Evdə qalaq, həkimlərə dəstək
olaq
Dövlətimizin
başçısı İlham Əliyev bildirir ki, qəbul
edilmiş qərarlar bu ağır sınaqdan az itkilərlə
çıxmağa və vətəndaşlarımızı
maksimum dərəcədə qorumağa xidmət edir
Dünyanı bürüyən,
insanları təhdid edən, sosial və iqtisadi fəsadları
gündən-günə dərinləşdirən koronavirus
pandemiyası, eyni zamanda, hər bir sahənin önəmini,
ölkəmizin hərtərəfli inkişafı,
insanların sağlamlığının, təhlükəsizliyinin
təminatı üçün önəmini də açıqladı,
həmin istiqamətdə atılacaq addımların, həyata
keçiriləcək islahatların daha da dərinləşdirilməsinin
vacibliyini ortaya qoydu.
Bu gün ölkəmizdə vətəndaş-dövlət
birliyi fonunda koronavirus bəlasından az itki ilə
çıxmaq üçün zəruri olan addımlar
atılır və beynəlxalq səviyyədə təqdir
edilir. Təbii ki, bu mübarizədə çoxminli həkim
ordusunun üzərinə böyük məsuliyyət
düşür. Dövlətimizin başçısı
İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın bütün çıxışlarında,
xalqa müraciətlərində həkim əməyinə
yüksək dəyər öz ifadəsini tapır.
Sağlamlığımızın
keşikçiləri olan həkimlərimiz öz həyatlarını
təhlükə qarşısında qoyaraq gecəli-gündüzlü
koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə
yoluxan insanların sağalıb ailələrinə dönməsi
üçün bütün imkanlardan maksimum istifadə edir,
ən əsası peşələrindən irəli gələn
məsuliyyət hissinin ağırlığını daha dərindən
dərk edirlər. Bu gün sağlamlımız uğrunda gedən
mübarizənin əsas qəhrəmanları, öncülləri
şəfalı əlləri ilə insanlara xidmət edən,
hər gün, hər saniyə xalqımız tərəfindən
alqışlanan həkimlərimizidir. Dövlətimizin
başçısı İlham Əliyevin Bakıda “Yeni
klinika” tibb müəssisəsinin
açılışında qeyd etdiyi kimi, həkimlər
öz vəzifə borcunu yerinə yetirmək, Hippokrat
andına sadiqliklərini göstərmək istəyirlər.
Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri
nümayiş etdirir və öz həyatlarını risk
altına ataraq xəstələrə xidmət göstərirlər:
“Ona görə hər bir Azərbaycan vətəndaşı
həkimlərə dəstək olmalıdır. O cümlədən
koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər
ki, həkimlər belə ağır şəraitdə, sadəcə
olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə,
maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər
ən yüksək qiymətə layiqdirlər. Həkimlərə
həmrəylik və dəstək üçün müxtəlif
aksiyalar keçirilir və keçiriləcək.” Ölkəmizin
müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə,
o cümlədən gözəl Bakımızın
küçələrində yerləşdirilən reklam lövhələrində
həkimlərin əməyinə verilən yüksək dəyər
aydın şəkildə nümayiş olunur. “Eşq olsun Azərbaycan
həkimlərinə”, “Evdə qalaq həkimlərə dəstək
olaq” kimi çağırışların yer
aldığı həmin təqdimatlardan hər bir Azərbaycan
vətəndaşı böyük qürur hissi keçirir. Bu əminlik yaranır ki, dövlətimizin dəstəyi,
həyata keçirilən tədbirlərin miqyasının
genişləndirilməsi, həkim heyətinin səyləri nəticəsində
koronavirus pandemiyasına qarşı mübarizə qalib olacaq,
bu sınaqdan az itki ilə çıxacağıq.
Azərbaycanın mübarizə tədbirlərinə
ilk andan başlaması Ümumdünya Səhiyyə Təşkilatının
rəsmiləri tərəfindən də yüksək dəyərləndirildi.
Tədbirlər sistemli xarakteri ilə diqqət çəkdi.
Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
Təhsil müəssisələrinin, bağçaların,
ticarət mərkəzlərinin fəaliyyəti
dayandırıldı. Ciddi karantin rejimi tətbiq olunur. 65
yaşdan yuxarı insanların evdən çıxmasına
qadağa qoyuldu. Bu yaşda olan vətəndaşlarımız
virusa yoluxmağa daha riskli qrup kimi diqqətə alındı.
Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda,
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən
insanların vacib olmadığı təqdirdə evlərindən
çıxmaması tövsiyə olunur. Çünki bir nəfərin
xəstəliyə yoluxması ümumilikdə ailəsinin,
doğmalarının, ətrafındakı insanların
yoluxmasına yol açır. Vətəndaşlara bu
çağırışlar edilir ki, hər kəs
özünün mənəvi həkimi olmalıdır. Bu
baxımdan ki, lazım olan gigiyena və özünütəcrid
qaydalarına əməl etsək, xəstəliyə
yoluxmanın faizi çoxalmaz, əhatə dairəsi genişlənməz.
