2020-ci ilin əsas hadisələri
Yola
saldığımız 2020-ci il müstəqil
Azərbaycanın tarixinə şanlı səhifə kimi
yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə aparılan 44 günlük Vətən müharibəsi
nəticəsində Qarabağ işğaldan azad edildi,
xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər
şərəfli və qürurlu günlər olmayıb.
2020-ci ildə dünya koronavirus bəlası ilə
üzləşdi. İlk günlərdən Ümumdünya
Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq
edən Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə
qlobal müstəvidə fəal rol oynadı.
AZƏRTAC-a istinadən ilin bu və ya digər
mühüm hadisələri barədə informasiyaları təqdim
edirik.
Dünya
İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin
yaradılması haqqında niyyət protokolu imzalandı
21 yanvar.
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda
Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə
görüşündə Dünya İqtisadi Forumunun ölkəmizdə
afilə edilmiş regional mərkəzinin yaradılması ilə
bağlı niyyət protokolu imzalandı.
Milli Məclisə
seçkilər keçirildi
9 fevral.
Azərbaycanda Milli Məclisə seçkilər
keçirildi. Parlament seçkilərində
125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə
apardı.
Abşeron
dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt
hissəsi açıldı
18 mart. “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi
dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt
hissəsinin yenidənqurmadan sonra açılışı
oldu.
Azərbaycanda
Koronavirusla Mübarizəyə Dəstək Fondu
yaradıldı
19 mart. Prezident İlham Əliyev Azərbaycan
Respublikasında əhalinin sağlamlığının
qorunması və koronavirus infeksiyasına qarşı
mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər
haqqında Fərman imzaladı. Fərmana əsasən,
Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.
“Virtual məktəb”
layihəsinə start verildi
2 aprel.
Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb”
layihəsinə start verildi. Layihənin məqsədi
Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin
interaktivliyini təmin etmək və ümumilikdə məsafədən
tədris imkanlarını genişləndirməkdir.
Türk
Şurasının fövqəladə Zirvə
görüşü keçirildi
10 aprel.
Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının sədri İlham Əliyevin təşəbbüsü
ilə Türk Şurasının videokonfrans vasitəsilə
koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr
olunan fövqəladə Zirvə görüşü
keçirildi.
Qoşulmama
Hərəkatının Təmas Qrupu formatında Zirvə
görüşü keçirildi
4 may.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
Qoşulmama Hərəkatının Təmas Qrupu formatında
videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik”
mövzusunda Zirvə görüşü keçirildi.
Bakıda
modul tipli ilk xəstəxana kompleksi açıldı
7 may. Bakıda modul tipli ilk xəstəxana kompleksinin
açılışı oldu. Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
kompleksin açılışında iştirak etdilər.
Bakının
Nizami rayonunda 3 saylı DOST mərkəzi istifadəyə
verildi
19 may.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3
saylı DOST mərkəzi istifadəyə verildi. Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva mərkəzin açılışında
iştirak etdilər. Birinci vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü olan DOST layihəsi
dövlət sosial xidmətlərin innovativ yanaşmalar əsasında
modern və çevik, tam şəffaf mexanizmlər üzərində
qurulması ilə ölkəmizin bu sahədə yeni brendidir.
Ermənistan
silahlı qüvvələri Tovuz istiqamətində təxribat
törətdi
12 iyul. Ermənistan silahlı qüvvələrinin bölmələri
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə
pozaraq artilleriya qurğularından istifadə etməklə
mövqelərimizi atəşə tutdular. Azərbaycan Ordusu tərəfindən görülən
adekvat tədbirlər nəticəsində düşmən
itki verərək geri oturduldu.
“Qarabağ”
yatağının dayaq bloku dənizə yola salındı
10 avqust.
“Qarabağ” yatağının dayaq blokunun dənizə
yola salınması mərasimi keçirildi. Prezident İlham Əliyev mərasimdə iştirak
etdi.
Azərbaycanın
üç şəhəri UNESCO-nun Öyrənən Şəhərlər
üzrə Qlobal Şəbəkəsinə üzv
seçildi
23 sentyabr. Bakı, Gəncə və Qəbələ
UNESCO-nun həyatboyu təhsil sahəsində aparıcı
qurumu olan Öyrənən Şəhərlər üzrə
Qlobal Şəbəkəyə üzv seçildi. Qlobal Şəbəkənin üzvləri sırasında
Azərbaycan şəhərləri ilk dəfə yer aldı.
Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu
genişmiqyaslı təxribat törətdi. Vətən
müharibəsi başladı.
27 sentyabr. Ermənistan silahlı qüvvələri
bütün cəbhəboyu genişmiqyaslı təxribat
törətdi. Düşmənin təxribatlarına
cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına
başladı. Prezident, Ali Baş Komandan İlham
Əliyev xalqa müraciət edərək bu barədə məlumat
verdi. Hərbi əməliyyatların
ilk günü Murovdağ və Ağdərə istiqamətlərində
strateji yüksəkliklər və bir sıra kəndlər
işğaldan azad olundu.
BMT-nin
Baş katibi Antonio Quterreşlə Prezident İlham Əliyev
arasında görüş oldu
28 sentyabr. BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü
ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev arasında videokonfrans formatında görüş
keçirildi.
Cəbrayıl
şəhəri və rayonun bir neçə kəndi
işğaldan azad edildi
4 oktyabr.
Cəbrayıl şəhəri və rayonun bir
neçə kəndi işğaldan azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev bu
münasibətlə xalqa müraciət etdi.
Xocavənd
rayonunun Hadrut qəsəbəsi işğaldan azad olundu
9 oktyabr.
Azərbaycan Ordusunun uğurlu əməliyyatları
nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi
və bir neçə kəndi işğaldan azad olundu. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham
Əliyev xalqa müraciət etdi.
Gəncə
şəhəri ballistik raketlə atəşə tutuldu
11 oktyabr.
Ermənistan silahlı qüvvələri Gəncə
şəhərini ballistik raketlə atəşə tutdu.
Baş
Prokurorluğun məlumatına əsasən, Ermənistan
silahlı qüvvələrinin Gəncənin mərkəzi
hissəsindəki çoxmənzilli yaşayış
binalarını raket atəşinə tutması nəticəsində
10 nəfər həlak oldu, 35-dən çox şəxs
yaralandı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən
çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.
Ermənistan
silahlı qüvvələri Gəncəyə ikinci dəfə
ballistik raket atdı
17 oktyabr.
Ermənistan silahlı qüvvələri Gəncə
şəhərini ikinci dəfə ballistik raketlə atəşə
tutdu.
Baş
Prokurorluğun məlumatına görə, düşmənin
Gəncəyə xain hücumu nəticəsində 13 nəfər
həlak oldu, 48-dən çox şəxs xəsarət
aldı, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat
vasitələrinə küllü miqdarda ziyan dəydi.
Füzuli
şəhəri işğaldan azad edildi
17 oktyabr.
Füzuli şəhəri və rayonun bir
neçə yaşayış məntəqəsi
işğalçılardan azad olundu. Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyev bununla bağlı xalqa müraciət etdi.
Xudafərin
körpüsü üzərində Azərbaycan
bayrağı qaldırıldı
18 oktyabr.
Azərbaycan Silahlı Qüvvələri qədim
Xudafərin körpüsünün üzərində Azərbaycan
bayrağını qaldırdılar.
Zəngilan
şəhəri işğaldan azad olundu
20 oktyabr.
Zəngilan şəhəri və rayonun 6 kəndi,
Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi
işğaldan azad olundu. Azərbaycan
Prezidenti İlham Əliyev bu münasibətlə xalqa
müraciət etdi.
Qubadlı
şəhəri işğalçılardan azad edildi
25 oktyabr.
Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı
rayonlarının bir neçə kəndini və Qubadlı
şəhərini işğalçılardan azad etdi. Həmin gün Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə
Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
operativ müşavirə keçirildi.
Ermənistan
ordusu Bərdə şəhərini raket atəşinə
tutdu
28 oktyabr.
Ermənistan silahlı qüvvələri Bərdə
şəhərini "Smerç” yaylım atəşli
reaktiv sistemindən atəşə tutdu.
