Azərbaycan Elmlər Akademiyasının yaradılmasından sonra Naxçıvanda fundamental və tətbiqi elm sahələrinin inkişafı

 

 

 

Respublikamızda elmlər Akademiyasının, xüsusilə də AMEA  Naxçıvan Bölməsinin yaradılmasından sonra muxtar respublikamızda fundamental və tətbiqi elmlərin digər sahələrindədə nəhəng inkişafa nail olunmuşdur. Fiziklərimiz Naxçıvan Muxtar Respublikası ərazisində alternativ (bərpa olunan) enerji mənbələrinin öyrənilməsi, yarımkeçirici nazik təbəqələr əsasında yüksək effektli fotovoltaik materialların və çeviricilərin alınması, alınmış strukturların fotoelektrik və optik xassələrinin  araşdırılması sahəsində tədqiatlar aparılmış və bugün də onu davam  etdirirlər. Muxtar Respublikada 2500 m hündürlükdə çaylar şəbəkəsinin sıxlığı araşdırılmış, bir sıra ölçmələr həyata keçirilmiş, çaylarda su sərfinin get-gedə zəifləməsi  müəyyən edilmişdir. Çayların enerji ehtiyatları öyrənilmiş, bu enerjinin elektrik enerjisinə çevrilməsi üsulları elmi əsaslandırılmışdır. Enerji alınması üçün istifadə olunması nəzərdə tutulan qurğuların etibarlı, davamlı və uzunmüddətli istismar edilmələri üçün onların əsas iqtisadi göstəriciləri müəyyənləşdirilmiş və bu  enerji sistemlərinin yerləşdirilmələrinin iqtisadi məqsədəuyğunluğu aydınlaşdırılmışdır.Həmçinin günəş çevricilərində geniş istifadə edilən birləşmələrin nano hissəciklərinin və nazik təbəqələrinin alınması istiqamətində işlər aparılmışdır və  aparılır. Belə ki, kadmium-sulfidin kadmium-telluridə onun isə telluratransformasiyası    tellurunhəllolması ilə gedən ardıcıl prosesin tsiklik xarakterli olub-olmaması aydınlaşdırılmış, ilk dəfə olaraq kadmium-sulfid nazik təbəqələrində və narın tozunda metastabil hal aşkar edilmiş və metastabil haldakı kadmium-sulfid nazik təbəqəsi ilə  normal haldakı nazik təbəqənin optik xassələri müqayisə olunmuş, metastabil halda qadağan olunmuş zonanın eninin  2,5 eV-dan 2,0 eV-a qədər azaldığı müəyyən edilmişdir.

 

Bu dövdə alimlərimizin fundamental elmlərlə bağlı 40 - dan artıq monoqrafiya və kitabları nəşr edilmiş, onlar 20-dən  çox patent almışlar.

 

Azərbaycanda Elmlər Akademiyasının yaradılmasından təqribən 5 il, Aşqabad zəlzələsindən 2 il sonra (1950) Naxçıvanda Seysmoloji Xidmət Mərkəzi yaradılmışdır. Lakin bu stansiyada quraşdırılan seysmoqrafın texniki imkanları məhdud olduğundan o yalnız maqnitudası 4-dən böyük olan zəlzələləri qeydə ala bilirdi. Respublikamız müstəqillik əldə etdikdən sonra fundamental elmlərin digər sahələri kimi seysmoloji xidmət sahəsində də çox ciddi irəliləyişlərə nail olunmuşdur. Belə ki, 12 may 2004-cü ildə bu xidmət mərkəzi AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun tabeliyinə verildikdən sonra mərkəzin işində böyük bir canlanma olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı sayəsində mərkəzə müasir standartlara cavab verən peyk-rabitə sistemli rəqəmsal telemetrik stansiyaların alınıb quraşdırılmasından sonra (31 avqust 2016-cı il) Mərkəzdə aparılan ölçmələr dünya standartlarına tam cavab verir. Bu stansiyaların köməkliyi və proqram təminatı sayəsində maqnitudası hətta 0,01 olan zəlzələləri də qeydə almaq mümkün olmuşdur. Həm də bu ölçmələr 2500 km radiusda yerləşən məntəqələri (Naxçıvan Muxtar Respublikası ilə yanaşı respublikamızın digər bölgələrində, eləcə də qardaş Türkiyə, İran İslam Respublikası və Qərbi Azərbaycan ərazilərini) də əhatə edir, 500 km radiusda yerləşən məntəqələrdə baş verən zəlzələləri yüksək dəqiqliklə qeydə alır. Seysmoloji Xidmət Mərzəzinin muxtar respublika ərazisində yerləşən Heydərabad, Şahbuz, Naxçıvan və Ordubad stansiyalarından ötürülən siqnallar emal edildikdən sonra alınmış məlumat operativ qaydada lazımi yerlərə çatdırılır.

