Türkün dünyasında
Nizami Cəfərov
Akademik Nizami Cəfərovun 60 illik yubileyinə
Dilin kıymetini “arif” olandan
Gözün kıymetini “âmâ”
olandan
Sözün kıymetini “lâl”
olandan
Ekmeğin kıymetini “aç”
olandan
Aşk`ın kıymetini “hiç”
olandan öğren!
- deyib Şəms-i
Təbrizi. Bu gün bizlər də gənc tədqiqatçı olaraq
dilimizin qədrini arif insanlardan, dilimizin təəssübünü
çəkən alimlərimizdən
öyrənirik. 21 sentyabr
2019-cu il tarixində 60 yaşı tamam olan belə
alimlərimizdən biri
akademik Nizami Cəfərovdur. Ömrünün, Türkiyə türkcəsində
desək, “şimdilik”
42 ilini elmə sərf edən akademikin yaradıcılığı
boyunca dilin müxtəlif sahələrini
araşdırdığını görə bilərik.
İlk tədqiqat işini qrammatikanın ən mürəkkəb bölməsi – sintaksisə
həsr edən alim bununla elm aləminə ilk iri addımını atmışdır.
Onu həm dilçi, həm də ədəbiyyatşünas olaraq
tanıyırıq. Amma mənim
aləmimdə Nizami Cəfərov dedikdə
ilk olaraq türk dili, Türkiyə, türk dünyası canlanır. Türk dili uğrunda mübarizə aparan dünyaca məşhur dilçi, türkoloqlarımızın
başında Mirzə
Kazım Bəy, müasir dövrümüzə
doğru getdikcə İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ahmet Caferoğlu, Tahsin Banguoğlu, Bəkir Çobanzadə,
Xalid Səid Xocayev, Rəşid Rəhməti Arat, Zəki Vəlidi Toğan, Əbdüləzəl
Dəmirçizadə, Fərhad
Zeynalov, Tofiq Hacıyev, Əlisa Şükürlü durur.
Bu gün bu
alimlərin ənənələrini
davam etdirən və türk dilinin, tarixinin təəssübünü çəkən
alimlərdəndir Nizami
Cəfərov. Müstəqil bir türk etnosunun
yaranmasından müasir
dövrümüzə qədər
keçdiyi tarixi dövrləri araşdıran
Nizami müəllim yazılarında hər nə qədər obyektiv olmağa çalışsa da, içindəki
türk sevgisini mülahizələrində oxucu
mütləq hiss edir.
O, e.ə. II minilliyin sonunda Altay dağlarının
ətəklərində müstəqil
türk etnosunun yarandığını desə
də, daha sonra Altay etnosunun da hansısa bir tarixi varisliyin daşıyıcısı olduğunu
vurğulayır. Yəni türk
etnosunun tarixini daha da qədimlərə aparır. Nizami Cəfərov türk,
türk milləti, onun tarixi haqqında
deyilmiş hər bir mülahizəyə öz fikrini bildirir. Buna onu
vicdanı səsləyir.
Lev Qumilyovun “Qədim
türklər” adlı
kitabını incələyən
müəllif, doğrudur,
kitabdakı tarixi səhvləri də qeyd edir, lakin
hələ Sovet dövründə qələmə
alınan bu əsəri və müəllifin ona sərf etdiyi gücünü, cəsarətini
yüksək qiymətləndirir.
Nizami müəllim türklərə məhəbbəti
olan Lev Qumilyovun kitab boyunca riayət
etdiyi prinsipi xüsusi olaraq qeyd edir: “Xalqın
tarixini istisnasız şəkildə onun əleyhdarlarının mövqeyindən
öyrənmək olmaz”.
Bunu dedikdə, o, Çin salnamələrindəki türkləri,
onların ordu baxımından vəziyyətlərini
necə qiymətləndirmələrini
nəzərdə tuturdu.
Hətta
müəllif bildirirdi
ki, “salnamədə müvəffəqiyyətə nail ola bilməyib” deyilirsə, deməli söhbət Çin ordusunun tamamilə darmadağın edilməsindən
gedir. Türklərin tarixinə xüsusi
həssaslıqla yanaşan
Nizami müəllim Qumilyovun əsərindəki
polemik məqamları
xüsusi olaraq qeyd edir və
onu əslində rus-Sovet siyasi-ideoloji konyukturundan yaxa qurtara bilməməsində
görürdü. Nizami müəllim
Qumilyovun türk xalqları haqqında işlətdiyi “yox oldular” fikrini öz əlində bayraq edən yerli tarixçilərimizi
də qınayır.
Nizami Cəfərov Türk dünyasının şair-mütəfəkkiri
olan Oljas Süleymanovun “hər bir xristian üçün
qürurverici olan bir hadisə - Vladivastok (Şərqin zəbti) varsa, hər bir müsəlman
üçün də
Vladizapad (Qərbin zəbti) - İstanbul vardır”
fikrini genişləndirərək,
müasir dövrdə,
artıq, İstanbul başda
müsəlmanlar olmaqla,
bütün dünya dinlərinə ehtiramla yanaşan Türk dünyasının paytaxtıdır,
deyir.
O, türk dünyasına, türk dili, tarixi, ədəbiyyatına
bir damla belə olsa töhvə vermiş insanları diqqətindən
kənarda qoymayıb.
Məsələn, Azərbaycan
kökənli, əslən
gəncəli olan
Türkiyə alimi Əbdülbegi Gölpınarı
Fuad Köprülünün
tələbəsi olmaqla
ən böyük nemətə sahib olub, deyə düşünür.
Onun əsasən Mövlana Cəlaləddin
Rumi ilə Yunus Əmrə haqqında araşdırmalarını yüksək
səviyyədə aparmasının
səbəbini onun türk dili ilə yanaşı ərəb və fars dillərini
də dərindən bilməsi olduğunu qeyd edir.
Nizami Cəfərovun
hələ 1996-cı ildə
yazdığı kiçik
bir məqalədə
ortaq türk ədəbi dili məsələsinə toxunduğunu
da görürük. O qeyd edir ki, artıq
neçə illərdir
türkoloji konfranslarda
belə bir sual yaranır - “Ümumtürk ədəbi
dili yaratmaq mümkündürmü?” Çoxlarının
“yox mümkün deyil” deyə cavablandırdığı bu
suala Nizami müəllim sualla özü cavab verir: “Kim öz türkcəsini buraxıb
“seçilmiş” bir dilə üstünülük
verəcəkdir?” Bu əslində ritorik sualdır, o buna cavab gözləmir. Nizami Cəfərov o zaman istehza ilə
bildirir: “Elə isə gəlin özbəklə, qazaxla, qırğızla, tatarla,
başqırdla... rusca
danışmağa davam
edək”. Bu “yox”
cavabı verənlərə
tutarlı zərbədir.
Bu zaman Ziya Gökalpın
“Lisan” şeiri yada düşür:
Turan`ın bir ili
var
Ve yalnız bir dili var
Başka
dil var diyenin
Başka
bir emeli var
Türklüğün vicdanı bir
Dini bir, vatanı bir
Fakat hepsi ayrılır
Olmazsa lisanı
bir.
Bu şeir parçasıyla
yazımı bitirmək
istəyirəm. Nizami müəllimə Türk
dünyası uğrunda
etdiklərinə görə
minnətdarlığımı bildirir və ona bu çətin
yolu davam etdirmək naminə can sağlığı və
uzun ömür diləyirəm.
Turan Hüseynov
İki sahil.- 2019.- 21
sentyabr.- S.5