Sanki o, dünyaya insanlara nur paylamaq,
xeyirxahlıq etmək üçün gəlmişdi
Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin təbrincə desək,
həyatın mənası çox və yaxud az yaşamaqdan
ibarət deyil. Onun əsas mənası bu həyatda öz
yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət
göstərmək və başqaları üçün
nümünə olmaqdır.
Amma bu həqiqəti də etiraf
edək ki, mənalı ömür yaşamaq hər
insanın taleyinə yazılmır. Çox az insanlar var ki,
onların ömür yolu, həyat və fəaliyyəti,
seçdikləri peşəyə uyğun olaraq göstərdikləri
səylər və əldə etdikləri uğurlar
qarşıdakı illərdə digər nəsillər
üçün bir məktəb, həyat dərsi olur. Zərifə
xanım Əliyeva belə insanlardandır. Sanki o, dünyaya
insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdi.
Dövlətimizin başçısı
İlham Əliyevin Zərifə xanım Əliyevanın
anadan olmasının 90 illik yubileyində söylədiyi bu
fikirləri yada salmaq istərdik: “Onun
bütün fəaliyyəti, gördüyü bütün
işlər insan amilinə dayanırdı. Çünki o, həm
peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və
hər bir həkimdə bu iki amil birləşməlidir.
Çünki həkim peşəkar olmalıdır, insanlara
xidmət göstərməlidir. Eyni zamanda, həkim
xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə
bağlı da fikirləri, məqalələri var idi. Həkimin
etik davranışı ilə bağlı onun çox dəyərli
fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu
gün də hər bir həkim üçün əsas
olmalıdır.”
Zərifə xanım Əliyevanın adı
çəkiləndə göz önündə görkəmli
elm fədaisi, nəcib Azərbaycan qadını, böyük
bir nəslin layiqli övladı, vəfalı
ömür-gün yoldaşı, fədakar ana obrazı
canlanır. Yenə də bizlərə yardımçı
olan “Vikipediya”ya müraciət edək. Zərifə
xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində,
dövlət xadimi, səhiyyə təşkilatçısı
Əziz Əliyevin ailəsində dünyaya göz
açmışdı. Atası Əziz Əliyev rektor, nazir,
Mərkəzi Komitənin katibi, Baş nazirin müavini kimi
yüksək vəzifələrdə
çalışmış, dərin intellekti və təşkilatçılıq
bacarığı ilə böyük nüfuz
qazanmışdı. Onun həyatının bütün mərhələləri
əslində övladları üçün həyat məktəbi
idi. Belə bir ailədə böyüyən Zərifə
xanım zəhmətsevərliyi, səmimiliyi, insanlara sevgisi
ilə başqalarından seçilirdi. Bu ailəyə məxsus
ziyalılıq, doğma ocağa, xalqa və Vətənə
bağlılıq kimi nəcib xüsusiyyətlər onun
şəxsiyyətində öz təcəssümünü
tapmışdı.
Həkimlik peşəsini sevən Zərifə
xanım Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil olmuş və
institutu əla qiymətlərlə bitirmişdir. Oftalmologiya
peşəsinə yiyələnmək arzusu ilə Moskva şəhərinə
üz tutaraq Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunda ixtisasartırma kursu keçərək həkim-oftalmoloq
ixtisasına yiyələnmişdir. Dünya
oftalmologiya elminə böyük töhfələr vermiş
akademik Zərifə xanım Əliyevanın zəngin irsi,
tibbin müxtəlif sahələri üzrə
apardığı tədqiqatlar, qazandığı nailiyyətlər,
yaratdığı fundamental əsərlər Azərbaycan
tibb elminin parlaq səhifələrini təşkil edir.
Yüzlərlə insana nur bəxş edən Zərifə
xanım Əliyeva daim xalqımızın qəlbində
yaşayır. Belə insanlar nura uzanan yolun əbədi sakinlərinə
çevrilir, ölməz olurlar. Onun oftalmologiya elminin
inkişafındakı xidmətləri əvəzsizdir.
Zərifə xanımın həkimlik fəaliyyətini
təhlil etdikcə onun peşəsini nə qədər uca
tutduğunu görürük. Əbəs yerə həkimi
günəşə bənzətmirdi. Eyni dəyərləndirmə
ömür-gün yoldaşı, ulu öndər Heydər
Əliyevə məxsus idi. Ümummilli Lider bildirmişdir:
“Özünü həkimlik, təbiblik peşəsinə həsr
edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin
onlara həmişə ehtiyacı var.”
