Zərifə xanım Əliyevanın zəngin irsi neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilib

 

Zərifə Əliyeva: Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və

onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatıdır

 

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş, adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılmış görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatıdır. Buna görə də hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üz-üzə dayanıb soruşacaq: “Sənin ağ xalat geyinməyə haqqın varmı? Onilliklər boyu təkcə biliklərini deyil, həm də ürəyinin hərarətini öz əllərinlə insanlara çatdırmalısan” fikirləri ilə yazımızı davam etdirmək istərdik. Çünki bu fikir özündə bugünümüz və gələcəyimiz üçün xüsusi önəm daşıyan çağırışları ifadə edir. Peşəsini sevən, onun dərinliklərinə yiyələnməyə maraq göstərən, ən əsası mütəmadi olaraq “Mən dövlətim, xalqım üçün nə etdim” sualı ətrafında düşünməyi və cavablandırmağı özünə borc bilən hər kəs özündən sonra qoyduğu silinməz izlərlə xatırlanır. Zərifə xanım Əliyevə həkim həmkarlarına bu çağırışı etmişdir. Onun gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsi də bu istəyindən irəli gəlib, çoxsaylı məqalələri, çıxışları məhz bu kimi məsələlərə həsr olunub. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, akademikin rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, onlar bütün həyatlarını insanların sağlamlığına, onların həyatın gözəlliklərini daha dərindən duymaq, görmək üçün gözlərinə işıq verilməsinə həsr ediblər. Zərifə xanımı tanıyanların, onunla çalışan, eyni zamanda, yetirməsi olan həkimlərin xatirələrində də daim bu fikir önə çəkilir ki, Zərifə xanım heç zaman gərgin işdən yorulmayaraq, fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ilə yeni həkim nəslinin formalaşmasına, bu sahənin dərinliklərini öyrənmələrinə böyük dəstək olmuş, onların hörmətini qazanmışdır. O, həkimi günəşə bənzədərək bildirmişdir: “Həkim insanlara günəş qədər lazımdır.”

 

Bizlərə daim yardımçı olan “Vikipediya”ya müraciət etdikdə Zərifə xanım Əliyevanın fəaliyyətinin nə qədər çoxşaxəli olduğunu, ən əsası hər bir uğura addım-addım irəlilədiyini görürük. 1941-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

 

Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Görkəmli, böyük nüfuz qazanmış alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər bu gün də öz aktuallığını qoruyur, yeni gənc həkimlər üçün zəngin mənbədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, “Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var.”

 

Təbii ki, müstəqil Azərbaycanımızın bugünkü uğurlarına diqqət yetirdikdə hər bir Azərbaycan vətəndaşı bununla fəxr edir. Bu reallıqları hiss etmək nə qədər qürurvercidirsə, onları gözlə görmək ikiqat sevincdir. Məhz heç kəsin sığortalanmadığı xəstəlik anlayışına gəlsək, yaşından asılı olmayaraq gözlərinin işığını itirən xəstələrə yenidən bu işığı bəxş edən, onları həyata bağlayan göz həkimlərimizdən bəhs edəndə ilk olaraq göz önünə Zərifə xanım Əliyevanın gəlməsi hər bir Azərbaycan vətəndaşında böyük fəxr hissi yaradır. Peşəsinə bağlı, xalqını sevən, onların bu işıqdan məhrum olmaması üçün elmin sirlərini dərindən öyrənməklə bunların tətbiqi əsasında əlindən gələni əsirgəməyən Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir. “Ümid sonda ölür” fəlsəfəsinin hikmətini çoxillik təcrübəsi ilə dəfələrlə sınaqdan keçirən Zərifə xanım Əliyeva yüzlərlə insana nur bəxş edərək onlara həyatın şirinliyini daha dərindən duymalarına, həyata daha sıx bağlanmalarına öz töhfəsini verib. Məhz bu kimi keyfiyyətləri ona insanların dərin sevgisini qazandırmış, həyatı xalqa xidmətin parlaq nümunəsi kimi dəyərləndirilmişdir. Onun zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Zərifə xanım Əliyeva həyatda az ömür sürsə də qısa vaxtda xeyirxah əməlləri, zəngin fəaliyyəti ilə insanlığın əlçatmaz zirvəsinə ucaldı.

