Azərbaycan Elmlər Akademiyasının yaradılmasından sonra Naxçıvanda fundamental və tətbiqi elm sahələrinin inkişafı

 

Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən xalqlar, dövlətlər və onların başçıları bununla öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin etməklə yanaşı, həm də dünya elminə, mədəniyyətinə , ümumiyyətlə, sivilizasiyaya böyük töhfə vermiş olurlar. Təsadüfi deyil ki, Yer kürəsində yaşayan çoxsaylı xalqlar içərisində o xalqların adı daha öndə və hörmətlə çəkilir ki, onların bu sahədə payları daha çoxdur. Böyük qürur hissi ilə söyləmək olar ki, xalqımızın adı da həmin simvolik siyahıda kifayət qədər öndə yerləşdirilə bilər. Bu baxımdan respublikamızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da istisna təşkil etmir. Məlumdur ki, Naxçıvan diyarı hələ lap qədimlərdən Yaxın və orta Şərqin çox mühüm elm mərkəzlərindən biri olmuşdur. Bu diyar orta əsrlərdə Azərbaycan elminə bütün bölgədə yüksək şöhrət qazandırmış onlarla görkəmli elm adamı bəxş etmişdir. Onlar öz zamanlarında dünya elm xəzinəsinə çoxsaylı dəyərli töhfələr vermişlər. Lakin qeyd etmək vacibdir ki, Azərbaycanda, o cümlədən də Naxçıvan Muxtar Respublikasında müasir elmin əksər sahələrinin yüksək inkişaf yoluna qədəm qoyması XX əsrin 20-ci illərindən başlanmışdır. “Azərbaycanı Tədqiq və Tətöbbö” Cəmiyyətinin Naxçıvan şöbəsinin yaradılması bu diyarın zəngin təbii sərvətlərinin aşkara çıxarılmasında, tarixinin, elm və mədəni irsinin öyrənilməsində müəyyən rol oynamışdır. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyasının yaradılması isə respublikanın digər bölgələri ilə yanaşı, muxtar respublikada da elmin inkişafına daha güclü təkan vermişdir. Bundan sonra muxtar respublikada bir çox elmi idarənin, məsələn Araz ( Naxçıvan) Kompleks Zona Təcrübə Stansiyasının, Naxçıvan Elmi-Tədqiat Baytarlıq Stansiyasının, AMEA-nın Naxçıvan Regional Elm Mərkəzinin, Elm və Texnika Mərkəzinin, Şamaxı Astrofizika Rəsədxanasının Günəşi Müşahidə Stansiyasının ( Batabat Rəsədxansının) yaradılması digər elmlərlə yanaşı, fundamental elmlərin də inkişafına böyük təkan vermişdir. Bu baxımdan 1972-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmış Naxçıvan Elm Mərkəzində fundamental elmin müxtəlif sahələri üzrə aparılan tədqiqatlar xüsusilə yüksək önəm kəsb edir.

 

Respublikamız müstəqillik əldə etdikdən sonra da elmin inkişafına daim yüksək önəm verən xalqımızın ümummilli lideri Heydər Əliyev məlum çətinliklərə baxmayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsünü və Azərbaycanın bu bölgəsinin geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqust ayının 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında 1003¹ li tarixi Sərəncam imzalamışdır. Həmin il avqust ayının 12-də Naxçıvan Muxtar Respublikasında bu münasibətlə keçirilən müşavirədə sədrlik edən ümummilli liderimiz öz nitqində demişdir: ? Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, eliminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməybdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.

