Yeddi güllə yarası alan gənc qazinin döyüş hekayəti .

 

 

 

Bizlər normal həyatımıza davam edərkən, rahat gəzə, görə, danışa bilərkən, onlar Allahın insana bəxş etdiyi bu sağlamlıqdan ya əbədi  məhrum oldular, ya da ən azından bir neçə il, ay bu əngəlləri özlərinə yoldaş etdilər. Bizlər  44 günlük Vətən müharibəsində hansısa bir kəndin, qəsəbənin, şəhərin, yüksəkliyin alınmasına sevinib atəşfəşanlıq edərkən onların kimisi şəhid, kimisi qazi oldu. Doğma evinə cənazəsi gələn də oldu, ayağını, qolunu o torpaqlarda qoyub qazi kimi qayıdan da. Bu yazıda 7 mərmi yarası alan 20 yaşlı qazimiz İbrahimli Şəhriyar Murad oğlunun keçdiyi döyüş yolu ilə tanış olacaqsınız.

 

Şəhriyar Biləcəri qəsəbəsində yerləşən 300 saylı məktəbi bitirərək 2018-ci ildə Milli Ordunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Əsgərliyi başa vurduqdan sonra bir müddət mühafizəçi kimi işləməyə başlayıb. 2020-ci ilin 21 sentyabrında isə çağırışçı olaraq hərbi  təlimlərə yollanıb, 27-si səhər saatlarında isə Füzuli istiqamətindən döyüşlərə başlayıb.

 

“O anda anladım ki, həqiqi ölüm-dirim savaşının tən ortasındayıq”

 

Müharibədə olduğunu ailəsindən yalnız qardaşına deyən qazimiz bildirdi ki, ilk döyüş tapşırığı “Burulğan dərəsi” deyilən ərazi istiqamətində olub: “Füzuliyə çatanda mülki əhali bayram əhvalında qarşıladı bizi. Çox böyük coşqu, rəğbət var idi. İnsanların bu cür qarşılaması bizi daha da ruhlandırırdı. Tez bir zamanda işğal altındakı əraziləri düşməndən azad etməyə tələsirdik. Beləcə döyüşə başladıq “Burulğan dərəsi” istiqamətində. Xeyli getmişdik ki, düzənlik ərazidə düşmən minaatan artilleriya ilə mövqelərimizi vurmağa başladı. O anda anladım ki, həqiqi ölüm-dirim savaşının tən ortasındayıq. Belə şeyi əvvəl yalnız filmlərdə görmüşdüm, indi isə real həyat idi. O gün 3 şəhidimiz, 11 yaralımız oldu. Yəni, bir günün içində həm müharibə, həm şəhid, həm də yaralı gördüm. Mərmi atılan zaman dumandan bir andaca hər yer qaraldı, amma heç kim özünü itirmədi. Tez özümüzü ələ alaraq şəhidləri döyüş meydanından çıxardıq, yaralıları isə avtomobillərə daşıyaraq xəstəxanaya yola saldıq”.

 

“Bilirdik ki, xalqımız bizdən ölməyi deyil, öldürməyi gözləyir”

 

Müsahibimiz bildirdi ki, üç gündən sonra növbəti hücum istiqamətləri Əlixanlı kəndi olub: “İlk günün itkisinə baxmayaraq, uşaqlarda çox böyük ruh yüksəkliyi var idi. Avtomobildə olarkən çox sevincli idik, yaralanmaq, şəhid olmaq bizləri zərrə qədər də qorxutmurdu, şəhadətə hazır idik, amma onu da bilirdik ki, xalqımız bizdən ölməyi deyil, öldürməyi gözləyir. Beləliklə, gəlib səngərlərə çatdıq. Artıq ermənilərə çox yaxın idik. Hücuma keçərək bir neçə postu aldıq, əməliyyatımız uğurla başa çatdı, sevincimiz, özgüvənimiz birə-beş artdı. Sonra bir neçə dəfə də hücumlar edərək əlavə postlar aldıq. Artıq minaatan mərmiləri bizim üçün adiləşmişdi. Mərmi atılanda deyib-gülürdük, güləndə də, ağlayanda da birgə gülüb-ağlayırdıq”.

