Humanist əxlaqi dəyərlər və
yüksək amallar yazıçısı
Nağı Nağıyev-110
Naxçıvan ədəbi mühitinin inkişafı və
zənginləşməsində mühüm xidmətləri
olan sənətkarlardan biri də yazıçı
Nağı Nağıyevdir (1910-1981).
O,
Naxçıvan ədəbi mühitinin inkişafına
mühüm töhfələr vermiş, Naxçıvanda
yazıçıların təşkilatlanması və bu
istiqamətdə Azərbaycan Yazıçılar Birliyinin
Naxçıvan filialının yaradılmasına
böyük əmək sərf etmişdir. Müxtəlif
məsul vəzifələrdə, o cümlədən mətbuat
və televiziya sahəsində yorulmaz fəaliyyət göstərən
Nağı Nağıyev həm də yaranmasında xidmətlər
göstərdiyi Azərbaycan Yazıçılar Birliyinin
Naxçıvan filialının ilk rəhbərlərindən
(1945-1951) olmuşdur. Nağı Nağıyevin
Naxçıvanda ədəbi mühitin inkişafı istiqamətində
göstərdiyi xidmətlərə nəzər salan
yazıçının qələm yoldaşı Müzəffər
Nəsirli onun haqqında yazırdı: “Bu dövrdə Azərbaycan
Yazıçılar İttifaqı Naxçıvan
filialının sabiq məsul katibi Nağı Nağıyev
yoldaşın xidməti ayrıca qeyd olunmalıdır. O, cəbhədən
qayıtmış, yazıçı və şairləri
filial ətrafına toplayıb Naxçıvanda ədəbi
yaradıcılığın inkişafına var qüvvəsini
sərf edirdi”.
Naxçıvan ədəbi mühitinin
tanınmış nümayəndələrindən olan
Nağı Nağıyev zəngin yaradıcılıq yolu
keçmişdir. O, çoxsaylı maraqlı bədii əsərlər
qələmə almış, vətənpərvərliyi,
hallallığı, doğruluğu, xeyirxahlığı,
mübarizliyi və s. təlqin etmişdir. Onun
adı Azərbaycan bədii nəsrinin zənginləşməsindəki
xidmətlərinə görə ehtiramla xatırlanır.
Naxçıvan ədəbi mühitində özünəməxsus
mövqeyə və xidmətlərə malik olan Nağı
Nağıyev daha çox nasir kimi tanınmış,
geniş oxucu rəğbəti qazanan roman, povest, hekayə,
miniatürlər, oçerk və felyetonlar müəllifi kimi
Naxçıvan ədəbi mühitində nəsrin
inkişafına öz töhfələrini vermişdir. “Həsrət”,
“Qaranlıq qovuşunda” (və ya “İfşa”)
romanlarını, “Yer altında” povesti, “Qəribə bir təsadüf”,
“Ovçunun xatirəsi”, “Bir qəlbin fəryadı”, “Məni
bağışla” və başqa çoxsaylı hekayələrin
və miniatürlərin müəllifidir. Bədii
yaradıcılığa hekayə ilə başlayan
Nağı Nağıyev çoxsaylı hekayələrində
maraqlı məsələlərə toxunmuş, daha çox
əxlaqi-mənəvi dəyərləri təlqin
etmişdir. Yazıçının ilk
romanı “Həsrət” əsəridir. Maraqlı
obrazlar, canlı xarakterlər yaratdığı bu əsərində
sadə kənd həyatından bəhs edən
yazıçı dövrü üçün aktual problemlərə
toxunmuş, əsərləri ictimai mətləblər ehtiva
etmişdir. Öz doğma yurduna
bağlılığı, onun dağlarına, dərələrinə,
bulaqlarına məhəbbəti dərin duyğularla
yazılmış əsərlərində aydın hiss
olunmaqdadır. Naxçıvanın bəşəri
möcüzəsi hesab edilən əsrarəngiz
Duzdağı və buradakı həyat
yazıçının “Yer altı” adlı povestində bədii
məqsədə çevrilib. Burada
insanların çəkdiyi zəhmət, halallıq
uğrunda mübarizə, ictimai fayda naminə çətinliklərə
sinə gərmək məhz bu əsərdə qabarıq yer
alıb. Halal, zəhmətkeş insanların əməyindən
bəhs edən bu əsərdə insanların xeyir-bərəkət
naminə apardıqları çətin mübarizələri
və gərgin əməkləri təsvir edilib. “Püskürən dərə” oçerkində isə
Naxçıvanın təbiət möcüzələrindən
olan Darıdağdan bəhs edilmişdir.
