Müstəqil Azərbaycanın mədəniyyət siyasətinin inkişaf dinamikası

 

 

2019-cu il sentyabr ayının 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində, Bulvar məkanında yerləşən Bakı İdman Sarayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə, festival xarakterli. möhtəşəm VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Bəli, bu tədbirin beynəlxalq festival adlandırılması doğrudur ona görə ki, burada təkcə Azərbaycan nəşriyyatları deyil, dünyanın 22 ölkəsindən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və sair qurumlar öz nəşrlərini sərgiləyir, kitablarının satışını həyata keçirir və bir çox müəlliflərin imza günləri ilə müxtəlif görüşlər keçiriməklə, performans edirdi.

 

Festivalda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə gedən ümumi inkişaf prosesində mədəniyyətimizin əsas qolu olan və bütün cəmiyyətin formalaşmasını öz çiyinlərində daşıyan kitab fəlsəfəsinin mahiyyətindən danışarkən, düşüncəm məni müstəqillik dövrümüzün mədəniyyət siyasətinin və bu siyasət daxilində mədəniyyət strategiyamızın son on ilinə və bir az da arxaya ekskurs etməyə, bu illər ərzində mədəniyyətimizin inkişaf mərhələsinə bir sənətkar nəzərləri yetirməyə istiqamətləndirdi. Sual doğa bilər ki, niyə son on il və bir qədər də arxaya? Deməliyəm ki, öncə gözlərim önündə dərhal, qeyri-ixtiyari, rəhbərlik etdiyim, bu gün deportasiya həyatı yaşayan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının, bütün tarixi boyu heç vaxt nail olmadığı, lakin son on-on üç ildə qazandığı nailiyyətlər canlanmağa başladı və məhz o istiqamətdən də, ümumən mədəniyyətimizin son on ildəki, bir qədər də əvvəldən başlayan inkişaf dinamikası diqqətimi özünə cəlb etdi.

 

On illiyin və bir qədər də əvvəlin başlanğıcına nəzər yetirmədən, təkcə 2019-cu ilin mədəniyyət hadisələrinə nəzər yetirsək, önümüzdə parlaq şəkildə görünən mənzərə məhz bu uğurların bünövrəsinin monumental başlanğıca bağlı olduğunu diqtə edir. 2019-cu ilin ən mühüm və fövqəladə mədəniyyət hadisəsi, 1 avqust 2019-cu ildə UNESCO-nun Bakıda  keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi faktıdır ki, bu hadisə ölkəmiz və mədəniyyətimiz üçün əvəzi olmayan böyük mahiyyət kəsb edir və mədəniyyət dinamikamızın iti hərəkətini sərgiləyir.

 

Qeyd etmək vacibdir ki, birmənalı şəkildə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf mərhələsinin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Mədəniyyət siyasətimizin inkişafı da məhz həmin təməllərə istinadın, bu sahəyə rəhbərlik edən və həmin rəhbərliyin qurduğu fəaliyyət predmetlərinə əsaslanaraq çalışan insanların peşəsinə, millətimizə, dövlətimizə sədaqətin səciyyəsidir. Baxın, Ulu Öndərimizin Prezidentliyi dövründə “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq, hər il sentyabr ayının 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Bu elə bir mühüm məsələdir ki, Ümummilli Liderimizin imzaladığı bu Sərəncam təkcə böyük bəstəkarın yaradıcılığına qiymət vermək niyyəti ilə məhdudlaşmır həm də, bütün Şərqdə ilk peşəkar bəstəkarın məhz Azərbaycan xalqının yetişdirdiyini dünyaya bəyan edən böyük azərbaycançılıq məfkurəsi niyyəti ilə, geniş miqyas alır.

 

Mədəniyyət sferasına bünövrədən bu cür  yanaşma ilə  sabaha açılan pəncərədən Azərbaycan mədəniyyətinin strategiyası Heydər Əliyev Fondunun öncüllüyü ilə daha geniş miqyas aldı. Əminliklə deməliyik ki, təməli düzgün qoyulmuş, fövqəladə həssaslıqla müasir dünyanın tələblərinə uyğun şəkildə, dünya mədəniyyət xəritəsinə ilmə-ilmə toxunan bu genişmiqyaslı mədəniyyət siyasətimizin strategiya müəllifi Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, beynəlxalq miqyasla əhatələnən böyük nailiyyətlərin əldə olunmasının təminatçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır.

