Sadə və qayğıkeş insan, təbiətşünas
alim
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əlirza oğlu Əliyev 86 il gərgin, şərəfli və məhsuldar ömür yaşayıb. Onun sadəliyi, mənəvi saflığı, aydın təfəkkürü, geniş dünyagörüşü, xalq arasında nüfuzu alimə əsrlərlə yaşı olacaq bir ömür qazandırıb.
AZƏRTAC akademik Həsən Əliyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına bir daha nəzər salır.
1907-ci il dekabrın 15-də Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində ilk oğlan uşağı dünyaya göz açır və onun adını Həsən qoyurlar. Həsənin ayağı yer tutandan o, ailənin köməyinə çatır. On bir yaşına çatanda Həsənin “ev” əməyi “çöl” əməyi ilə - qoyun-quzu otarmaqla əvəz olunur.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən 1918-ci ilin qanlı hadisələri Comərdli kəndinə də çatır. Qəflətən hücuma məruz qalan köməksiz Comərdli əhli Naxçıvana üz tutur. 1918-ci il qaçqınları bir parça çörək üçün ağır əməyə qatlaşmalı olurlar. Həsən Əliyev də 1924-cü ilə qədər Naxçıvan şəhərində muzdurluq edir.
Sovet hakimiyyətinin ilk illərində savadsızlığın ləğvi kampaniyası geniş vüsət alır. Həsən Əliyev 17 yaşında Naxçıvan şəhərində kənd axşam məktəbində oxuyur və 23 yaşında məktəbi bitirir. O, dünyagörüşü ilə həmyaşıdlarından seçilirdi. 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında “Müəllim lazımdır” adlı məqalələrini dərc etdirib.
Həsən Əliyev həmin illərdə (1924-1930) Naxçıvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda da təhsil alır. Muxtar respublikanın Torpaq Komissarlığının zərərvericilərə qarşı mübarizə aparan şöbəsində baş fəhlə işləyir. 1935-ci ilədək kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki ziyanvericilərinə qarşı mübarizədə zəngin təcrübə toplayır. Bacarığını və biliyini nəzərə alaraq onu müxtəlif vəzifələrə irəli çəkirlər.
Altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil almış Həsən Əliyev birbaşa aspiranturaya qəbul olur. 1937-ci ildə SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialı yaradılır. Bakı şəhərinə gələn Həsən Əliyev SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi, sonra isə elmi katib işləyir.
Torpağın qədrini bilən Həsən Əliyev xam torpaqların tədqiqi ilə məşğul olmağı qət edir. Qobustanın cənub-qərb hissəsinin arid torpaqlarının tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafik əsəri (1940) ilə nəticələnir. Alim bu əsərində arid (quraq) iqlim şəraitində yaranmış xam torpağın elmi təhlilini verməklə ondan necə istifadə etmək yollarını da göstərib.
Gənc alim Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar könüllü olaraq cəbhəyə gedir. 1941-1943-cü illərdə Şimali Qafqaz uğrunda döyüşən orduda zabit kimi xidmət edir, ağır yaralanır.
Müharibədən sonra Həsən Əliyev yenidən əvvəlki iş yerinə qayıdır və SSRİ EA Azərbaycan filialının Coğrafiya bölməsinin (1943-1944) rəhbəri vəzifəsində çalışır. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alır və cəmi 9 il sonra Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülür.
1944-1952-ci illər ərzində Həsən Əliyev elmi tədqiqatla yanaşı, təşkilati işlə də məşğul olur. Bu müddət ərzində o, Torpaqşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952), Azərbaycan KP MK katibi (1952) vəzifələrində çalışır.
Həsən Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının yaradılmasından (1945) doqquz il əvvəl elmimizin formalaşması üçün kadr hazırlığında fəal iştirak edib. Onun 1937-1944-cü illərdə istər Torpaqşünaslıq, istərsə də Coğrafiya bölmələrinin yaranmasında mühüm xidmətləri olub.
1952-1957-ci illərdə akademik Həsən Əliyevin Azərbaycan SSR EA-nın akademik-katibi, eyni zamanda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində işləyib. 1951-ci ildə “Abşeron yarımadasında taxıl və ot əkilməsi məsələsinə dair” elmi məqaləsi EA-nın məruzələrində çap olunur.
