Vətəndaşlarımızın pessimizmə qapanmadıqlarının
bir daha şahidi oldum
Dünyanın
nizamını pozan koronavirus (COVID-19) pandemiyasının
yayılmasının qarşısının alınması məqsədi
ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin
rejimi ilə əlaqədar dövlətimizin
başçısı tərəfindən həyata
keçirilən genişmiqyaslı operativ tədbirlər, eləcə
də insanlara “evdə qal!” çağırışı
öz effektini verməkdədir. Artıq
dünya ölkələri
ilə müqayisədə
respublikamızda həm
yoluxma faizi, həm də ölüm halları ən aşağı səviyyədədir. Prezident
İlham Əliyevin əhalinin sağlamlığının
qorunması, eləcə
də sosial rifahının yaxşılaşdırılması
istiqamətində atdığı
addımların isə
misli-bərabəri yoxdur.
Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı
ilə videobağlantı
formatında keçirilən
iclasda da dövlətimizin başçısı
belə bir çətin dönəmdə
hər bir vətəndaşın qayğılarını
çiyninə götürmək
əzmində olduğunu
bir daha bəyan etdi: “Bizim üçün prioritet məsələ,
- mən bunu qeyd etmişəm, bir daha demək
istəyirəm, - insanların
sağlamlığıdır, insanların həyatıdır
və insanların sosial müdafiəsidir”. Bu mənada Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, həqiqətən
xalqımızın dayağıdır.
Bir sözlə, dövlətimiz, Prezidentimiz
koronavirusla mübarizə
şəraitində öz
vətəndaşlarının sosial rihahı naminə hər şeyi edir. Belə çətin günlərdə dövlət
başçısının çağırışlarına səs vermək hər bir vətəndaşımızın
borcudur.
Tanınmış xanəndə, Xalq
artisti Mənsum İbrahimov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında
bildirdi ki, cənab Prezidentin hər çağırışına
səs vermək, hər şeydən əvvəl, həmrəylik
nümayiş etdirməkdir,
Prezidentlə birgə
addımlamaq deməkdir.
Koronavirus pandemiyasına
qarşı mübarizənin
ilk günlərindən
dövlət başçısının
çağırışlarına səs verdiyini vurğulayan müsahibimiz qeyd etdi ki,
indiyədək o da imkanı daxilində bu istiqamətdə müəyyən addımlar
atıb. Belə ki, Xalq artisti
bir aylıq əməkhaqqını ölkə
başçısının müvafiq Sərəncamı
ilə yaradılmış
Koronavirusla Mübarizəyə
Dəstək Fonduna ianə edib. Özü də o, bu məsələdə birincilərdən olub. Karantin rejiminin qaydalarına riayət etməklə yaşadığı
mənzilin eyvanına
çıxaraq konsert
verib.
Müsahibimiz daha sonra dedi:
“Bildiyiniz kimi,
koronavirus infeksiyasının
yayılmasının qarşısının
alınması məqsədilə
ölkəmizdə tətbiq
edilən xüsusi karantin rejimi ilə əlaqədar dövlətimizin başçısı
tərəfindən həyata
keçirilən genişmiqyaslı
tədbirlərə dəstək
olaraq, idarə və təşkilatlar, ayrı-ayrı iş adamları, eləcə də müxtəlif peşə
sahibləri tərəfindən
aztəminatlı ailələrə,
ahıl və tənha yaşayan vətəndaşlara ərzaq
yardımları göstərilir.
Bunu həm də Prezidentin “Biz birlikdə güclüyük!” çağırışının
insanları bir araya gətirməsinin bariz nümunələrindən
biri kimi də dəyərləndirmək
olar: “Şübhəsiz,
bu da təqdirəlayiqdir.
Doğrudur, elə sözügedən
iclasda Prezident İlham Əliyev 200 min əvəzinə 600 min insana iki
ay ərzində 190 manat məbləğində
vəsait verilməsini
də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında
bir tələb kimi qoymuş, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul
olanların problemlərini
dövlətin öz üzərinə götürdüyünü
bəyan etmişdir. Mən də bu tədbirə dəstək olmağı
özümə borc bildim. Odur ki,
Əməkdar artist Təyyar Bayramovla birgə Ağdamın cəbhəyanı kəndlərində
yaşayan 150 aztəminatlı
ailəyə ərzaq
yardımı etdik. Yeri gəlmişkən, bu dəfə də Ağdamın cəbhəyanı kəndlərində
olanda onların əsla pessimizmə qapanmadıqlarının bir
daha şahidi oldum. Yəni bir daha yəqin
etdim ki, onlar həm koronavirus, həm də erməni vahiməsindən uzaqdırlar.
Çünki dövlətimiz
onların hər iki virusdan qorunmasına
ciddi nəzarət edir. Hətta ərz etdilər
ki, belə bir Prezidenti olan xalqa ruh
düşkünlüyü əsla yaraşmır. Üstəlik, ərzaq yardımı alan vətəndaşlar xüsusi
karantin rejimi günlərində onlara göstərilən diqqət
və qayğıya görə dövlətimizin
başçısına öz
minnətdarlıqlarını da bildirdilər.
Yeri gəlmişkən,
son günlər Azərbaycan Prezidentinə
ünvanlanan minlərlə
məktub da göstərir ki, vətəndaşlarımız dövlət tərəfindən
görülmüş tədbirlərə
çox yüksək
qiymət verirlər”.
Müsahibimiz fikrini bu sözlərlə
tamamladı: “Həm qabaqlayıcı tədbirlərin
görülməsi, həm
də insanların sosial müdafiəsinin təmin edilməsi bu gün bizim
koronavirusa qarşı
mübarizəmizdə əsas
rol oynayır. Biz də üzərimizə
düşən məsuliyyəti
dərk etməliyik. Bir daha vətəndaşlarımızı
koronavirusla bağlı
ölkəmizdə tətbiq
olunan qaydalara riayət etməyə çağırıram.”
Qvami Məhəbbətoğlu,
İki sahil.- 2020.- 23 aprel.- S.14.