 

“Elə bu anda şiddətli atışma başlad”ı

 

Azad etdikləri postları digər ordu birliklərimizə təhvil verən Şəhriyar və döyüş yoldaşları növbəti tapşırığa kimi dincəlmək üçün öz əvvəlki mövqelərinə çəkiliblər: “Növbəti hücum əmri ilə oktyabrın 13-də “Qanlı dərə” deyilən istiqamətə yollanaraq mövqe seçdik. Axşam saatlarında ordumuza məxsus qırıcı təyyarələr hərəkətə keçərək erməni postlarını bombardmana tutdu. Növbə bizdə idi, irəli atılaraq açıqlıq və şumlanmış ərazidə xeyli irəlilədik. Qırıcılarımızın vurduğu ərazidə nə qədər erməni əsgərinin sağ qaldığını bilmirdik, çünki orada yeraltı beton istehkam var idi. Hardasa 200 metr məsafə qalmışdı çatmağımıza, elə bu anda şiddətli atışma başladı. Çiyin-çiyinə irəlilədiyimiz döyüş yoldaşım var idi Rəfail Mailov, sonra şəhid oldu, Allah yerini cənnət etsin. Rəfailin çiynindən tutaraq yerə yıxdım ki, onu vurmasınlar. Sonra biz də atəş açmağa başladıq”.

 

“Dostuma dedim ki, kəs sol ayağımı”

 

Məhz bu qızğın döyüşdə ölümcül yaralanıb qazimiz: “Bir neçə dəqiqə atışandan sonra sol qolumdan vuruldum, silah əlimdən düşdü, yerə yıxıldım. Birinci güllənin ağrısını təzə hiss edirdim ki, ikinci güllə ayaq nahiyəmdən dəydi. Sürünərək səngərə doğru getməyə başladım. Bir-iki metr getmişdim ki, sağ ayağımın pəncəsindən daha bir güllə dəydi, barmaqlarımdan birinin sındığını hiss etdim, dördüncü güllə də sağ ayağıma, topuğuma tuş gəldi. O an sanki tok vurdu məni, səngərə çox az qalmışdı, amma gedib çata bilmirdim. Hələ də sağ idim və evdə məni valideyinlərim gözləyirdi, fikirləşdim ki, nə olur-olsun səngərə çatmalıyam. Özümdə güc tapıb iki-üç addım məsafə getmişdim ki, beşinci güllə bu dəfə sol dabanımdan dəydi. Altıncı güllədən də yayına bilmədim, özü də snayper gülləsi idi. Sol dizimə dəydi, sümük qırıldı, ayağım sallanıb qaldı. Hər tərəfim qan idi, əynimdə qoruyucu jilet və kaska var idi, ikisi də ağır gəldi mənə, sürüyə bilmirdim onlarla özümü, çox sıxılırdım, bir anlıq elə bildim artıq sonumdur, sonra çətinliklə də olsa kaskanı çıxardım, bir az rahat nəfəs aldım. Nəhayət ki, səngərin bir addımlığında idim, bu zaman yoldaşlar köməyimə gəldi, məni tutub səngərə dartanda yeddinci güllə çiynimdən dəydi, bununla da səngərə düşdüm. Çox qan itirmişdim, artıq bədənimin donduğunu hiss edirdim, bircə sağ qolumu tərpədə bilirdim. Səngərə gələrkən şəhid olacağımı düşünürdüm, amma səngərə çatdıqdan sonra nədənsə yaşayacağıma ümid yarandı. Sağ olsunlar, yoldaşlarım tez bir zamanda qanaxmanı saxlamaq üçün sarğı ilə bağladılar yaraları. Dostuma dedim ki, kəs sol ayağımı, yeriyə bilmirdim, ayağım qatlanmışdı, fikirləşirdim ki, düzəlməz bir daha. Bu anda Aytun Rəhimov adlı dostum gəldi, demək olar ki, canımı ona borcluyam. Məndən soruşdu ki, sağsan? Dedim, sağam, amma çox pisəm. Gəldi yanıma, dedim, məni qoyun burada, siz gedin, çox qan itirmişəm. İnad etdi, dedi, səni evdə valideyinlərin gözləyir, qoymarıq burada qalasan. Artıq 30-35 dəqiqə idi ki, səngərdə idim, qan itirirdim, tərpənə bilmirdim, hər yerim ağrıyırdı. Aytun və digər yoldaşlar məni çiyinlərinə aldılar, bu anda qışqırmamaq üçün Aytunun əlcəyini alıb ağzıma saldım və yola rəvan olduq. Biz oradan çıxandan 10 dəqiqə sonra ermənilər olduğumuz səngəri iki minaatanla vurdular. Orada olsaydıq hamımız şəhid olacaqdıq. 12 nəfər döyüş yoldaşım məni 11 kilometr piyada apardılar, hardasa 4-5 saat yol getdikdən sonra tibb məntəqəsinə çatdıq. Orada ilk tibbi yardım aldım, sonra Füzuli xəstəxanasına apardılar. Oradan Ağcabədi, sonda isə Bakıdakı hərbi hospitala gətirildim. Hazırda müalicəmi evdə yataq şəraitində davam etdirirəm, İlizarov aparatı sol ayağımda 6 aya yaxın qalmalıdır”.

