Əliqulu Qəmküsar
irsi və dil problemi
Naxçıvan ədəbi mühitinin öyrənilməsi
bu günümüz üçün olduqca böyük əhəmiyyətə
malikdir. Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra
ulu öndərimiz Heydər Əliyevin böyük vətəndaşlıq
qayğısı ilə əhatə etdiyi milli-mənəvi dəyərlərimizin
aktuallıq qazanması mənəvi sərvətimiz olan ədəbiyyatımızın
da araşdırılması zərurətini ortaya
çıxarmışdır. Naxçıvan ədəbi
xəzinəsinin araşdırılması bu gün
üçün də böyük ehtiyac duyulan və
aktuallıq qazanan vacib məsələlərdəndir.
Naxçıvanda mövcud olan dövlət və dövlət
tipli qurumların olması etibarilə ictimai fikir, elm mədəniyyət,
ədəbiyyat, maarifçilik geniş şəkildə
inkişaf tapmış, Naxçıvan elmi ədəbi
mühiti Azərbaycana və uzun bir tarixi mərhələdə
Yaxın Şərqə böyük elmi-ədəbi simalar,
görkəmli ictimai xadimlər bəxş etmişdir. Belə ədəbi şəxsiyyətlərdən
biri də Əliqulu Qəmküsardır. XX əsrin və
Yaxın Şərqin ən böyük simalarından olan,
böyük demokrat ədib Cəlil Məmmədquluzadə məktəbinin
ən dəyərli nümayəndələrindən biri, Mirzə
Cəlil gülüşünə, Mirzə Cəlil
dünyasına sədaqətini nümayiş etdirən
Əliqulu Qəmküsar (1880-1919) zəhmətkeş, əməksevər,
xalqla dost, yaltaq, ikiüzlü, saxtakar, dinsiz-imansız “ruhanilər”ə
qarşı amansız, milləti savadsızlığa
sürükləyən, göz açmağa qoymayan,
Çar Rusiyasının əlində fiqura çevrilən
yerli məmurlarla - maşalarla düşmən idi. Ən ali məqsədləri
xalqı cəhalətdə saxlamaq istəyənlərə
qarşı mübarizədə fikir və əməl birliyi
nümayiş etdirən ustad Cəlil Məmmədquluzadə
onun haqqında yazırdı: “Şair Əliqulu Qəmküsar
bizim məxsusi qələm yoldaşımızdır, belə
ki, “Molla Nəsrəddin”in 3-cü ilindən, yəni 1908-ci sənədən
başlayaraq, Qəmküsarın mənzum və mənsur əsərlərinə,
məqalə və şeirlərinə rast gəlmək olar”.
Əliqulu Nəcəfovun “Qəmküsar” təxəllüsü
altındakı satirik yöndə təqdimatı standard
çərçivədə deyil, müxtəlif formatlarda,
amma eyni amala xidmət etməkdədir. Onun silahı
satirik ruhlu qələmidir. O, təbiət lövhələrini
vəsf edib, poetik şeirlər yazan duyğu yüklü
şair yox, zəmanəsinin eybəcərliklərini hədəf
seçən mübariz, mütərəqqi fikirli satirik
şairdir.
Azərbaycan satirası və publisistikasında xüsusi
mövqeyi olan Əliqulu Qəmküsarın əsərlərinin
dilinin ahəngdarlığı, axıcılığı,
ifadə tərzinin asanlılığı, musiqililiyi diqqətəlayiqdir. O, canlı xalq dili ahəngdarlığından
bəhrələnməklə ədəbi dilimizi yeni-yeni
söz və ifadələrlə, leksik-semantik vahidlərlə
zənginləşdirməyə xidmət etmişdir.
Ədibin satirik əsərlərində onun öz dilinə
xas olan sinonim, omonim və antonimlər silsiləsinə təsadüf
edilir ki, belə leksik-semantik ifadələr öz üslubi
imkanları ilə poetik dilimizi zənginləşdirir.