 

Beləliklə, Azərbaycan Milli Elmlər Akdemiyasının Naxçıvan Bölməsi əvvəllər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı ilə yaradılmış Naxçıvan Regional Elm Mərkəzi və digər elmi idarələrin bazasında yaradılmışdır. Hələ o vaxtlar Ulu Öndərin qayğısı nəticəsində Naxçıvan Regional Elm Mərkəzinin maddi-texniki bazasının yaradılması və kadr potensialının formalaşdırılması sahəsində işlərin görülməsi bu elm ocağının qısa müddətdə işlək hala düşməsinə əhəmiyyətli dərəcədə kömək etmişdir. Bölmənin yaradılmasından sonra Naxçıvanda elmin vahid mərkəzdən idarə edilməsi, əlaqələdirilməsi, elmi kadrların hazırlanması və regionun hərtərəfli öyrənilməsi istiqamətində fəaliyyət üçün şəraitin yaranmasına səbəb oldu. Qeyd edilən Sərəncama müvafiq olaraq Bölmədə 6 Elmi Tədqiqat İnstitutu-Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; rəhbərliyi mənə həvalə edilən Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.   

 

Məlumdur ki, elmin inkişafı təkcə yuxarıda göstərilən elm ocaqlarının açılmasından və onların maddi-texniki təminatından deyil, həm də orada çalışacaq yüksək ixtisaslı kadırların hazırlıq səviyyəsindən, onların elmi fəaliyyətindən də aslıdır. Bu amili nəzərə alaraq 1998-ci ildən Naxçıvan Dövlət Universitetində dörd ixtisas üzrə, 2006-cı ildən isə AMEA Naxçıvan Bölməsində üç ixtisas üzrə Dissertasiya şuralarının yaradılması və fəaliyyəti yüksək ixtisaslı elmi kadrların, o cümlədən fundamental elmlər sahələrində çalışan kadrların hazırlanması işinə öz müsbət təsirini göstərmiş və bu gün də göstərir. Təsadüfi deyil ki, 1995-ci ilə qədər Naxçıvan Muxtar Respublikasında 5 nəfər elmlər doktoru, 100-dən bir qədər artıq fəlsəfə doktoru olduğu halda, hazırda elmlər doktorlarının sayı 38-ə, fəlsəfə doktorlarının sayı isə 300-ə çatmışdır və bu say durmadan artmaqdadır. AMEA-ya 2003, 2007, 2014 və 2017 -ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm və təhsil işçilərindən 3-ü akademik, 13-ü isə müxbir üzvü seçilmişdir.İstər Dissertasiya şuralarının yaradılması, istərsə də AMEA-ya keçirilən seçkilərdə əldə edilən uğurlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü, diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.

 

Uzun illərdən bəri, xüsusilə də AMEA və onun Naxçıvan Bölməsinin yaradılmasından sonra Naxçıvan diyarında elmin inkişafı məqsədi ilə həyata keçirilmiş bütün bu işlər öz müsbət bəhrəsini vermiş və bu gün də verməkdədir. Bütün bu illər ərzində Ulu Öndərin də tövsiyə etdiyi kimi, Naxçıvan Muxtar Respublikasının qədim tarixi, mədəniyyəti, ədəbiyyatı ilə yanaşı, onun təbiəti, təbii sərvvətləri, torpağı, suyu və.s ilə bağlı da fundamental tədqiqatlar aparılmış və onlar bu gün də davam etdirilir. Müxtəlif dövrlərdə həyata keçirilən, xüsusilə də 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra daha da genişləndirilən geoloji-kəşfiyyat işlərinin nəticəsində muxtar respublikanın ərazisində mövcud olan çoxsaylı faydalı qazıntılar aşkara çıxarılmış, onlarla bağlı vacib parametrlər təyin edilmişdir. Göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının mineral ehtiyatları kifayət qədər perspektivlidir.