 

“Sonra başa düşdüm ki, o, gülərək şəhidlik zirvəsinə yüksəlib”

 

Şəhriyar ilk güllə yarasını aldıqdan sonra ən yaxın döyüş yoldaşlarından biri şəhid olub yanında: “Döyüş başlayandan sonra bir anlıq qarışıqlıq oldu, bir neçə dəqiqədən sonra mən də vuruldum. Yerə yıxıldım, bu zaman Rəfaili axtardım gözümlə, gördüm ki, 10-15 metr aralıda üzü üstə yıxılıb yerə, mənə tərəf baxırdı. Gözləri açıq, üzü gülürdü. Əvvəl bilmədim, elə bildim gülür, sonra başa düşdüm ki, o, gülərək şəhidlik zirvəsinə yüksəlib. O zaman mən də yaralı olduğum üçün əlim qan idi, qanlı əllərimlə gedib gözlərini yumdum. Güllə boğaz nahiyəsinə tuş gəlmişdi. Onun gülüşü heç bir zaman yadımdan çıxmayacaq, çox yaxşı yoldaş idi. Həmişə deyirdi ki, ermənilər həyatımızı əlimizdən ala bilərlər, amma azadlığımızı heç bir zaman ala bilməyəcəklər. Elə dediyi kimi də oldu, onun həyatı alınsa da, torpaqlarımız azad olundu. Bir daha bütün şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyirəm. Qazilər bu şəhidlərin Vətənə əmanətidir”.  

 

“Bizə ən vacib olan torpaqların azad olunması idi”

 

Müsahibimiz bildirdi ki, cəbhədə olarkən ac da, susuz da qalıb, amma bu, onların döyüş əzmini azalda bilməzdi: “Müharibədə hər şey olur, döyüş meydanıdır. Ac da qala bilərsən, yuxusuz da, susuz da, hətta güllən də qurtara bilər. Bunlar hamısı təbiidir. Belə hallar əsasən hücum zamanı olurdu. Aydındır ki, hücuma gedəndə təminat bölüyü, həkimlər hər zaman bizimlə gələ bilmirdi, yalnız postu götürüb mövqe qurandan sonra gələ bilirdilər. Elə vaxt olurdu ki, hücuma gedirdik, 2-3 gün qalmalı olurduq irəlidə, bu zaman kanaldan su içirdik. Amma bu bizi qətiyyən ruhdan salmırdı. Bilirdik ki, postu alandan sonra bütün təminat gələcək. Bir məqsəd, bir amal var idi: yalnız irəli! Bizim üçün ən vacib olan torpaqların azad olunması idi. Bunu da bacardıq.

 

Nə yaxşı ki, Vətən uğrunda döyüşmək mənə nəsib oldu. Vətən uğrunda yaralanmaq mənim üçün, ailəm üçün fəxrdir. Mən də bu şanlı tarixin yazılmasının iştirakçısıyam. Ümumiyyətlə, orta məktəbdə o qədər də yaxşı oxumamışam, həmçinin “Tarix” dərsini də. Amma gün gəldi, ən şanlı tariximizi yazanlardan biri oldum”.

 

Taleh Bağırov

 

İki sahil.- 2020.- 30 dekabr.- S.16.