Görkəmli satirik ədib satirik janrın dili
üçün xarakterik olmayan bədii ifadə və təsvir
vasitələrindən ara-sıra istifadə etməklə
yazılarının təsir gücünü dəfələrlə
artırır, bu minvalla da oxucunu oxumağa və oxuya-oxuya
düşünməyə vadar edir. Onun satirasının
dili səslərin ardıcıl düzümü, səsləşməsi,
sözlərin məna tutumu, morfemlərin sırası,
sözlərin birləşməsi və sıralanması
baxımından zəngindir. Yüksək pafos, hiss-həyacan
ifadə edən sözlərdən, söz birləşmələrindən
istifadə, təkrarlara meyil və s. Əliqulu Qəmküsar
dilinin keyfiyyətini müəyyənləşdirən əsas
əlamətlərdir.
Döyüşürlər,
söyüşürlər, küsüşürlər yenə
də,
Naxçıvan
mollaları bəhsi-zəkat üstündə -
şeirindəki həmcins üzvlərin ardıcıllığı
misranın bədii və satirik gücünü
artırır.
Bir tərəfi
müstəqim mənaya malik, digər tərəfi təhrif
olunmuş mürəkkəb sözlər onun şeir dilində
ağırlıq yaratmır, əksinə şirinlik, xalq
danışıq ruhu, sadəlik, loruluq gətirir: “Kəblə
İmamverdi, neçə vaxtdır Məşədi Orucəli
heç görükmür, bir ayrı yerə-merə getməyiblər
ki? “
və yaxud
Bir para
axmaq-uxmaq çünkü qılıblar bikar,
Pəs indi neyləsinlər onunçun yazıllar əşar.
Ədib ənənəvi poeziyanın nəsihətnamə,
fəxriyyə, müraciətnamə, şikayətnamə
kimi janrlarından satirikcəsinə istifadə edərək
sadəcə zəmanəni güzgüdə göstərmək
məqsədini önə çəkir. Satirik mənin amalına
zidd məsləhət verməklə özünü ifşa
etmə üsulu satirik janrından bacarıqla istifadə Qəmküsar
yaradıcılığının mollanəsrəddinçi
üslubunu müəyyən edir:
Yorğanı
ört üstünə, get xorneyi-xabə,
Dünyaya
cəhət salma özün rəncü itabə
Bu cifə
üçün kəndini oxşatma kilabə
Fanidi bu dünya, vəli rizvan ələ düşməz.
“Ənəsiri-ərbəə”
felyetonunda “Cənab şeyx buyurdu ki, bədəndə ənasirimiz
dörddü, habelə də gərək övrətimiz də
gərək dörd ola” istehza, kinayə və
mübaliğə ilə ağlamalı və üzülməli
məqamlarda lağaqoyma, ələsalma ilə fikrlərini ifadə
edir.
Satirikdən tələb olunan hazırcavablıq onun
satiralarının üstün keyfiyyətlərindəndir. Özünün
satirik suallarına verdiyi gülməli cavablar da elə eyni
poetik ölçüdədir. Bunun bariz
örnəyini “Sual -cavab” şeirində izləyirik.
Estetika nəzəriyyəçiləri komizmin bədii
ifadə vasitələri sırasına bədii şişirtmə,
mənfi tiplərin öz-özlərini və bir-birlərini
ifşa etmələrini, satirik tiplərin heyvan və əşyalar
ilə müqayisəsini, komik təzad, dil ünsürləri
ilə komik-gülünc vəziyyətlərinin yaradılması
üsullarını qeyd edirlər. Bu yazılanlarla məhdudlaşmayan
satirik ədibin yaradıcılıq vasitələri
gördüyü eybəcərlikləri komizmin bütün
üsullarından istifadə etməklə ifşa üsulu
kifayət qədərdir.
Dünyada gedən inkişaf prosesindən geri qalan və
bu xüsusiyyətləri ilə də qürur duyan imkan və
vəzifə sahiblərini böyük satira ustası lənətləyir
və satirikcəsinə qarğış edir. Yeniləşməli
və müasirləşməli olan dünyada gerilikçi,
köhnə və ya nimdaş fikir deyənləri
publisistikanın dili ilə bədii ədəbiyyatın poetik
formaları ilə ifşa edir. Bu əsnada görkəmli
alim, akademik Tofiq
Hacıyev yazır: “Bədii üslubun yaradılması dil
materiallarının seçilməsi ilə çox
bağlıdır. Sənətkarın
varlığa, həqiqətə münasibəti və bu
münasibətin fəallıq dərəcəsi onun
üslubu ilə müəyyənləşir”.
