Neft sənayesi tariximizin şanlı səhifəsi
XX əsrin
70-80-ci illərində Azərbaycan nefti dünyada
neftçıxarma və neft emalı sənayesinin
inkişafında, SSRİ kimi nəhəng ölkənin sənayeləşməsində
həlledici rol oynamışdır. Ulu öndər Heydər
Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə
respublikamızda neft emalı, neft-kimya sənayesinin müxtəlif
sahələri ilə bağlı çox mühüm qərarlar
qəbul edilmişdir.
Təsadüfi deyi ki, 1970-80-ci illər məhz
Azərbaycanın neft emalı, neft-kimya sənayesinin yenidən
qurulması və modernləşdirilməsində
əsaslı dönüş mərhələsi kimi dəyərləndirilir.
Məhz o dövrdə, neft emalı, neft-qaz,
neft-kimya sənayesində geridə qalmış texnoloji proseslər,
mənəvi və fiziki baxımdan köhnəlmiş
avadanlıqlar milyonlarla vəsait hesabına texnoloji
üstünlüklərə malik yeniləri ilə əvəz
olundu. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının
bütün sahələri kimi, neft və qaz sənayesinin
də yüksək dinamik inkişaf mərhələsinə qədəm
qoyması ilə səciyyələnir və bu da ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin
xüsusilə dəniz neftinin hasilatının inkişaf
tarixində yeni mərhələ başlayır. 1970-ci ildə
“Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı
və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan
neftçilərinin dəniz şəraitində iş aparmaq
təcrübəsini nəzərə alaraq Xəzərin
bütün sektorlarında (həmin ildən Xəzər
sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə,
istismar və digər işlərin aparılmasını Azərbaycan
neftçilərinə həvalə etdi.
Bu tarixə kimi Xəzər dənizində
istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri
40 metrə qədər olan sahələrdə işləməyə
imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan
sektorunda 40 metrədək dərinlikdəki perspektivli sahələrdə
demək olar ki, bütün neft-qaz yataqlarının
hamısı aşkar olunmuşdu. Dənizdə neft və
qazın hasilatının artırılması daha
böyük dərinliklərdə yatan neft və qaz
yataqları ilə bağlı idi. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana
75 növdə 400-dən çox ağır yük
qaldıran kran gəmisi, boruçəkən gəmilər,
seysmik, sərnişin və s. gəmi növləri gətirildi.
Xəzərdə 2500 ton gücündə “Azərbaycan”
kran gəmisi işə başladı. Bundan başqa, ilk
vaxtlarda dənizin 70 metr dərinliyində olan sahələrdə
geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər”
tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyindəki
sahələrdə işləməyə imkan
verən “Şelf” tipli yarımdalma üzən qazma
qurğularının alınması nəticəsində dənizin
daha dərin sahələrində zəngin neft və qaz
yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə
60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və
qaz yataqları kəşf edildi, neft ehtiyatları
iki, qaz ehtiyatları isə üç dəfə
artırıldı. 1975-ci ildə neft və qazın ümumi
hasilatı 27,1 milyon tona (şərti yanacaq)
çatdırıldı. 80-ci illərdə üzən qazma
qurğularının sayı 11-ə çatdı və
onlardan istifadə nəticəsində, indi Azərbaycan
neftinin əsas hissəsini təşkil edən dənizin
80-350 metr dərinlikdə yatan zəngin neft ehtiyatlarına
malik olan yataqlar kəşf olundu.
Məhz Ulu
Öndərin bilavasitə iştirakı ilə dənizdə
perspektivli neft yataqlarının
kəşfiyyat işləri xeyli genişlənərək
sürətləndi. Xəzərin Azərbaycan
sektorunda yeni dəniz neft-qaz kondensat yataqları- “Bahar” (1968),
“Səngəçal-Duvannı-dəniz” (1969), “Bulla-dəniz”
(1975-ci il) yataqlarının açılışı və
istismara başlanması reallaşdırıldı. 1970-ci ildə
dəniz neftinin çıxarılması maksimum həddə
yüksələrək 12,9 milyon tona çatdı.
