Xalqımız
səbirlə bu günü
gözləyirdi və bu gün gəldi
Dövlətimizin
başçısı İlham Əliyev Laçının
işğaldan azad olunması münasibətilə xalqa təbrikində
bir daha bildirdi ki,
döyüş meydanında, siyasi müstəvidə
qazandığımız Qələbə ölkəmiz
üçün yeni dövr açır
Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi
olan üçtərəfli Bəyanatın
imzalanması müjdəsini
xalqa çatdırarkən “Azərbaycan xalqı bir daha
göstərdi ki, nə qədər böyük xalqdır, nə
qədər vətənpərvər xalqdır, nə qədər
dəmir iradəyə malik olan xalqdır.
30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları
xalqımızı sındırmadı, iradəmizə
heç bir mənfi təsir göstərmədi. Əksinə,
biz daha da bütövləşdik, daha da mətinləşdik,
daha da gücləndik,
özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…
Mən müharibədən əvvəl deyəndə ki, mən
bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm
ki, xalqımızın mütləq əksəriyyəti
başa düşürdü mən nəyi nəzərdə
tuturam və səbirlə bu günü gözləyirdi,
mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi
inanırdı, gözləyirdi və bu gün gəldi”
söyləyən dövlətimizin başçısı
İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir
ki, dedik yetər artıq, bu əsarət yetər! Bizim
şəhərlərimiz əsarət altında nə qədər
qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə
qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək,
yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir
edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik,
düşməni torpaqlarımızdan qovacağıq və
qovduq da!
Bu gün Azərbaycan xalqı bu
sevinci yaşayır. 10 noyabr tarixli üçtərəfli Bəyanatın
müddəalarının icrası nəticəsində
Ağdam, Kəlbəcər və Laçın müharibəsiz
Azərbaycana qaytarıldı. 44 gün davam edən müharibədə
300-ə yaxın kəndin, 5 şəhərin, 4 qəsəbənin
işğaldan azad edilməsinə nail olan Azərbaycan
Ağdamın, Kəlbəcərin və Laçının
qaytarılması ilə qələbə
tariximizi daha da zənginləşdirdi. Bu bölgələrdə
həyatın bərpası istiqamətində kompleks tədbirlər
planı hazırlanır, soydaşlarımızın
qaçqınlıq həyatına son qoyaraq öz doğma
yurd-yuvalarına qayıtmaları üçün
mühüm addımlar atılır. Dövlətimizin
başçısı İlham Əliyevin Laçının
azad edilməsi ilə bağlı
xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs
gücümüzü, qüdrətimizi,
iradəmizi gördü. Bu dəmir yumruq onların belini
qırdı, onların başını əzdi. Bu,
birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız
inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli
addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz
də var: «İndi bütün ölkələr bu Vətən
müharibəsinin təcrübəsini öyrənirlər.
Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik
ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni
yerə vurduq. Düşmənin belini qırdıq, məhv
etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan
tarixində əbədi qalacaq, şanlı Qələbə
kimi!»
Bu Qələbə eyni zamanda,
göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə
heç vaxt barışmaq fikrində deyildi və
bütün xalqımız, o torpaqları tərk edənlər,
qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o
bölgələrdən olan gənc nəslin nümayəndələri,
hər kəs bir arzu ilə
yaşayıb və bu arzu həyata
keçirildi. Artıq
müharibə arxada qaldı.
Zəfər tarixini yazan Azərbaycan
hərb tarixinə yenilik kimi
daxil olan strategiya tətbiq edərək,
ən müasir silahlardan istifadə etməklə, habelə az
itkilər verərək qısa müddətdə düşmənin bütün hərbi
texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi
zərbə vurdu. Ali Baş Komandan Laçının işğaldan
azad olunması münasibətilə xalqa təbrikində məhv
edilmiş Ermənistan ordusunun texnikalarını, eyni zamanda, məhv
edilmiş və qənimət kimi götürülmüş
texnikalarının statistikasını açıqladı. Statistika bunu deməyə əsas verir ki, Ermənistan
ordusu yoxdur, məhv edilib. Ermənistan ordusu onilliklər ərzində
yaradılırdı və onlara hərbi texnika pulsuz verilirdi. Bu məqam 44 günlük müharibə
dövründə daha aydın özünü göstərdi.