Özünü həm də bir dramaturq kimi tanıdan Nağı
Nağıyev Naxçıvan Dövlət Musiqili Dram
Teatrında işlədiyi dövrdən bu sahə ilə
yaxından bağlı olmuşdur. Nağı
Nağıyev fəaliyyətinin bir hissəsini 1936-1941-ci illərdə
Naxçıvan Musiqili Dram Teatrında quruluşçu rəssam
olaraq işləmişdir. Onun həm də teatr üçün
ərsəyə
gətirdiyi pyeslər Naxçıvan
teatrının inkişafına olan rəğbətinin
göstəricisidir. Onun ərsəyə gətirdiyi
ilk səhnə əsəri “Səadət və Sədaqət”
olsa da, tamaşaya qoyulan ilk əsəri “Polad” (və ya
“Ölümdən həyata”) əsəri olmuşdur. Əsər Naxçıvan teatrının səhnəsində
oynanılmış və uğur qazanmışdır.
Yazıçı bu əsərlərinin ardınca “Hal əhlləri”,
“Zəka”, “Dostlar”, “Əsl insanlar unudulmur” kimi səhnə əsərlərini
ortaya qoymuşdur.
Çoxşaxəli yaradıcılıq və fəaliyyətə
malik olan yazıçı Nağı Nağıyev həm də
özünü peşəkar tərcüməçi kimi
tanıtmışdır. Onun dünya ədəbiyyatından
Azərbaycan dilinə etdiyi çoxsaylı tərcümələr
bu sahədə nə qədər dərin təcrübəyə
malik olduğundan xəbər verir. Həm Azərbaycan
dilinin, həm də tərcümə etdiyi mənbə dilin
imkanlarına dərindən bələd olan zəhmətkeş
yazıçı xarici ədəbiyyat nümayəndələrindən
olan Andre Stilin, Aybəkin, A.T.Stuçenkonun, Cəlal
İkraminin, M.Kolosnikovun, Bojena Nemtsovanın və başqa
yazıçıların əsərlərini böyük məharətlə
Azərbaycan dilinə tərcümə etmişdir. Bu baxımdan Nağı Nağıyev həm də
Azərbaycanın ədəbi əlaqələrində əvəzsiz
xidmətləri olan bir fəal yazıçı olmuş, bu əlaqələrin
inkişafına töhfələr vermişdir.
Yazıçının bu sahədəki xidmətlərinə
nəzər salan professor Yəhya Seyidov bu cəfakeş qələm
adamının tərcüməçilik sahəsindəki fəaliyyəti
və çəkdiyi zəhməti yüksək qiymətləndirərək
yazırdı ki, “Nağı Nağıyev həm də sovet
yazıçılarının, dünya ədəbiyyatı
nümayəndələrinin Azərbaycan dilinə tərcüməsi
sahəsində uzun illərdən bəri səmərəli fəaliyyət
göstərir... Bədii əsərlərində
olduğu kimi, Nağı Nağıyevin tərcümələrinin
də dili aydın və səlisdir. O, Azərbaycan
dilinin zənginliklərindən bacarıqla istifadə edir”.
