Şuşanın azad edilməsi xəbərini sevinc göz yaşları ilə qarşıladım
Rusiyanın
TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman
ümummilli lider Heydər Əliyevin anım günü ilə
bağlı “CBC” telekanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz
Mixail Qusman Ulu Öndərlə bağlı xatirələrini
bölüşüb, Azərbaycanın
Vətən müharibəsində
qazandığı parlaq
qələbədən danışıb.
On yeddi il keçməsinə baxmayaraq, Heydər Əliyevlə ünsiyyətdə
olmuş hər kəsin onun xatirəsini qəlbində
qoruyub saxladığını
vurğulayan görkəmli
jurnalist deyib: “Heydər Əliyevi
təkcə doğum və anım günlərində deyil, həm də ən müxtəlif məqamlarda, mühüm,
məsuliyyətli qərarlar
qəbul edərkən
xatırlayır, sanki
onunla məsləhətləşmişəm.
Çünki mənim
Azərbaycanda bir insan kimi formalaşmağım
Heydər Əliyevin
respublikaya rəhbərliyi
dövrünə təsadüf
edib”.
M.Qusman qeyd
edib ki, Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə
müharibə dövründə
qayıdıb və yoxsul, hətta ən yaxın qonşuları ilə pis münasibətlərdə
olan bir dövlətə başçılıq
etməli olub. O, öz dəmir iradəsi ilə Azərbaycanı birləşdirməyə,
bütün sahələri
inkişaf etdirməyə
nail olub. Jurnalisin fikrincə, Heydər Əliyevi ən çox narahat edən Dağlıq Qarabağ münaqişəsi idi. “Erməni separatçılarının
cinayətkar əməlləri
nəticəsində Dağlıq
Qarabağ və ətraf rayonlardan yüz minlərlə insan, təkcə azərbaycanlılar deyil, digər xalqların nümayəndələri, eləcə
də ruslar yaşadıqları yerlərdən
qovulmuşdular. Bu ağrı
Heydər Əliyevin ürəyində idi mən əminəm ki, məhz rəhbərliyə
qaytdıqdan sonra ölkənin yenidən qurulduğu illərdə onun başlıca məqsədi işğal
olunmuş torpaqların
azad edilməsi, qaçqınların doğma
yurd-yuvasına qayıtması
idi”, - deyə həmyerlimiz bildirib.
İkinci Qarabağ müharibəsində
Azərbaycanın Qələbəsini
məhz məntiqi sonluq kimi dəyərləndirən
M.Qusman Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də
Şuşanın azad
edilməsi xəbərini
elan edərkən sevincdən göz yaşlarını saxlaya bilmədiyini deyib: “Faşist xislətli separatçılar gözüm
görə-görə Vətənimin
bir hissəsini işğal edirdilər. Qarabağ müharibəsində
mənim yaxın dostlarım da həlak olublar. Odur ki, İlham Əliyev ümummilli lider, atası Heydər Əliyevin vəsiyyətini yerinə
yetirərək böyük
şərəf hissi ilə Şuşanın azad edildiyini söyləyəndə mən
ağladım. Çünki
minlərlə həmvətənim
üçün bu, ədalətin bərpası,
ləyaqət hissinin qaytarılması idi. İndi biz əminik ki, şəhidlərin qanı
yerdə qalmadı”.
M.Qusman əmindir
ki, Azərbaycan xalqının Vətən
müharibəsində Qələbəsini
hər hansı təftişə məruz
qoymaq istəyənlərin
cəhdləri boşa
çıxacaq. Azərbaycan
öz torpaqları uğrunda döyüşüb,
öz torpaqlarından
qovulan vətəndaşlarını
doğma ocaqlarına qaytarır. Buna görə də Qarabağ savaşı Azərbaycan xalqı üçün Vətən
müharibəsi idi. Qarabağın azadlığını
özünün başlıca
missiyası hesab edən Ali Baş
Komandan İlham Əliyev üçün
həm də atasının vəsiyyətini
yerinə yetirmək çox vacib idi.
Azərbaycanda keçirilən Qələbə
paradından danışan
Mixail Qusman bildirib ki, həmin
gün Azadlıq meydanında hərbçilərin
və hərbi texnikanın nümayişini
qürurla izləyib. Hətta telefonla çəkdiyi şəkillərin
bəzisi TASS agentliyinin
fotolentinə düşüb.
“Təntənəli marşla
meydandan keçən
əsgərlərə baxıb
düşünürdüm ki, hələ bir neçə gün əvvəl onlar cəbhədə idilər, çoxlarının
sinəsində artıq
ordenlərdə var idi. İkili hisslər keçirirdim. Daha heç vaxt Azadlıq meydanında addımlamayacaq,
Qələbə üçün
canlarından keçmiş
şəhidlərin simasını
həmin gün meydanda addımlayan əsgərlərin siması
əvəz edirdi”, - deyə həmyerlimiz vurğulayıb.
M.Qusman sonda
xatırladıb ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin
başa çatdığını
elan ediblər. O ümidvar olduğunu
bildirib ki, Ermənistan rəhbərliyi
də bu fikri bölüşəcək,
Azərbaycan və Türkiyə prezidentləri
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın regionda əməkdaşlıq
platforması yaradılması
barədə təklifləri
gerçəkləşəcək və Cənubi Qafqazda, nəhayət, əmin-amanlıq hökm sürəcək.
İki sahil.- 2021.- 15
dekabr.- S.9.