Rəfiqə Hüseynzadə:
SOCAR bir gündə
100 min ağacın əkilməsi öhdəliyini
götürüb
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə mütəfəkkir
şair İmadəddin
Nəsiminin 650 illik yubileyi münasibətilə
respublikamızda bir gündə 650 min ağac əkiləcək.
Bu nəcib təşəbbüsə
ictimaiyyət nümayəndələri,
dövlət və hökumət qurumlarının,
diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət
təşkilatlarının nümayəndələri və
könüllülər qoşulacaqlar.
Ölkənin ən böyük şirkəti
olan SOCAR da təşəbbüsdə iştirak
edəcək. SOCAR-ın
ekologiya üzrə vitse-prezidenti Rəfiqə
Hüseynzadə şirkətin
bu sahədə gördüyü işlər
və təşəbbüsün
əhəmiyyəti barədə
AZƏRTAC-ın suallarını
cavablandırıb.
- Rəfiqə xanım, SOCAR bu təşəbbüs çərçivəsində
nə qədər ağac əkməyi planlaşdırır?
- Məlumdur ki, Prezident İlham
Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib
və bununla əlaqədar ölkəmizdə
bir sıra silsilə tədbirlər həyata keçirilməkdədir.
Böyük şairimizin anadan
olmasının 650 ilinin
tamam olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva gözəl təşəbbüs
irəli sürüb və respublika ərazisində bir gündə 650 min ağacın əkilməsini
təklif edib. Bu təşəbbüs həm
ölkəmizdə ekoloji
mühitin daha da sağlamlaşdırılmasına
müsbət təsir
göstərəcək, həm
də şairin irsinin daha geniş
təbliğinə və
xatirəsinin əbədiləşdirilməsinə
böyük töhfə
verəcək.
Neft-qaz əməliyyatlarında
ətraf mühitə
təsirin minimuma endirilməsi üçün
SOCAR hər il müxtəlif tədbirlər
həyata keçirir.
SOCAR-ın əməkdaşları
cari ilin aprelində hər il olduğu kimi iməcilik keçirib, 64 mindən çox ağac və kol bitkiləri
əkiblər. Bundan başqa, “Əsrin müqaviləsi”nin imzalanmasının
25 illiyi və “Neftçilər Günü”
ərəfəsində əlavə
olaraq 28 min ağac və kol bitkiləri əkilib.
Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü SOCAR qarşısında da yeni hədəflər müəyyən edib və bir gündə
100 min ağacın əkilməsi öhdəliyi
götürülüb. Ağacların
əsasən Abşeron
yarımadasında əkilməsi
planlaşdırılır. Bu səbəbdən təbii ki, seçilmiş ağaclar
Abşeron yarımadasının
təbii iqliminə uyğun olmalıdır. Biz hər zaman xüsusi növ ağacları seçməyə
çalışırıq ki, o ağaclar iqlim şərtlərində
solmasın və məhv olmasın. Əvvəlki illərdəki
təcrübə göstərir
ki, Abşeron yarımadasına daha uyğun olan şam və zeytun ağacının müxtəlif növləridir. Bunu nəzərə alaraq bu dəfə də əkiləcək ağaclarda da həmin növlərə
üstünük veriləcək.
- SOCAR neft şirkəti
olsa da, ekoloji fəaliyyət onun əsas prioritet istiqamətlərindən
biridir. SOCAR-ın ekoloji fəaliyyəti nədən ibarətdir?
- Dövlət Neft Şirkəti öz fəaliyyətində
ətraf mühitin qorunmasına çox ciddi önəm verir. Biz ekoloji
fəaliyyətimizi yalnız
yaşıllıq zolaqlarının
salınması ilə
məhdudlaşdırmırıq. Məlumdur ki, quruda və dənizdə karbohidrogen ehtiyatlarının sənaye
üsulu ilə mənimsənilməsinə ilk
dəfə Azərbaycanda
başlanılıb. Bu
baxımdan, Azərbaycan
ekoloji problemlərlə
üzləşən ən
qədim neft ölkəsidir. SSRİ vaxtından
neft-qaz sənayesinin inkişafı prosesində
ekoloji tələblərə
lazımi diqqət yetirilmədiyindən ətraf
mühitin böyük
miqyasda çirklənməsi
baş verib. Lakin, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ekoloji problemlərin
həlli dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilib. Ekoloji standartların yüksəldilməsi
və onlara riayət olunmasının
təmini məqsədilə
müstəqil Azərbaycanın
qanunvericilik bazasının
təkmilləşdirilməsi də sürətlə davam etməkdədir. Qısa zamanda ölkəmizdə ekoloji tarazlığın yaxşılaşdırılması
və qorunması məqsədilə bir sıra qanun, fərman, sərəncam və qərarlar qəbul edilib.
