Azərbaycan dövlətçiliyinin Zəfər mərhələsi

 

 

Dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur, yenilməz xalqımızın iradəsi, rəşadətli Ordumuzun gücü,  birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə  həyata keçirilən “Dəmir yumruq” əməliyyatı Azərbaycanın bir güc olduğunu, yeni reallıqlar yaratdığını dünyaya göstərdi

 

“Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi “İrəli!” əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə etməli idik. Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi. Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi.” Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə 44 günlük müharibənin ümumi mənzərəsini yaradır.

 

44 gün  davam edən və noyabrın 10-da Azərbaycanın siyasi Qələbəsi ilə  başa çatan İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik  torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğu istiqamətində aparılan strategiyanın və müəyyən hədəflərə hesablanmış  siyasətinin  məntiqi nəticəsi oldu.

 

29 illik müstəqillik tarixinə malik olan Azərbaycan 1993-cü ildən başlayaraq inkişaf, tərəqqi dövrünü yaşayır. Müstəqilliyimizin ilk  illərində ölkədə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan şəxslərin  hakimiyyəti ələ keçirməsi Azərbaycanı müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təklükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın baş alıb getməsi, digər tərəfdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəçisinə çevrilməsi xalqın sabaha ümidlərini itirmişdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan adlı dövlət yenidən quruldu, inkişaf, tərəqqi dövrü başladı.  1993-cü ildən başlanan bu inkişaf Azərbaycanın  müstəqillik tarixinin 27 ilinə bələdçilik edir.  Hər zaman qeyd edildiyi kimi, düzgün qurulan siyasət, möhkəm təməl ölkəni daim inkişafa aparar.

 

Bu gün əbəs yerə demirik ki, 44 gündə  bütün dünya ordumuzun gücünə, möhkəm siyasi iradəmizə, xalqımızın sarsılmaz birliyinə, böyük iqtisadi imkanlarımıza və Qələbəmizi şərtləndirən bu kimi digər amillərə şahidlik etdi.

 

Bu uğurlardan öncə qeyd etdiyimiz kimi, ölkəyə rəhbərlik edən liderin gələcəklə bağlı ideyaları və onları həyata keçirməsi əsasdır.  Ulu öndər Heydər Əliyevin ideyaları əbəs yerə dünənimizin, bu günümüzün və sabahımızın əsası kimi dəyərləndirilmir. Dahi şəxsiyyət Azərbaycanın dünyaya günəş kimi doğmasını arzuladı və bunu uğurlu addımları ilə gerçəkləşdirdi.

 

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev 44 gündə xalqa müraciətlərində, videoformatda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, 30-a yaxın xarici mətbuata müsahibələrində bu reallığı dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə 1993-cü ildə Azərbaycan əhalinin sayına görə ən yüksək qaçqın faizinə malik idi: Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı.

 

Bu, Azərbaycanın müstəqillik tarixinin faciəli səhifələrindən biridir. Birinci Qarabağ müharibəsindən dərhal sonra güclü dövlət quruculuğuna başlayan Azərbaycan həm də Ermənistanı iqtisadi blokadaya saldı.

 

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi önə çəkirdi ki,  bu gün dünyada beynəlxalq münasibətlərin həllində beynəlxalq hüquq, eyni zamanda, güc amili də ön plana çıxır. Belə olan halda hər bir ölkə öz gücünü artırmalıdır. Biz bu məsələlərlə uzun illərdir ki, məşğuluq. Uzun illərdir ki, güclü iqtisadi potensialımızı yaradırıq. Bu potensial bizə imkan verir ki, müstəqil siyasət aparaq. Çünki iqtisadi müstəqillik, hərbi güc olmadan müstəqil siyasət aparmaq çox çətindir.

 

  Son illərdə ordu quruculuğuna  böyük diqqət göstərilir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, nizam-intizam artıb. Ordumuz hərbi texnika ilə təchiz edilib və edilir. Hərbi büdcəmiz ildən-ilə artaraq böyük rəqəmlərlə ifadə olunur.  Təkcə onu demək kifayətdir ki, bu gün bizim hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən dəfələrlə çoxdur. Cənab İlham Əliyevin hər zaman etdiyi çağırışlardan biri bu idi ki, hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaq.

