28 illik həsrət
bitdi: Laçına qovuşduq
Artıq Laçın
rayonu da işğaldan azad edildi. Azərbaycan torpaqlarının 30 il davam edən
işğalı nəhayət
ki, sona çatdı. Azərbaycan
Respublikası, Rusiya Federasiyası Prezidentləri
və Ermənistan Respublikası baş nazirinin imzaladığı
üçtərəfli bəyanata
əsasən Azərbaycan
Ordusunun bölmələri
dekabrın 1-də Laçın
rayonuna daxil oldu. Burada Azərbaycanın Dövlət Bayrağı
qaldırıldı. Laçın
Dağlıq Qarabağın
ətrafında yerləşən
7 rayondan biridir. Şuşa şəhərinin
azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbürd,
Səfiyan, Türklər
kəndlərini işğalçılardan
təmizləyib.
Müzəffər Azərbaycan Ordusunun
Laçın rayonunun
bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə
Şuşa şəhəri
və onun ardınca 70-dən artıq
kəndin azad olunmasından az sonra Ermənistan kapitulyasiyasını elan etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları
birgə Bəyanata əsasən, Ermənistan
silahlı qüvvələri
Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli oldu.
Laçını tərk edən
erməni əhalisi isə 1992-ci ildə rayonun işğalından
sonra orada qeyri-qanuni məskunlaşmışdı.
Ağdam və Kəlbəcərdə olduğu
kimi, qeyri-qanuni yaşadıqları əraziləri
- Azərbaycan torpaqlarını
tərk edən ermənilər Laçından
da təhlükəsiz
şəkildə, atəşə
məruz qalmadan rahatlıqla çıxdılar. Azərbaycan Ordusu
onlara ərazini tərk etmək üçün bütün
şəraiti yaratdı.
Bunun müqabilində
isə Laçından
və digər azad edilən rayonlardan çıxan ermənilər öz murdar xislətlərinə
sadiq qalaraq yaşadıqları evləri
yandırır, vandallıq
edərək meşələrə
od vurur, suları çirkləndirərək ekoloji fəlakət törətdilər.
Bu gün təhlükəsiz şəkildə
və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli
olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulmuşdu.
Onların bir çoxu qırğına
məruz qalmış,
atəşə tutulmuş,
meyitləri belə təhqir edilmişdi. İşğal dövründə
Laçın rayonu yüzlərlə şəhid
verib, onlarla dinc insan Laçında
girov götürülüb.
Rayondan köçkün
düşən Azərbaycan
əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət
olunmuşdu.
Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ
silsiləsində yerləşir.
Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi
Qızılboğaz dağıdır
(3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd,
vələs, fıstıq
və s.), subalp və alp çəmənliklərindən
ibarətdir. Ərazisinin
çox hissəsində
qışı quraq keçən mülayim-isti,
soyuq iqlim tipi, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının
miqdarı 600-900 mm-dir.
Rayon ərazisindən
Həkəri çayı
və onun qolları keçir. İşğal dövründə
rayonun meşə fondunun əhəmiyyətli
hissəsi Ermənistan
tərəfindən məhv
edilib.
Laçında 10 ədəd Şərq çinarı növünə
məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın diametri 210 sm, hündürlüyü 26 metr,
yaşı isə 400
il təşkil edib. Rayon ərazisində
ümumi sahəsi 1
092 ha olan üçüncü dövrün
relikt növlərinə
aid “Ardıc meşəsi” dövlət
təbiət abidələri
kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına
daxil edilib. Burdakı ağacların yaşı 100-150 ilə çatır.Rayon ərazisində
2 xüsusi mühafizə
olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət
Qoruğu və Laçın Dövlət
Təbiət Yasaqlığı
yerləşir. Qaragöl Dövlət
Təbiət Qoruğu
Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən
2658 m hündürlükdə, Həkəri çayının
sağ qolu olan Ağoğlan çayının mənbəyinə
yaxın 240 hektar ərazidə yaradılıb.
Gölün dərinliyi
5-6 metr olmaqla vulkanik mənşəlidir.
Qaragölün əsas
biokütləsində Gammarus
lacustris şirinsu xərçəngi mühüm
yer tutmaqla qiymətli balıq növü olan Qızılxallı balıq
(forel) üçün
yem bazası hesab olunub. Gölün
müasir vəziyyəti
heç də qənaətbəxş deyil,
aerokosmik şəkillərdən
gölün tamamilə
quruduğu müşahidə
edilib. Ətraf çəmənliklər sistemsiz
olaraq intensiv otarılmaqla bitki örtüyü korlanıb.
Laçın Dövlət Təbiət
Yasaqlığı: 1961-ci ilin
noyabr ayında Laçın rayonu ərazisində 20 000 hektar
ərazidə yaradılıb.
Bitki örtüyünə görə
yasaqlığın ərazisi
iberiya palıdlarından
ibarət olan orta dağ-meşə
(1000-1700 m), Şərq palıdından
ibarət olan yuxarı dağ meşə (1700-2200 m), su balp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri
qurşaqlıqlarına ayrılır.
Sahəsinin 7 369 ha və
ya 34,5 %-i meşə sahəsi, 1 448 və ya 6,8 %-i alp çəmənliyi, 7 400 ha
və ya 34,8 %-i subalp çəmənliyi,
4 257 ha və ya 20 % otlaqlar, 862 və ya 4 % qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır. Burada Azərbaycan
Respublikasının “Qırmızı
Kitabı”na daxil edilən heyvan növlərindən dağ
keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib
maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb.
Meşələri əsasən
vələs, cökə,
ağcaqayın və
s. qarışıq tip
meşələrdir. Yasaqlığın
ərazisindəki Hacısamlı
meşəsində dünyada
qiymətli sayılan Qırmızı palıdın
(Qızıl palıd)
təbii arealı mövcud olub. Bu ağac Azərbaycan
Respublikasında ancaq həmin yasaqlıqda yayılıb.
Həkəriçay Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən
axaraq Araz çayına tökülür.
Kiçik Qafqazın Azərbaycan
daxilində Tərtərçaydan
sonra (Bazarçayla birlikdə) ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı
sahəsi 1180 km2, uzunluğu
113 km, çoxillik orta su sərfi
10,8 m3/san, illik axımın həcmi 341
mln.m3-dir. Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəri
çayına tökülür.
Axımı əsasən
qar və yeraltı sulardan qidalanır. Çayın
sutoplayıcı sahəsi
88 km2, uzunluğu 25 km-dir.
Laçın rayonu zəngin faydalı qazıntılarla,
o cümlədən (3 filiz,
37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli
Gilgəzçay, Sarıbulaq,
Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman
və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir. Laçın rayonunda 73 tarix-mədəniyyət
abidəsi dövlət
qeydiyyatına alınıb.
Onlardan
3-ü ölkə əhəmiyyətli
memarlıq, 8-i ölkə
əhəmiyyətli arxeoloji,
47-si yerli əhəmiyyətli
memarlıq, 3-ü yerli
əhəmiyyətli bağ-park,
monumental və xatirə abidəsi,
3-ü yerli əhəmiyyətli
arxeoloji, 9-u dekorativ-tətbiqi
sənət nümunələri
(xalq daş heykəltəraşlıq) abidələridir.
Rayon ərazisində yerləşən
Ağoğlan məbədi,
Məlikəjdər türbəsi,
Sarı Aşığın
xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində
mövcud olan daşınmaz tarix-mədəniyyət
abidələri içərisində
xüsusi önəmə
malikdir.
Sevinc Azadi
İki sahil.- 2020.- 3 dekabr.- S.23