 

AMEA-nın və onun Naxçıvan Bölməsinin yaradılmasından sonra elmin digər sahələri kimi astronomiyanın da Azərbaycanda geniş vüsət aldığı bir dövr olmuşdur. Şamaxı Astrofizika Rəsədxanasının, onun Batabat bölməsinin və müşahidə stansiyalarının, kosmosun tədqiqi ilə bağlı digər müəssisələrin yaradılması, yüzlərlə yüksək ixtisaslı mütəxəssislərin yetişməsi, mükəmməl bir astronomiya məktəbinin formalaşması məhz bu dövrə təsadüf edir.

 

Qeyd etmək lazımdır ki, Azərbaycanda astronomiya rəsədxanasının yaradılması məsələsi hələ  1927-ci ildə ortaya qoyulsa da otuzuncu illərin məlum hadisələri və İkinci dünya müharibəsi bu işlərin tamamlanmasına imkan verməmişdi.

 

Müharibədən sonra Azərbaycanda rəsədxana üçün müvafiq yerin seçilməsi məsələsi yenidən gündəmə gəlmişdir. Moskva və Leninqrad alimlərinin də yaxından iştirak etdiyi ekspedisiyaların Azərbaycanın demək olar ki, bütün dağlıq regionlarında apardıqları tədqiqatlar nəticəsində gələcək rəsədxananın yeri Şamaxı rayonu ərazisində müəyyən edilmişdir. Rəsədxananın strukturu, orada qurulacaq cihazlar, kadr məsələsi və digər təşkilati məsələlər həll edildikdən sonra, 1959-cu ilin noyabr ayında Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) yaradılması haqqında müvafiq qərar verilmişdir.

 

XX əsrin 60-cı illərinin sonunda -Ulu Öndərin birinci hakimiyyəti dövründə  Şamaxı Astrofizika Rəsədxanasında astronomik müşahidələrin artıq tam qaydaya düşdüyü bir vaxtda, rəsədxananın daha yüksək bir nöqtədə yerləşə bilən müşahidə stansiyasının yaradılması zərurəti ortaya çıxmışdır.  Bu yer astronomik iqliminə görə ŞAR-dan da üstün olmalı idi. Bunun üçün dəfələrlə bir sıra zonalar, o cümlədən Naxçıvan MSSR-nin də bəzi məntəqələri nəzərdən keçirilmişdir(Bu işdə o vaxtlar Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədrinin birinci müavini olan dosent Səfərəli Babayevin də xüsusi xidməti olmuşdur). Nəhayət yekunda müşahidə stansiyasının Şahbuz rayonunun Batabat adlanan ərazisində qurulması qərara alınmış və Azərbaycan SSR EA Rəyasət Heyətinin 1971-ci il mart ayının 25-də qəbul etdiyi 13 saylı qərar əsasında ŞAR-ın Batabat bölməsi yaradılmışdır.

 

Az bir müddət ərzində Dəniz səviyyəsindən təqribən 2050 m hündürlükdə yerləşən Batabat stansiyasında Kude sistemində işləyən 200 mm-lik bir teleskop qurulmuş, Bakı, Moskva və Leninqrad Universitetlərini bitirmiş yerli gənclər işə cəlb olunmuşdur. 1974-cü ildə Batabat bölməsində ilk böyük teleskop – Günəş Koronoqrafı qurulmuş, həmin teleskopda Günəş fizikası sahəsində aparılan  tədqiqatlar çərçivəsində müşahidələrə başlanmış və çox maraqlı elmi nəticələr alınmşdır. Bu işlər Moskva astronomları ilə müştərək olaraq yerinə yetirilmişdir.

