Nəsiminin yaradıcılığı
milli-mənəvi varlığımızın
ayrılmaz tərkib hissəsidir
AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə
fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva bildirdi
ki, “Nəsimi ili” dahi şairin
yaradıcılığının bütün üfüqlərinə
işıq salır
Bu fakt daim önə çəkilir
ki, çoxəsrlik tariximizdə xalqlarımızı
yaşadan, qoruyan və bugünkü günlərə gətirib
çıxaran amillərdən
biri mədəniyyətimiz,
ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz,
dilimizdir. Azərbaycan xalqı bəşər tarixinə
böyük, dəyərli,
dahi simalar bəxş etmiş, onların əsərləri,
yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş,
insanları maarifləndirmişdir.
Ulu öndər Heydər Əliyevin bu fikirləri mədəniyyətimizin,
ədəbiyyatımızın yol açdığı uğurların aydın ifadəsini yaradır: “İnsanların ürəyinə,
qəlbinə təsir
edə bilən ədəbiyyatımız olubdur,
şeirimiz olubdur və həmin şeirlər, həmin sözlər doğrudan
da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli
dirçəliş prosesini
gücləndiribdir. Məhz
bunların nəticəsində
bizdə milli psixologiya, milli ideologiya formalaşmağa
başlayıbdır. Bəlkə
bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində
deyil, yəni bir sənəd, bir kitab, bir
proqram yoxdur. Amma bu olmalıdır.”
Bu məqamı da
xüsusi qeyd etməliyik ki, ölkəmizdə yaşayan
və dinindən, dilindən, milliyyətindən
asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili
kimi qəbul edən bütün vətəndaşlar üçün
ünsiyyət vasitəsi olan Azərbaycan dilinin xalqımızın
elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük
rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, hər bir xalqın
elə milli-mənəvi
dəyərləri vardır
ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf
etdirilməsi cəmiyyətdə
tutduğu mövqeyindən,
peşəsindən, vəzifəsindən asılı olmayaraq hər kəsin vətəndaşlıq
borcudur. Dövlətimizin başçısı
İlham Əliyev məhz bu kimi
məsələləri önə
çəkərək ötən il Azərbaycan dilinin saflığının
qorunması ilə bağlı Fərman imzaladı.
Dünya sivilizasiyası xəzinəsinə
böyük töhfələr
verən Azərbaycanın
bu il UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyasına ev
sahibliyi etməsi də milli-mənəvi dəyərlərinə, tarixi-mədəni
irsinə bağlılığından
irəli gəldi. Bu mühüm hadisə,
həmçinin beynəlxalq əməkdaşlığa söykənən,
elm, mədəniyyət
və təhsil yolu ilə dünyanın
sülh və təhlükəsizliyini qorumaq
məqsədilə yaradılan UNESKO ilə Azərbaycan arasında tərəfdaşlıq
münasibətlərinin təhlilində də əhəmiyyətli rol oynadı. Tarixə söykənərək,
inkaredilməz olan bu reallıq da önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin,
dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə,
milli köklərimizlə, milli-mənəvi
ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən
ulu öndər Heydər Əliyev daim bu çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi
dəyərlərimizi unutmamalı, tariximizi, ədəbiyyatımızı, ana dilimizi bilməli və qorumalıdır. Bu reallıq da məlum olaylardandır ki, ulu öndər
Heydər Əliyev Azərbaycan xalqının
tarixi keçmişində,
mənəvi mədəniyyəti
tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə
çevrilməsinin xalqın
milli varlığına,
milli duyğularının
güclənməsinə son
dərəcə müsbət təsirini
xüsusi vurğulayaraq, Bakının ən görkəmli yerlərində xalqımızın
milli varlığının
daşıyıcısı olan böyük insanların əzəmətli
heykəlləri ucaldılmış,
böyük tarixi şəxsiyyətlərin hər
biri üçün bir mədəniyyət mərkəzinə
çevrilən ev-muzeyləri
yaradılmışdır. Son 15 ildən artıq dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi atılan davamlı addımlardan daha aydın görünür.
