Sözümüz imzamız qədər təsirlidir

 

Azərbaycan diasporunun uğurlu  fəaliyyəti ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı bu imicə yeni əlavələr edir    

 

Koronavirus pandemiyası hər bir dövlətin  beynəlxalq münasibətlər sistemində yeri və roluna aydınlıq gətirdi. COVID-19-un qlobal problem olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev birgə səylərin göstərilməsinin vacibliyini irəli sürdüyü təşəbbüsləri ilə nümayiş etdirdi. Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin, nüfuzunun göstəricisi kimi dəyərləndirildi. Azərbaycandan səslənən “COVID-19-a qarşı birlikdəyik” çağırışı bir daha təsdiqlədi ki, ölkəmiz həmrəyliyi sözdə deyil, əməldə təsdiqləyir. Azərbaycanın bu təşəbbüsləri ilə yanaşı, 30-dan çox   ölkəyə humanitar və maliyyə yardımı göstərməsi də beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirildi. “Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir.

Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində ölkə daxilində və beynəlxalq müstəvidə təşəbbüslərimiz  əməkdaşlığı təşviq edən təşəbbüslərdir.  Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib. Ən əsası,  əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazanmaq olar. Azərbaycan  heç vaxt hansısa bir ölkənin çətin vəziyyətindən istifadə edib özü üçün nəyisə qoparmağa çalışmayıb.

Ölkəmizin koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda həm birlik, həmrəylik təşəbbüsləri və onları reallıqda təsdiqləməsi, eyni zamanda,  xeyli sayda ölkəyə humanitar və maliyyə yardımı göstərməsi, müxtəlif beynəlxalq maliyyə qurumlarının rəsmiləri və digər nümayəndələri ilə, üçtərəfli formatda əməkdaşlığa verdiyi önəmdən irəli gələrək təşkil olunan görüşlər və sair təsdiqləyir ki, ən çətin anlarda belə daxilixarici siyasətin prioritetlərinin müəyyənləşdirilməsi öz aktuallığını saxlayır. Azərbaycan dünyanı birləşdirən ölkə imicinə yeni əlavələr etməklə tolerantlıq, multikultural dəyərlərə  böyük önəm verdiyini nümayiş etdirir. Düzgün müəyyənləşdirilən, xalqın, dövlətin maraqlarına xidmət edən siyasətin uğurlarının davamlılığı qaçılmazdır.

Dövlətimizin başçısı İlham Əliyev, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak etdi. Avropa İttifaqı ilə əməkdaşlıq  Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir” söyləyən cənab İlham Əliyev qurumun Azərbaycanın yeganə problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəstəkləməsini yüksək dəyərləndirmişdir. Qeyd edək ki, 2018-ci ildə cənab İlham Əliyevin Belçika Krallığına səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində  hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Bildirilir ki, Ermənistan və Azərbaycan arasında münaqişə eyni prinsiplər əsasında həll edilməlidir.

COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, hər bir ölkənin bu bəladan yaxa qurtarmaq üçün yollar axtardığı zamanda Azərbaycanın təşəbbüsçüsü olduğu Zirvə görüşləri, yaxud hər zaman olduğu kimi, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək üçün ideal məkan kimi seçilməsindən irəli gələrək pandemiyanın tələblərinə uyğun olaraq videoformatda keçirilən sammitlər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyini daha da möhkəmləndirməklə yanaşı, belə çətin vəziyyətlərdə özünə qapanmadığını, əksinə daha fəal olduğunu nümayiş etdirir.

Azərbaycanın  növbəti təşəbbüsü BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi oldu.  Bu təşəbbüs də dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə Azərbaycanın bu  təşəbbüsünə dəstək verdi. Bu sayda dövlətin dəstəyini qazanmaq Azərbaycanın xarici siyasətinin cevik, çoxşaxəli olmasına, əməkdaşlığın qarşılıqlı hörmət və maraqlar prinsipinə əsaslanmasına işarədir. Bu təşəbbüsün   əleyhinə səs verən yeganə ölkə Ermənistan oldu. Cənab İlham Əliyev çıxışlarında  bu məqama  diqqət yönəldərək işğalçı Ermənistanın  addımını bu ölkədə  hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyanın, Azərbaycan dövlətinə,  xalqına nifrətin təzahürü kimi qeyd edir. Təbii ki, Ermənistan bu addımı ilə  özünü dünyadan təcrid etdi. “Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  Azərbaycan  bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdü ki, artıq dünya miqyasında səylər birləşdirilsin. Bu təşəbbüslə əlaqədar ölkəmizin konkret təklifləri də olacaqdır: “Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nümayiş etdirmək üçün veririk.”

Beynəlxalq baxış bu gün ölkəmizə  olan dəstək və rəğbətin təqdimatıdır.  Biz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanmışıq” söyləyən cənab İlham Əliyev bildirir ki, biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Dövlətimizin başçısı diqqəti Azərbaycanın BMT Təklükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunduğu vaxta yönəldərək bu məqamı da diqqət yönəldir ki,  o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi. Ancaq görəndə ki, Azərbaycan  namizədliyini verib,  qarşısında aciz olduğunu başa düşərək  namizədliyini  geri götürdü.  Yəni,  diplomatik döyüş arenasından qaçdı: “Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT–də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik.”

Təbii ki, işğalçı  Ermənistan qeyd olunan təşəbbüsün əleyhinə olmaqla   özünü çox gülünc vəziyyətə qoydu. Nəzərə alsaq ki,  Ermənistanın özü regionda  dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir, bu halda belə bir addımı atması sual doğurmaya bilməz. Pandemiyaya qarşı mübarizədə heç bir təcrübə ortaya qoya bilməyən, aciz durumda olan Ermənistanın döymədiyi qapı qalmayıb. Yenə də yardımlar hesabına yaşamağa çalışır. Hər zaman olduğu kimi, bu gün də çətin vəziyyətdə yaşayan işğalçı dövlətin özü  səylərin birləşdirilməsində maraqlı olmalıdır, nəinki təşəbbüsün əleyinə olub özünü gülünc vəziyyətə salsın.  Digər tərəfdən, bu, onun təsdiqidir ki, Ermənistan hakimiyyətinin  ksenofob, irqçifaşist mahiyyəti dəyişməz olaraq qalır.  Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır» söyləyən dövlətimizin başçısı bildirir ki,  bu ideologiyanın hədəfində bizik: “Onların Azərbaycanafob siyasəti bu günözünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatda da məqsəd həm daxildəki gərginliyi, həm də işğalçı dövlətə beynəlxalq aləmdə münasibəti ört-basdır etmək idi. Azərbaycan Ordusu bu təxribatın qarşısını qətiyyətlə aldı. Bu hadisədən sonra  dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycana gələn dəstək diqqətdən kənarda qalmadı. Eyni dəstəyi  dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın  Orduya dəstək məqsədilə keçirdikləri aksiyalarda da görürük. Bu bir daha Azərbaycan həqiqətlərinin dünyada olduğu kimi qəbul olunmasına, erməni yalanlarının ifşasına işarədir. Azərbaycan diaspor təşkilatlarının gücü qarşısında  aciz qalan erməni diasporu artıq yalanlarının ayaq tutub yerimədiyinin fərqindədir. ”

Qeyd etdiklərimiz  bu ümumiləşdirməni aparmağa əsas verir ki,  Azərbaycan ən çətin vəziyyətlərdə də beynəlxalq əməkdaşlığın coğrafiyasını genişləndirməyi, barışdırıcı, birləşdirici rolunu möhkəmləndirməyi diqqətdən kənarda saxlamır, düşünülmüş addımları ilə bu prosesə yeni-yeni əlavələr edir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2020.- 7 avqust.- S.17.