Yazıçı Nağı Nağıyev
Naxçıvan ədəbi mühitinin ustad nasirlərindən
biri kimi şöhrət qazanıb. Ömrünün
qırx ilə yaxın bir dövrünü həsr etdiyi bədii
yaradıcılığında nəsrin kiçik forması
olan hekayələr daha çoxluq təşkil edir. Yazıçı elə yaradıcılığa
da məhz hekayə ilə başlamışdır. Nağı Nağıyevin əsərlərində
dövrün müxtəlif məsələləri əsərlərinin
mövzusu və probleminə çevrilmişdir. Bu əsərlərdə kiçik məişət
hadisələrindən tutmuş böyük sosial problemlərə
qədər təqdim və bəhs olunur. Müəllifin
satirik və ciddi məzmunda yazılmış bir sıra hekayələri
də vardır ki, bu əsərlər də ciddi ictimai mətləblər
və dərin ideya-estetik problemlər ehtiva edir. Onun çoxsaylı hekayələri oxucular tərəfindən
maraqla qarşılanıb. Hekayələrinin
çoxu vaxtilə çap edilən “Nişanə” (Bakı,
Azərnəşr, 1956), “İki tale” (Bakı, Azərnəşr,
1961), “Yaralı qız” (Bakı, Azərnəşr, 1966),
“Seçilmiş əsərləri” (roman və hekayələr,
Bakı, Azərnəşr, 1974) kimi kitablarında təqdim
olunmuşdur. Müstəqillik
dövründə də tanınmış
yazıçının çap edilən üçcildlik və
bircildlik “Seçilmiş əsərləri” kitablarında əsərləri
nəşr edilmiş, oxucuların ixtiyarına verilmişdir.
Bu baxımdan kiçik janrda böyük mətləblər əks
etdirən yazıçı Nağı Nağıyevin “Qəribə
bir təsadüf”, “Ovçunun xatirəsi”, “Bir qəlbin fəryadı”,
“Məni bağışla”, “Məhəbbətini
aparacağam”, “Atalar”, “Ata dərdi”, “Kommunar bulağı” və
digər ciddi məzmunlu, “Qonşular”, “Paxıllıq”, “Mənzil
əhvalatı”, “Təntənəli çıxış”,
“Müdir” və sair kimi satirik-yumoristik hekayələri
böyük maraq kəsb edir. Onun hekayələrində
daha çox dövrlə bağlı ictimai problem və
mövzular yer alıb.
Yazıçı
Nağı Nağıyevin əsərlərində daha
çox sadə ailə-məişət məsələlərinə
müraciət edilib. Lakin bu sadə məsələlərin
içərisində yazıçı məharətlə
ciddi ictimai mətləblər, yüksək mənəvi dəyərlər,
ali ideallar, habelə mürəkkəb,
çətin tarixi hadisələr təqdim edə bilib. Sadə
həyat tərzi, milli duyğular, vətənə, elə,
obaya bağlılıq, ailə dəyərlərinə sədaqət,
ata-anaya hörmət və məhəbbət, halallıq və
zəhmətkeşlik, xeyirxahlıq və səxavət, saf məhəbbət
və insani duyğular və yazıçı Nağı
Nağıyevin yaradıcılığının əsas məsələlərindəndir.
Onun sadə məişət mövzusunda
yazılan əsərlərində adi məsələlərin
işığında ciddi aktual ictimai mətləblərin
ifadə edildiyini aydın müşahidə etmək olar.
Həyatı dərin müşahidə qabiliyyəti
olan məharətli yazıçı həm də əsərlərində
yaddaqalan obrazlar, zəngin xarakterlər yaratmağa müvəffəq
olmuş, maraqlı hadisələr, təsirli həyat hekayələri,
insan taleləri əks etdirmişdir. Onun əsərləri
üçün maraqlı olan mətləblərdən biri və
başlıcası doğma vətəni
Naxçıvanın ictimai yaşayışı, tarixi və
mədəniyyəti, həyat tərzi və tarixi taleyi
olmuşdur. Əsərlərində
şəxsi tərcümeyi-halı ilə yaxınlıq təşkil
edən mətləblər, Naxçıvanın tarixi taleyi
ilə bağlı olan məsələlər də xüsusi
yer alıb. “Qəribə təsadüf” adlı hekayəsindəki
polis podpolkovniki Mütəllimin vəzifə şövqü
ilə dustaq edib sürgün etdirdiyi və ölümünə
bais olduğu professor Quliyevin atası, sadə, zəhmətkeş
adam olan Xəlilin taleyi timsalında yazıçı,
fikrimizcə, həm Sovet dövrünün düşmən
müəyyənləşdirdiyi öz bəy
atalarının, həm də həyat yoldaşının
atası məşhur Yusif bəy Tahirov və onun kimilərin
Sovet dövləti tərəfindən günahsız öldürülməsi məsələlərini
ümumiləşdirib. Habelə Naxçıvanın
1918-20-ci illərdə keçdiyi ağır, mürəkkəb
və çətin şərait, ermənilərin törətdiyi
faciəvi qırğınlar, köməksiz qalan
Naxçıvanın əhvalı, türk ordusunun
Naxçıvana köməyə gəlməsi və digər
məsələlər onun “Kommunar bulağı” hekayəsinin
əsas mövzusu və hadisələridir. Yazıçı
sanki böyük cəsarət göstərərək
günahsız insanların və dəhşətli hadisələrin
timsalında Sovet hökumətinin yol verdiyi nöqsanları tənqid
müstəvisinə çıxarmış, milli tarix və
tale məsələlərini ayıq oxucularının diqqətinə
çatdıra bilmişdir.