Cənab İlham Əliyevin
Sərəncamı ilə
2018-ci ilin ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin
“1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” Sərəncamı,
“Azərbaycan dilinin saflığının qorunması
və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında” Fərmanı, 2019-cu ili “Nəsimi İli” elan etməsi və s. kimi biri-birindən önəmli
addımlar zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə,
milli-mənəvi dəyərlərimizə
sahib olmağımızdan
irəli gəlir. Ölkəmizin
ev sahibliyi etdiyi
mədəniyyətlərarası dialoq forumlarında da daim bu məqam
önə çəkilir
ki, müxtəlif mədəniyyətlərin, dinlərin
qovuşuğunda yerləşən Azərbaycan xalqlar, dövlətlər
arasında körpü
roluna yeni əlavələr etməklə
beynəlxalq aləmdə
nüfuzunu, humanitar mərkəz kimi qazandığı imici möhkəmləndirir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva “Nəsimi İli” ilə bağlı fikirlərini bizimlə bölüşərkən
bildirdi ki, Azərbaycan zəngin tarixə, mədəniyyətə,
ədəbiyyata
malik ölkədir. İmadəddin
Nəsimi irsinin öyrənilməsi və
təbliği, xatirəsinin əbədiləşdirilməsi
istiqamətində mühüm
addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü
ilə Nəsiminin 600
illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub.
“Əlbəttə,
bu yeganə hal deyildir” söyləyən
A.Məşədiyeva qeyd
etdi ki, görkəmli dövlət xadimi N.Nərimanovun, dahi klassiklərimiz Ü.Hacıbəylinin,
M.Maqomayevin, S.Vurğunun,
C.Cabbarlının, M.S.Ordubadinin,
Aşıq Ələsgərin
yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə keçirilib, bəzilərinin ev-muzeyləri
yaradılıb. Hazırda
həmin ev-muzeylərində
Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin
irsi və yaradıcılığı geniş
tədqiq və təbliğ edilir. Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi İli” elan etməsi də Ulu Öndərin bu istiqamətdə gördüyü dəyərli
işlərin uğurlu
davamıdır.
Dilçilik İnstitutunun elmi
katibi onu da əlavə etdi ki, Azərbaycan poetik dilinin inkişafına böyük
təsiri olan, hürufiliyin aparıcı
simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı
ilə mübarizliyi, sülhü, tolerantlığı
və multikulturalizmi təbliğ edib: “İmadəddin Nəsiminin
bədii yaradıcılığının Azərbaycan
dilinin tarixi inkişafının öyrənilməsində,
Azərbaycan şeirinin
və ümumiyyətlə,
türk ədəbiyyatının
təkmilləşməsində müstəsna rolu var. Mütəfəkkir şair qüdrətli söz ustaları Şah İsmayıl Xətai, Füzuli, Vaqif və başqalarının
yaradıcılığına böyük təsir göstərib. “Nəsimi ili” dahi şairin
yaradıcılığının bütün üfüqlərinə
işıq salır.”
O da qeyd olundu ki, cari ilin oktyabr ayında
AMEA Nəsimi adına
Dilçilik İnstitutunda
dahi şair İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsiminin
poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri”
mövzusunda respublika elmi konfransı keçiriləcək.
Dilçi alimin fikirləri
bu ümumiləşdirməyə
əsas verdi ki, “Nəsimi İli” Azərbaycan xalqının ümumbəşər
mədəniyyətinə verdiyi
töhfələrə işıq
salmaqla yanaşı, xalqımızın
çoxəsrlik ənənələrə
malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün
də insanların mənəvi-əxlaqi kamilləşməsində
mühüm əhəmiyyətə
malik olduğunu açıqlayır. Bu mühüm addım ölkəmizdə
nəsimişünaslığın inkişafına böyük
təkan verir. Aparılan araşdırmalar bu fikrə əsas verir ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı
ilə müdafiə etməsi örnək olaraq bütün xalqımıza, xüsusilə gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Nəsiminin
yaradıcılığı milli-mənəvi varlığımızın
ayrılmaz tərkib hissəsidir. Bu kimi mühüm addımlar ölkəmizdə yüksək
ideallara, mənəvi
həyata, mədəniyyətə,
şeirə, sənətə,
onların inkişafına
nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür.
Yeganə Əliyeva
İki sahil.- 2019.-17 sentyabr.- S.29