Bu gün artıq hamıya bəllidir ki, təbiəti mühafizə olmadan heç bir ölkədə davamlı inkişafdan danışmaq olmaz. Akademik Həsən Əliyev dühası isə bunu keçən əsrin ortalarında görüb və dərk edib. Belə ki, 1950-ci illərdə akademik Həsən Əliyevin elmi istiqamətinin ikinci əsas şaxəsi - ətraf mühitin mühafizəsi başlanır və o, 1955-ci ildə Azərbaycan SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının sədri seçilir.
Həsən Əliyev 1952-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifələrində işləyib, həmin ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub, Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilib. 1961-ci ildə “Azərbaycan SSRİ-nin Böyük Qafqaz dağları zonasında üzümçülük və bağçılığı inkişaf etdirmək üçün torpaq ehtiyatları” məqaləsi EA-nın xəbərlərində dərc olunur.
Bəzi qəlbiqara insanlar ona irad tuturdular ki,
elmlər doktoru olmaya-olmaya akademik seçilib. Ancaq bilmirdilər ki, o zaman
üçün bu, normal hal idi. Ancaq Həsən müəllim
də heç kimin tənəsini qəbul edən adam deyildi və
ona görə də 1966-cı ildə Moskvada
Torpaqşünaslıq İnstitutunun dissertasiya
şurasında uğurla doktorluq dissertasiyasını
müdafiə edir.
Akademik
öz imkanlarından istifadə edərək Azərbaycan SSR
Ali Sovetinin sessiyasında (1958) təbiəti mühafizə
üzrə məsələni müzakirəyə çıxarmağa
nail olur. Azərbaycan SSR-də Təbiəti Mühafizə Cəmiyyətinin
fəaliyyəti genişləndirilir, təbiəti mühafizə
üzrə dövlət komitəsinin yaradılmasına və
1968-ci ildə direktoru olduğu Coğrafiya İnstitutunda ətraf
mühitin qorunmasına aid ilk elmi tədqiqat şöbəsini
yaradır.
Onun
instituta rəhbərlik etdiyi dövr
coğrafiyaçıların etirafına görə, Azərbaycanda
coğrafiya elminin intibah dövrü olub. 1972-ci ildə Xəzər
dənizinin açıq hissəsində tərpənməz
özül üzərində dünyada ilk dəfə dəniz
observatoriyasının yaranması və 25 il fəaliyyət
göstərməsi də akademikin fəaliyyətinin nəticəsidir.
1976-cı
ildə alimin “Həyəcan təbili” əsəri işıq
üzü görür. Bu kitab Azərbaycan xalqının təbiəti
mühafizə sahəsində maariflənməsində və
təbiətsevərliyində müsbət rol oynayıb.
Akademikin “Həyəcan təbili”nin ikinci, təkmil nəşri
(1982) bu gün də müsbət mənada təsir
gücünü saxlayır. Azərbaycan xalqının ekoloji
maariflənməsində akademik Həsən Əliyev və
1975-ci ildən nəşrə başlayan “Azərbaycan təbiəti”
jurnalı da mühüm rol oynayıb.
Şair Bəxtiyar
Vahabzadə öz xatirələrində yazıb: “Bu gün məndən
Həsən müəllimin insani xarakterini səciyyələndirməyi
soruşsalar, bircə cümlə deyərdim: O, Azərbaycan
üçün yanan bir vətəndaş idi. Buna görə
də onun alimliyi vətəndaşlığından
doğurdu”.
Məmməd
Araz isə yazırdı: “Bəzən adama elə gəlirdi
ki, Azərbaycan təbiətində hər şeyi o, öz əlləri
ilə yerbəyer etmişdi; Sultanbud meşəsini də,
Eldar Şamı Dövlət Təbiəti Qoruğunu da,
respublikanın neçə rayonunda yaşı mini
adlamış neçə çinarın,
Naxçıvan-Şərur yolunda qalmış yeganə narbəndin
də “müəllifi” onun özüdür”.
Akademik Həsən
Əliyev ömrüboyu öz tədqiqatları ilə
xalqımızın güzəranının
yaxşılaşmasına kömək göstərməyə
çalışıb. O, Azərbaycanın Qonaqkənd
rayonunda maldarlıq təsərrüfatlarının bərpa
edilməsi, Şamaxı-Xaldan-Quba istiqamətində karvan yolu
boyunca avtomobil yolunun inşası, Qanıx–Əyriçay
vadisindən Bakıya su çəkilməsi üçün
yuxarı təşkilatlara müraciətlər edib.
Yardımlı rayonunun iqlim və torpaq örtüyünü
tədqiq edib, sonra orada kənd təsərrüfatının
yeni istiqamətinin - üzümçülüyün
inkişafı üçün xüsusi təqdimat yazıb və
buna nail olub.