 

Məhz mədəniyyətimizin hamilərinin ardıcıl zəhməti və böyük xidmətləri hesabına Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətlərinin, Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı sənəti, Qobustan Milli Tarix-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edildikdən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, muğam sənətimizin dirçəlişində və inkişafında  xüsusi yer tutan 18-25 mart 2009-cu il tarixində Birinci Beynəlxalq Muğam Festivalının keçirilməsi və sair bu kimi zəngin mədəni hadisələr mədəniyyət siyasətimizin düzgün strategiyasının və bu istiqamətdə aparılan mühüm işlərin parlaq təzahürüdür..

 

Azərbaycan Respublikası təkcə milli mədəniyyətimizin deyil, ümumtürk ortaq mədəniyyət şəbəkəsinin də inkişaf etdirilməsini və əsasən bir-birinə zəncirvari bağlılıq kriteriyalarının zənginləşməsinə töhfə verən layihələrin həyata keçirilməsini də daim diqqətdə saxlamaq və bu istiqamətdə real addımlar atmaq məqsədi ilə TÜRKSOY-un fəaliyyətinə misilsiz dəstək göstərməyi və türk dünyasının mədəniyyət dəyərlərini birləşdirən, qoruyan və inkişaf etdirən bu yüksək qurumun işlərində bilavasitə yaxından iştirak etməyə, daha doğru olar deyək ki, öncül olmağa çalışır. Bu məqsədlə bir neçə layihələrin həyata keçirilməsinin gerçəkləşməsində təşəbbüskar olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi növbəti ən maraqlı layihələrdən birinin, 2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri olan Ü.Hacıbəylinin “Koroğlu” əsərinin bir neçə türk dövlətləri ilə birgə tamaşaya hazırlanmasına və həmin türk dövlətlərinin səhnələrində nümayiş etdirilməsinə nail oldu. TÜRKSOY-un təşəbbüsü və Azərbaycan başda olmaqla bir neçə türk dövlətlərinin iştirakı ilə beynəlxalq layihə əsasında tamaşaya hazırlanan əsərdə layihənin şərtlərinə uyğun olaraq Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan musiqiçiləri Üzeyir Hacıbəylinin işığına toplaşdılar. Tamaşa, dediyimiz kimi Ankara, İstanbul, Bakı, Bişkek və Astanada böyük uğurla tamaşaçıların ixtiyarına verildi və yüksək maraqla qarşılandı. Belə nümunələri istənilən qədər göstərmək olar.

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” kimi konseptual dövlət sənədləri öz məzmunu ilə göstərir ki, Azərbaycan mədəniyyəti dövrün tələblərinə uyğun olaraq inkişafı təmin olunur və dünya mədəniyyət müstəvisinə inteqrasiya etdirilir.

 

Ötən müddətdə incəsənətlə bağlı qəbul edilən bir sıra dövlət sənədləri - “Teatr və teatr fəaliyyəti haqqında” Qanun, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam, “2009-2019-cu illərdə Azərbaycan teatrı”, “2008-2019-ci illərdə Azərbaycan kinosunun inkişafı haqqında” Dövlət proqramları və sair sahələrin inkişafına geniş zəmin yaradan mədəniyyət hadisələri əsl canlı mənzərədir.

 

Hazırda müharibə şəraitində yaşayan respublikamız işğalçı Ermənistanın dağıtdığı mədəni irs nümunələrimizin, qiymətli sənət əsərlərimizin ümumiyyətlə mədəniyyət abidələrimizin özümüzə qaytarılması və bərpa olunması istiqamətində də beynəlxalq miqyasda gərgin işlər aparılmaqdadır.

 

Azərbaycan Respublikasının mədəniyyət siyasətinə rəhbərlik edən nazir Əbülfəs Qarayevin “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması ilə yanaşı, Azərbaycan mədəniyyətinə qarşı olan təcavüzlə mübarizədə bütün ictimaiyyəti birləşməyə çağırır!” fəlsəfəsi ilə verdiyi həyəcan siqnalı, mədəniyyət xadimlərini səfərbər edir və mübariz olmağa ruhlandırır.

 

