Tanınmış ziyalı, sevimli müəllim
və dəyərli dost...
“Allah
istədiyi şəxsə elm, mərifət, müdriklik bəxş
edir. Kimə hikmət bəxş edilmişsə, ona
xeyirli işlər görmək üçün isdedad da
verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər”
(“Quran” “Əl-Bəqərə” surəsi, 269-cu ayə).
Çingiz Abdullayev ona əta edilən
həyatda düzgün istiqamət götürdüyündən,
bu mövqe ona qibtə ediləcək elmi yaradıcılıq
sevinci bəxş etmişdir O, görkəmli alim kimi həm
texnika, həm kulturalogiya elmində və digər sahələrdə
inamlı addımlar atmış istedadlı bir insandır.
Dünya praktikasında artıq sübut olunub ki, iş,
adamın ürəyincə olmayanda, qabiliyyətinə
uyğun gəlməyəndə onun boynunda ağır yük
olur. Buna görə də həyat təcrübəsi
olmayan perspektivli gənclərə, tələbələrə
peşə seçimi və həyatda öz yerini tapmaq kimi
çox mühüm məsələlərdə Çingiz
Abdullayev dünya görmüş bir ziyalı olaraq
düzgün yol göstərməyə
çalışır.
Dost sözü: Dostluq həyatın ən
gözəl anlamıdır. O qədər dəyərli bir
münasibətdir ki, sözlərlə anladılması
çətindir. Dost olmaq asandır, lakin onu qorumaq,
yürütmək çətindir. Bu dostluğu qorumaq
üçün sidq ürəklə çalışmaq, bəzən
güzəştə getmək, bəzən də
susmağı bacarmaq lazımdır. Düşünürəm
ki, əsl dostluğu, bu mehriban insandan öyrənmək
olar...
Ziyalıya xas davranış və
kübarlıq ona ilahidən verilib. Çingiz müəllimin
iti zəkası, gözəl yaddaşı, dərin təfəkkürü,
ağayana hərəkətləri onu daha da hörmətli
edib. O, ruhən azad, müstəqil düşüncəli, həyat
eşqi ilə dolu insandır. Dostluqda sədaqətli, təəssübkeşdir.
Hərdən dostyana uzun söhbətlər zamanı həyatın
hansısa bir anını dəqiqliklə xatırlayıb,
sanki yaddaşının güclü olduğunu sübut edərək
qurur hissi keçirir. Bu günə qədər hansı sahəyə
üz tutubsa uğur qarşısına çıxıb.
Böyüklərin məsləhətini dinləyib,
kiçiklərə nəsihət verir. Etika qaydalarına riayət
etməyi bacarır. Necə deyərlər, ədəb-ərkan
sahibidir... Taleyinə gözəl bir ömür bəxş
olunub. Allah ondan heç nəyi əsirgəməyib. Həmişə
başı uca olub, hər zaman sayılıb, seçilib.
Əl tutmağı, ona pənah gətirənləri sevindirməyi,
xeyirxahlığı bacarır. Nikbin, məğrur, dövrlə
ayaqlaşan, ətrafında cərəyan edən hadisələrə
həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə
olmayanda, ideyaları tükənəndə, bəzən
dünyadan bezir. Amma böyük işlər görmək həvəsi
heç zaman onu tərk etmir. Gözlərində qəribə
bir kədər var. Keçmişin acı xatirələri onu
heç vaxt rahat buraxmasa da, güləndə ürəkdən
gülür...
Yüksək intuisiya, hissetmə qabiliyyətinə
malikdir. Bəzən həmsöhbətini hipnoz etməyi
bacarır. Mübarizdir, haqsızlığa qarşı
amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt
reaksiya verir. Düz sözü üzə deməyi bacarır.
Buna görə də bəziləri onu acıdil adam kimi
tanıyırlar. Heç zaman ruh düşkünlüyünə
mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə
daha əzmkar, daha döyüşkən olur. Sadə, lakin
zövqlü geyinməyi xoşlayır. Onun üçün
insanların libası yox, daxili keyfiyyətləri əsasdır...
Şəxsiyyətinə, xüsusiyyətlərinə
görə hər bir insan cəmiyyətdə mühüm rol
oynayır, öz davranış xəttini seçir.
Çingiz Abdullayev məhz xasiyyət etibarilə digərlərindən
seçilir. Onun şəxsi mənafeyini unudub,
başqalarının qeydinə qalmağı, öz
maraqlarını isə bütövlükdə cəmiyyətin
mənafeyinə tabe etdiyi mənə bəllidir. Çingiz
Abdullayev istər ailədə, istər dostlar, istər tələbələr
arasında, istərsə də öz iş yerində olanda ətrafda
olan insanların qayğılı problemlərinə
biganə qala bilmir. Sadəcə olaraq o, bütün bunlara
göz yuma bilmədiyindən özünü dağa-daşa
vurur və çətin alınan işləri yoluna qoyandan
sonra rahat nəfəs alır. Məhz bu xasiyyətlərinə
görə dostları və ətrafdakılar ona humanist adam
kimi baxırlar.
