Fəttah Heydərova “vida
sözü”
Azərbaycan
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
deputatı Fəttah Heydərovun vəfatı ölkə
ictimaiyyəti üçün böyük itkidir.
Əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri kimi başlamış Fəttah Heydərov sonralar muxtar respublikanın Mədəniyyət naziri, 1995-ci ildən altı çağırış Milli Məclisin deputatı kimi ictimaiyyətin rəğbətini qazanmışdı. Onun ilk baxışda sadə rəqəmlərlə və adi sözlərlə ifadə olunan həyat yolunun hər addımında ölkəmizin problemlərinin izi qalır. Azərbaycanda az adam tapılar ki, el ağsaqqalı F.Heydərovla xoş təmasda olmasın. Bu nurani insanı fərqləndirən ən mühüm cəhətlərdən biri də onun insanlara ədalətlə dəyər verməsi idi. Partiya funksioneri kimi, ictimai işlə əlaqədar, Azərbaycan elmi ilə bağlı və digər mövzularda müzakirələrimizdə mən onun obyektiv fikirlərinin, səmimi münasibətinin dəfələrlə şahidi olmuşam. Fəttah Heydərovun bu məziyyətləri ölkə mediasının da diqqətindən yayınmırdı.
İndi onun ümummilli lider Heydər Əliyevlə bağlı verilmiş suala cavabını xatırlayıram: “Heydər Əliyevin açdığı yolun əsasında nə dururdu? Bu yolun əsasında duran o idi ki, Azərbaycan müstəqil dövlət olaraq xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirsin. Yəni bu xalqın özünə məxsus nələri varsa, onları mənimsəsin. Heydər Əliyev hələ Naxçıvanda olarkən bu yolun iqtisadi cəhətlərini kəşf etmiş və tətbiq etmişdi. Başqa sözlə, SSRİ-nin tərkibindən və kommunizmin təsirindən çıxandan sonra yeni bir yol açılmalı idi. Heydər Əliyev o yolu kəşf etdi. O yol xalqın milli-mənəvi sərvətlərini özünə qaytarmaq, bu sahədəki problemləri aradan qaldırmaqdan başlayırdı”.
Zəngin dünyagörüşlü ziyalı olan F.Heydərov Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinə, ölkədəki sabitliyə, onun beynəlxalq arenada inamlı söz sahibi olmasına, ölkəmizin iqtisadi qüdrətinin günbəgün artmasına səmimi-qəlbdən sevinirdi. O, həmişə əminliklə deyirdi ki, Azərbaycan dövlətinin gələcəyi parlaq və daimidir. Fəttah Heydərovu heç vaxt tərk etməyən bu inamı və ümumilikdə keçdiyi şərəfli həyat yolu indiki nəsil üçün bir nümunə kimi yadigar qaldı.
Allah sənə rəhmət eləsin, böyük insan!
Akif Əlizadə,
AMEA Geologiya və Geofizika
İnstitutunun direktoru, akademik
İki sahil.- 2020.- 6 avqust.- S.7.