İnsanlıq, böyük mənəviyyat, humanizm onun
irili-xırdalı bütün əsərlərinin əsas səciyyəsidir. Bu baxımdan
yazıçının bir sıra əsərləri
özünün ictimai-tərbiyəvi əhəmiyyətinə
görə konkret ideoloji dövrün standartlarından
çıxıb bütün zamanlar üçün
aktuallıq kəsb edərək oxunaqlılıq və bədii
maraq qazanır. Onun
yaradıcılığı özünün əxlaqi-mənəvi
keyfiyyətləri ilə gənc nəsillərin
formalaşmasında özünəməxsus tərbiyəvi əhəmiyyət
qazanır. Onun əsərlərinin qəhrəmanlarından
olan professor Quliyev (“Qəribə təsadüf”), Səməd
(“Məhəbbətini aparacağam”), Valentina (“Bir qəlbin fəryadı”)
və başqa obrazları öz müsbət keyfiyyətləri,
xoşbəxtlik gətirən amalları ilə oxucuların
yaddaşında dərin iz buraxırlar. Nağı
Nağıyevin bədii nəsrində yüksək bədii təsiri
və ədəbi keyfiyyətləri ilə seçilən “Məhəbbətini
aparacağam” hekayəsinin əsas qəhrəmanı olan Səmədin
anasının ayrılığına dözməyib işini
ötürüb qaçmaq istəyən gənc şəyirdi
Nəcəfə dediyi: “Anan səni sən onu sevdiyindən
azmı sevir? O, sənin sənət öyrənməyinin
xatirinə ayrılığa dözür. Amma sən buna
dözmürsən, qəribsədiyin üçün qoyub
qaçmaq fikrinə düşürsən! Guya
bu da ananı çox sevdiyin üçündür.
Axı bir yaxşı fikirləş! Xoşbəxtlik
gətirməyən bir “məhəbbət” kimə gərəkdir?”
- kimi sözlər, ümumiyyətlə, gənc
nəsillərə ünvanlanmış, onları məsuliyyət
və ictimai vəzifəyə, insanlıq borcuna qarşı
sədaqətli olmağa dəvət edən ibrətamiz məsləhət,
müdrik öyüd-nəsihət kimi səslənir.