SOCAR öz fəaliyyətini məhz yerli və beynəlxalq
standartlara uyğun həyata keçirir. Ətraf mühitin qorunması istiqamətində
qarşıda duran vəzifələri həyata
keçirmək və
ekoloji sahədə idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə
2008-ci ildə SOCAR-ın
“Ekoloji Siyasəti” təsdiqlənib, əsas
ekoloji göstərici
olaraq “sıfır tullantı” prinsipi qəbul edilib. Bütün neft-qaz əməliyyatları zamanı
bu prinsipə əməl edilməsi ilə yanaşı, keçmişdən miras qalmış ekoloji problemlərin, xüsusən
yararsız hala düşmüş torpaqların
bərpası da həyata keçirilir. Belə ki, SOCAR-ın müəssisə və təşkilatlarında
indiyədək 2058,7 hektar
ərazi rekultivasiya olunub.
Atmosferin çirklənməsinin
qarşısının alınması
da SOCAR-ın prioritet sahələrindən
biridir. SOCAR qlobal
istiləşmə və
iqlim dəyişmələrinə
təsirin azaldılması
istiqamətində Dünya
Bankının “Qlobal Qaz Yandırılmalarının
Azaldılması üzrə
Tərəfdaşlıq” (GGFR) təşkilatı ilə
2008-ci ildə əməkdaşlığa
başlayıb, şirkət
bu sahədə SOCAR gördüyü işlər nəticəsində
2012-ci və 2015-ci illərdə
GGFR təşkilatı tərəfindən
Ali mükafata layiq görülüb.
Bundan başqa, qlobal
istiləşmə və
iqlim dəyişikliyinin
qarşısının alınması
və ətraf mühitin qorunması məqsədilə 2014-cü ildə
SOCAR “2030–cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra
endirilməsi” təşəbbüsünə
qoşulub.
2016-cı ildə isə Azərbaycan “Paris İqlim Sazişi”ni imzalayıb. Azərbaycan qlobal iqlim dəyişmələrinin
qarşısının alınması
təşəbbüslərinə özünün töhfəsi
olaraq, 1990-cı baza ili ilə müqayisədə
2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının
səviyyəsində 35 faiz
azalmanı hədəf
kimi götürüb.
Ölkədə BMT-nin
iqlim dəyişmələri
haqqında çərçivə
konvensiyasının Paris
razılaşması sənədinə
daxil etmək üçün SOCAR “Nəzərdə
tutulan, ölkə səviyyəsində müəyyən
edilmiş töhfələr”
sənədinə öz
tədbirlərini əlavə
edib. SOCAR tərəfindən
təqdim edilmiş töhfələr irimiqyaslı
layihələrdir.
Bunlarla yanaşı
bildirməliyəm ki,
SOCAR 2015-ci ildən BMT-nin
İnkişaf Proqramı
ilə birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin
edən Milli Fəaliyyət Planı” layihəsini icra etməkdədir. Layihənin
spesifik vəzifəsi
SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin
Azaldılması Strategiyasını
dəstəkləməkdir. Atmosferə daha az karbon qazı
buraxan istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planı vasitəsilə layihə çərçivəsində
istixana effekti yaradan qazların emissiyalarının təsirlərinin
azaldılması tədbirlərinin
təşviqi və genişləndirilməsi nəzərdə
tutulur. Azərbaycan bazarında az enerji sərf edən və karbon emissiyalarını azaldan texnologiyalardan o qədər də geniş istifadə edilmir. Layihə çərçivəsində məhz belə sahələrə pilot investisiya qoyuluşları
planlaşdırılır.
SOCAR, həmçinin bu ilin yanvarında
“Metan emissiyalarının
azaldılması üzrə
rəhbər prinsiplər”
təşəbbüsünə qoşulub. Bütün qeyd etdiklərim əslində SOCAR-ın ekoloji fəaliyyətinin bir qismini əhatə
edir. Ekoloji problemlərin həlli
SOCAR-ın qarşısına
qoyduğu prioritet istiqamətlərdən biridir
və bu fəaliyyət sadaladığım
layihələrlə yekunlaşmır.
Biz gündəlik fəaliyyətimizdə daim
ətraf mühitin qorunması istiqamətində
işləri həyata
keçirməkdəyik. Bundan
sonra da, SOCAR qlobal istiləşmə, iqlim dəyişikliyi, karbon emissiyalarının və digər tullantıların idarə
olunması istiqamətində
intensiv işlərlə
məşğul olacaq.
- Bu təşəbbüsün
ölkənin ekoloji vəziyyətinə faydasını
nədə görürsünüz?
- Qeyd etdiyim
kimi, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü ekoloji
mühitin daha da sağlamlaşdırılması
baxımdan çox önəmlidir. Məlum olduğu kimi, son illərin ən mühüm ekoloji problemlərindən
biri məhz iqlimdə baş verən dəyişikliklərdir.
Alimlərin gəldiyi
nəticəyə görə,
bu problem birbaşa atmosferdə istilik effekti yaradan qazların artması ilə bağlıdır.
Bu baxımdan
yeni ekoloji layihələrin həyata
keçirilməsi, ətraf
mühitin qorunmasına
müsbət töhfələr
verən işlərin
görülməsi çox
vacibdir. Təbii ki, bir gündə
650 min ağacın əkilməsi ölkəmizin
ekosisteminə ciddi şəkildə müsbət
təsirini göstərəcək.
İki sahil.- 2019.- 24
oktyabr.- S.6