Keçən
əsrin 60-cı illərində akademik Həsən Əliyev
Azərbaycan KP Mərkəzi Komitəsinin plenumunda cəsarətli
məruzə etmişdi. Partiyanın qılıncının
dalı da, qabağı da kəsdiyi bir dövrdə çəkinmədən
Ermənistanı və Gürcüstanı Kür və Araz
çaylarını çirkləndirdiklərinə görə
tənqid atəşinə tutmuş və onları əməli
tədbirlər görməyə
çağırmışdı. Məruzədə Azərbaycan
ərazisi də yaddan çıxmır, ətraf mühiti
çirkləndirən müəssisələr adbaad çəkilir,
həmin müəssisə rəhbərlərinin məsuliyyət
daşıdıqları vurğulanır. Tuqay meşələrini
qırmaqla pambıq tarlalarının sahəsini artırmaq
istəyən raykom katibləri ilə Həsən müəllimin
mübarizəsi ictimaiyyət arasında böyük əks-səda
yaratmışdı. Əgər Həsən bəy Zərdabi
meşəni meşəbəyilərindən qorumağa
çağırırdısa, Həsən Əliyev də təbiəti
mühafizədə dünyagörüşü dar olan məmurlarla
mübarizəyə çağırırdı.
Akademik Həsən
Əliyevin həyatı təbiətlə təmasda məna
tapırdı. O, respublikamızın hər bir guşəsinə
vurğunluqla baxır, onlardan mənəvi zövq
alırdı. Naxçıvanda İlanlıdağ, Dəvəçidə
Çıraqqala (Qalaaltı), Qubada Təngə dərəsi,
Şamaxıda Pirqulu və Meysəri dərəsi, Gəncədə
Göygöl, Abşeronda Nardaran, Qəbələnin
qaraçöhrəsi, Şərurun narbənd ağacı,
Şollar düzünün meşələri, Tuqay meşəsi...
onun ürəkdən sevdiyi, bağlandığı yerlər
idi.
Alimin Azərbaycan
Təbiəti Mühafizə Cəmiyyətində sədrlik fəaliyyəti
xüsusi qeyd edilməlidir. Təbii ki, Azərbaycanda o zaman bu
qeyri-dövlət təşkilatı ilə yanaşı,
dövlət qurumu, yəni Ekologiya Komitəsi fəaliyyət
göstərirdi. Maraqlı odur ki, bölgələrdə
dövlət qurumundan çox Azərbaycan Təbiəti
Mühafizə Cəmiyyətini tanıyır, bu cəmiyyətin
çağırışlarına əməl edirdilər.
O, təkcə
Azərbaycanda deyil, beynəlxalq simpozium və konfranslarda da bu
həvəslə çıxış edərdi. Alim
yaxşı başa düşürdü ki, Azərbaycanı
tanıtdırmaq üçün beynəlxalq aləmə
çıxmaq lazımdır və bu missiyanı hələ
keçən əsrdə yorulmadan, həvəslə yerinə
yetirirdi.
Həsən
müəllim həm də bacarıqlı ekoloq-fotoqraf idi. O,
Azərbaycan təbiətinin əvəzsiz guşələrinin
fotoşəklini çəkməkdən, slayd yaratmaqdan, sonra
da onları əhaliyə çatdırmaqdan sonsuz zövq
alar, sevinc hissi keçirərdi.
Akademik Həsən
Əliyev pedaqoji fəaliyyəti ilə də fərqlənib,
Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət
Pedaqoji Universiteti) və Azərbaycan Dövlət Universitetində
(indiki Bakı Dövlət Universiteti) mühazirələr
oxuyub, 35-dən çox namizədlik və doktorluq
dissertasiyasının elmi rəhbəri olub.
Həsən
Əliyev bir insan kimi səmimi, mehriban, sadə,
qayğıkeş, ədalətli, sözünü deyən
idi, kadrlara qayğı göstərirdi, elmi işçilərin
qədrini bilirdi. O, Azərbaycanı qarış-qarış
gəzmişdi, Vətənini çox sevirdi. Hansı bölgədən,
kənddən söhbət getsə, oranın təbiəti, əhalisi,
adət-ənənəsi və el ağsaqqalı haqqında məlumat
verərdi.
Akademik Həsən Əliyevin “Həyəcan təbili”
əsəri isə alimin vicdan səsi, hələ
sağlığında özünə ucaltdığı
heykəl idi.
Iki
sahil.- 2020.- 16 dekabr.- S.7.