Böyük strateji əhəmiyyət kəsb
edən Laçın zəngin təbiəti, tarixi abidələri,
yeraltı sərvətləri olan rayondur
Laçın Dağlıq
Qarabağın ətrafında yerləşən 7 rayondan
biridir. Şuşa şəhərinin azad edilməsinin
ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının
da Güləbürd, Səfiyan, Türklər kəndlərini
işğalçılardan təmizləyib. Müzəffər Azərbaycan Ordusunun Laçın
rayonunun bir hissəsinə və digər mühüm strateji
mövqelərə daxil olmasından, xüsusilə
Şuşa şəhəri və onun ardınca 70-dən
artıq kəndin azad olunmasından az sonra Ermənistan
kapitulyasiyasını elan edib. Noyabrın 10-da Azərbaycan
və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin
imzaladığı birgə Bəyanata əsasən, Ermənistan
silahlı qüvvələri Laçını da Ağdam və
Kəlbəcər kimi Azərbaycana təhvil verməli olub.
Bu gün Laçını tərk edən erməni
əhalisi 1992-ci ildə rayonun işğalından sonra orada
qeyri-qanuni məskunlaşıb. Ağdam və Kəlbəcərdə
olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri -
Azərbaycan torpaqlarını tərk edən ermənilər
Laçından da təhlükəsiz şəkildə, atəşə
məruz qalmadan rahatlıqla bütün əşyalarını
götürüblər. Azərbaycan Ordusu onlara ərazini
tərk etmək üçün bütün şəraiti
yaradıb. Bunun müqabilində isə, Laçından
çıxan ermənilər qaldıqları evləri
yandırıb, vandallıq edib, meşələrə od
vuraraq, suları çirkləndirərək ekoloji fəlakət
törədiblər. Bu gün təhlükəsiz şəkildə
və öz seçimi ilə ərazini tərk edən erməni
əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı
əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu
qırğına məruz qalıb, atəşə tutulub,
meyitləri belə təhqir edilib. İşğalı
dövründə Laçın rayonu yüzlərlə şəhid
verib, onlarla dinc insan Laçında girov
götürülüb.
Rayondan köçkün düşən Azərbaycan
əhalisi özü ilə heç nə götürə
bilməyib, sakinlərin bütün əmlakı Ermənistan
ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər
həm də Azərbaycan və Ermənistan arasındakı fərqi
anlamaq üçün növbəti əyani nümunədir.
Laçın rayonu respublikanın cənub-qərbində,
Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi
dağlar və dağlıq yaylalardan ibarətdir. Ən
hündür nöqtəsi Qızılboğaz
dağıdır (3594 m). Bitki örtüyü
kolluq və seyrək meşəli çəmənliklərdən,
enliyarpaqlı dağ meşələrindən (palıd, vələs,
fıstıq və s.), subalp və alp çəmənliklərindən
ibarətdir. Ərazisinin çox hissəsində
qışı quraq keçən mülayim-isti, soyuq iqlim
tipi, Qarabağ yaylasında isə dağ-tundra iqlimi
üstünlük təşkil edir. İllik
yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən
Həkəri çayı və onun qolları keçir.
Rayonun meşə fondu işğal
dövründə əhəmiyyətli hissəsi Ermənistan
tərəfindən məhv edilib.
Laçında 10 ədəd Şərq
çinarı növünə məxsus qədim ağaclar təbiət
abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi
rayonun Malxələf kəndindədir, ən yaşlı
ağacın diametri 210 sm, hündürlüyü 26 metr,
yaşı isə 400 il təşkil edib. Rayon ərazisində
ümumi sahəsi 1092 ha olan üçüncü
dövrün relikt növlərinə aid “Ardıc meşəsi”
dövlət təbiət abidələri kimi xüsusi qiymətli
meşə sahələrinin siyahısına daxil edilib.
Burdakı ağacların yaşı 100-150 ilə
çatır.