“Biz nə etməliyik” sualı ətrafında fikirlərini
açıqlayan cənab İlham Əliyev bildirir ki,
qaydaların pozulmasına imkan verə bilmərik: “Biri deyir ki,
mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram.
Söhbət ondan getmir ki, sənə heç nə olmaz,
yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək
ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim
öz həyatını, sağlamlığını,
yaxınlarının sağlamlığını risk
altına atsın bir məsuliyyətsiz adama görə. Bu,
tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə
bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə
cəlb edilməlidir. Biz maksimum çalışırıq
ki, bu vəziyyətdə insanların
narahatlığını anlayaq və kömək göstərək.
Hər kəs üçün çətindir. Aydın məsələdir
ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə
alsaq ki, son illər ərzində Bakı şəhərində,
bütün digər yerlərdə, rayonlarda gözəl
parklar, istirahət zonaları salınıbdır, hava da
yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli
olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı
insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı
şəkildə! Həmçinin 10-dan çox insan bir yerə
toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu
tədbirlər daha da sərtləşdiriləcək.”
Karantin qaydalarının günün tələblərinə
uyğun olaraq sərtləşdirilməsində də əsas
məqsəd insanların sağlamlığının təminatı,
bunun məqsədlə onların evdə qalmaları
üçün tədbirlərin miqyasını genişləndirməkdir.
Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki,
xaricdən gələn soydaşlarımız, həmçinin
tələbələr 14 günlük karantin rejiminə yerləşdirilir.
Onlar tibbi müayinədən keçirilir, sonra evlərinə
buraxılırlar. Karantin rejimi əsasən beşulduzlu otellərdə,
turizm mərkəzlərində həyata keçirilir.
Dövlətimizin başçısı İlham Əliyevin və
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın
iştirakı ilə açılışı olan “Yeni
klinika” tibb müəssisəsi də koronavirusa yoluxan
insanların müalicəsi üçün onların
ixtiyarına verilib. Təbii ki, bu kimi biri-birindən əhəmiyyətli
addımların əsasında dövlətimizin vətəndaşlarına
diqqət və qayğısı, onların
sağamlığının prioritetliyi dayanır. Vacib və əhəmiyyətli addımlardan biri kimi
dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı
ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını
qeyd etməliyik. Ölkə Prezidentinin və Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir illik əmək
haqlarını həmin fonda keçirmələri
ictimaiyyət tərəfindən böyük rəğbətlə
qarşılandı. Sahibkarlar, ayrı-ayrı dövlət
qurumları, o cümlədən sadə insanlar fonda ianələr
köçürdülər. Dövlətimizin
başçısı İlham Əliyev “Yeni klinika” tibb
müəssisəsinin açılışında bu
mühüm məqamı xüsusi qeyd etmişdir: “Eyni zamanda,
adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər.
Mənə müntəzəm olaraq məlumat verilir. Elə
adam var ki, bir manat köçürür. Ona “Çox sağ
ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə
yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha
göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək
istəyirəm, - böyük xalqıq, ən ağır
dövrdə birləşə bildik. “Biz birlikdə
güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik
başa çatandan sonra da qüvvədə olacaq. Biz bu
birliyi, həmrəyliyi nümayiş etdiririk.”
Göründüyü kimi,
dövlət dəstəyi, dövlət-vətəndaş
birilyi, səhiyyə sisteminin inkişafı, həkimlərimizin
yüksək məsuliyyəti koronavirus pandemiyasına
qarşı mübarizədən az itki ilə
çıxacağımıza inamı daha da artırır.
Son günlərin mühüm hadisələri
sırasında Sumqayıt Kimya Sənaye Parkında tibbi maska
istehsalı müəssisəsinin
açılışını qeyd etməliyik. Bu baxımdan
ki, sağlamlığımızın təminatı, virusa
yoluxmanın qarşısının alınması
üçün vacib amillərdən biri tibbi maskalardan istifadə
edilməsidir. Maska çatışmazlığı bu
gün təkcə ölkəmiz deyil, dünya
üçün problemdir. Dövlətimizin
başçısı İlham Əliyevin
tapşırığına uyğun olaraq çox qısa
zamanda, təxminən iki dəftədə ölkəmizdə
maska istehsalına başlanılması təqdir olunan
addımlar sırasındandır. Cənab
İlham Əliyevin qeyd etdiyi kimi, tibbi maska istehsalı həm
koronavirusla mübarizəyə mühüm töhfədir, həm
də Azərbaycanın bu sahədə
asılılığını aradan qaldırır. Əsas
məqsəd odur ki, insanların sağlamlığı təmin
edilsin.
Ölkə Prezidenti bu müqayisəli
təhlili diqqətə çatdırır ki, hazırda hətta
ən inkişaf etmiş ölkələr bu xəstəliklə
mübarizədə böyük problemlər yaşayır və
inkişaf etmiş ölkələrdə gündə minə
yaxın insan vəfat edir. Əgər tibb sahəsi
çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə
bağlı belə böyük problemlər varsa, təsəvvür
etmək çətin deyil ki, bizim üçün nə qədər
böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə
ən yüksək xidmətin göstərilməsi
üçün ölkəmizin ən müasir, ən gözəl
xəstəxanaları onların ixtiyarına verilir.