 

Batabat bölməsi çox qısa vaxt ərzində keçmiş Sovet İttifaqının məşhur astronomik mərkəzləri ilə əlaqə yaratmışdır. 1976-cı ildə burada Tam Günəş Tutulmasının müşahidəsi təşkil oluunmuş, 1978 və 1979-cu illərdə kometlər üzrə Ümumittifaq konfransları keçirilmişdir. 1970-80-ci illərdə Batabat bölməsi əməkdaşlarının 120-dən çox   elmi əsəri SSRİ-nin və Avropanın bir çox nüfuzlu elmi jurnallarında çap olunmuşdur.

 

1980-ci ildə xalqımızın  Ümummilli lideri Heydər Əliyevin Naxçıvana səfəri çərçivəsində Batabat bölməsində olması, bölmənin həyatında mühüm hadisə idi. Batabat bölməsinin fəaliyyəti ilə yaxından tanış olan Ümummilli lider həmin vaxt orada olan Azərbaycan SSR Elmlər Akademiyasının Prezidentinə, ŞAR-ın direktoruna və Naxçıvan MSSR-nin yüksək partiya və hökümət rəhbərlərinə Batabat bölməsinin inkişaf etdirilməsi barədə tapşırıq və tövsiyyələr vermişdir. Artıq 80-ci illərin sonlarında ŞAR-ın Batabat bölməsi keçmiş SSRİ-də kifayət qədər tanınmış mükəmməl bir rəsədxana kimi formalaşmışdı. Bölmə əməkdaşlarının Moskvada, Leninqradda və Kiyevdə çalışan məşhur alimlərlə müştərək elmi məqalələri dərc edilməyə başlanmışdır. Batabat bölməsində əsasən Göy mexanikası, Günəş fizikası, ulduz astronomiyası və qalaktikalar sahəsində tədqiqatlar aparılırmış və bugün də həmin tədqiqatlar davam etdirilir.

 

1990-cı ilin yazında Batabat bölməsində “Seiss-600” teleskopu quraşdırılmışdır. Bu işdə Krım Astrofizika Rəsədxanasının əməkdaşları da yaxından iştirak etmişdilər. Bu, bölmənin həyatında olduqca əlamətdar bir hadisə idi. Göstərilən teleskopun qurulması ilə Batabat bölməsində elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi nəzərdə tutulurdu . Bununla belə, təəssüflə qeyd ediməlidir ki, 1988-ci ildən başlayaraq Naxçıvanın mənfur ermənilər tərəfindən blokada vəziyyətinə salınması və Batabat bölməsinin Ermənistanla həmsərhəd ərazidə atəş xətti zonasında yerləşməsi bu elmi idarənin fəaliyyətində mənfi faktora çevrildi. 1991-ci ildən 2000-ci ilə qədər Batabat bölməsinin ərazisi ordu hissələrinin nəzarətində olmuşdur. Bu dövrdə bölmədə nəinki elmi-tədqiqat işləri ilə məşğul olmaq, bəzən hətta əraziyə nəzarət etmək belə mümkün olmamışdır. Nəticədə bölmənin fəaliyyəti iflic vəziyyətinə düşmüş və bölmənin həm kadr potensialı, həm də maddi-texniki bazası ciddi itkiyə məruz qalmışdır.

 

 Qeyd edildiyi kimi, hələ keçən əsrin 20-ci illərində Leninqrad astonomları Azərbaycan ərazisində astronomik stansiya qurmaq ideyası üzərində işləyirdilər. Bu ideyanı həyata keçirmək onlara yalnız 60-cı illərin sonunda, ulu öndərin birinci hakimiyyəti dövründə  müyəssər olmuşdu. 1969-cu ildən başlayaraq Ordubad rayonunun Ağdərə məntəqəsində Pulkovo Rəsədxanasının daimi ekspedisiyası fəaliyyətə başlamışdı. Artıq 80-ci illərin əvvəllərində Ağdərə Astronomiya Stansiyasında (AAS) iki teleskop – astroqraf “AFR-1” və uzun fokuslu meniskli “Ay-Planet” teleskopu fəaliyyət göstərirdi. 80-ci illərdə Leninqrad astronomları AAS-da qiymətli mövqe müşahidələri aparmışdılar. Bunların içərisində Sovet-Amerika birgə “VEQA” proqramı çərçivəsində Halley kometinin yerüstü müşahidələri xüsusi yer tuturdu.

 

Təəssüflər olsun ki, 80-ci illərin sonunda baş verən məlum  dağıdıcı proseslər, AAS-nın fəaliyyətinə də son dərəcə mənfi təsir göstərdi. 1991-ci ildə Leninqradlı astronomlar stansiyanı tərk etdilər. AAS 1997-ci ilədək faktiki olaraq nəzarətsiz qaldı. Azərbaycan EA Rəyasət Heyətinin 05 noyabr 1997-ci il tarixli qərarı ilə AAS Şamaxı Astrofizika Rəsədxanasına birləşdirildi. Batabat Astrofizika Rəsədxanası isə AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasından sonra,  2003-cü ilin yanvar ayından yenidən faktiki fəaliyyətə başlamışdır.

 

Müstəqillik illərində Azərbaycan Respublikasında, o cümlədən muxtar respublikamızda elm və təhsilə göstərilən yüksək dövlət qayğısı Batabat Astrofizika Rəsədxanasını da əhatə etmişdir. Məhz bu qayğı nəticəsində 2004-cü ildə Naxçıvan şəhərində Rəsədxana üçün inzibati bina istifadəyə verilmiş, 2006-2007-ci illər ərzində ŞAR-ın Batabat bölməsi yerləşdiyi ərazidə tam şəkildə müasir tələblərə cavab verən inzibati bina tikilərək Rəsədxana əməkdaşlarının istifadəsinə verilmişdir.“Seyss-600” teleskopu Krım Astrofizika Rəsədxanasına göndərilərək müasir səviyyədə modernləşdirilmiş və 2007-ci ilin sentyabr ayında Batabatda quraşdırılmışdır.

 

Bu gün AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Şahbuz rayonu ərazisindəki Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarət bir struktur daxilində fəaliyyət göstərir. Burada çalışan əməkdaşların elmi fəaliyyəti üçün lazımi şərait yaradılmış, elmi-tədqiqat işləri yüksək səviyyədə, ən müasir cihaz və avadanlıqlarların köməyi ilə yerinə yetirilir. Batabat Astrofizika Rəsədxanası həm  Respublikamızın, həm region ölkələrinin, həm də bəzi postsovet ölkələrinin uyğun elmi-tədqiqat qurumları ilə sıx əlaqə saxlayır. Bu əlaqələr əsasən elmi kadrların yetişdirilməsində, cihaz və avadanlıqların hazırlanmasında, birgə qrant layihələrində, müştərək elmi-tədqiqat işlərinin aparılmasında və elmi seminar və konfransların keçirilməsində özünü göstərir.

 

Beləliklə, yuxarıda verilən qısa məlumatdan bir daha aydın olur ki, AMEA-nın, xüsusilə də onun Naxçıvan Bölməsinin  yaradılması muxtar respublikada digər elmlərlə yanaşı fundamental və tətbiqi elmlər sahəsində də aparılan işlərin vahid mərkəzdən idarə olunmasına, onların daha rasional əlaqələndirilməsinə əlverişli şərait yaranmışdır ki, bu da öz növbəsində həmin elmlərin yüksək inkişaf səviyyəsinə qalxmasına səbəb olmuşdur. Respublikamızın müstəqillik əldə etməsindən sonra elm və təhsilə yüksək dövlət qayğısının göstərilməsi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və bu gün onun işini layiqincə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sahədə həyata keçirdikləri işlər qədim Naxçıvan Diyarının möhtəşəm inkişaf səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur.

 

Tofiq Əliyev

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar

İnstitutunun direktoru, AMEA-nın

müxbir üzvü, professor

 

İki sahil.- 2020.- 30 aprel.- S.15.