 

Zərifə xanım Əliyevanın fəaliyyətini sistemli şəkildə nəzərdən keçirdikdə oftalmologiya tarixində zəngin səhifələr yazdığını daha aydın görürük. Onun elmi fəaliyyəti, xidmətləri daim yüksək dəyərləndirilib. Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmologiya” jurnalı redaksiya heyətinin üzvü olub. Yüksək elmi nailiyyətlərinə görə ona Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adı verilmişdir. O, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır. Zərifə xanım Əliyeva bir sıra orden və medallarla təltif olunub. Təbii ki, bu qiymətlər sırasında Zərifə xanım Əliyevaya milyonların sevgisi daha əsas yer tutur. Bu sevgi onun yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən ən böyük mükafatıdır.

 

Yazımızda bu məqamları da xüsusi qeyd etmək istərdik ki, bu gün Azərbaycan, onun səhiyyəsi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində özünün inkişaf dövrünü yaşayır. Bu uğurlarda  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etməliyik. Talassemiya Mərkəzinin yaradılması, bir çox poliklinika, xəstəxana, məktəblər və digər sosial əhəmiyyətli müəssisələrin tikilib istifadəyə verilməsi xüsusi qeyd olunmalıdır.

 

Təbii ki, bu məqamlara diqqət yetirməyimiz səbəbsiz deyil. Zərifə xanım Əliyevanın fəaliyyətindən danışarkən onun yaradıcılıq və fəaliyyətinin istiqamətinin dəqiqləşdirməsində xüsusi rolu olan dahi şəxsiyyət - ulu öndər Heydər Əliyev haqqında bəhs etməmək qeyri-mümkündür. Xoşbəxt ailənin hər bir üzvü dövlətə, xalqa xidməti fəaliyyətlərinin əsas prinsipinə çevirərək Azərbaycanın bu günü və gələcəyi üçün önəmli töhfələrə yol açan addımları ilə böyük məktəb yaradıblar. Dahi şəxsiyyət Heydər Əliyevin 1995-ci ildə Zərifə xanım Əliyevanın doğum günündə söylədiyi “... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük mərhəmətlə yerinə yetirib. Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla ailə həyatı quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən burada çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm” fikirləri Zərifə xanımın bir ziyalı, həkim, ana, həyat yoldaşı, vətəndaş kimi ümumi portretini yaradır.

 

Heydər Əliyev-Zərifə Əliyeva məktəbi Azərbaycanımız üçün cənab İlham Əliyev kimi lideri yetişdirib. Bu gün müstəqil Azərbaycanımız bütün sahələrdə uğurla inkişaf edir, hər sahədə təcrübəsi dünyaya nümunə göstərilir. Ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bugünümüzün reallıqlarında öz əksini tapıb. Bu fikirlərin davamı olaraq cənab İlham Əliyev bildirir ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Güclü, qüdrətli Azərbaycan hər birimiz üçün qürur mənbəyidir. Bu gözəllikləri, inkişafı, tərəqqini görmək, bundan qürur hissi keçirmək üçün işığa, günəşə böyük ehtiyac vardır ki, bunları qoruyan, insanları bu işığı itirmək qorxusunu yaşamaqdan xilas edən oftalmoloqlara böyük ehtiyacımız vardır. Xalqımız əmindir ki, Zərifə Əliyeva məktəbinin yetirmələri bu missiyanı uğurla yerinə yetirmək iqtidarındadır.

 

Yeganə Əliyeva

İki sahil.- 2020.- 16 aprel.- S.6.