Ölümsüzlüyə qovuşan Suqovuşan qəhrəmanımız
ŞƏHİDLƏR
ÖZ İLAHİ FƏDAKARLIQLARI İLƏ
ÖLÜMSÜZLÜYƏ QOVUŞANLAR,
BÜTÜN
BƏŞƏRİYYƏTİN QARŞILARINDA BAŞ
ƏYDİYİ YENİLMƏZ VARLIQLARDIR!
Vətən bizim varlığımız,
ən müqəddəs
dəyərlərimizin toplandığı
yerdir. Tarix boyu Vətən
torpaqlarının müdafiəsi
uğrunda neçə-neçə
igid oğul və qızlarımız
canından keçmiş,
şəhidlik məqamına
yüksəlmişlər. Bu elə ali
məqamdır ki, ölümlərin ən mübarəkidir, ən müqəddəsidir. Vətən uğrunda
öldüyünü bilmək,
bu həqiqətə çata bilmək üçün ölümün
gözünə dik baxmaq hər kəsə nəsib olmur. Şəhidlər
öz ilahi fədakarlıqları ilə
ölümsüzlüyə qovuşanlar, bütün bəşəriyyətin qarşılarında
baş əydiyi yenilməz varlıqlardır!
Şəhidlər xalqın
var olma səbəbidir, keçmişimizi
bu günümüzə
qovuşduran, bizi gələcəyə aparan,
üzümüzdəki sevincin,
qəlbimizdəki rahatlığın
təminatçısıdır onlar! Biz onlara borcluyuq qürurla yeridiyimiz Vətən torpağının hər
qarışında aldığımız
nəfəs üçün,
üzümüzdə yaranan
təbəssüm, sevincimiz,
kədərimiz üçün...
Sentyabr ayının 27-də başlanan
Vətən müharibəsində
qazanılan zəfərimizdə,
alınan torpaqlarımızın
hər qarışında
neçə-neçə şəhidimizin
qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi
var. Düşmənə qarşı
mərdliklə vuruşan
oğullarımızın bu
gün qürurla danışdığımız, gələcək nəsillər
üçün örnək
olacaq qəhrəmanlıq
hekayələrini dinlədikcə
qürurlanmamaq olmur. 44 günlük müharibədə
Naxçıvan Muxtar
Respublikasından olan igid oğullarımız
da qəhrəmanlıqla vuruşmuş,
öz canlarından keçərək şəhidlik
məqamına yüksəlmişlər.
Belə mərd, igid oğullarımızdan biri
də Suqovuşanın
azad olunmasında qəhrəmanlıqla vuruşan
və şəhadət
məqamına yüksələn
Nihad Seyidovdur.
Nihad Seyidov 12 iyun 1998-ci il Culfa
rayonunun Teyvaz kəndində anadan olub. İlk təhsilə
2004-cü ildə Naxçıvan
şəhəri 14 nömrəli
məktəbdə başlayan
Nihad 2 il burada oxuduqdan sonra 17 nömrəli məktəbdə təhsilini
davam etdirib. Hərb sənətinə
sonsuz maraq və istəyi sayəsində 2012-ci ildə
Naxçıvan şəhərindəki
Heydər Əliyev adına Hərbi
Liseyə qəbul olunub. Liseydə oxuduğu müddətdə
nümunəvi davranışı,
mülayim xarakteri ilə seçilən Nihad yoldaşları ilə yanaşı, müəllimləri tərəfindən
də sevilirdi. Ona liseydə tarix fənnini tədris edən Təranə Tahirovanın
öz şagirdi Nihad haqqında yazdıqlarına nəzər
yetirək: “Nihad Seyidov hərbi liseydə oxuduğu 3 il ərzində özünü sakit, mədəni, məsuliyyətli
bir kursant kimi tanıtdı. Yoldaşları ilə qarşılıqlı
hörmət əsasında
davranırdı. Dərslərinə çox yaxşı hazırlaşırdı. Bu
xarakteri onu müəllimlərinin gözündə
daha da ucaldırdı.
Qarabağ mövzusunda
danışanda belə
bir sual verdi mənə:
Müəllimə, biz güclüyük,
yoxsa ermənilər? Həmin gündən bu mövzuda söhbətlərimiz
genişləndi. Qarabağ tarixinə
çox marağı
var idi. Hər bir hadisə haqqında suallar verir və düşünürdü.
Mən onun nə qədər vətənpərvər olduğunu
hiss edirdim. Nəhayət,
İkinci Qarabağ müharibəsinin başlanması
Nihadın sualına cavab verdi.
Müharibə göstərdi
ki, həqiqətən
də, biz güclüyük!
Nihad da digər oğullarımız
kimi gözünü qırpmadan döyüş
meydanına atıldı.
Arzularını gerçəkləşdirə
bilmədi, Qarabağın
azad olunmasına şahid ola
bilmədi, şəhid
oldu Nihad! Ölümsüzlüyə qovuşdu,
xatirələrdə qaldı
yarımçıq həyatı!
Vətənini, torpağını
azad etmək uğrunda canını fəda etdi! Amma Nihad bu yolu
lap uşaqlıqdan seçmişdi.
Namərd düşmən gülləsi aman vermədi onun arzularının gerçəkləşməsinə”.
Hərbçi olmağı
uşaqlıqdan arzulayan
Nihad hərb sənətinin sirlərinə
daha dərindən yiyələnmək üçün
2015-ci ildə Bakıdakı
Heydər Əliyev adına Ali Hərbi
Məktəbə daxil
olur. 2019-cu ildə
oranı bitirib, leytenant rütbəsi alır. Elə həmin il
Mingəçevir şəhərindəki
708 nömrəli hərbi
hissədə xidməti
vəzifəsinə başlayır.