Dövlətimizin başçısı 44
gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrinin
hər birində bu suala cavab axtardığını diqqətə
çatdırdı ki, kasıb ölkəyə belə
böyük məbləğdə silah verən kimdir? Məhv edilən və qənimət kimi
götürülən texnikaların qiyməti ilə
işğalçı Ermənistanın maliyyə
imkanları təzad təşkil edir. Haradandır bu
kasıb ölkədə bu qədər pul? Təbii ki, bütün dövrlərdə
böyük dövlətlərin maraqlarının
icrasında vasitəçi olan Ermənistan onlar tərəfindən
silahlandırılıb, maddi və mənəvi dəstəklə
əhatə olunub. Bu, başqa bir yazının
mövzusu olduğu üçün daha geniş şərh
vermədən Azərbaycan Ordusunun 44 gündə tariximizə
yazdığı zəfər
günləri silsiləsindən postmüharibə
dövrünə keçidin gözləntilərindən bəhs
etmək istərdik.
Dövlətimizin
başçısı xalqa müraciətlərində daim bu məqamı
da xüsusi qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin
İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi
münasibətilə təşkil olunacaq hərbi paradda
düşmənin məhv edilmiş və ya qənimət
kimi götürülmüş texnikaları da nümayiş
olunacaq. Ölkə Prezidenti, Ali
Baş Komandan İlham Əliyev
hələ Azərbaycan Silahlı Qüvvələrinin
100 illiyi münasibətilə Bakıda təntənəli hərbi
parad keçirilən zaman Qələbə paradının
anonsunu vermişdi. Bu parad möhtəşəmliyi
ilə seçiləcək, digər paradlardan fərqli olacaq.
Artıq Azərbaycan bu paradı Qələbəmiz münasibətilə
keçirəcək.
Qeyd
etdiyimiz kimi, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı
dünya üzrə müharibələrin
aparılması doktrinasında
ciddi dəyişikliklərə səbəb olacaq. Bu müharibə göstərdi ki, dövlətimizin
başçısı İlham Əliyevin son 17 ildə həyata
keçirdiyi güclü dövlət, güclü ordu
strategiyası torpaqlarımızın işğaldan azad
olunmasının ən başlıca səbəbidir.
Dövlətimizin başçısının müsahibələrində
də qeyd etdiyi kimi,
ordumuz faktiki olaraq yenidən quruldu. Bu
gün ordumuzun potensialı bütün dünyanın
gözü önündədir. İnkişaf
etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri
də artıq bizim təcrübəmizi öyrənirlər.
Bu təcrübə şübhəsiz kitablarda da, tədqiqatlarda da əksini
tapacaq.
Özü
haqqında məğlubedilməzlik
sindromu yaradan Ermənistan silahlı qüvvələri
qısa müddət ərzində məhz Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə,
dövlət olaraq Ermənistana özünü bərpa etmək
üçün illər lazım olacaq.
Azərbaycanın 2003-cü ilədək olan dövrü,
eyni zamanda, 2003-cü ildən sonrakı mərhələsi bu
gün əldə olunan uğurları şərtləndirən
əsas amillər kimi qeyd edilir. Təbii ki, sabitlik olmasa iqtisadi
inkişaf olmazdı, bu halda da heç bir sahənin tərəqqisindən
danışmaq mümkün deyildi. Müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı ilə ölkəmizi
müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından,
özbaşınalıqlarından, iqtisadi böhranından
xilas etdi. Əgər
1993-2003-cü illəri əsasən bərpa və
inkişafın təməlinin qoyulması dövrü
adlandırırıqsa, ikinci mərhələ böyük və
sürətli quruculuq və inkişaf dövrü kimi
xarakterizə edilir. Birinci mərhələ Ümummilli
Liderin, ikinci mərhələ isə bu siyasi kursu uğurla
davam etdirən, qətiyyətli lider olduğunu həyata
keçirdiyi nəhəng transmilli layihələrlə,
sosial-iqtisadi islahatlarla, diplomatik mübarizədə qələbələri
ilə, eyni zamanda, 44 günü Azərbaycan tarixinə zəfər
günü kimi yazan, noyabrın 10-da imzalanan razılaşma əsasında
Azərbaycanın ərazi bütövlüyünün bərpa
edildiyini dünyaya təqdim edən
Prezident İlham Əliyevin adı ilə
bağlıdır. Son 17 ilin əsas hədəfləri
sırasında Azərbaycanın hərbi büdcəsinin Ermənistanın
ümumi büdcəsindən dəfələrlə artıq
olmasına nail olmaq idi. Bugünkü Qələbəmiz
bu reallığın təsdiqidir. Dövlətimizin
başçısı İlham Əliyev ən yüksək
tribunalardan bəyan edirdi ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllində
sülh danışıqları səmərə vermədiyi
təqdirdə hərb variantı istisna edilmir. Müharibə
şəraitində yaşayan ölkə olaraq ordu
quruculuğu, hərbi xərclərimizin artırılması
suveren hüququmuzdur. Ölkədə ən müasir tələblərə
cavab verən ordu quruculuğu dünyanın heç bir yerində
olmayan böyük sürətlə aparıldı. Məhz
aparılan bu yüksək səviyyəli dövlətçilik
fəaliyyəti və təşkilatçılıq işi
Müzəffər Ali Baş Komandanın dediyi kimi,
qarşıda duran əsas vəzifəyə xidmət edirdi:
“Mən dəfələrlə bütün beynəlxalq
kürsülərdən bəyan etmişdim ki,
torpaqlarımızın, ərazi
bütövlüyümüzün bərpa edilməsi bizim əsas
vəzifəmizdir və biz bu vəzifəni icra edirik”.