Azərbaycanda bir sıra göz xəstəliklərinin
geniş yayıldığı, traxoma deyilən dəhşətli
bəlanın tüğyan etdiyi bir zamanda bundan xilas olmaq,
göz xəstəliklərinə, gözün peşə xəstəliklərinə
dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə
metodlarını və profilaktik tədbirləri işləyib
hazırlamaq tələb olunurdu. Zərifə xanım
Əliyeva məhz belə bir dövrdə Moskva şəhərindən
Vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində
çalışmağa başlayır. O, elmi istiqamətlərinin
ilkin mərhələsini traxomanın müalicəsinə həsr
edir. Apardığı tədqiqatların nəticələri
Zərifə Əliyevanın uğurla müdafiə etdiyi
“Traxomanın digər terapiya üsulları ilə birlikdə
sintomisinlə müalicəsi” mövzusunda namizədlik
dissertasiyasının əsasını təşkil edir. Ona
görə bu fikir qətiyyətlə bildirilir ki, Azərbaycanda
traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə
Əliyevanın adı ilə bağlıdır.
Tanınmış alim Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev
adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent,
professor, daha sonra isə kafedra müdiri vəzifələrində
işləyir, oftalmologiyanın aktual problemlərinə həsr
edilmiş çoxprofilli tədqiqatlar aparır.
Cənab İlham Əliyev qeyd
etdiyimiz yubiley tədbirində anasının, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın hər
kəsə məlum olan, amma ailə üzvləri tərəfindən
daha çox görünən bu nəcib insani keyfiyyətini
xüsusi qeyd etmişdir ki, Zərifə xanım heç vaxt heç bir sözü, addımı ilə
cəmiyyətdə hansısa xüsusi statusu olduğunu
göstərmirdi. “Əslində belə də olmalıdır”
söyləyən ölkə Prezidenti bütün dövrlər
üçün diqqət çəkən bu məqama
xüsusi diqqət yönəldir: “Ancaq biz bilirik ki, bir
çox hallarda belə deyil və müəyyən statusa
malik olan insanlar, yaxud da ki, onların yaxınları özləri
üçün xüsusi imtiyazlar tələb edirlər. Zərifə
xanımın bu sahədəki hərəkətləri,
davranışı da nümunə olmalıdır. Zərifə
xanım çox yüksək mədəniyyətə malik
olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz
peşəsində, eyni zamanda, hərtərəfli
istedadlı bir insan idi və bəziləri üçün
o, necə deyərlər, son ümid yeri, ümid ünvanı
idi. Hətta tanımadığı adamlar belə müxtəlif
xahişlərlə, müxtəlif şikayətlərlə
onun iş yerinə gəlirdilər. O,
çalışırdı ki, hər kəsə kömək
göstərsin. Tanımadığı
adamların xahişlərini gəlib atama
çatdırırdı və o məsələlərin
böyük əksəriyyəti öz həllini
tapırdı. Yəni daim insanlara xidmət etmək, kömək
göstərmək arzuları, amalları ilə
yaşayırdı.”
Zərifə xanımın bir insan, vətəndaş
kimi malik olduğu keyfiyyətlər hər kəsdə
böyük qürur hissi yaradır. Həkimlik, ilk növbədə,
insandan səmimiyyət, gülərüzlülük,
mehribanlıq, məsuliyyət, ən əsası xəstənin
durumu ilə bağlı bir narahatlıq tələb edir. Zərifə
xanımın fəaliyyəti ondan sonrakı nəsillər
üçün bir həyat dərsidir. Hər bir gənc həkim-oftalmoloq
bu dərsi öyrənməklə, onun dərinliklərinə
yiyələnməklə özündən sonra gələnlərə
bir çağırış edir - Zərifə Əliyeva məktəbini
öyrənməliyik. Böyük alimin rəhbərliyi ilə
gənc elmi işçilərin və həkim-oftalmoloqların
böyük bir nəsli yetişib. Onun oftalmologiyanın
müxtəlif sahələrinə həsr etdiyi
monoqrafiyaları alimlərin və həkimlərin, həmçinin
ali tibb məktəblərində təhsil alan tələbələrin
stolüstü kitablarıdır. Zərifə
xanım Əliyeva görmə orqanının peşə
patologiyası sahəsində apardığı elmi-tədqiqat
işlərinin uğurlu nəticələrinə və
oftalmologiyanın inkişafına verdiyi töhfələrə
görə keçmiş İttifaqın oftalmologiya sahəsində
ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri
Akademiyasının M.İ.Averbax adına
mükafatına layiq görülüb. O, həmin mükafata
layiq görülən ilk alim qadın idi.
Zərifə xanım Əliyevanın həyat
və fəaliyyəti nəinki ölkə, hətta dünya
ictimaiyyəti tərəfindən təqdir olunur. Dünya
oftalmologiya elminin tanınmış simaları onu
oftalmologiyanın mirvarisi adlandırırlar. Qeyd edək ki,
akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin,
10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin
və dərs vəsaitlərinin müəllifi, onlarla elmlər
doktorunun və elmlər namizədinin rəhbəri olub.
Akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə
etdiyi nailiyyətlərə, xalqımızın
sağlamlığı keşiyində dayanan çoxsaylı
həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz
xidmətlərinə görə Azərbaycanın Əməkdar
elm xadimi fəxri adına layiq görülüb. Onun elmdə
açdığı yol ildən-ilə inkişaf edir,
araşdırılır, öyrənilir, neçə-neçə
tədqiqat əsərinin mövzusuna çevrilir.
Zərifə xanım Əliyeva
müasir müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu, bütün mənalı ömrünü Vətəninin,
xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət,
ulu öndər Heydər Əliyevin vəfalı
ömür-gün yoldaşı, sədaqətli dostu və
etibarlı silahdaşı olmuşdur. Dahi şəxsiyyətlərin,
böyük insanların məhəbbətləri də nəhəng
olur. Dahi şəxsiyyət Heydər Əliyev müsahibələrində
bu etirafı bildirmişdir ki, mən həqiqətən onu
çox sevirdim. Onun da mənə olan məhəbbətini
hiss edirdim. Düşünürəm ki, bizim bir-birimizə
olan məhəbbətimizin köklərinin nə qədər
dərində olduğunu sübut etməyə ehtiyac yoxdur.”
Ulu öndər Heydər Əliyev dövlət
işində, Zərifə xanım Əliyeva isə elm və
təbabət sahəsində böyük uğurlara yol
açaraq məktəb yaratdılar. Xoşbəxt
ailənin məktəbini keçən möhtərəm
Prezidentimiz İlham Əliyev bu gün özünün
düşünülmüş və məqsədyönlü
siyasəti ilə Azərbaycana biri-birindən əhəmiyyətli
uğurlar qazandırır. Ölkəmizin adı
dünyanın ən güclü dövlətləri sırasında
yer alıb.
Yazımız anadan olmasının 97-ci
ildönümünü qeyd edəcəyimiz Zərifə
xanım Əliyevaya həsr olunduğundan dövlətimizin
başçısı İlham Əliyevin yalnız Onunla
bağlı söylədiyi fikirlərə müraciət
edirik. “Hər bir insan üçün onun valideynləri, onun
anası əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər
bir insan doğmalarını öz qəlbində
yaşadır. Zərifə xanımın adı əbədiləşdirilib,
onun adına küçə vardır. Onun
yaşadığı küçə onun adını
daşıyır. Onun böyük töhfəsi olan
Oftalmologiya Mərkəzi onun adını daşıyır və
Mərkəzlə üzbəüz onun abidəsi
ucaldılıbdır. Əlbəttə ki, onun xatirəsi,
onun obrazı onu tanıyanların qəlbində
yaşayır. Mən çox xoşbəxtəm
ki, Zərifə xanım kimi anam olmuşdur” söyləyən
dövlətimizin başçısı İlham Əliyev bu
etirafı da edir ki, Zərifə xanım vaxtından əvvəl
həyatdan getdi, hələ çox iş görə bilərdi.
Cənab İlham Əliyevin 1995-ci ilin oktyabrında yerli mətbuata
verdiyi müsahibəsində söylədiyi bu fikirləri də
xatırlamaq yerinə düşər. “Siz Zərifə
xanımı necə xatırlayırsınız” sualına
cavabı belə olmuşdur: “Ən əziz insan kimi. Onun vəfatından
sonra mənim həyatım, bütün ailəmizin həyatı
dəyişildi. Yəni indi mən o vaxtlardakı kimi gülə
bilmirəm, baxmayaraq ki, onun həyatdan getməsindən on ildən
çox vaxt ötür. Mənim həyatımda xoşbəxt
hadisə olanda düşünürəm: o da bunun
üçün sevinərdi. O vəfat edəndə mənim
böyük qızımın bir yaşı vardı. Yəni
mənim qızlarım öz nənələrini görməyib,
bu, onların tərbiyəsində böyük itkidir...”
Göründüyü kimi, Zərifə
xanım bütün istiqamətlərdə örnəkdir.
Yuxarıda onun elmi fəaliyyətinə, əməyinə
verilən dəyəri aldığı fəxri adlar, medallar əsasında
qeyd etdik. Ən böyük sevgisi ana və xalq sevgisidir. Bir
sözlə, Zərifə xanımın həyat fəlsəfəsi
o qədər zəngin və çoxşaxəlidir ki, onu bir
yazıda əhatə etmək qeyri-mümkündür.
Bütün insani keyfiyyətləri özündə cəmləşdirən
Zərifə xanım Əliyevanın örnək olan həyat
və fəaliyyəti daim bizlərə bu
çağırışı edir: Yaxşılıq et, səxavətli,
alicənab ol, insanları sev...
Yeganə Əliyeva
İki sahil.- 2020.- 28 aprel.- S.6.