 

Həmçinin göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının faydalı qazıntılarını şərti olaraq aşağıdakı qruplara bölmək olar. Metal faydalı qazıntılar; Qeyri-filiz faydalı qazıntılar; Bəzək daşları; Tikinti materialları. Hər bir qrupdan olan faydalı qazıntıların özlərini də çoxlu sayda yarımqruplara bölmək olar. Məsələn, metal faydalı qazıntılarını aşağıdakı yarımqruplara bölmək olar: Dəmir və manqan filizləri, Mis filizləri, Molibden filizləri, Volfrom filizləri, Qurğuşun və sink filizləri, Alüminium filizləri, Maqneziumlu karbonat filizləri, Kobaltlı filizlər, Civə-sürmə-mərgümüş filizləri, Qızıl filizi, Uran filizi.

 

Qeyri-filiz faydalı qazıntılarını aşağıdakı yarımquruplara bölmək olar: Dağ kimyəvi xammal yataqları (məs.daşduz, dolamit, kükürd, şüşə sənayesi üçün mineral xammalar və s.); Aqro kimyəvi xammal yataqları (məs. fosforit, seolit); Yanar faydalı qazıntılar (məs.torf); Mineral piqmentlər (məs. təbii mineral boya xammalı, Gülüstan oxra yatağı). Bəzək daşlarına sirab araqonit ( mərmər oniksi) yatağı, Biləv mərmər oniksi təzahürü, Kilit buynuzdaşı yatağı, Parağaçay andaluzit-rutil təzahürü və s. misal göstərilə bilər. Tikinti materiallarını aşağıdakı qruplara bölmək olar: Üzlük daşlar( məs. travertin, maqmatik mənşəli üzlük daşları və.s); Divar ( mişar) daşı; Gil; Sement sənayesi üçün xammallar; Büzücü materiallar istehsalı üçün mineral xammallar; Gips və gəc; əhəng; Qum-çınqıl qarışığı və tikinti qumu; Tikinti daşı.

 

Qeyd olunduğu kimi, AMEA Naxçıvan Bölməsi AMEA-nın Naxçıvan Regional Elm Mərkəzinin bazasında yaradılmışdır. Burada çalışan tədqiqatçılar hələ Elmi Mərkəz dövründən kifayət qədər aktual mövzular üzərində çalışmış və bu gün də həmin istiqamətdə olan işləri davam etdirirlər.

 

Kimyaçılarımızın araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının (DTS) kompleks öyrənilməsinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-arsen konsentratının, sonda isə yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi belə işlərdəndir. Karbon qazının alınması ilə bağlı Mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işləməsi üçün də axtarışlar aparmışlar. Bu araşdırmalar respublika dövlət mükafatına layiq görülmüşdür ki, bu da mərkəzin yüksək uğurlarından biri sayılır.

 

DTS-nun araşdırılması ilə bağlı uzun illərdən bəri aparılan tədqiqatlar xüsusilə yüksək aktuallıq kəsb edir. Məlumdur ki, dünyada arsenli sular içərisində əsas yeri karbonatlı-arsenli sular tutur. Bunların əsas xüsusiyyəti tərkiblərində yüksək miqdarda karbon qazının olmasıdır. Qazın miqdarı 3,5-9,0 q/l-ə çatır. Ayrılan qaz qarışığında karbon qazının miqdarı yüksək olub 95-100 % təşkil edir. Qalan hissə azotun və təsirsiz qazların payına düşür. DTS qrupu MDB-də ən yüksək debitli mineral su mənbələridir. Mənbələr Culfa şəhərindən 9 km şimal-şərqdə, dəniz səviyyəsindən 900 m yüksəklikdə, Şorsuçay dərəsində bir-birindən 0,5-2 km məsafədə yerləşir. Dövlət Ehtiyatlar Komitəsi tərəfindən Darıdağ mineral suların istismar ehtiyatı 4,5 min m3/sutka olduğu təsdiq edilmişdir. DTS-nin dünya arsenli suları içərisində öz müalicəvi əhəmiyyətinə görə xüsusi yeri var. Hazırda xüsusi şəraitdə suyun quru qalığı alınaraq satışa verilir.