Əliqulu Qəmküsarın satirik üslubunu real həyat
şərtləri müəyyənləşdirir. Şairin
şəxsi keyfiyyəti və gördüklərinə biganə
qalmamaq huyu diktə edir ki, mövzu arealı geniş olan satira
və felyetonlar yazsın. O, mövzu arayışında
deyil, sanki mövzu özü onu hər addımbaşı
yaxalayır. Aşağıdakı iki misra:
Bir
saatlıq iş üçün on gün olur avarə,
Əgər axırda düzəltdi, daha xoşbəxt
oldu.
və
ya “Senzor” felyetonundakı hadisələr deyilən örnəklərdəndir.
Onun əsərləri öz zəmanəsinə
oxşayır.
Yaşadığı real həyat olayları
yazdıqları ilə bərabərləşir və səsləşir.
Konkret hadisələrə uydurduğu əhvalatlar şairin
fantaziyasının gücündən xəbər verir: Real
ictimai həyatın tənqidi ilə oxucu bir növü onun təəssüratlarının
təqdimatı olan nümunələrdə tanış
olur. Oxucu özünün yaşadığı
həyat həqiqətlərini, yaşam və gerçəklərini
şişirdilmiş formada, mübaliğəli bədii ifadə
vasitəsində oxuduğu və gördüyü zaman qəhqəhəli
gülüşlə deyil, acı və
düşündürücü gülüşlə
gülür.
“Könlüm”
rədifli şeirindən satirik dərdləşmə
ab-havası duyulur:
Həya
qılma, açıq söylə, cahanda sən görübsənmi
Həmi şair, həmi molla, həmi şeytan olan,
könlüm?
Görünən
fonda o, güləyən adam deyil, gülən
bir qələm sahibidir. Onun əsərlərində
əsas qayə qafiyə axtarmaq deyil, real yaşanan,
tarixi-siyasi hadisələrə satirik rəng verməkdir.
Əsərlərinin də əsas məziyyəti
bilinən hədəfə acı gülüşdən ibarətdir.
Satirik şair mühit, zaman və dövrün
doğurduğu eybəcərlikləri ifşa edir.
“Varlı” rədifli şeirində oxuyuruq:
Bu qədər,
görəndə yoxsulları, baxma etinasız,
Oların, həzər qıl, etmə ürəyin kabab,
varlı.
Bu
baxımdan İslam Ağayev Əliqulu Qəmküsar
yaradıcılığında “Molla Nəsrəddin”
jurnalının yerini və rolunu qiymətləndirərək
yazır: “Ə.Qəmküsarın
yaradıcılığı “Molla Nəsrəddin”
jurnalının səhifələrində inkişaf edib
formalaşmışdır”.
Əliqulu Qəmküsar əsərlərinin
görünən ana xətti zaman və mühitin eybəcərlikləridir. Ədib satirik
xitabla başladığı əsərlərində
“Sözümü o kəslərə deyirəm ki, məni
eşitmək istəmirlər” fikri apaydın sezilir. O,
xitabı fikrinə başlarkən hörmət əlaməti
olaraq müraciət etmək məqsədi ilə etmir, sanki bədii
fəryad edir. Bədii ifadə vasitələrinin satira dili
üçün səciyyəvi olmamasına baxmayaraq, ədib
bəzi məqamlarda istifadə edərək: “Qurtarmadı ağlamağın
mövsümü, ya Rəb” metonomiya nümunələrindən
birini yaradır.
Və ya:
Bilmirəm
bu Kamil əfəndidir,
Nə üçün bikamil olur, ya Rəb?
Elm, fəzlü
kamal başda gərək,
Adı qondarmağa nə oldu səbəb? -
kimi
xitablarin üslubi-poetik rolunun da qabarıq olduğunu qeyd etmək
lazımdır. Zəmanədən gileyli satirik şairin lirik
janrda arealı geniş olmasa da, səriştə və dilinin
axıcılılığı, sadə və
anlaşıqlılığı onu oxucusuna çox sevdirir və
oxunaqlı edir:
Səndə,
ey Qafqaz, ey gözəl gülzar,
Qəlb açılmaz gülü bənövşə
solar.
Ardı
var...
Zülfiyyə
İsmayıl,filologiya üzrə fəlsəfə
doktoru,dosent, AMEA Naxçıvan Bölməsi
İki sahil.- 2020.- 11 aprel.- S.13.