Ümumilikdə son illərdə ölkəmizin
səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində
görülən işlər göz önündədir.
Statistkaya diqqət yetirsək görərik ki, 2004-cü ildən
bu günə qədər 750-dən çox tibb müəssisəsi
tikilib və ya əsaslı şəkildə təmir edilib.
Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada
müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir
neçə şəhərdə Mərkəzi Rayon Xəstəxanasının
tikintisi davam edir, yaxın vaxtlarda istifadələri nəzərdə
tutulub. Təkcə cari ilin ötən dövründə
dövlətimizin başçısı İlham Əliyevin
iştirakı ilə Qazax, Goranboy və Şəmkir şəhərlərində
Mərkəzi Rayon xəstəxanalarının
açılışı olmuşdur. Təbii
ki, bu sahəyə diqqətin, Azərbaycan səhiyyəsinin
inkişafının, peşəkar və təcrübəli
həkim kontingentinin olmasının nəticəsidir ki,
dünyanı bürüyən və fəsadları daha da dərinləşən
koronavirus infeksiyasına qarşı mübarizədən qələbə
ilə çıxacağımızı böyük əminliklə
qeyd edirik. Dövlətimizin
başçısı İlham Əliyevin 7 aprel 2020-ci il
tarixli “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı
da görülən tədbirlərin miqyasının
genişləndirilməsinə, ən əsası səhiyyənin
inkişafına və insanların sağlamlığının
təminatına xidmət edən addımlar
sırasındandır. Sənəd koronavirus
pandemiyasına qarşı mübarizə sahəsində
ölkədə həyata keçirilən səhiyyə tədbirləri
çərçivəsində tibb müəssisələrinə
və tibbi avadanlığa artan tələbatın
qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin
müalicəsinin səmərəli təşkili məqsədilə
imzalanıb. Hər birində 200 çarpayı olan modul tipli
6 xəstəxananın quraşdırılması nəzərdə
tutulur.
Dövlətimiz hər zaman olduğu kimi, bu
gün də həkimlərimizin əməyini yüksək dəyərləndirir.
Cənab İlham Əliyevin 18 mart 2020-ci il tarixli “Yeni növ
koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində
iştirak edən tibb işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi haqqında” Sərəncamı da bu tərkibdəndir.
Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə
mübarizə və profilaktika tədbirlərində
iştirak edən tibb işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə imzalanan həmin sənədə
əsasən, işçilərin əməkhaqlarına
aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək
miqdarda müddətli əlavə edildi. Həmin
Sərəncamda bu mühüm bənd də öz əksini
tapmışdır ki, yeni növ koronavirus (COVİD-19)
infeksiyası ilə mübarizə tədbirlərinə cəlb
edilən özəl tibb müəssisələrində
çalışan tibb işçilərinin və
könüllülərin əməyinin ödənilməsi
şərtləri də müəyyənləşdirilsin.
Ölkə Prezidentinin bu
tapşırığına uyğun olaraq Baş Nazir Əli
Əsədovun “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə
mübarizə tədbirlərinə cəlb edilən özəl
tibb müəssisələrində çalışan
işçilərin və könüllülərin əməyinin
ödənilməsi barədə” Qərarında onlara 2020-ci
il aprelin 1-dən aylıq 250 manat məbləğində
mükafat nəzərdə tutulur.
“Əlbəttə ki, bu mübarizədə əsas
yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan
həkimlərinə təşəkkürümü bildirmək
istəyirəm” söyləyən dövlətimizin
başçısı İlham Əliyev koronavirus xəstələrinə
xidmət göstərən həkimlərin
maaşının 3, 4, 5 misli məbləğində artırılmasını dövlət tərəfindən
həkimlərə göstərilən diqqətin təzahürü
kimi dəyərləndirməklə yanaşı, bu
mühüm məqamı xüsusi qeyd edir ki, ancaq mən bilirəm
və tam əminəm ki, həkimlərin əsas
motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə
borcunu yerinə yetirmək istəyirlər.
Müayinələrin sayına görə Azərbaycanın
MDB və Cənubi Qafqazda birinci yerdə olduğu və bir
çox Avropa ölkələrini qabaqladığı
bildirilir. Bu, Azərbaycan dövlətinin koronavirus
infeksiyasına yoluxma hallarının qarşısının
alınması, insanların sağlamlığının
qorunması istiqamətində mühüm tədbirlər həyata
keçirdiyini əyani şəkildə təsdiq edir. Cənab
İlham Əliyev bu çağırışı edir ki,
insanların sağlamlığı, təhlükəsizliyi,
rahatlığı və rifahı hər şeydən
üstüdür. İnsanlar məsuliyyətli olmalı,
nizam-intizamı, qaydaları pozmamalı, özlərini,
yaxınlarını qorumalıdırlar.
Yeganə Əliyeva
İki
sahil.- 2020.- 9 aprel.- S.5.