Rayon ərazisində 2 xüsusi mühafizə
olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət
Qoruğu və Laçın Dövlət Təbiət
Yasaqlığı yerləşir.
Qaragöl Dövlət Təbiət
Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində
dəniz səviyyəsindən 2658 m hündürlükdə,
Həkəri çayının sağ qolu olan Ağoğlan
çayının mənbəyinə yaxın 240 hektar ərazidə
yaradılıb. Gölün dərinliyi 5-6 metr olmaqla
vulkanik mənşəlidir. Qaragölün əsas biokütləsində
“Gammarus lacustris” şirinsu xərçəngi mühüm yer
tutmaqla qiymətli balıq növü olan Qızılxallı
balıq (forel) üçün yem bazası hesab olunub.
Gölün müasir vəziyyəti heç də qənaətbəxş
deyil, aerokosmik şəkillərdən gölün tamamilə
quruduğu müşahidə edilib. Ətraf çəmənliklər
sistemsiz olaraq intensiv otarılmaqla bitki örtüyü
korlanıb.
Laçın Dövlət Təbiət
Yasaqlığı: 1961-ci ilin noyabr ayında Laçın
rayonu ərazisində 20 000 hektar ərazidə
yaradılıb. Bitki örtüyünə görə
yasaqlığın ərazisi iberiya palıdlarından ibarət
olan orta dağ-meşə (1000-1700 m), Şərq
palıdından ibarət olan yuxarı dağ meşə
(1700-2200 m), sulbalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri
qurşaqlıqlarına ayrılır. Sahəsinin
7 369 ha və ya 34,5%-i meşə sahəsi, 1 448 və ya 6,8%-i
alp çəmənliyi, 7 400 ha və ya 34,8%-i subalp çəmənliyi,
4 257 ha və ya 20% otlaqlar, 862 və ya 4% qayalar və
uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır.
Burada Azərbaycan Respublikasının
“Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən
dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib
maral, Xəzər uları, Ütəlgi qızılquş,
Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb.
Meşələri əsasən vələs, cökə,
ağcaqayın və s. qarışıq tip meşələrdir.
Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində
dünyada qiymətli sayılan Qırmızı
palıdın (Qızıl palıd) təbii arealı
mövcud olub. Bu ağac Azərbaycan Respublikasında ancaq həmin
yasaqlıqda yayılıb.
Həkəriçay Laçın, Qubadlı və
Zəngilan rayonlarının ərazisindən axaraq Araz
çayına tökülür. Kiçik
Qafqazın Azərbaycan daxilində Tərtərçaydan
sonra (Bazarçayla birlikdə) ikinci ən böyük
çayı olub, qar, yağış və yeraltı sulardan
qidalanır. Çayın sutoplayıcı sahəsi 1180 km2,
uzunluğu 113 km, çoxillik orta su sərfi 10,8 m3/san, illik
axımın həcmi 341 mln.m3-dir.
Ağsuçay Laçın rayonu ərazisinə
daxil olur və Həkəriçayına tökülür.
Axımı əsasən qar və yeraltı sulardan
qidalanır. Çayın sutoplayıcı sahəsi 88 km2,
uzunluğu 25 km-dir.
Azərbaycanın işğal olunmuş ərazilərində
ekoloji əhəmiyyətə malik 7 relikt göldən
Laçın rayonu ərazisində yerləşən
Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı
Qaragöl böyük antropogen təsirə məruz qalıb.
Laçın rayonu zəngin faydalı
qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və
inşaat materialları yataqları) civə, vermikulit, əlvan
və üzlük daşları, sement xammalı və tikinti
daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli
Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər
əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və
Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara
malikdir.
Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli
memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si
yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli
bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli
arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri
(xalq daş heykəltəraşlıq) abidələridir.
Rayon ərazisində
yerləşən Ağoğlan məbədi, Məlikəjdər
türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə
Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan
Respublikası ərazisində mövcud olan daşınmaz
tarix-mədəniyyət abidələri içərisində
xüsusi önəmə malikdir.