Azərbaycan Ordusu dünyanın ən güclü 50
ordusu sırasında olduğunu 44 gündə təsdiqlədi. Noyabrın 10-da Azərbaycan,
Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin
imzaladıqları Bəyanatın müddəalarına
uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri,
20-də Ağdamı və dekabrın 1-də isə
Laçını təhvil verməli idilər. Kəlbəcər noyabrın 15-də
qaytarılmalı idi, amma Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi
ilə Azərbaycandan əlavə vaxt istədiyi
üçün noyabrın 25-də təhvil verildi. Azərbaycan
humanist dövlət olduğunu sözdə deyil, əməldə bir
daha təsdiqlədi. Digər tərəfdən
bu məqamı da unutmayaq ki, Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qətnamələrini 44 gündə təkbaşına
icra etdiyi kimi, Bəyanatdan irəli gələn vəzifələrin
də yerinə yetirilməsinə nail olmaq
imkanındadır.
Bu gün istər
ölkə, istərsə də dünya mətbuatında
qalib Prezident İlham Əliyevin müharibədə qalibiyyət
qazanmaq üçün atdığı addımlar, informasiya
müharibəsində Ermənistanı diz çökdürməsi
geniş şəkildə təhlil edilir. Dünya siyasətçiləri,
politoloqlar, aparıcı mətbu orqanların nümayəndələri
Ermənistanın baş naziri Nikol Paşinyanın təlxəkliyini
insanlığa sığmayan, bir dövlətin rəhbərinə
yaraşmayan hərəkət kimi dəyərləndirirlər.
İkinci
Qarabağ
müharibəsinin 44
günündə baş verənlər
dövlətimizin başçısı İlham
Əliyevin 30 ilin imitasiya naminə
danışıqlara son qoyub döyüş meydanında ədaləti
bərpa etməsinin mahiyyətini daha dərindən dərk
etməyə geniş imkan yaradır. Ermənistanın
baş nazirinin sərsəm bəyanatları, münaqişənin
diplomatik yolla, havadarlarının isə hərb yolu ilə həllinin
mümkünsüzlüyünü bildirmələri Azərbaycan
dövlətinin, xalqının səbir kasasını
doldurdu. Azərbaycana
müxtəlif güc mərkəzlərindən göstərilən
təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi
böyük qətiyyət, cəsarət və siyasi iradə
nümayiş etdirdi və ərazi
bütövlüyümüzün bərpası kimi əsas vəzifənin
öhdəsindən layiqincə gəldi: «Danışıqlar
heç bir nəticə vermədi. Biz bu Qələbəni
döyüş meydanında qazandıq, şəhidlər verərək
bu Qələbəni qazandıq.»
Təbii ki, böyük Qələbəyə aparan yolda
beynəlxalq səviyyədə həyata keçirilən
siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri
ilə yaradılan dostluq münasibətlərinin yeri
ayrıca qeyd edilməlidir. Həm ölkə daxilində fasiləsiz
şəkildə təşkil edilən, dünya miqyaslı
problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər,
həm də dünyanın fərqli ölkələrində
keçirilən müxtəlif səviyyəli tədbirlərdə
Azərbaycanın yüksək səviyyədə təmsil
olunması, dünyanın əsas aparıcı ölkələrində
və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən
diplomatik nümayəndələrimiz Azərbaycan həqiqətlərinin
bütün dünyaya çatdırılmasında
mühüm rol oynadı. Azərbaycanın
siyasi qələbəsini təsdiqləyən 10 noyabr
razılaşması da bu məqamlara işıq salır.