Baş Prokurorluğun məlumatına əsasən, raket
zərbələri nəticəsində 21 dinc sakin həlak
oldu, 70-dən çox şəxs isə bədən xəsarəti
aldı. Çoxsaylı mülki infrastruktur obyektinə, evlərə
və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.
Şuşa
işğaldan azad olundu
8 noyabr.
Qarabağın tacı, döyünən ürəyi Şuşa şəhəri işğaldan azad
olundu.
Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri
xiyabanı və Şəhidlər xiyabanını ziyarət
etdilər. Dövlətimizin
başçısı Şəhidlər xiyabanında Azərbaycan
xalqına müraciət etdi.
İşğal
altındakı daha 71 kənd, 1 qəsəbə və 8
strateji yüksəklik azad olundu
9 noyabr.
Ermənistanın işğalı
altındakı daha 71 kənd, 1 qəsəbə, 8 strateji
yüksəklik işğaldan azad olundu. Ümumiyyətlə,
Vətən müharibəsinin 44 günü ərzində -
sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli
Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və
286 kəndi işğaldan azad etdi.
Qarabağda
atəşkəs barədə üçtərəfli bəyanat
imzalandı
10 noyabr.
Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya
Prezidenti Dağlıq Qarabağ münaqişə zonasında
atəşin və bütün hərbi əməliyyatların
tam dayandırılması barədə bəyanat
imzaladılar.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Füzuli və Cəbrayıla səfər etdilər
16 noyabr.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
işğaldan azad edilmiş Füzuli və Cəbrayıl
rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl
şəhərlərində oldular. Prezident İlham Əliyev
Füzuli rayonundan Şuşa şəhərinə
yol çəkilişi ilə bağlı göstəriş
verdi.
Ağdam
rayonu Azərbaycana təhvil verildi
20 noyabr.
Üçtərəfli bəyanata uyğun
olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil
verildi. Həmin gün Azərbaycan Ordusunun
bölmələri Ağdam rayonuna daxil oldu və Ağdam
şəhərinə dövlət bayrağımız
sancıldı. Bununla bağlı Prezident
İlham Əliyev xalqa müraciət etdi.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
işğaldan azad edilmiş Ağdamda oldular
23 noyabr.
Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
işğaldan azad edilmiş Ağdam şəhərində
oldular. Dövlətimizin
başçısı Ağdam məscidinin
qarşısında çıxış etdi.
Kəlbəcər
rayonu Azərbaycana qaytarıldı
25 noyabr.
Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər
rayonu Azərbaycana qaytarıldı. Həmin
gün Azərbaycan Ordusunun bölmələri Kəlbəcər
rayonuna daxil oldu. Bu münasibətlə
Prezident İlham Əliyev xalqa müraciət etdi.
Laçın
rayonu Azərbaycana təhvil verildi
1 dekabr.
Laçın rayonu Azərbaycana təhvil
verildi. Həmin gün Azərbaycan Ordusunun
bölmələri Laçın rayonuna daxil oldu və rayonda
Azərbaycanın dövlət bayrağı
qaldırıldı. Azərbaycan Prezidenti
İlham Əliyev xalqa müraciət etdi.
Bununla da üçtərəfli bəyanata uyğun
olaraq, Ağdam, Kəlbəcər və Laçın
rayonlarının sülh yolu ilə qaytarılması prosesi
yekunlaşdı.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə BMT
Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi
3 dekabr.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19
pandemiyası ilə mübarizəyə həsr edilmiş
dövlət və hökumət başçıları səviyyəsində
videoformatda Xüsusi Sessiyası keçirildi. Prezident İlham Əliyev sessiyada
çıxış etdi.
Azadlıq
meydanında Zəfər paradı keçirildi
10 dekabr.
Bakının Azadlıq meydanında Vətən
müharibəsində Qələbəyə həsr
olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan və xanımı Əminə
Ərdoğan Zəfər paradında iştirak etdilər.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Qubadlı və Zəngilan rayonlarına səfər etdilər
23 dekabr.
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və
Zəngilan rayonlarında oldular. Müzəffər
Ali Baş Komandan Ermənistanın qanunsuz məskunlaşma
apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə
görüşdü, Qubadlıda və Zəngilanda Azərbaycan
bayrağını ucaltdı.
İki sahil.- 2020.- 30 dekabr.- S.12-13.