 

Yuxarıdakı məlumatdan da görünür ki, DTS -nin tərkibində asan emal edilən və Naxçıvan Muxtar Respublikasında böyük tələbat olan komponentlərdən biri də karbon qazıdır. Suda spontan karbon qazından başqa həll olmuş formada karbon qazı da vardır. Suyun kompleks emalı prosesində karbon qazının hər iki forması sərbəstləşir. 1980-ci ildə Darıdağ ərazisində maye karbon qazı istehsal edən sex yaradılmışdır. Sonrakı dövrlərdə sex Darıdağ Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, 2008-ci il dekabr ayından isə “Karbon Qazı Zavodu” ASC kimi fəaliyyət göstərir. 2007-ci ildə Sahibkarlığa Kömək Fondundan zavoda 680 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İkimərtəbəli inzibati və istehsal binasından ibarət olan müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmış, qazın mənbəyindən zavoda qədər 2650 metr boru xəttində təmir işləri yerinə yetirimişdir. Zavoda Rusiya Federasiyası və Ukraynadan müasir texnoloji avadanlıqlar alınıb gətirilmiş və quraşdırılmışdır. Zavodun illik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buzdur.

 

Darıdağ antimonit yatağı filizindən sürmənin müxtəlif üçlü halogenitlərinin və metal sürmənin alınması metodları da kimyaçılarımız tərəfindən işlənmişdir. Bundan başqa, Darıdağ arsen filizindən arsenin bir sıra ikili və üçlü birləşmələrinin alınması da kimyaçılarımız tərəfidən həyata keçirilmişdir. Biləv alüminium süxurundan alüminiumun bir neçə birləşməsinin (kalium-alüminium zəyi, alüminium-sulfat və alüminium hidroksid) alınmasının elmi əsasları da kimyaçılarımız tərəfindən verilmişdir. Kimyaçılarımızın mühüm işlərindən biri də Gümüşlü sink-qurğuşun filizindən metal qurğuşunun alınması texnologiyasının işlənib hazırlanması, eyni zamanda, Gümüşlü flotasiya fabrikinin tullantısından 65-70%-li barium sulfat konsentratının alınması və onun fabrik miqyasında sınaqdan keçirilməsi olmuşdur.

 

Parağaçay molibdenit yatağının işlənməsi də kimyaçılarımızın xidmətlərindəndir. Molibdenit filizi də flotasiya üsulu ilə zənginləşdirilmiş, iki təmizləmədən sonra 18-20% -li molibdenit konsentratı alınmışdır ki, onların əsasında isə sonda molibdenin bir sıra üçlü birləşmələri alınmışdır.

 

Kimyaçılarımız tərəfindən çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu ilə ayrılmasının nəzəri və praktik əsasları da işlənib hazırlanmış, müxtəlif ionitlərilə bəzi ağır metal ionlarının udulmasının kinetikası və dinamikası öyrənilmişdir. Təbii seolitin termiki emalı, alınmış məhsulun fiziki-kimyəvi xassələri, kimyəvi modifikasiyasının, dehidratlaşmanın mexanizmi öyrənilmişdir. Naxçıvan Muxtar Respublikası ərazisində olan bulaq və çay sularının tədqiqi də kimyaçılarımıza məxsusdur. Təbii suların yayılma qanunauyğunluqları, onların kimyəvi tərkibi, ehtiyatı, suvarmaya yararlığının qiymətləndirilməsi bu tədqiqatlardandır.

 

Qeyd edilən işlər bu gün də yüksək aktuallıq kəsb etdiyindən kimyaçılarımız tərəfindən davam etdirilir. Yaxın gələcəkdə muxtar respublika ərazisində böyük ehtiyatları olan gillərin tədqiqi və tətbiqi ilə bağlı işlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

 

(Ardı var)

 

Tofiq Əliyev,

 

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar

İnstitutunun direktoru, AMEA-nın  müxbir üzvü, professor

İki sahil.- 2020.- 20 aprel.- S.-20.