Yüksək bacarığı və hazırlığı
sayəsində tezliklə
bölük komandiri təyin olunur. 2020-ci ilin 20 mart tarixində
döyüş fəaliyyəti
və ictimai-siyasi hazırlıqda əldə
etdiyi yüksək nailiyyətlərə görə
fəxri fərmanla təltif olunur. Hərbi sahədə irəliləmək,
həmişə öndə
getmək, kəşfiyyatçı
olmaq ən böyük arzusu idi Nihadın...Elə son döyüşünə
də əsl kəşfiyyatçı qəhrəman
kimi, hamıdan öndə yollanır.
27 sentyabr...Müharibənin
başlandığı ilk gün...Azərbaycan Ordusu cəbhəboyu bir neçə istiqamətdə hücuma
keçir. Nihad Seyidov da bu döyüşlərdə iştirak
edir. İkinci Qarabağ müharibəsində
Azərbaycan Ordusunun şimal-şərq cəbhəsində
baş vermiş ən əhəmiyyətli
döyüşlərdən olan, müharibənin qalibiyyətlə bitməsində
həlledici rol oynayan Suqovuşanın düşməndən
azad edilməsində Nihad da igidliyi ilə seçilir, döyüş yoldaşları
ilə birgə ən çətin əməliyyatlarda iştirak
edərək, əsl qəhrəmanlıq nümunəsi
göstərir. Atası
ilə telefon danışığı zamanı
Nihadın dediyi sözlər qəhrəmanlıq
salnaməsi yazan Azərbaycan oğullarının
zəfər səsi, qalibiyyət nəğməsi
kimi səslənir:
“Ata, hal-hazırda ələ
keçirdiyimiz erməni
tankı üzərində
oturmuşam. Biz irəli gedirik. Yenilməz Azərbaycan əsgəri ilə fəxr edə bilərsiniz!”. Vətən torpağının bötövlüyü
uğrunda qorxmadan, mərdliklə vuruşan,
hər zaman öndə gedərək döyüş tapşırığını
yüksək səviyyədə
yerinə yetirən Nihad son döyüşünə
də eyni ruhda, əsl qəhrəman kimi yollanır. Oktyabr ayının 14-dən 15-nə keçən gecə düşmən snayperindən
atılan atəş nəticəsində baş
nahiyəsindən yaralanaraq
şəhadətə qovuşur.
Onunla bərabər 8 qəhrəmanımız
da həmin döyüş
zamanı şəhid
olur. Nihad şəhid olacağını
sanki əvvəlcədən
hiss etmişdi. İki
il öncə
anası ilə söhbəti zamanı “Mən şəhid olacam, ana” deyərək
onun ürəyinə
xal salsa da, dastana çevrilən qəhrəmanlığı,
igidliyi nəinki anasının, bütün
Azərbaycan xalqının
qəlbinə əbədi
həkk olundu.
Yurdun dan yerində şəfəqə döndün,
Zirvəyə çevrildin, məşələ
döndün.
Qarabağ uğrunda sipərə döndün,
Çevrildin dastana, nağıla, Nihad!
Adın dodaqlarda gül açdı, Nihad!
Azərbaycanın ərazi bütövlüyünün
bərpası uğrunda
qəhrəmanlıqla vuruşan
bütün
oğullarımız kimi,
Nihad Seyidovun da adı xalqımız
tərəfindən qürurla
anılır, hörmətlə
yad edilir. 2 noyabr tarixində cənazəsi Naxçıvana
gətirilən şəhidlərimiz
arasında Nihad Seyidov da var
idi. Bütün Naxçıvan
gəlmişdi qəhrəman
oğullarını son
mənzilə yola salmağa...Gözlərdə
həm kədər, həm də böyük qürur var idi...Yüzlərlə
igid övladlarımızın
qanı bahasına qazanılan şanlı qələbəmiz xalqımızın
birlik və həmrəyliyini bütün
dünyaya nümayiş
etdirirdi... Qəhrəmanlıqları ilə tarix
yazan, düşmənin
canlı qüvvəsinin
və döyüş
texnikasının məhv
edilməsində fədakarlıq
və rəşadət
göstərən, vəzifə
borcunu ləyaqətlə
və vicdanla yerinə yetirən rəşadətli oğullarımıza
dövlətimiz tərəfindən
də həssaslıqla
yanaşılır. Onlar
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının təltif
edilməsi haqqında
Sərəncamına əsasən
müxtəlif orden və medallarla təltif olundular. Belə qəhrəmanlarımız
arasında leytenant Nihad Seyidovun da adı var.
Qəhrəmanımız 15 dekabr tarixində ölümündən sonra
“Vətən uğrunda”
medalı ilə təltif edildi.
Vətənin müdafiəsi uğrunda
canını fəda edən, arzuları, ümidləri yarımçıq
qalan, xalqının xoşbəxt gələcəyi
üçün həyatını
qurban verən Nihad Seyidovun simasında bütün oğullarımızla qürur
duyuruq! Onlar bizim yaddaşımıza əbədi həkk olan igidlərimiz, şücaətləri ilə
tarix yazan ölməz qəhrəmanlarımızdır!
Azərbaycan xalqı sizin əziz xatirənizi hər zaman yad edəcək,
dillərə dastan olan həyat hekayələriniz qəhrəmanlıq
tariximizin ən dəyərli nümunəsi
kimi yaddaşlarda, dillərdə əbədi
yaşayacaq!
Sahab Əliyeva,
AMEA Naxçıvan Bölməsi
Elmi Kitabxanasının
direktoru
İki sahil.- 2020.- 23 dekabr.- S.20