1971-ci il martın 28-də Azərbaycanın
yeraltı sərvətlərinin istismarının
başlandığı andan bir milyardıncı ton neft
çıxarıldı. Bu, ölkəmizin neft sənayesinin
tarixinə şanlı səhifə kimi yazıldı. Bu əlamətdar
hadisə münasibətilə aprelin 21-də M.F.Axundov
adına Opera və Balet Teatrında
ulu öndər Heydər Əliyevin iştirakı
ilə təntənəli yığıncaq keçirildi.
Məhz
o dövrdə Sumqayıtda üzvi yarımməhsullar zavodunda
ilk dəfə olaraq Bakı neftinin benzin funksiyalarının ən
mühüm kimya xammalı olan benzol almağa imkan verən
platforminq prosesi həyata keçirildi. 1979-89-cu illərdə
dənizdə, 200 metr dərinlikdə ümumi resurs
ehtiyatı 700 milyon ton neft və 200 milyard kubmetr
qaz olan “Günəşli” (1979-cu il), “Çıraq” (1985-ci
il), “Azəri” (1988-ci il) və “Kəpəz” (1989-cu il) kimi 4
yeni çoxlaylı neft yatağı açıldı.
1980-ci ildə Fransanın “Seret” firması tərəfindən
düzəldilmiş Ə.Əmirov adına xüsusi gəmi
1” yeni struktur-kartirovka qazma gəmisi istismara verildi. Burada ilk dəfə olaraq şlanq-kabel qazması və
hidroloji tədqiqatlar üçün avadanlıq
quraşdırıldı. 1981-ci ildə ilk dəfə olaraq
yarısalınan qazma qurğusunun köməyi ilə 200 metr
dərinlikdə olan qazma həyata keçirildi. 1985-ci ildə
ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə tikilmiş Dərin Sulu Özüllər zavodu ilk
məhsulunu buraxdı.
Təbii ki, bütün
bunların tətbiqi sayəsində isə Xəzər
zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində
mühüm rol oynadı. Məhz bu qurğuların sayəsində
“Çıraq”, “Azəri”, “Günəşli”, “Kəpəz”
və s kimi iri yataqlar kəşf edildi. Ötən əsrin 70-ci illərinin
sonlarında SSRi-də yeganə olan 400 milyon
ABŞ dollarına alınmış Dərin Özüllər
Zavodunun tikintisinə başlanıldı. Sonralar bu kompleks Xəzər
dənizində dərin neft və qaz yataqlarının kəşfi
üçün müasir dərin özüllər bloku
istehsal etdi.
Görülən işlərin, həyata
keçirilən tədbirlərin sayəsində o illərdə
neft hasilatı getdikcə artırdı. 1970-ci illərin əvvəllərində
ildə 17,3 milyon ton neft hasil edilməsi bunun əyani sübutu
idi.
O dövrdə aparılan yenidənqurma işləri
respublikamızın neft sənayesinin infrastrukturunun və neft
emalının inkişafına ciddi təkan verdi. Belə ki, 1976-cı ildə Yeni Bakı Neftayırma
Zavodu, 1982-ci ildə Bakı Neftayırma Zavodunda neftin ilkin
emalı üçün ELOU-AVT qurğusu işə
salındı. 1983-cü ildə Qroznı-Bakı neft kəmərinin
istifadəyə verilməsi ilə Azərbaycan Sovet
İttifaqının vahid neft kəmərinə qoşuldu.