Məlikəjdər
türbəsi
Laçın rayonunun Cicimli kəndi
yaxınlığında geniş məzarlıq içərisində
iki türbə yanaşı ucalır. Onlardan tarixən
qədim olan, pir kimi ziyarət edilən, yerli əhalinin Məlik
Əjdər türbəsi kimi tanıdığı türbədir.
Alimlər abidəni XIII-XIV əsrə aid edirlər.
Türbənin üzərində verilən
naxışlar və işlənmiş heyvan
obrazlarının Xaçındərbətli kəndində
olan türbənin naxışları ilə
oxşarlığı da belə nəticəyə gəlməyə
imkan verir.
Ağoğlan
məbədi
Ağoğlan monastrı Laçın rayonunun Kosalar kəndi
ərazisində yerləşir. İşğal dövründə
Ermənistan Ağoğlan monastırının memarlıq
quruluşunda və interyerində dəyişikliklər edib,
divar yazılarını korlamış, abidənin
divarları üzərində olan bir neçə daş
yazıları, eləcə də xeyli sayda alban dövrünə
məxsus bir çox ornament və simvolları tamamilə
silib, onlardan bir çoxunun formalarını dəyişdirərək
tanınmaz hala salıb.
Sarı
Aşığın xatirə muzeyi
XVII əsrdə yaşamış bayatı ustadı
Sarı Aşığın xatirə muzeyi1989-cu ildə
rayonun Güləbird kəndində istifadəyə verilib. Ermənistan silahlı
qüvvələri tərəfindən Laçın rayonunun
işğal edilməsi nəticəsində muzeyin binası və
200-ə yaxın eksponatı məhv edilmiş və talan
edilib.
Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının
yerləşdiyi Güləbird qəbiristanlığında və
türbədə araşdırmalar aparmış, belə qənaətə
gəlmişlər ki, türbə XVII əsrə aiddir.
Həmzə
Soltan sarayı
Həmzə Soltan sarayı Laçın rayonunun
Hüsülü kəndində yerləşir. XVIII əsrdə
tikilməsi ehtimal edilən sarayın tikintisində şərq
memarlıq ənənələrindən geniş istifadə
edilib. Saray əvvəl böyük bir
kompleks təşkil etsə də, dövrümüzə
ondan yalnız bir saray binası qalıb. Rayonun
işğalından sonra memarlıq abidəsi olan Həmzə
Soltan sarayı Ermənistan tərəfindən otel kimi istifadə
edilib və içərisində böyük dəyişikliklər
aparılıb.
Dəmirovlu
Pir məbədi
Dəmirovlu Pir məbədi yerli əhəmiyyətli
memarlıq abidəsi kimi dövlət qeydiyyatına
alınıb.
Laçın
Tarix-Diyarşünaslıq Muzeyi
Yüksək bədii və tarixi səciyyə
daşıyan eksponatlarla zəngin olan Laçın
Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə fəaliyyətə
başlayıb. Muzeyin ümumi sahəsi 1200 m2-dir.
Muzeyin fondu 10 mindən çox eksponat təşkil edib. Muzeyin həyətində
açıq səma altında ekspozisiya da fəaliyyət
göstərib, burada müxtəlif əsrlərdə
hazırlanmış qədim tarixə malik bədii daş
nümunələri, at və qoç fiqurları, süjetli
oymalar, kənd təsərrüfatı alətləri və
bir çox məişət əşyaları nümayiş
etdirilib.
1992-ci ildə Laçın şəhərinin
işğal edilməsi nəticəsində muzey binası
tamamilə dağıdılıb, eksponatları məhv və
talan edilib.
Laçın Dövlət Rəsm Qalereyası da talan
edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri
erməni vandalizminə məruz qalıb.
Laçında bir sıra uşaq musiqi məktəbləri
də fəaliyyət göstərib. Laçın şəhər
Əli Quliyev adına 1 nömrəli
Uşaq Musiqi Məktəbi 1966-cı ildə yaradılıb.
