Əfsanəyə dönən ömür
Əbədiyyətə
qovuşduğu vaxtdan qırx gün keçən, Şərur
rayonunun Çomaxtur kəndindən Hadruta qədər uzanan
şərəfli yolun qəhrəmanı Zülal Mədətlinin
əziz xatirəsinə...
Günlərdir, ancaq fotolarda görürəm köksündə
gəzdirdiyin üçrəngli
bayraqla, güllərlə
bəzənən məzarını.
İnana bilmirəm sənin bir ovuc torpağa sığdığına. Axı
sən bu boyda dünyaya sığmırdın, hamımızdan
seçilirdin. Yaşda
balaca olmağına baxmayaraq, bütün uşaqlardan çevik idin. Kimin isə
haqqı tapdananda özündən böyük
uşaqların belə,
üstünə atılmaqdan
çəkinmirdin, qorxmurdun
heç nədən.
Sıranı həmişə
pozurdun, qabağa keçirdin. Elə indi də keçdin,
hamıdan öndə
sinəni sipər etdin Vətənə. Yadındamı? Hələ
Türkiyədə yaşadığın
vaxtlar deyirdin qayıdan kimi orduya yazılacam. Bəsdir, daha burada qaldım, bir az da
gəlim Naxçıvanın
dağının-daşının ətrini alım. Qayıdan kimi də dediyini
etdin. Geyindin o çox sevdiyin
formanı. Nə tez-tez
baxırdın özünə
güzgüdə? Haqlı
idin öyünməkdə!
İgid,
cəsur görkəminə
yamanca yaraşırdı
hərbi forman. Bir arzun da var
idi: “Gedib o qansızların nəfəsini
kəsim, ya qalib, ya qazi,
ya da ki, şəhid olum. Təki bu dərd bitsin.
Axı
biz bitirməsək, gərək
bizim balalarımız
bitirə. Onlara qalmasın,
bizim nəsil alsın haqqını, gələcək nəsillərə
qalmasın. Mən döyüşməsəm,
biz döyüşməsək, canımızı verib bu münaqişəni bitirməsək, gərək
bizim balalarımız
bitirə”.
Qıymırdın o dördyaşlı körpənə. Deyirdin qoy
oğlum, oğullarımız
yaşasın, onlar məğlub olan bir millətin yox, müzəffər bir xalqın övladları olsunlar.
Rəhim neçə
gündür, papağını
götürüb başına
qoyub deyir: “Atam kimi olacağam”.
O, sevdiyin hərbi formadan da aldırıb geyinib, başına da xüsusitəyinatlı papağını
qoyub məzarına gəlib sənə əsgər salamı verir.
Dəniz
deyir ki, atam qəhrəmandır.
O, Mübariz kimi qəhrəman oldu. Evimizə bayraq gətirdilər, qapımızdan da asıblar.
Mən bilirəm, ancaq qəhrəmanların evinə
bayraq asırlar.
Aqil şəhid
olan günü gəlib özün çiynində yola saldın onu son mənzilə, məzara da
özün qoydun. “Gedib qisasını alacağam,
qonşuma qıyan erməninin yüzünü
onun yolunda qurban edəcəyəm”, –
dedin. Getdin aldın Aqillərin qisasını! Hadrutdan, Cəbrayıldan qayıdan yoldaşların
səndən danışır.
Sən nə qədər Vətən sevgisi saxlayırmışsan ürəyində?!
Sən düşmənə necə
bir nifrət bəsləyirmişsən qəlbində?!
Son dəfə Qarabağa gedən günü sağollaşanda
“Gedirəm, nəfəsini
kəsəcəyik o erməninin
görərsən, alacağıq
Şuşanı. Müjdəni
də özüm verəcəm sənə,
dayıqızı, görüm
onda məndən nə yazacaqsan”, – dedin.
Sənin
kimi oğulların şəhidliyi bir od oldu düşdü hamımızın
ürəyinə. Əzizlərini
itirənlərin ocağına
düşən bu od birləşib böyük bir məşələ döndü.
İşıq saldı igidlərin
yoluna, yandırdı düşmənimizi, külünü
göylərə sovurdu,
məhv etdi onları, azad edildi torpağımız.
Cəbrayılda, Füzulidə,
Qubadlıda, Zəngilanda,
Şuşada, Ağdamda,
Kəlbəcərdə sönən
çırağımızı yenidən alovlandırdı.
Bax Şuşada, Hadrutda, daha neçə-neçə
işğaldan azad edilən torpaqlarda yanan işıqlara. Onları sənin kimi igidlər öz canları bahasına yandırdı. Bir daha sönməyəcək
o çıraqlar! Onlar yanıb
işıq saldıqca
ətrafına, sən
də, sənin kimi bütün igid oğullar da yaşayacaq.
Bu gün təkcə
mən yox, bütün Azərbaycan sənin kimi oğulların igidliyindən
yazır, danışır,
bitmir sizin qəhrəmanlığınız. Çünki elə bir qəhrəmanlıq
dastanı yazdınız
ki, tarixə onu yazmaqla, danışmaqla
bitməz, bitməyəcək.
Sizin igidliyinizə, şanınıza
yaraşan sözlər
də, bu Vətənin ər oğulları da.
Ramiyyə Əkbərova
İki sahil.- 2020.- 15 dekabr.- S.21.