Azərbaycan mədəniyyətinin ailə üzvlərindən biri olan, erməni faşizminin zərbəsinə məruz qalmış C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu çağırışa can-dildən qoşulur, göstərdiyi fəaliyyətlə mədəniyyət siyasətimizin inkişaf dinamikasında xüsusi yerlərdən birini tutur. 1882-ci ildə İrəvan şəhərində peşəkar fəaliyyətə başlamış İrəvan Azərbaycan Teatrı, bildiyimiz kimi, 1989-cu ildə Ermənistan hökuməti tərəfindən bütün hüquqi statusu və əmlakı əlindən alınmaqla, zorla öz yurdundan - İrəvan şəhərindən didərgin salınmışdır. Lakin 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin yüksək qayğısı ilə öz ölməzlik statusu - dövlət  statusu özünə qaytarıldı. 2007-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə teatrın 125 illiyi təntənəli şəkildə qeyd olundu və bu tədbirlər məhz mədəniyyət strategiyamızın inkişaf xətti konsepsiyası çərçivəsində, Mədəniyyət Nazirliyinin xüsusi təşəbbüsü və dəstəyi ilə Türkiyə Cümhuriyyətinin bir neçə ən böyük şəhərlərində davam etdirildi. Həmin tarixdən etibarən İrəvan Azərbaycan Teatrı davamlı olaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə dəfələrlə Rusiya, Türkiyə, Gürcüstan kimi mədəniyyətin inkişaf etdiyi ölkələrdə genişmiqyaslı qastrol səfərləri ilə öz yaradıcılıq potensialını nümayiş etdirib.

 

Mədəniyyət hadisələrinin ən dolğun nümunələrindən biri də ölkə Prezidenti tərəfindən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə imzalanmış Sərəncama əsasən keçirilən “Nəsimi - 650” tədbirlər zənciri vasitəsi ilə bir-birindən maraqlı, bir-birinə bənzəməyən, müxtəlif və çoxsaylı, həm də beynəlxalq miqyas alan layihələrin həm ölkəmizdə, həm də xaricdə həyata keçirilməsi, mədəniyyətimizin hansı mahiyyətlə, hansı dinamikada vüsət almasını öz məğzində özü ifadə etməkdədir. Onu da demək yerinə düşür ki, 1 oktyabr 2018-ci  ildə  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalında təqdim olunan “Bahariyyə” musiqi layihəsi maraqlı layihə olaraq diqqət çəkmişdir.

 

Bütün bu hadisələr bir anlıq gözlərim önündə canlanarkən, Mədəniyyət naziri Əbülfəs Qarayev VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı çıxışında vurğuladığı fikirlərlə diqqəti kitab aləminin mədəniyyətimizin inkişafındakı roluna cəlb etməsi, həqiqətən də müstəqillik dövrümüzün inkişaf prosesində mədəniyyət siyasətinin parlaq şəkildə özünə yer tutmasını aydın nəzərlərlə görmək mümkünlüyü ilə məni bu sahənin nümayəndəsi olaraq düşündürməyə başladı. Əcəba, bu qədər zəngin və dolğun mədəniyyət fəaliyyəti hansı gücün, qüdrətin imkanları ilə hərəkət edir? Bu işlərin ahəngi hansı səsin avazı ilə ən zil nöqtəyə yüksəlir? Bu qədər çevik dinamika nəyin potensial imkanları ilə səngimədən inkişafa doğru irəliləyir? Mütləq ki, burada bir sirr, bir sehr vardır deyə düşünərkən belə qənaətə gəlirəm ki, bütün sirrlər və sehrlər yalnız və yalnız dərin idrakın, sarsılmaz əzmin, böyük zəhmətin, səngimədən, fasiləsiz çalışmanın, ən başlıcası isə ölkə rəhbərinin qurduğu və apardığı işıqlı siyasətin nəticəsidir.

 

Beləliklə, yaranan təsəvvür budur ki, Azərbaycan mədəniyyəti sağlam köklər üzərində öz çevik dinamikası ilə davam etdirilir. Bu yolda Mədəniyyət Nazirliyinin, eləcə də bu quruma daxil olan müəssisələrin, bu sahədə çalışan bütün insanların üzərinə düşən vəzifələr əzm və dəyanətlə, sarsılmayan və səngiməyən güc və qüvvətlə Azərbaycanımızın dövlət siyasətinin bir hissəsi olaraq sağlam şəkildə aparılır.

 

Qazanılan uğurlar, yüksək nəticələr göstərir ki, getdiyimiz bu yol ən doğru və ən düzgün yoldur. Ona görə də bu gün mədəniyyət strategiyamız öz çevik dinamikası ilə səngimək bilmədən hərəkətdədir və intibah edir. İnandırıcı olan odur ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi!” fəlsəfəsinin nüvə potensialı ilə qaynayan və coşan Azərbaycan mədəniyyətinin amalı səngimədən, gecikmədən, çevik dinamika ilə gecəli-gündüzlü çalışmaq hikmətini qoruyub saxlayacaqdır. Bu da görünən həqiqətdir ki, tərəqqi və inkişaf məhz bu yoldadır - ölkə rəhbərinin müəyyən etdiyi sağlam təməllərlə döşənmiş işıqlı yolda! Yolumuz daim açıq olsun!

 

İftixar

 

Əməkdar mədəniyyət işçisi,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

İki sahil.- 2019.- 23 oktyabr.- S.14