Həyat və fəaliyyəti:
Çingiz Əli oğlu Abdullayev 1 aprel 1960-cı ildə
Ağstafa şəhərində ziyalı ailəsində
anadan olub. 1977-1982-ci illərdə Azərbaycan Dövlət
Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə
təhsil alıb. 1982-1985-ci illərdə Keşlə
maşınqayırma zavodunda mühəndis kimi əmək
fəaliyyətinə başlayıb. 1985-1990-cı illərdə
Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant,
elmi işçi və müəllim işləyib.
1990-1994-cü illərdə Alman-Azərbaycan Cəmiyyətinin
Azərbaycanda nümayəndəsi olub. O, həm Azərbaycanda,
həm də xarici ölkələrdə ərsəyə gələn
bir çox sənədli filmlərin ssenari müəllifi
olub.
2008-2011-ci illərdə Bakı
Slavyan Universitetinin V.f.Humbolt adına Alman Tədris və Mədəniyyət
Mərkəzinin qurucusu və rəhbəri olub. 2011-2015-ci illərdə
Bakı Slavyan Universitetinin Avropaşünaslıq
kafedrasının professoru, Ölkəşünaslıq
laboratoriyasının elmi işçisi vəzifəsində
işləyib.
2013-2014-cü illərdə Azərbaycan
Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının
eksperti olub. 2011-2012 və 2015-2016-cı illərdə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Dissertasiya Şurasının üzvü olub.
1994-cü ildən Alman-Azərbaycan Cəmiyyətinin
sədridir. 2011-ci ildən “Azərsu” ASC-nin sədrinin
müşaviridir. 2016-cı ildən Bakı Slavyan
Universitetinin Azərbaycan Multikulturalizm kafedrasının
professorudur.
Məhsuldar alim. Elm, bəşəriyyət
yarandığı gündən indiyə kimi tikilən ən
möhtəşəm bir məbəddir. Onun hər
bir daşını qoymaq üçün alimlər
bütün ömrünü sərf ediblər. Öz
ixtiraları və kəşfləri ilə bəşər
elminə dəyərli töhfələr verən, dünya
elm məbədinə öz “kərpici”ni yerləşdirən
Azərbaycanın müdrik zəka sahibləri ilə
millətimiz haqlı olaraq fəxr edir.
Dünyanın müxtəlif aparıcı
kitabxanalarında alman, ingilis, rus və italyan dillərində
Çingiz Abdullayevin kitabları saxlanılır. Azərbaycan
kulturalogiya elmində ilk elmlər doktoru olan alim məhz
Çingiz Abdullayevdir. O, müxtəlif xarici ölkələrdə
olmuş, bu ölkələrin sosial-mədəni inkişaf təcrübəsini
öyrənmişdir. Azərbaycan və
dünya mədəniyyəti, elmi, idarəetmə tarixi və
nəzəriyyəsi problemləri üzrə Rusiyada,
Almaniyada, Gürcüstanda, Yunanıstanda, Türkiyədə,
Norveçdə, ABŞ-da, Fransada, Polşada, Macarıstanda
beynəlxalq konfranslarda və seminarlarda, səfirliklərdə
və cəmiyyətlərdə məruzələr və
çıxışlar etmişdir. Onun
yazdığı və tərtib etdiyi kitab və məqalələr
Azərbaycanda milli mədəniyyətin, insan
kapitalının və vətəndaş cəmiyyətinin
inkişafına əhəmiyyətli töhfələr verir.
Çingiz Abdullayevin elmin, təhsilin və mədəniyyətin
inkişafına innovativ töhfə verən fundamental əsərləri,
Azərbaycan və xarici elmi ictimaiyyətinin yüksək qiymətini
qazanmışdır. Dərin erudisiyaya malik alim, Azərbaycanda
və onun hüdudlarından kənarda öz sözü,
mövqeyi ilə seçilən şəxsiyyətlərdən
biridir. Onun çox maraqlı bir neçə
kitablarının elmi redaktoru olmuşam.
2013-cü ildə professor Çingiz Abdullayevin
Almaniyada nəşr edilmiş “Azərbaycan - Almaniya: Qədim
və müasir əlaqələr” kitabı Almaniya ilə Azərbaycan
arasında əlaqələri möhkəmləndirmək
üçün uğurlu addım olmuşdur. Bu kitabın
üstünlüyü ondadır ki, Almaniyada Azərbaycan
haqqında məlumat almaq istəyən hər kəs bu
kitabı vərəqləyib asanlıqla informasiya ala bilər.
Bu əsər elmi-tədqiqat
araşdırmasının məhsulu olmaqla yanaşı,
müasir dövrdə Almaniya-Azərbaycan əlaqələrindən,
xüsusən də son 20 ildə Alman-Azərbaycan Cəmiyyətinin
gördüyü işlər və həyata keçirdiyi
layihələrdən bəhs edir.
