2018-ci il Azərbaycan üçün mühüm uğurlarla və əlamətdar hadisələrlə zəngin oldu

 

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:

- Nizami müəllim, artıq 2018-ci il tarixə çevrildi. Sizcə, ötən il ölkəmiz üçün hansı səciyyəvi cəhətləri ilə əlamətdar oldu?

- 2018-ci il Azərbaycan üçün mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə zəngin olub. Yola saldığımız il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Azərbaycan başa çatan 2018-ci ildə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Eyni zamanda, dünya azərbaycanlıları həmrəylik nümayiş etdiriblər. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamları geniş şəkildə vurğuladı.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin, parlamentimizin yaradılmasının 100 illik, Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyləri geniş şəkildə qeyd olundu. Xüsusilə qeyd edim ki, ölkəmizdə növbəti prezident seçkiləri keçirildi, Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək cənab İlham Əliyevə yenidən etimad göstərdi. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri Azərbaycanda dövlət başçısı İlham Əliyevin nüfuzunun kifayət qədər yüksək olduğunu bir daha təsdiqlədi. Bu seçkilərdə xalq öz iradəsini növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizə misilsiz uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi və Onu növbəti 7 il üçün Azərbaycanın dövlət başçısı seçdi. Bu seçim xalqın öz liderinə sonsuz inamının ifadəsi idi.

Bundan başqa, ötən il Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə, o cümlədən Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlar, eyni zamanda, Naxçıvanda 11 min hektara yaxın ərazinin və Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdi.

Həmçinin 2018-ci ildə siyasi, iqtisadi, nəqliyyat, enerji, sosial, humanitar, mədəniyyət, idman və digər sahələrdə tarixi əhəmiyyətə malik möhtəşəm nailiyyətlər əldə edildi. Məsələn, iqtisadi sahədə TANAP və STAR layihələrinin həyata vəsiqə alması çox böyük iqtisadi hadisədir. Bu layihələr Azərbaycanla Türkiyəni nəinki regionda, bütövlükdə dünyada daha da gücləndirəcək. Yəni 2018-ci il Azərbaycan tarixində dərin və konkret nəticələr verən iqtisadi islahatlar ili kimi qalacaq. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşması da buna əyani sübutdur.

- Azərbaycan həmçinin nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan, ölkəmizin humanitar əməkdaşlıq mərkəzinə çevrilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Məlumdur ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın daxili və xarici siyasət kursunu, dünya siyasi arenasında yeri və rolunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.

Dünyanın sivilizasiyalararası və dinlərarası dialoq mərkəzlərindən biri kimi tanınan Azərbaycan ötən il bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdi. Bu sırada ən yüksək səviyyədə keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunu, VI Qlobal Bakı Forumunu, Qoşulmama Hərəkatının nazirlər konfransını, Dünya Limanlar Konfransını və digər tədbirləri qeyd etmək olar. Bu il rəsmi Bakının təşəbbüsü ilə başlanan, mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafına xidmət edən “Bakı Prosesi”nin 10 ili tamam oldu. Azərbaycanın əməkdaşlıq üçün nadir platforma olan “Bakı Prosesi”ni uğurla davam etdirməsi, ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası istiqamətində görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda ilk dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı keçirildi. Bütün bu tədbirlər isə davamlı xarakter daşıyır.

- Ötən il Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinin təbliği baxımından da önəmli tədbirlər reallaşdırdı...

- Azərbaycan dünyaya yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir dövrdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir.

Ölkəmizdə multikulturalizmin həm dövlət siyasəti, həm də cəmiyyətdə həyat tərzi olması beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə mövcud olan milli həmrəylik, sabitlik və tolerantlıq mühiti məhz bu dəyərlərə əsaslanır.

Tolerantlıq mərkəzi və multikulturalizm diyarı kimi tanınan Azərbaycan həm də İslam həmrəyliyinə əvəzsiz töhfələr verir. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycanda müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Eyni zamanda, Azərbaycan müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu dövlət kimi tanınır. Məhz bunun qanunauyğun nəticəsidir ki, respublikamız müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

- Nizami müəllim, 2019-cu ildən gözləntiləriniz nədir?

- İnanıram ki, yeni başlayan 2019-cu il də ölkəmiz üçün uğurlu və düşərli il olacaq. Xalqımızın əsas arzusu torpaqlarımızın, Qarabağımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu müqəddəs amala, arzumuza çatacağımıza inanıram.

Eyni zamanda, 2019-cu ildə bizi bir sıra əlamətdar hadisələr gözləyir. Qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilən Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. 2019-cu ildə Bakı Dövlət Universitetinin təsis olunmasının 100, görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunacaq. Bu ilin dekabr ayında respublikamızda bələdiyyə seçkiləri keçiriləcək. Yəni bu kimi nüfuzlu tədbirlərin sayı daha çox olacaq. Mən, sadəcə, bir neçəsini qeyd etdim.

Bilirsiniz ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi siyasi sabitliyin, əmin-amanlığın, sülhün qarantı hesab edir. Çünki xalq Azərbaycanı parlaq sabahlara doğru aparan dövlət başçımızın siyasi kursunu birmənalı şəkildə dəstəkləyir. Ölkəmizdə sabitliyi təmin edən başlıca amil isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, eləcə də xalq-iqtidar birliyidir. Bütün bunlar qarşıdakı dövrün də ölkəmiz üçün uğurlu olacağına əminlik yaradır. Ona görə də Azərbaycan xalqı daim gələcəyə nikbinliklə baxır.

İki sahil.- 2018.- 4 yanvar.- S.7.