Ayağını itirsə də, sonadək döyüş
meydanını minalardan
təmizləyib əsgərlərin
irəliləməsini təmin
etdi
Vətən müharibəsi bizə çox sayda qəhrəman əsgər
və zabit tanıtdı. Onlardan biri də döyüşlər
zamanı sol ayağını itirən
Qax rayon sakini Baş-Leytenant Bəkir Əsgərzadədir.
"Report"un Şimal-qərb bürosu qazi ilə onun
döyüş yolu barədə söhbətləşib.
Əsgərzadə Bəkir Zakir
oğlu 1995-ci ilin fevralın 20-də Qax rayonu Zərnə kəndində anadan olub. 2001-ci ildə Qax rayon Zərnə
kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2009-cu il Cəmşid Naxçıvanski adına
Hərbi Liseyə daxil olub və
2012-ci ildə oranı
bitirib. Elə həmin ildə
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Bəkir 2016-cı ildə Ali Hərbi
Məktəbi bitirərək
leytenant rütbəsi
ilə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə
başlayıb. Könüllü
olaraq 2 aydan sonra ön cəbhəyə,
xidmətini davam etdirmək üçün
Tərtər rayonuna gedib. Burada Mühəndis
istehkam bölük komandiri vəzifəsində
xidmət edib.
Bundan sonra
Bəkir Əsgərzadə
2019-cu ildə Mingəçevir
şəhərində yerləşən
N saylı hərbi hissəyə Mühəndis
Xidməti rəisi vəzifəsinə göndərilib.
Qax rayonunun Zərnə kəndində
doğulan Bəkirin uşaq yaşlarından hərbiyə marağı
olub. Vətənə
olan sevgisi isə onu baş
leytenant rütbəsinə
qədər ucaldıb.
Vətən müharibəsi başlayan
kimi baş leytenant Bəkir Əsgərzadə sentyabrın
27-də döyüşlərə qatılıb. Ərazini minalardan təmizləyərək
döyüş yoldaşlarının
irəli getməsinə
şərait yaradan Bəkir Talış kəndi istiqamətində
bir-neçə postun
alınmasında iştirak
edib. Bəkir minaya düşərək
sol ayağını itirsə də yaralı halda əraziləri minadan təmizləməyə davam
edib.
Baş leytenant
əməliyyat olunduqdan
sonra doğulduğu Qax rayonunun Zərnə
kəndinə qayıdıb.
Onu hər kəs sevgi ilə qarşılayıb
və belə mərd oğullarla fəxr etdiklərini bildiriblər. Bəkirin valideynləri Vətən
üçün igid oğul böyütdükləri
üçün fəxr
etdiklərini bildiriblər.
Atası Zakir Əsgərov və anası Natella xanım Bəkirin kiçik yaşlarından
hərbiyə marağı
olduğunu söyləyiblər.
Valeh
Dadaşov
İki sahil.- 2020.- 10 dekabr.- S.11.