İtaliyanın daha üç bələdiyyə şurası
Azərbaycana dəstək
ifadə edib
İtaliyanın
Avellino əyalətinin Montoro bələdiyyə
şurası, Kataniya əyalətinin Qravina bələdiyyə
şurası və İserniya əyalətinin Rokkasikura bələdiyyə
şurası Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü, etnik təmizləmə,
soyqırımı siyasətini pisləyən və Azərbaycan
xalqı ilə, xüsusilə də Ermənistanın hərbi
təcavüzü nəticəsində həyatını itirən
və yaralanan Gəncə, Bərdə və digər
rayonların sakinlərinin ailə üzvləri ilə həmrəylik
nümayiş etdirən sənədlər qəbul ediblər.
AZƏRTAC xəbər
verir ki, sənədlərdə Dağlıq
Qarabağ münaqişəsinin
Ermənistanın Azərbaycana
qarşı təcavüz
siyasəti və ərazi iddialarından irəli gəldiyi, bu təcavüz və etnik təmizləmə
siyasəti nəticəsində
Dağlıq Qarabağ
və ətraf yeddi rayon da
daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, Avropa İnsan Hüquqları Məhkəməsinin
2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana
qarşı işi” ilə bağlı qərarında da Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin
və ətraf rayonlarının Ermənistan
tərəfindən işğal edildiyinin
təsdiqləndiyi, həmin
ərazilərdə yaşayan
1 milyondan çox azərbaycanlının qaçqın
və məcburi köçkün vəziyyətinə
düşdüyü, azərbaycanlılara
qarşı çoxsaylı
müharibə cinayətləri,
o cümlədən Xocalı
soyqırımının törədildiyi
bildirilib.
Sənədlərdə 30 ilə yaxın
müddətdir ki, Azərbaycanın danışıqların
uğurla nəticələnməsinə
və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə
diplomatik yollarla regiona sülh gətirməyə yönəlik
səylərinə baxmayaraq,
Ermənistanın bəyanatları,
təxribat xarakterli hərəkətləri və
destruktiv siyasəti nəticəsində Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
danışıqların bloklandığı,
Azərbaycan xalqının
böyük ədalətsizliklə
üzləşdiyi və
1 milyondan çox azərbaycanlı qaçqın
və məcburi köçkünün öz
yurd-yuvalarına qayıtmaqdan
məhrum olduqları,
ailə üzvlərinin məzarlarını
belə ziyarət edə bilmədikləri vurğulanıb.
Sənədlərdə son aylarda Ermənistanın məqsədyönlü
şəkildə silah
və hərbi texnika idxalını əhəmiyyətli dərəcədə
artırdığı, yeni
müharibəyə hazırlaşmaq
üçün hava hücumu sistemini intensiv şəkildə genişləndirdiyi və
nəticədə 27 sentyabr
tarixindən etibarən
Azərbaycana qarşı yeni hərbi təcavüzə
başladığı, qəsdən
mülki obyektləri və mülki şəxsləri hədəfə
aldığı diqqətə
çatdırılaraq 94-dən çox mülki şəxsin ölməsi,
407-dən çox insanın
yaralanması ilə nəticələnən Gəncə,
Bərdə və sair şəhərlərin
bombalaması qəti şəkildə pislənilib.
Sənədlərdə münaqişə ilə bağlı BMT
TŞ və Baş Assambleyasının qətnamələrinin
Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinə dəstək
verərək Dağlıq
Qarabağı Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal
olunmuş həmin ərazilərdən dərhal
çıxarılmasının, azərbaycanlı qaçqın
və məcburi köçkünün öz
yurd-yuvalarına qayıtmaq
hüququnun təmin edilməli olduğu, 10 noyabr tarixində Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları Bəyanatın
məhz münaqişəyə
son qoymaq məqsədi daşıdığı
vurğulanıb.
Sənədlərdə Azərbaycan Prezidenti
İlham Əliyevin cari ilin fevral
ayında İtaliyaya dövlət səfəri
çərçivəsində imzalanmış “İtaliya
Respublikası ilə Azərbaycan Respublikası
arasında Çoxölçülü
Strateji Tərəfdaşlığın
gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad
edilərək rəsmi
İtaliyanın davamlı olaraq Azərbaycanın
ərazi bütövlüyünü
dəstəklədiyi diqqətə
çatdırılıb.
Qeyd edək ki, bundan öncə oxşar sənədlər
İtaliyanın Kataniya
şəhər Şurası,
Neapol şəhərinin
Ottaviano və Liveri bələdiyyələri,
Kaserta əyalətinin
Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri
və Kampobasso əyalətinin Sepino və San Culiano
del Sannio bələdiyyələri,
İtaliyanın Milan şəhərinin Korbetta
Bələdiyyə Şurası
tərəfindən də
qəbul edilib. Habelə İtaliya Deputatlar Palatasının xarici əlaqələr komissiyası Azərbaycan Prezidenti, Ermənistanın
baş naziri və Rusiya Prezidenti tərəfindən
imzalanmış Bəyanatın
müddəalarının yerinə
yetirilməsinə çağıran
qətnamə qəbul
edib.
İki sahil.- 2020.- 16
dekabr.- S.19.