Vətən
müharibəsinin dəmir qanadlı qəhrəmanı
O, 44
günlük Vətən müharibəsinin dəmir
qanadlı qəhrəmanıdır. Sentyabrın 27-də Azərbaycan
Ordusunun qətiyyətli əks-hücum əməliyyatı
başlayanda usta pilot, polkovnik-leytenant Ramiz Qasımov ən
sevincli günlərindən birini yaşayırdı. Onun ən
ümdə arzusu Şuşada üçrəngli
bayrağımızı dalğalandırmaq idi. Buna görə
də Ali Baş Komandan İlham Əliyevin hücum əmrini səbirsizliklə
gözləyirdi...
Havada
böyük peşəkarlıq
Azərbaycan
Hərbi Hava Qüvvələrinin Ordu aviasiyasının pilotlarına
quru qoşunlarına, eləcə də digər qoşun
növlərinə döyüşlərə hava dəstəyi
ilə bağlı tapşırıqlar verilmişdi.
Polkovnik-leytenant Ramiz Qasımovun döyüş yolu Tərtər
istiqamətindən başladı. Düşmənin bir
çox hədəflərini dəqiq atəşlə məhv
etdi. Onun göstərdiyi ustalıq digər uçuş heyətlərində
böyük ruh yüksəkliyi yaratdı.
Onunla
eyni istiqamətdə döyüşən kapitan Coşqun
Rüstəmov deyir ki, polkovnik-leytenant Ramiz Qasımov
"SPAYK" uzunmənzilli raketlərlə silahlanmış
"Mİ-17" helikopterində uçuşlar həyata
keçirirdi: "İlk uçuşunda düşmənin
bir çox strateji əhəmiyyətli hədəflərini
sıradan çıxardı, həmçinin bir neçə
OSA zenit raket kompleksini və P19 radiotexniki vasitəsini məhv
etdi. Düşmənə sarsıdıcı zərbələr
endirdikdən sonra atəşə məruz qaldı, helikopteri
vuruldu. Ramiz Qasımov, ilk növbədə, digər ekipaj
üzvlərini xilas etmək üçün onlara
“atılın” komandası verdi. Qolundan ağır yaralanan
polkovnik hündürlüyünü sürətlə itirən
helikopterin yaşayış məntəqəsinə
düşməməsi üçün onu boş sahəyə
yönəltdi. Son anda helikopteri paraşütlə tərk etməyə
nail olsa da, başından ağır zərbə aldı.
Helikopterdən vaxtında atılsaydı, bəlkə də
sağ qalardı. Amma o özünü yox, ilk növbədə,
ekipaj üzvlərini və mülki əhalini
düşündü".
"Vətən
Müharibəsi Qəhrəmanı" adına layiq
görülmüş şəhid pilot
Polkovnik-leytenant
Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də
şəhid oldu. Bu müddətdə hamı onun
sağalacağına ümid etsə də, dəmir
qanadlı qəhrəmanın həyatını xilas etmək
mümkün olmadı. Onun döyüşlərin ilk
günü göstərdiyi misilsiz qəhrəmanlıq diqqətdən
yayınmadı. Dekabrın 9-da Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə polkovnik-leytenant Ramiz
Qasımova ölümündən sonra "Vətən
Müharibəsi Qəhrəmanı" adı verildi.
"Ramiz
Hərbi Hava Qüvvələrinin ordu aviasiyasında usta pilot
idi. Ordu aviasiyasında olan bütün tip vertolyotlarda
uçuşlar həyata keçirmişdi. Bütün yeni
növ silahların tətbiqinə buraxılışı
vardı. Həm təlimatçı, həm
sınaqçı pilot idi", - bunu polkovnik-leytenant Rəşad
Nadirov öz pilot yoldaşı haqqında deyir. O bildirir ki,
şəhid polkovnik-leytenant Ramiz Qasımov artıq uzun
müddət idi təqaüd imkanları əldə
etmişdi, Ordu sıralarından gedə bilərdi. Amma o, Vətənə
xidməti müqəddəs iş hesab edirdi. Deyirdi ki,
dövlət bizi oxudub, yetişdirib, biz bu dövlətə
canımızı fəda etməliyik. Ordu sıralarından
ayrılsaydı, daha yüksək məvacib ala bilərdi,
mülki hava yollarında uça bilərdi. Bir neçə
xarici dil bilirdi, bir çox fərqlənmələri
vardı. Amma qəlbindəki Vətən sevgisi,
Qarabağı azad etmək arzusu onu şəhidlik zirvəsinə
ucaltdı.
Şəhid
polkovnik-leytenantın ən böyük arzusu reallaşdı
Onun ən
ümdə arzusu Şuşada üçrəngli
bayrağımızı dalğalandırmaq idi. Şəhid
polkovnik-leytenantın həyat yoldaşı Günel
Qasımova belə deyir: "O hərb işini çox sevirdi,
vətənpərvər oğul idi. Onun kimi insanın həyat
yoldaşı olduğuma görə şərəf duyuram.
Evdə çox az olsa da, hərbi verilişləri izləyər,
hərbi kitabları mütaliə edirdi. Dəqiqlik sevən
insan idi. Öz işi barədə danışmağı
xoşlamazdı. Aprel, iyul döyüşlərində
çox böyük əməyi oldu. Biz onun bütün qəhrəmanlıqları
barədə sonradan xəbər tutduq".
Günel
Qasımova deyir ki, Ramiz ailəsinə yalnız xoş xatirələr
qoyub getdi: "Mənə, uşaqlara heç vaxt çətinlik
yaşatmayıb. Övladlarına həmişə hörmətlə
yanaşırdı. İşinin çox olmasına baxmayaraq,
vaxt tapıb onların dərsləri ilə
maraqlanırdı, gəzməyə aparırdı,
qayğıkeş ata idi. Evin hər işini özü həll
edir, mənim üzərimdə bir çətinlik
qalmırdı. Ona görə, bu gün mənə çətindir,
çiyinlərimdə ağır bir yük var. Bilmirəm,
onsuz bu yükü daşıya bilərəm, ya yox. Kaş
sağ olaydı, Qələbədən özü
danışaydı. Vətən sağ olsun".
Oğlunun
da hərbçi pilot olmasını arzulayırdı
Günel
Qasımovanın sözlərinə görə, Ramiz oğlu
Vaqifin də hərbçi pilot olmasını
arzulayırdı: "Həmişə deyirdi ki, Vaqif mənim
yolumu davam etdirməlidir. Onu başqa sahədə görə
bilmir, özü kimi vətənpərvər ruhda
böyüdürdü. Çalışırdı ki,
övladları həyatda düzgün mövqe tutsunlar, ali təhsil
alsınlar, savadlı olsunlar. Atalarının adını həmişə
uca tutsunlar, layiqli vətəndaş olsunlar.
Uşaqlarımızı onun istədiyi kimi böyütməyə,
onun adına layiq olmalarına çalışacağam".
Şəhid
polkovnik-leytenant Ramiz Qasımovun Vətənə əmanət
üç övladı böyüyür. Vaqif, Gülanə
və Gülay ataları üçün çox
darıxsalar da, onunla fəxr edirlər.
İki
sahil.- 2020.- 16 dekabr.- S.14.