Çingiz Abdullayevin 2014-cü ildə
çapdan çıxmış “Oil Boom and Football” (ingilis
dilində) adlı ona uğur gətirən kitablarından biri
İngiltərə Futbol Assosiasiyasının 150 illiyinə həsr
olunub. Həmçinin İngiltərə - Azərbaycan əlaqələri
də kitabda öz əksini tapıb və bu kitab “The British
Library” kitabxanasında qeydiyyata salınıb. Kitaba görə
Azərbaycan Respublikasının Böyük Britaniya və
Şimali İrlandiyadakı səfiri F.Qurbanov tərəfindən
müəllifə təşəkkür məktubu
ünvanlanıb. Kitab Böyük Britaniyanın bir neçə
universitet, elmi mərkəz və futbol assosiasiyası tərəfindən
rəğbətlə qarşılanıb.
Tanınmış ictimai xadim. Müasir
dünyada gedən qloballaşma prosesi bir çox sahələrdə
olduğu kimi, elmdə də, məişətdə də
mühüm məsələlərin müəyyənləşməsinə
kömək edir. Müasir qloballaşma prosesində bir
xalqın mənəvi sərvətlərinin başqa xalqa
dövr edilməsi kulturoloji hadisə olmaqla yanaşı, həm
də siyasi və etno-sosial faktora çevrilir və həyatın
gerçək tələbatı kimi təzahür edir. Bu tələbatın
yerinə yetirilməsində yeni informasiya texnologiyaları nə
qədər güclü və ciddi amil kimi ortaya
çıxsa da, bu işdə ayrı-ayrı yaradıcı
insanların aparıcı rolunu heç nə əvəz edə
bilmir.
Çingiz Abdullayevin təşkilatçılığı
nəticəsində 2008-2010-cu illərdə Alman-Azərbaycan
Cəmiyyətinin xətti ilə Ştutqartın Xarici
Əlaqələr İnstitutunda (İFA), Tbilisidə Höte
İnstitunda, Bakı Slavyan Universitetində və Moskvada
Almanların Mədəniyyət Mərkəzində “Almanlar
Azərbaycanda” beynəlxalq konfrans və fotosərgiləri
onların Azərbaycanda yaşamalarının 190 illiyi
münasibətilə gerçəkləşmişdi.
Çingiz Abdullayevin əməyi
və səyi nəticəsində 2008-ci ildə Bakı
Slavyan Universitetində açılan Humbold (Humboldt) adına
Alman Tədris və Mədəniyyət Mərkəzi demək
olar ki, alman alimlərinin və səfirliyin mütəmadi tələbələrlə
görüşlərinin keçirildiyi məkana
çevrilmişdir.
İnsanın əsas vəzifələrindən
biri yaşadığı aləmi öyrənməkdən, dərk
etməkdən ibarətdir. Bu, həqiqətən də belədir.
Lakin bu da doğrudur ki, ətraf aləmi dərk
etmək kimi keyfiyyətlərə malik olan Çingiz
Abdullayev həmin aləm haqqında bilikləri necə əldə
etdiyini, ondakı müxtəlif proses, hadisələrə aid
informasiyanı necə topladığını və əxlaq,
gözəllik, hüquq baxımından necə qiymətləndirdiyini
başa düşmək üçün hər zaman
kamilliyə can atır.
Hər günü müxtəlif
elmi, ictimai-siyasi tədbirlərə qatılmaqla, müxtəlif
problemli əməkdaşları qəbul etməklə, eyni
zamanda, pedaqoji fəaliyyət, o cümlədən rəhbərlik
etdiyi doktorant, dissertantlarla fikir mübadilələri, məsləhətləşmələr
aparmaqla başa vuran tanınmış alim ayları, illəri
arxada qoyaraq artıq ömrünün yuvarlaq 60-cı
ildönümünü başa vurub.
Təbiətən sadə, təvazökar
insan olan Çingiz Abdullayev yubiley ayında da ümumi məqsədə
bağlı fəaliyyəti ilə məşğul
görünür. Əslində, istər peşəsindən,
istərsə də xarakterindən irəli gələrək
onun üçün şəxsi maraqlar nəinki ikinci, bəlkə
onuncu yerdədir. Başqalarının ən xırda əlamətdar
hadisəsini hamıdan əvvəl yada salan, dəyərləndirən
görkəmli ziyalı özünün ömür zirvəsinin
60 illiyini qeyd edir. Lakin ömür hər insana
bir dəfə verildiyi kimi, onun hər ili, xüsusən də
60 yaşı - cavanlığın qocalığı,
qocalığın cavanlığı ərəfəsi kimi
yad edilməli, bölüşülməli, qeyd edilib
xatırlanmalı hadisədir. 60 yaşlı gənc yubilyara
sağlıqlı uzun ömür, ailə səadəti,
yaradıcılıq uğurları arzu edirik...
Kamil İbrahimov, tarix elmləri doktoru, professor,
Əməkdar mədəniyyət
işçisi
İki sahil.- 2020.- 14 aprel.- S.- 11.