Gərgin
və davamlı təbliğat nəticəsində
bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli
Azərbaycan torpağıdır. Azərbaycanlılar
yox, məhz ermənilər bu torpağa gəlmə
xalqdır. Dövlətimizin
başçısının bu müddətdə hər bir müsahibəsi həqiqətlərimizin
təbliği, erməni yalanlarının ifşası
baxımından xüsusi diqqət çəkdi. 30 ildə həqiqətləri
görməzdən gələn dünyanın aparıcı
dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar
44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi
əsasında bu
reallıqları öyrənməyə məcbur oldu. Baxmayaraq ki, 30 ilə yaxın
müddətdə münaqişənin həlli üçün
möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi, BMT Baş
Assambleyasının, Qoşulmama Hərəkatının,
İslam Əməkdaşlıq Təşkilatının,
Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq
təşkilatların qərar və qətnamələri birmənalı
şəkildə Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi tanıyır.
Qələbənin
memarı, Ali Baş Komandan İlham Əliyev ölkəmizin gələcəyi
ilə bağlı fikirlərini belə ifadə etmişdir ki, ölkəmizin
gələcəyi çox parlaq olacaq. Son illər
ərzində çox böyük uğurlara imza
atmışıq. Ölkəmizin həm
siyasi, həm iqtisadi sahələrdə uğurları bu
gün beynəlxalq təşkilatlar tərəfindən də
qəbul edilir. Beynəlxalq arenada
böyük uğurlar əldə edilib. Azərbaycan
bu gün çox güclü bir ölkəyə
çevrilib. Ölkə daxilindəki
bütün məsələlər öz həllini tapır.
Əlbəttə ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli ölkəmizə yeni nəfəs
verəcək. Ölkəmiz
üçün yeni bir dövr başlanır. Bu yeni dövr
böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə
yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab
edirəm ki, müsbət meyillər daha da güclənəcək.
Azərbaycan beynəlxalq arenada öz rolunu daha
da artıracaq. Azərbaycana olan hörmət
daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi
bütövlüyümüzü, ədaləti və beynəlxalq
hüququ bərpa etdik.
Qeyd
olunanların fonunda bu ümumiləşdirməni apara bilərik
ki, inkişaf etmiş
dünya dövlətləri ilə müqayisədə
Azərbaycan ərazi baxımından o qədər də
böyük olmasa da, bu gün
dövlətimizin əldə
etdiyi tarixi Qələbə müasir dünyanın hərb
tarixinə qızıl hərflərlə yazıldı. 2018-ci il “Azərbaycan Xalq
Cümhuriyyəti ili” çərçivəsində Azərbaycan
Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə
keçirilən təntənəli hərbi parad bir daha bu reallığı təsdiqləmişdir
ki, peşəkar ordusu olan xalqın
müstəqilliyi əbədidir və bu ordunun gücü
onun öz xalqına və dövlətinə sədaqətində,
Vətən sevgisindədir. Millətimizin ləyaqət rəmzi,
özünütəsdiq imkanı olan ordumuz
xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda
dayanır, dövlətimizin varlıq, mövcudluq və milli
kimlik meyarı kimi çıxış edir və
bütün bu ali ideyaları yalnız bir milli dəyər
birləşdirir - Müstəqillik! Həmin hərbi
paradda Ali Baş Komandan İlham Əliyev bu əminliyi ifadə
etmişdir ki, gün gələcək və bu gün
işğal altındakı torpaqlar azad olunandan sonra orada
qaldırılacaq Azərbaycan bayrağı Azadlıq
meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.
Biz bu müqəddəs günü
yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq.
O vaxtdan
bizləri iki ildən artıq zaman ayırır. Azərbaycan Ordusu 44 gündə cənab İlham
Əliyevin bu inamını reallıqda təsdiqlədi. İşğaldan azad edilmiş torpaqlarımızda
Azərbaycanın üçrəngli bayrağı
dalğalanır. Yuxarıda qeyd etdiyimiz
kimi, artıq torpaqlarımızın işğal tarixlərindən
deyil, işğaldan azad olunma tarixlərindən bəhs edəcəyik.
10 noyabr tariximizin ən parlaq səhifəsidir.
Bu, haqqın-ədalətin, ərazi
bütövlüyümüzün bərpa olunduğu tarixdir.
Yeganə Əliyeva,
İki sahil.- 2020.- 3 dekabr.- S.7.