatmasan, bir gün qazanmış
olarsan” - deyə-deyə,
bəzən zamanın
özünü, onun ölçü meyarını
- saatı, günü,
ayı, hətta fəsilləri unudub, təbiət vurğunu olsa da, özünü
onun gözəlliyini seyr etməkdən məhrum edib, işləyə-işləyə
uzadıb zamanın ömrünü. Təkcə
zamanın yox, həm də bir insan
ömrünü. Bir ömrün içinə
alim ömrü, müəllim ömrü,
ictimai-siyasi xadim, rəhbər işçi,
övlad, ata və baba ömrü sığışdırmaqla uzadıb.
“Gördüyüm işin
mahiyyətini dərk etdiyimə görə bilirəm ki, həyatımı
qurban verməyə dəyər” - desə də, əslində həyatını qurban vermir, İsa müəllim, işini həyatının mənasına
çevirməyi bacarır.
“Cəlil Məmmədquluzadə
mənim taleyimdir” - deyib tədqiqat sahəsini taleyi ilə tən tutan akademikin ədəbiyyatşünas alim
kimi fəaliyyətinə,
tədqiqatlarına, monoqrafiyalarına
və hələlik sonuncu olan “Azərbaycan
ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri” kitabına nəzər yetirsək görərik ki, o, təkcə Mirzə Cəlili deyil, bütövlükdə
ədəbiyyatı taleyinə,
onun yazısına və mənasına çevirib.
Akademikin AMEA-nın vitse-prezidenti
kimi gördüyü
işlərə - “Azərbaycanda
Azıx mağarası
və miqrasiya axınları”, “Qayaüstü
mədəniyyət: mif,
yaradıcılıq, dünya”,
“Qafqazda dövlətlərarası
münasibətlər: 100 il
əvvəl və müasir dövr”, “Azərbaycan Xalq Cümhuriyyəti-milli dövlətçiliyin ideya əsasları
və müasirlik” kimi Beynəlxalq elmi konfransları təşkil etməsi, “Ortaq türk ədəbiyyatı” dərsliyinin
yazılmasında iştirakı göstərir ki, o, bir çox
strateji məqamlara diqqət yönəltməklə
bir neçə taleyüklü məsələlərdə
də özünü
cavabdeh bilib. İsa müəllimin Milli Məclisin
Elm və təhsil, Toponimika komitələrinin sədri
kimi fəaliyyəti də sadalanan taleyüklü məsələlərin
ardı, yaxud tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Ədəbiyyat İnstitutunun
qapılarının həm
Azərbaycanın müxtəlif
bölgələrinə (Şamaxı,
Şabran, Quba, Qusar,
Naxçıvan), həm
də dünyanın dörd tərəfinə
(Latın Amerikası,
Hindistan, Çin, Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə,
Almaniya, Bolqarıstan,
Moldova) açılması,
əməkdaşlıq müqavilələrinin
imzalanması dövlət
siyasətinin bir İnstitut çərçivəsində
reallaşması deməkdir.
Akademik Mahmud Kərimovun
bir zamanlar ideyalı alim adlandırdığı İsa
müəllim bir-birindən
maraqlı neçə-neçə
yeni layihələrin
(“Fizika və lirika”, “Bədii yaradıcılıq+”, “Ədəbiyyatda
Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala”,
“Ədəbiyyatşünaslıqda azərbaycançılıq konsepsiyası”
müxtəlif jurnal və qəzetlərin Ədəbiyyat İnstitutuna həsr olunmuş xüsusi buraxılışların ) müəllifi kimi də tarixə
imza atıb.
“Taleyimin ən sevincli hadisəsi Azərbaycanın
müstəqilliyini görmək
olub” deyən ictimai-siyasi xadim İsa Həbibbəylinin bu sahədəki xidmətlərindən danışmasam
da, Ədəbiyyat İnstitutunda rəhbərliyi və həmmüəllifliyi ilə
hazırlanan ikicildlik geniş həcmli “Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı” monoqrafiyasını
dövlət müstəqilliyinin
25 illiyinə akademikin
ən dəyərli töhfəsi kimi qeyd etməliyəm.
İsa Həbibbəyli aid
olduğu şəcərənin
özünəqədərki mənsublarına dəyər
verdiyi qədər özündənsonrakı nümayəndələrinə
də diqqət yetirir, nəsillər arasındakı bağın,
körpünün möhkəmliyinə
çalışır, təqvimin
əlamətdar günlərini
Qəndab ana və nəvələriylə
keçirir, onları
bir süfrə arxasına yığmaqla həm də ailə anlayışının
müqəddəslik statusunu
qoruyur, burada da nümunə
və örnək olmağı bacarır. Eyni həssaslığı rəhbərlik
etdiyi institutda da görürük. Vaxtilə institutda çalışmış,
rəhbərlik etmiş
Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Məhəmmədhüseyn
Təhmasib, Mirzağa
Quluzadə, Kamal Talıbzadə, Yaşar Qarayevin ədəbi irsinə ehtiram göstərdiyi kimi, institutun ən gənc doktorantlarının,
elmi işçilərinin
məqalələri, ilk
tədqiqqatları haqqında xoş sözlərini səxavətlə söyləyir.
“Əvvəl böyüklərimin,
sonra özümün
özümə dediyi
“olmaz-olmaz”lar məni bu günlərə gətirib çatdırıb”
deyən akademik - bizə o qədər zaman verilməyib ki, onları hansısa incikliklərə,
çəkişmələrə, şəxsi ədavətlərə
sərf edək, onlar böyük işlərimizə mane olar, deyib,
bir çətinlik olarkən “həll edin”, “kömək edin”, “çıxış
yolu tapın” tapşırığını verir və beləliklə,
kiçik hisslərin
fövqünə qalxmağı, biz gənclərə bir nümunə olmağı
bacarır.
“Cəmi 7 sinif oxuyan 90 yaşlı Zəhra ananın məntəqəyə gəlib
mənə səs verməsi həyatımın
ən dəyərli hədiyyəsidir” deyən
və hər bir seçicisinin səsini eşidən, o səsi cavabsız qoymayan millət vəkili yaxşılıq etməyi, köməklik göstərməyi
bu həyatdakı missiyası, alın yazısı hesab edir.
Bir gün iş
otağında vacib bir işin müzakirəsi
vaxtı qar yağdığını
görüb ayağa qalxan akademik pəncərəyə
yaxınlaşıb seyr
etməyə başladı,
“kiçik çilənin
qarıdı, işin
çoxluğundan təbiətin
varlığından zövq almağa vaxt tapmırıq” deyib yenə iş masasının arxasına,
onu gözləyən
neçə-neçə vacib
və xeyirxah qərarların, layihələrin
yanına qayıtdı.
İsa müəllim,
Sizə ədəbiyyatımız,
elmimiz, təhsilimiz üçün gördüyünüz
böyük işlərin
arasında vaxt tapıb neçə-neçə
çiçəkli baharın,
qarlı qışın
gözəlliyini duyub
yaşamağı diləyirəm.
Aygün Bağırlı, filologiya üzrə
fəlsəfə doktoru,
dosent
İki sahil.-2019.12
oktyabr.- S.8