Layiqli övlad, etibarlı həyat yoldaşı, fədakar ana, peşəkar həkim - Zərifə xanım Əliyeva

 

Gözəl insan, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın böyüklüyü haqqında danışmağa zaman yetməz. O, böyük dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycanı müstəqilliyə gətirib çıxaran Ulu Öndərin həyat yoldaşı, bu gün hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin anası idi.

 

Bu fikri aprelin 28-də - görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günündə Milli Məclisin deputatı Pərvin Kərimzadə AZƏRTAC-a müsahibəsində söyləyib. O qeyd edib ki, Zərifə Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, tibb elminə töhfələr vermiş həkim-oftalmoloq, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri kimi yaddaşlara əbədi həkk olunub.

 

Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan danışan Pərvin Kərimzadə gözlərə nur gətirən bu xanımın elmdə böyük nailiyyətlər qazandığını vurğulayıb. Diqqətə çatdırıb ki, müxtəlif dövlət mükafatlarına layiq görülərək, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. Həkim alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Onun üçün elmlər doktoru adını almaqdan öncə insanların görmə qabiliyyətinin yaxşılaşdırılması prioritet məsələ idi.

 

Pərvin Kərimzadə vurğulayıb ki, Heydər Əliyev kimi böyük şəxsiyyətin məhəbbətinə layiq olmaq təkcə böyük xoşbəxtlik yox, həm böyük məsuliyyət idi. Ancaq seçilmiş insan belə məhəbbətə layiq ola bilərdi! Zərifə xanım bir ona görə xoşbəxt insanlardandır ki, bu gün onun ocağında xeyirxahlıq mücəssəməsi olan Mehriban xanım Əliyeva var.

 

Deputat bildirib ki, həyatda belə böyük sevgi qazanmaq, özündən sonra nurlu xatirələr qoyub getmək çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır. Onun işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bu gün ulu öndər Heydər Əliyevin Zərifə xanımın xeyirxahlığı, xalqa məhəbbəti, mənəvi saflığı, fədakarlığı Prezident İlham Əliyevin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətində davam etdirilir.

 

Pərvin Kərimzadə

İki sahil.- 2020.- 29 aprel.- S.14.