Neft emalı sahəsinin yenidən qurulması
üçün irimiqyaslı layihələr həyata
keçirildi.Yeni Bakı Neft Emalı zavodunda (“Azərneftyanacaq”)
ELOU-AVT-6 qurğusu istismara verildi. Bu qurğu o
dövr üçün ən müasir, yüksək istehsal gücünə malik kombinə
edilmiş atmosfer-vakuum qurğusu idi. 1979-cu ildə həmin
zavodda Qərb texnologiyası üzrə müasir katalitik
riformiq qurğusu da quraşdırıldı. Qurğu yüksək
oktanlı etilləşdirilməmiş avtomobil benzini
buraxmağa imkan verdi.1981-ci ildə Bakı
Neft Emalı Zavodunda (hazırkı Heydər Əliyev adına
Neft Emalı Zavodu “Azərneftyağ”) ikinci analoji ELOU-AVT-6
kompleksi işə salındı. Məhz Ulu Öndərin əsaslı
yenidənqurma proqramının həyata keçirilməsi nəticəsində
Bakı neft emalı zavodları texniki təhizatına görə
o dövrdə dünyada mövcud profilli müəssisələrin
səviyyəsinə yüksəldi.
Ulu öndər Heydər
Əliyevin rəhbərliyinin Sovet dövründə
respublikamızın neft ehtiyatları iki, qaz ehtiyatları isə
üç dəfə artırıldı. 1975-ci ildə
ümumi neft və qaz hasilatı şərti yanacaqla 27,1 milyon
tona çatdırıldı. Sovet İttifaqı
dağılanadək dənizin Türkmənistan, Qazaxıstan
və Rusiya sektorlarında da səmərəli kəşfiyyat
işləri aparan Azərbaycan neftçiləri dənizdə
350-dən çox struktur aşkar etdilər. Onlar
Xəzərin Azərbaycan sektorunda yeni yataqlarla yanaşı,
dənizin Türkmənistan sektorunda “Şərqi Livanov”,
İ.M.Qubkin adına, Barinov adına, LAM və “Çələkənyanı
günbəz”, Rusiya sektorunda “İnçixe-dəniz 1” və
“İnçixe-dəniz 2” neft yataqlarını və
Qazaxıstan sektorunda bir neft yatağını kəşf
etdilər.
1975-ci ildə “Bulla-dəniz”
yatağının, 1980-ci ildə isə “Günəşli”
yatağının dayazsulu hissəsinin işlənilməsinə
başlandı. 1984-cü ildə Bakıda Dərin
Özüllər Zavodu tikilib istifadəyə verildi. 1985-ci ildə
“Çıraq”, 1987-ci ildə “Azəri” yatağı kəşf
edildi. 1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə
başlanıldı, “Kəpəz”
yatağı aşkar edildi.
Ulu öndər Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıdışı
respublikamızın siyasi və iqtisadi həyatında
taleyüklü dəyişikliklərin təməlini qoydu.
1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan”
sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli”
(suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi
və hasilatın pay bölgüsü haqqında” Qərbin
neft şirkətləri ilə bağlanmış Saziş Azərbaycan
Respublikasının müstəqil tarixinin yeni səhifəsini
açdı. Bu gün öz
geosiyasi və iqtisadi əhəmiyyəti
ilə seçilən “Cənub Qaz Dəhlizi”nin seqmentləri
olan TANAP, TAP kimi iri transmilli layihələrin Azərbaycanın
təşəbbüsü, siyasi iradəsi, əzmi ilə reallaşdırılması, “XXI əsrin
layihəsi” adlandırılan “Şahdəniz-2” layihəsinin
gerçəkləşdirilməsi
də məhz əsası “Əsrin müqaviləsi”
ilə qoyulan böyük neft strategiyasının məntiqi
davamıdır. Qətiyyətlə
demək olar ki, əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan milli neft strategiyasının
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilməsi bundan sonra da müstəqil Azərbaycanın
güclənməsinə,
respublikamızın sosial-iqtisadi tərəqqisinə,
xalqımızın rifah halının yüksəlməsinə
böyük töhfələr verəcək.
Zahid Rza
İki sahil.- 2019.- 20
sentyabr.- S.21