Nağı Nağıyev klassik bədii irsimizin
yaşadanı kimi də çıxış edərək əvvəlki
ədəbi ənənələrə uyğun da
yazıb-yaradan bir sənətkar olmuşdur. Onun
satirik-yumoristik üslubda yazdığı bir qisim hekayələri
XX əsrin qüvvətli ədəbi sənətkarı,
milli tənqidi realizmin banisi ustad Cəlil Məmmədquluzadənin
tənqidi realist ənənələrinin davamı olaraq diqqəti
cəlb edir. Onun “Paxıllıq”, “Qonşular”, “Mənzil
əhvəlatı”, “Təntənəli
çıxış”, “Müdir” və başqa
satirik-yumoristik əsərlərində cəmiyyətdə
hökm sürən ictimai nöqsanlar, mənəvi eybəcərliklər
ifşa olunur. Humanist dəyərlərə, insanpərvər
münasibətlərə, xüsusilə ictimai birgəyaşayış,
qarşılıqlı ictimai yardımlaşma, sosial
qayğı, ehtiram və sayğı kimi əxlaqi-mənəvi
keyfiyyətlərə əhəmiyyətlə yanaşan
yazıçı satirik-yumoristik əsərlərində məhz
bu problemlərə diqqət ayırmış, haramı, zəhmətsiz
gəliri, paxıllığı, özündənrazılığı
və s. ciddi tənqid etmiş, halallığa,
qarşılıqlı ehtiram və yardımlaşmaya məhəbbət
aşılamağa çalışmışdır. O, qohum
və qonşular arasında olan paxıllıq, bir-birindən
üstün yaşamağa maraq, zəhmətsiz gəlir kimi mənəvi
eybəcərliklərə “Paxıllıq” adlı əsərində
nəzər salaraq tənqid və ifşa etmişdir. Ümumiyyətlə, ana dilinin zəngin
imkanlarından məharətlə istifadə edən
yazıçı Nağı Nağıyev həm doğma
torpağı Naxçıvanın dialektlərindən, xalq
müdrikliyi çeşməsindən ustalıqla faydalanaraq əsərlərinə
yığcamlıq, ibrətamizlik, gözəllik və təsirlilik
qatmışdır. “Paxıl adam artıb-ağarmaz” kimi
epiqrafını da xalq düşüncəsindən alan bu
adıgedən əsərdə əsas tənqid hədəfi
başlıca mənəvi eybəcərlik olan
paxıllığa qarşı yönəlib. Xalqın
müdriklik çeşməsindən müvəffəqiyyətlə
faydalanan yazıçı öz məqsədini tam mənasında
açmaq və ifadə etmək üçün “Qonşu
qonşuya baxar, özünü oda yaxar”, “Əli
aşından da olar, Vəli aşından da”, “Koru
körpüdə yaxaladı”, “Haynan gələn, huynan gedər”,
“Çölmək diyirlənib qapağını tapar” kimi
atalar sözlərindən məharətlə
faydalanmışdır. Yazıçının
bədii məqsədini dəqiq ifadə etməyə yönələn
bu müdrik sözlər oxucuya özünün dərin mənəvi
əhəmiyyətilə təsir edərək onu pis
xüsusiyyətlərdən çəkinməyi, müsbət
keyfiyyətlərlə yaşamağı təlqin edir.
Yazıçı Nağı Nağıyev həm də
yaddaqalan xarakterlər ustası kimi xatırlanır. Əsərlərində
yaratdığı maraqlı, canlı xarakterlər əks
etdirdikləri müsbət və mənfi keyfiyyətləri
ilə oxuculara həyat bələdçisi rolunu
oynamışlar. Müəllifin
“Ovçunun xatirəsi” hekayəsi isə, fikrimizcə,
uğurlu simvolizm nümunəsi olaraq diqqəti cəlb edir.
Yazıçı bu əsərində məhz
ayı ilə pələngin əhvalatı fonunda əsas bədii
məqsədi ifadə edərək onların simvolizəsi ilə
müxtəlif ictimai qüvvələrin mübarizəsini təqdim
etmişdir. Ümumiyyətlə,
yazıçı ana dilinin üslubi imkanlarından da məharətlə
istifadə etmiş, müdrik xalq düşüncəsindən
ustalıqla yararlanaraq əsərlərinə
yığcamlıq və ibrətamizlik keyfiyyətləri
vermişdir.
Ümumiyətlə, özünün zəngin və
çoxcəhətli yaradıcılığı ilə
Naxçıvanda ədəbi mühitin inkişafına xidmət
göstərən yazıçı Nağı
Nağıyev mühüm bir ədəbi mövqeyə
malikdir.
Naxçıvanda bir müddət yazıçılara rəhbərlik
etmiş ədəbi mühitin ağsaqqal nümayəndəsi
olan Nağı Nağıyev həm də teatr və mədəniyyətin
inkişafına da verdiyi töhfələrlə, göstərdiyi
xidmətlərlə yadda qalmışdır. Əsərlərindəki
yüksək humanist amallar, ali əxlaqi-mənəvi keyfiyyətlər
onun yaradıcılığını gələcək nəsillərin
mütaliə mənbəyinə çevirir. Bu
tanınmış yazıçının adı bu gün də
hörmətlə xatırlanır və xatirəsi ehtiramla
yad edilir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent