Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən mədəniyyət
diplomatiyası xarici siyasətimizə əhəmiyyətli
töhfələr verməkdədir
Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədr müavini, YAP-ın
Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Sevinc Fətəliyeva www.yap.org.az saytına müsahibə
verib:
-
Sevinc xanım, bu gün Azərbaycançılıq məfkurəsinin
təbliği, habelə ölkəmizdə sosial rifahın
yüksəldilməsində, elm və təhsilin
inkişafında Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın müstəsna rolu vardır. Bu barədə
sizin fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda
humanizm və tolerantlığın simvoluna çevrilmiş,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci
xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
Azərbaycançılıq məfkurəsinin təbliğinə,
habelə ölkədə sosial rifahın yüksəldilməsinə,
elm, təhsil, mədəniyyət, idman sahələrinin
inkişafına əhəmiyyətli töhfə verib, məhz
onun təşəbbüsü ilə keçirilən
çoxsaylı layihələr milli dəyərlərin
qorunması və bu dəyərlərin ictimai şüurda
möhkəmlənməsinə xidmət edir.
Mehriban
xanım Əliyevanın ali bəşəri dəyərlərə
əsaslanan, Azərbaycanın milli maraqlarını rəhbər
tutan fəaliyyətindən bəhs edərkən, ilk növbədə,
onun 2004-cü ildə əsasını qoyduğu, hazırda
da Mehriban Əliyevanın rəhbəri olduğu Heydər
Əliyev Fondunun Azərbaycanın inkişafına verdiyi
töhfələrə, sərgilədiyi çoxsahəli fəaliyyətə
nəzər yetirmək kifayətdir. Heydər Əliyev Fondu
yaradılarkən Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ
etməyi, Ulu Öndərin ölkənin sosial-iqtisadi və mədəni
tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti
barədə gələcək nəsillərdə əyani təsəvvür
yaratmağı, dahi şəxsiyyətin müəllifi
olduğu beynəlxalq layihələrin həyata keçirilməsini
dəstəkləməyi, həmçinin, Azərbaycan mədəniyyətinin
və tarixinin dünyada daha geniş tanıdılması ilə
bağlı aparılan işlərə kömək göstərməyi
qarşısına əsas məqsəd qoymuşdur.
Bu gün
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond Ulu
Öndərin ideyalarını böyük əzm və sədaqətlə
həyata keçirir. Məhz bu məqsədlə, Heydər
Əliyev Fondunun fəaliyyətində müxtəlif
kateqoriyadan olan insanların problemlərinin həllinə,
ölkənin yaradıcı və elmi potensialının
artırılmasına, müasir tələblərə cavab
verən təhsil ocaqlarının, xüsusilə yeni
müasir ibtidai tədris müəssisələrinin tikilməsinə,
habelə ətraf mühitin, fauna və floranın qorunması
və qeyd olunan sahələrdə mühüm tədqiqatların
həyata keçirilməsinə dəstək göstərilməsi
prioritet təşkil edir.
Xüsusi
olaraq vurğulamaq lazımdır ki, Mehriban Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, o
cümlədən Ermənistanın Azərbaycana qarşı
təcavüzkar və işğalçılıq siyasətinin
ifşa edilməsi istiqamətində məqsədyönlü
və ardıcıl iş aparır. Təsadüfi deyil ki,
Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı yaratdığı
internet portalı, müxtəlif dillərdə
hazırladığı “Qarabağ həqiqətləri”
adlı bukletlər dünya ictimaiyyətini Ermənistanın əsrlər
boyu azərbaycanlılara qarşı apardığı
soyqırımı və etnik təmizləmə siyasəti
haqqında daim məlumatlandırır. YUNESKO-nun xoşməramlı
səfiri kimi bu təşkilatın bütün tədbirlərində
qaçqın və məcburi köçkün ailələrindən
olan uşaqların təhsili, həmçinin işğal
olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminə məruz
qalmış, dağıdılmış tarixi abidələrlə
bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin
diqqətini Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğal olunması məsələsinə yönəldən
Mehriban Əliyevanın rəhbərliyi ilə hazırlanan bu
layihə əzəli Azərbaycan torpağı olan Qarabağ
haqqında həqiqətləri dünya ictimaiyyətinə
olduğu kimi çatdırmaq məqsədi ilə həyata
keçirilmişdir.
-
Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif
ölkələrdə Xocalı soyqırımı ilə
bağlı mühüm tədbirlər, layihələr
reallaşdırılıb. Bütün bunların əhəmiyyəti
nədən ibarətdir?
- Bəli, Heydər Əliyev Fondunun dəstəyi
ilə hər il müxtəlif ölkələrdə
Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər
keçirilir, ermənilərin Xocalıda törətdikləri
soyqırımı, insanlıq əleyhinə və müharibə
cinayətləri barədə məlumatlandırma
kampaniyası aparılır. Bu mənada, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!”
beynəlxalq kampaniyası xüsusi olaraq qeyd edilməlidir.
Kampaniyanın əsas məqsədi Xocalı
soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin tarixi səbəbləri və
nəticələri, həmçinin Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ regionu və ətraf yeddi rayondan tam,
qeyd-şərtsiz və dərhal
çıxarılmasının zəruriliyi ilə
bağlı beynəlxalq maarifləndirmənin
artırılmasını özündə ehtiva edir. Təsadüfi
deyil ki, məhz bu kampaniyanın başlanmasından sonra bir sıra
ölkələrin parlamentlərində Xocalı
soyqırımının tanınması ilə bağlı qərarlar
qəbul edilmiş, ayrı-ayrı dövlətlərdə
Xocalı soyqırımı abidələri
ucaldılmışdır.
- Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyətində onun Azərbaycan mədəniyyətinin
inkişafı üçün göstərdiyi xidmətlər
də müstəsna rol oynayır...
- Respublikamızın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva müstəqilliyimizin ilk dövrlərindən
etibarən Azərbaycan mədəniyyətinin qorunması və
inkişafı istiqamətində hərtərəfli fəaliyyət
göstərmişdir. 1995-ci ildə Mehriban xanımın təşəbbüsü
ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin
Dostları Fondu yaradılmış, 1996-cı ildə Azərbaycan
mədəniyyətinin ölkədən kənarda geniş
şəkildə təbliğ olunması məqsədilə
16 dildə çap olunan və dünyanın onlarla ölkəsində
yayımlanan “Azərbaycan - İrs” jurnalı təsis
olunmuşdur.
Azərbaycan mədəniyyətinin dünyada təbliğində,
mədəniyyətlərarası dialoqun genişləndirilməsində
Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (YUNESKO) ilə əlaqələri
xüsusi yer tutur. Azərbaycan-YUNESKO əlaqələri
yüksələn xətt üzrə inkişaf etməsində
Fondun Prezidenti Mehriban Əliyevanın səyləri
danılmazdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın
birinci xanımı ənənəvi musiqinin, ədəbiyyat
və poeziyanın inkişafına verdiyi töhfələrə,
musiqi təhsili və dünya mədəniyyətlərinin
mübadiləsi sahəsindəki xidmətlərinə görə
2004-cü il də təşkilatın şifahi ənənələr
və musiqi ənənələri sahəsində xoşməramlı
səfiri adına layiq görülmüşdür. Xüsusi
olaraq vurğulamaq lazımdır ki, məhz dövlət
başçısı İlham Əliyevin və Birinci
Vitse-Prezident Mehriban Əliyevanın səmərəli fəaliyyətinin
nəticəsi olaraq muğam və aşıq sənəti,
tar ifaçılıq sənəti, kamança, Azərbaycan
xalçası, qadın baş örtüyü kəlağayı,
Azərbaycan milli mətbəxinin nümunələrindən olan
lavaş və dolma, habelə qədim Azərbaycan şəhəri
Şəki YUNESKO-nun Qeyri-maddi mədəni irs
siyahısına daxil edilmiş, Qarabağ atı ilə
oynanılan çovqan atüstü oyunu və
Naxçıvanın ənənəvi qrup rəqsləri -
yallı, köçəri, tənzərə təşkilatın
Təcili qorunma ehtiyacı olan qeyri-maddi irs siyahısında
yer almışdır.
- Sizcə, mədəniyyət diplomatiyası
ölkəmizin xarici siyasətinə nə kimi töhfələr
verir?
- Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən mədəniyyət diplomatiyası ölkənin
xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir.
Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü
ilə Heydər Əliyev Fondu humanitar sahədə digər
dövlətlərlə ikitərəfli münasibətlərin
dərinləşməsinə töhfə verməklə, mədəniyyətlərarası
və dinlərarası əlaqələrin inkişafına
xidmət edir. 2009-cu ildə “Tolerantlığın
ünvanı - Azərbaycan” layihəsi çərçivəsində
Fond tərəfindən Strasburq Kafedral kilsəsinin XIV əsrə
aid olan pəncərələri bərpa edilmişdir. 2007-ci
ildə Fond Paris şəhərində yerləşən
Versal Sarayının parkında yerləşən iki
arxitektura abidəsinin, habelə Fransanın Normandiya bölgəsində
yerləşən, X-XI əsrlərə aid yeddi kilsənin bərpa
işlərini həyata keçirmişdir. Fond 2015-ci ildə
Roma şəhərində yerləşən,
Xristianlığın ən dəyərli abidələrindən
hesab olunan Müqəddəs Marçellinio və Pietro
katakombalarının (100-200-cü illərə aid) bərpasını
başa çatdırmışdır. Heydər Əliyev
Fondunun mədəniyyətlərarası və dinlərarası
əlaqələrin inkişafına verdiyi mühüm
töhfə kimi 2016-cı ildə Bolqarıstanda yerləşən
üç pravoslav kilsəsinin bərpa edilməsini qeyd etmək
lazımdır.
Tolerantlıq və dialoq sahəsində
görülmüş işlərin nəticəsi olaraq, Roma
Papası Fransisko 2016-cı ildə Azərbaycana səfər
etmiş, Müqəddəs Məryəm katolik kilsəsində
dua mərasimi zamanı Azərbaycanı “sivilizasiyalar
arasında körpü” adlandırmışdır. Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilən
bütün layihələr bir daha onu göstərir ki,
müxtəlif xalqlar və mədəniyyətlər
arasında əməkdaşlığın gücləndirilməsinə
və səmərəli dialoqun aparılmasına xidmət edən
“Bakı Prosesi”nin təşəbbüskarı olan Azərbaycan
dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə
öz töhfəsini verərək, mədəni müxtəliflik
dəyərlərinin, əməkdaşlığın,
qarşılıqlı anlaşmanın, multikulturalizmin və
sivilizasiyalararası dialoqun təşviq edilməsində
mühüm rol oynayır.
Bütövlükdə, Mehriban xanım
Əliyevanın uzaqgörən ictimai-siyasi fəaliyyəti
geniş miqyasda fəal və dünyəvi Azərbaycan
qadını obrazının formalaşmasında əvəzsiz
rol oynayır. Onun humanitar, elm, təhsil sahələrində həyata
keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də
digər ölkələrdə yaşayan qadınlar
üçün əsl örnək kimi çıxış
etməklə yanaşı, bu gün Azərbaycan
Respublikasında siyasətin prioritet istiqamətlərindən
biri olan qadınların cəmiyyətdə rolunun, habelə
dövlət və ictimai sektorda fəallığının
artırılmasının təşviq olunmasına xidmət
edir.
İki sahil.- 25
avqust.- S.9.