Przident
İlham Əliyev. Azərbaycanda
kənd təsərrüfatının
inkişafına şox
böyük dövlət
dəstəyi var.
Yanvarın 24-də Prezident
İlham Əliyev Bakının Sabunçu rayonunun
Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı
Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik
Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz
toxumları istehsalı” kompleksinin
açılışında iştirak edib.
Kənd təsərrüfatı naziri İnam Kərimov
görülən işlər barədə dövlətimizin
başçısına məlumat verdi.
Bildirildi ki, ərazidə inzibati-laboratoriya
binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi,
toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum
satış mərkəzi yaradılıb. Burada ümumilikdə,
16 hektar sahədə tikinti, abadlıq və
yaşıllaşdırma işləri görülüb.
Prezident İlham Əliyev institutun
binasının rəmzi açılışını bildirən
lenti kəsdi.
İnstitutun laboratoriyalarında ən müasir
cihaz və avadanlıqlar quraşdırılıb. Bu
avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və
bir sıra digər analizlərin həyata keçirilməsinə
imkan verir. Burada, həmçinin virussuz kartof
toxumçuluğunun müasir səviyyədə təşkili
üçün biotexnologiya laboratoriyası da qurulub.
Qeyd edək ki, bu institut Azərbaycan
SSR Nazirlər Sovetinin 1965-ci il 6 may tarixli qərarına əsasən
tərəvəz, bostan və kartof bitkilərinin
seleksiyası, toxumçuluğu, aqrotexnikası, bitki
mühafizə tədbirlərinin işlənib
hazırlanması və həyata keçirilməsi məqsədilə
yaradılıb. “Toxumçuluğun inkişaf etdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli Sərəncamının
icrası ilə əlaqədar olaraq bu toxumçuluq kompleksi
inşa olunub.
Prezident İlham Əliyevə Elektron kənd təsərrüfatı
layihəsi barədə məlumat verildi.
Qeyd olundu ki, bu layihənin məqsədi kənd
təsərrüfatı fəaliyyətlərinin
elektronlaşdırılmasını, məlumatların
elektron qaydada tərtib edilərək
araşdırılmasını təşkil etməkdən
ibarətdir. Sistem kənd təsərrüfatı
fəaliyyətləri istiqamətində məlumatları
toplamaq, təhlil etmək, bu sistemin istifadəçilərinin
məlumatlandırılmasını təmin etmək
üçün xüsusi modulları özündə cəmləşdirir.
İnstitut və onun tabeli qurumları - Lənkəran,
Qusarçay, Tovuz bölgə zona təcrübə stansiyaları, Şəmkir dayaq məntəqəsi
və Abşeron yardımçı təcrübə təsərrüfatı
tərəfindən tərəvəz sortlarının ilkin
toxumçuluğunun elmi əsaslarla işlənib
hazırlanması, superelit və elit toxum istehsalına
elmi-metodiki kömək göstərilməsi, müxtəlif
çeşidli tərəvəz növlərinin
emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin
və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə
metodiki rəhbərlik həyata keçirilir. İstixana və
açıq sahə şəraitində tərəvəz,
bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin
yaradılması, onların toxumçuluğunun
standartlara uyğun təşkili nəzərdə tutulur.
Hazırda burada 158 nəfər çalışır ki,
onlardan da 17-si elmi işçi, 2-si elmlər doktoru, 15-i isə
fəlsəfə doktorudur. Kompleksə daxil olan toxum emalı məntəqələrində
respublikada ilk dəfə tərəvəz toxumlarının
müasir avadanlıqlarla emal olunması və paketlənməsi
nəzərdə tutulub.
İnstitutun ərazisində 30 hektar
açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində
tərəvəz və kartof bitkilərinin toxumçuluq
sisteminin təşkili məqsədilə kompleks inşa
olunub.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə kənd təsərrüfatının,
aqrar sahənin inkişafı istiqamətində mühüm
işlər görülür. Kənd Təsərrüfatı
Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat
İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz
toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə
icra olunan layihələrdən biridir. Belə müasir
kompleksin yaradılması ölkəmizdə yüksək
keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına
olan ehtiyacı ödəmək, toxumluq məhsulların
istehsalını artırmaq baxımından mühüm rola
malikdir. Müxtəlif bitki sortlarının
toxumlarının istehsalı və saxlanılması üzrə
bu cür ixtisaslaşmış müəssisələrin
yaradılması qeyri-neft sektorunun mühüm sahələrindən
olan kənd təsərrüfatının inkişafında da
böyük əhəmiyyət daşıyır. Bundan
başqa, belə tədbirlər həm də idxaldan
asılılığı azaltmaqla, ölkəmizin ixrac
potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin
yüksək səviyyədə təmin olunmasına da
töhfə verir.
Prezident İlham Əliyevə Aqrar
İnkişaf Könüllüləri layihəsinin məqsədi
barədə də məlumat verildi.
Diqqətə çatdırıldı ki, bu
layihənin həyata keçirilməsində məqsəd
aqrar sektorun inkişafına ictimai dəstək göstərmək,
aqrar sahədə könüllü cəmiyyəti
formalaşdırmaqdır. Bununla da, gələcəkdə bu
sahədə fəaliyyət göstərəcək
ixtisaslaşmış kadrların yaranmasına təkan vermək,
innovativ texnologiyaların təbliği ilə bu sahənin
dayanıqlı inkişafına nail olmaqdır.
Sonra dövlətimizin başçısı
Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə
görüşdü.
Könüllü Sarvan Cəbrayılzadə
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Sizi aqrar inkişaf könüllüləri
adından salamlayırıq. Hərəkatımız aqrar sahədə
inkişafa dəstək məqsədi daşıyır. Biz
artıq 35 regionda təşkilatlana bilmişik. Biz dörd
aydır ki, fəaliyyətə başlamışıq. Bu
qısa müddətə baxmayaraq, sıralarımıza 600 gənci
cəlb edə bilmişik. Üç il ərzində 10 mindən
çox gənci öz sıralarımıza cəlb etməyi
nəzərdə tutmuşuq. Bizim könüllülərimiz
Dövlət Aqrar İnkişaf Mərkəzlərində
(DAİM) fəaliyyət göstərirlər. DAİM-lərdə
biz fermerlərin yanında oluruq, onlara dəstək veririk, eyni
zamanda, özümüz də aqrar sahədə təcrübə
qazanırıq. Əminik ki, Sizin xeyir-duanızla, dəstəyinizlə
biz daha böyük nailiyyətlərə çata bilərik.
Biz könüllülər olaraq həm də fəal maarifləndirmə
işi aparırıq. Könüllülərimiz regionlarda
fermerlərə aparılan islahatların mahiyyəti barədə
məlumat verirlər. Nəticədə fermerlərimiz bu
islahatlarla tanış olurlar. Həmçinin
könüllülərimiz aqrar sahədə müəyyən
təcrübə qazanırlar.
X X X
Könüllü Rübabə Yusifova dedi:
- Möhtərəm cənab Prezident, aqrar
inkişaf könüllüləri aqrar təşəbbüsləri
dəstəkləyirlər. Dövlətimizin biz gənclərə
hədəflənən layihələri var.
Könüllülərimizi bu layihələrdə iştirak
etməyə çağırırıq. Bilirik ki,
könüllülük fəaliyyəti bizim mütəxəssis
kimi formalaşmağımıza kömək edəcək. Hədəflərimiz
bəllidir. Regionlarda gənclər arasında məşğulluğu
artırmaq istəyirik. Bilirik ki, könüllülük hərəkatına
xüsusi dəstək verirsiniz. Göstərdiyiniz bu diqqət
biz könüllüləri daha fəal
çalışmağa sövq edir. Bu diqqətə görə
könüllülər adından Sizə dərin təşəkkürümüzü
bildiririk.
X X X
Prezident İlham Əliyev çıxış
edərək dedi:
- Çox sağ olun, mən sizi
ürəkdən salamlayıram. Çox şadam ki, Azərbaycanda
Aqrar İnkişaf Könüllüləri hərəkatı
başlayır. Əminəm ki, bu hərəkatın çox
böyük gələcəyi olacaq. Ümumiyyətlə, Azərbaycanda
könüllülərin sayı artır və bu,
çox sevindirici haldır. Bildiyiniz kimi, Azərbaycanda
könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində
başlamışdır və çox geniş vüsət
almışdır. Bu günə qədər minlərlə
könüllü “ASAN xidmət”də fəaliyyət göstərmiş
və indi müxtəlif vəzifələrdə uğurla
çalışır. Könüllülər bizə, eyni
zamanda, mötəbər beynəlxalq tədbirlərin
keçirilməsində yardımçı olublar, xüsusilə
Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu
Oyunların hazırlanmasında və keçirilməsində
könüllülərin çox böyük zəhməti,
payı olub. Bildiyiniz kimi, mən onların hər birini fəxri
diplomlarla təltif etmişəm. Bu gün aqrar sahədə də
könüllülər öz sözünü deməyə
başlayır. Mən bu təşəbbüsü çox
alqışlayıram. Çünki bölgələrdə
yaşayan gənclər bu işlərə qoşularaq aqrar
sahədə böyük uğurlara nail ola bilərlər.
Aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm
iqtisadi, həm sosial sahədir. Əhalimizin
47 faizi bölgələrdə yaşayır. Ona görə
son illərdə kənd təsərrüfatının,
regionların sosial-iqtisadi inkişafına göstərilən
diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq,
həm məhsuldarlıq artsın və Azərbaycan həm
öz daxili tələbatını, həm də ixrac edilən
məhsulları ən yüksək səviyyəyə
qaldırsın.
Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik
Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri
önə çəkmişik. Bu gün biz bu gözəl
müəssisənin timsalında aqrar sahədə aparılan
işləri görürük. Çünki
bu institut 1960-cı illərdə yaradılmışdır və
demək olar ki, son illərdə fəaliyyət göstərmirdi,
bura dağınıq bir yer idi. 2016-cı ildə bu
institutun müasir səviyyədə qurulması
üçün müvafiq Sərəncam
imzalanmışdır, işlər başlamışdır və
indi 30 hektar ərazidə ən müasir mərkəz
yaradılıbdır - istixanalar, institutun gözəl
binası, laboratoriyalar. Bu institutun fəaliyyəti
çox böyük əhəmiyyət daşıyır.
Çünki ilk dəfə olaraq Azərbaycanda
toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur
və indi tərəvəzçiliyə böyük maraq
var. Toxumçuluq istixanalarının yaradılması isə
ancaq bu gündən başlayır və bu mərkəz
ölkəmizin hər bir bölgəsinə dəstək
olacaq.
Tərəvəzçilik bizim kənd təsərrüfatının
ənənəvi sahəsidir, böyük gəlir gətirən
sahədir. Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı
məhsulları arasında bizə ən çox gəlir gətirən
pomidor ixracıdır. Fermerlər bu
işlə böyük həvəslə məşğuldurlar
və digər tərəvəzlərin yetişdirilməsi
çox sürətlə gedir. Biz ildən-ilə
istehsalı artırırıq. Bu institutun
fəaliyyəti məhsuldarlığı böyük dərəcədə
artıracaq, eyni zamanda, xaricə gedən valyutanın
qarşısını müəyyən qədər alacaq.
Çünki bu gün bütün toxumlar xaricdən
gətirilir və onların alınmasına böyük məbləğdə
vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli
hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə,
valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq
artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə
xarici bazarlara daha böyük ixrac imkanlarımızla
çıxacağıq. Məqsədimiz
bundan ibarətdir. Ölkə
iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft
sektorunun, aqrar sahənin inkişafı gündəlikdə
duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də
müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda
Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən
böyük layihədir. Biz
özümüzü azot gübrələri ilə tam təmin
edəcəyik. Eyni zamanda, təqribən
150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik.
Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər
zavodları fəaliyyət göstərir. Yəni,
sənaye istehsalı da kənd təsərrüfatını
dəstəkləyir, ona lazımi şərait yaradır.
Əlbəttə, sizin kimi gənclərin bu
işlərdə fəal iştirakı hesab edirəm ki,
uğurun əsas şərti, əsas amili olacaq.
Mən çox şadam ki, Azərbaycan gəncləri
aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda
doğrudan da bir yenilikdir. Əvvəllər
hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o
qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər
də gəlir gətirən sahə deyil. Ancaq
baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına
dəstək verirsə, həm gəliri olacaq, həm
maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla
təmin edəcək.
Azərbaycanda kənd təsərrüfatının
inkişafına çox böyük dövlət dəstəyi
var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla
bütün vergilərdən azaddırlar. Texnikalar
alınır, güzəştli şərtlərlə kreditlər
verilir. Hazırda kənd təsərrüfatında
böyük islahatlar aparılır, subsidiyaların verilməsi
mexanizmi təkmilləşir, fermerlər üçün daha
aydın, daha rahat mexanizm tətbiq olunur.
İnstitutun binasında mənə Elektron Kənd Təsərrüfatı
layihəsi təqdim edilmişdir. Yəni, fermerlər
üçün tam yeni şərait yaradılır və beləliklə,
kənd təsərrüfatı çox cəlbedici sahə
olacaq. Azərbaycan vətəndaşları görəndə
ki, sizin kimi savadlı, bilikli gənclər bu sahəyə
maraq göstərirlər, əminəm ki, maraq daha da
böyük olacaq.Mən çox şadam ki, bu gün sizinlə
birlikdə bu gözəl institutun yenidənqurmadan sonra
açılışında iştirak edirik. Onu
da bildirməliyəm ki, hazırda Kənd Təsərrüfatı
Nazirliyində və digər dövlət qurumlarında
struktur islahatları aparılır. Bu
islahatların bir məqsədi var ki, biz işimizi daha da
yüksək səviyyədə quraq. Onu
da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan
strukturlarda çalışan vətəndaşlar işlə
təmin olunacaqlar. Kənd təsərrüfatında
heç bir ixtisar gözlənilmir və digər strukturlara da
tapşırılıb ki, islahatlar ixtisarlara gətirib
çıxarmasın. Yəni, o müəssisələrdə,
o xidmətlərdə, agentliklərdə çalışan
vətəndaşlar bilsinlər ki, onların məşğulluğu
daim diqqət mərkəzindədir.
Sizi bir daha salamlayıram, təbrik edirəm. Siz Azərbaycanın
müxtəlif bölgələrində işləyəcəksiniz
və ümumi işimizə öz töhfənizi verəcəksiniz.
Sağ olun.
İki
sahil.- 2019.- 25 yanvar.- S.2.