Bu təhsil ocağı 1992-1995-ci illərdə Bakı şəhəri,
Nərimanov rayonu, İnşaatçılar Mədəniyyət
Sarayında, 1995-2008-ci illərdə Bakı şəhəri,
Nərimanov rayonu, Səttərxan adına
Mədəniyyət Evində fəaliyyət göstərib. 2008-ci ildən bu günədək məktəb
Bakı şəhəri, Nizami rayonu, M.Şərifli
küçəsi 1B ünvanında fəaliyyətini davam
etdirir. Laçın rayon Şəlvə
kənd Uşaq Musiqi Məktəbi 1985-ci ildə
yaradılıb. Hazırda fəaliyyətini
Sumqayıt şəhəri Sarı Qaya qəsəbəsi,
Şəfəq pansionatının klub binasında davam etdirir.
Laçın rayon Şamkənd kənd Uşaq
Musiqi Məktəbi 1988-ci ildə yaradılıb. Məktəb yaranandan 1992-ci ilədək
Laçın rayon Şamkənd kəndində, 1992-ci ildən
2004-ci ilədək Şəki rayonu Çələbixan kəndində
fəaliyyət göstərib. 2004-ci
Ağcabədi rayonu Taxtakörpü qəsəbəsindəki
552 saylı yaşayış məhəlləsində fəaliyyətini
davam etdirir. Laçın rayon Ərdəşəvi
kənd Uşaq Musiqi Məktəbi 1989-cu ildə
yaradılıb. Rayonun işğalından
sonra məktəb fəaliyyətini Abşeron rayon Pirəkəşkül
qəsəbəsində Uşaq bağçasının
binasında davam etdirir.
1999-cu ildə
Saatlı rayonunda məskunlaşmış məcburi
köçkünlərlə görüşü zamanı
Ulu Öndər Heydər Əliyev Laçın şəhər
2 nömrəli Uşaq Musiqi məktəbinin
yaradılmasına qərar verib, həmin məktəb 2000-ci
ildən fəaliyyətə başlayıb. Məktəbin
“Laçın Qayası” ansamblı hər il
hərbi hissələrdə və rayonun müxtəlif tədbirlərində
fəal iştirak edir. Məcburi
köçkünlər yeni evlərə
köçürüldükdən sonra məktəb
Xırdalan şəhərində Laçın şəhər
1 saylı tam orta məktəbin yerləşdiyi binada fəaliyyətini
davam etdirir.
Laçın rayon Mədəniyyət evi 1930-cu ildən
fəaliyyət göstərir. Mədəniyyət
evi rayonun işğalından əvvəl Laçın şəhərinin
mərkəzində xüsusi dövlət sifarişi əsasında
inşa edilmiş, ən müasir texniki qurğularla, səhnə
avadanlıqları ilə və keyfiyyətli inventarlarla təchiz
edilmişdir. Mədəniyyət evi sahəsi
3700 m2 olan mədəniyyət sarayında fəaliyyət
göstərirdi. 1982-ci ildən Mədəniyyət
Nazirliyinin əmri əsasında Laçın rayonunun Mədəniyyət
Evinin nəzdində “Xalq Teatrı” yaranmışdır.
“Xalq Teatrı” hazırda kiçik səhnə əsərlərini
tamaşaya qoymaqla rayon sakinlərinə xidmət göstərir.
Laçın rayonunun işğalı nəticəsində
rayon Mədəniyyət Evinin bütün əmlakı
işğal zonasında qalmışdır.
Laçın rayon Mədəniyyət
evi Ağcabədi rayonu Taxta-Körpü qəsəbəsində
250 nəfərlik tamaşaçı yeri olan yeni inşa
edilmiş binada yerləşir. 2015-ci il Laçın rayon Mədəniyyət
evi Laçın Rayon Mədəniyyət Mərkəzi
adı ilə fəaliyyət göstərir.
İki
sahil.- 2020.- 2 dekabr.- S.10.