 

Cənab İlham Əliyev  beynəlxalq təşkilatların tribunasından daim Azərbaycan həqiqətlərini faktlar əsasında diqqətə çatdırır, erməni yalanlarını ifşa edir. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasından sonra son 17 ildə cənab İlham Əliyevin ermənilərin əsl simasının dünyaya təqdimatı istiqamətində atdığı addımlar göz qabağındadır. Dünyaya bəyan edilir ki,  Ermənistan  faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Müstəqillik böyük bir şans, böyük bir nemət, sərvət idi. Azərbaycan bu gün bu imkanlardan tam şəkildə istifadə etmişdir. Ermənistan haqqında isə müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı vardır.

Azərbaycan isə öz prinsipial mövqeyi ilə bütün dövrlərdə seçilmişdir. Azərbaycan xalqı  şərəflə yaşayır, Azərbaycan dövləti  ləyaqətli siyasət aparır və bu siyasət ümumbəşəri prinsiplər üzərində qurulub.

 

Bu fikir əksər dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilirdi ki, bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır. Belə bir əminlik də ifadə edilirdi ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi həll olunandan sonra Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaq. “İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda forpost kimi özünü göstərir” söyləyən dövlətimizin başçısı bildirirdi ki,  Azərbaycanın artan gücü, potensialı və xarici siyasətlə bağlı apardığı düşünülmüş, ölçülüb-biçilmiş siyasət ölkənin ərazi bütövlüyünü bərpa etməyə imkan verəcək: “Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyildir.”

 

Rəsmi Bakının beynəlxalq təşkilatların tribunasından səsləndirdiyi reallıqlardan biri də bu idi və hazırda da budur ki,  beynəlxalq aləmdə ikili standartlar mövcuddur. Biz də ikili standartların qurbanıyıq.

 

Azərbaycan bu illər ərzində  daha da güclü olmaq üçün biri-birindən vacib addımlar atdı.  Əlbəttə ki, əsas məsələ burada iqtisadi potensialdır. Son 17 ildə  Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu.  Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycanın qarşısında yeni imkanlar açıldı, bütün sahələr üzrə davamlı addımların atılması təmin edildi. Son 17 ildə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı göz qabağındadır. Bu o demək deyil ki, Azərbaycanın neft-qaz sektorunda əhəmiyyətli uğurlara imza atılmayıb. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, çoxtərəfli əməkdaşlığın göstəricisi olaraq Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji,  nəqliyyat layihələri nəinki ölkəmizin, həmçinin regionun və dünyanın  iqtisadi qüdrətini artırdı. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan iqtisadi böhran içərisində çapalayır. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür.

 

Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması  ordu quruculuğuna daha böyük vəsaitlərin ayrılmasına, hərbi arsenalımızın ən müasir texnikalarla təchiz edilməsinə böyük imkanlar açdı. .

 

Həmçinin ötən illər ərzində münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə yanaşı, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Məhz möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycanın 44 günlük müharibə dövründə siyasi Qələbəsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin əvvəldə qeyd etdiyimiz fikirlərinə istinad etsək, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas rol  oynayır. Ötən illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması fonunda hərbi gücü daha da artdı, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Azərbaycan iqtisadi gücün nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Bu baxımdan ki, Ermənistanı diz çökdürən Azərbaycan Ordusunun malik olduğu hərbi texnika ölkəmizin öz imkanlarına əsaslanır. Dilənçi Ermənistana isə havadarları tərəfindən hədiyyə edilir. Cənab İlham Əliyev 44 günlük müharibə zamanı  xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində daim bu suala cavab axtarıb ki, Ermənistana bu silahları kim verir,eyni zamanda kasıb Ermənistanın onları almaq üçün bu qədər pulu hardandır? Azərbaycan Ordusu Ermənistanın illərdir qurduğu istehkamları, hərbi texnikasını 44 gündə darmadağın etdi, qənimət kimi götürdü. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki,  əgər Azərbaycan münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü.

 

Azərbaycan 27 ildən artıq gözlədiyi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Azərbaycan  münaqişənin həlli prosesini uzatmaq üçün illərdir beynəlxalq ictimaiyyəti aldadan Ermənistana və ona bu istəyini yerinə yetirmək üçün dəstək göstərən havadarlarına 44 gündə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə göstərdi  ki,  özü bir güc sahibidir, yeni reallıqlar yaradıb, hər kəs bu reallıqlarla barışmalıdır. Bir sözlə, Azərbaycan şərtlərini diktə edir.

 

Dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur, yenilməz xalqımızın iradəsi, rəşadətli Ordumuzun gücü, dəmir yumruq kimi birliyimiz, həmrəyliyimiz sayəsində  Azərbaycanın qazandığı siyasi  Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu.  Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. 44 gündə 44 il, bütün tarix boyu danışılacaq Zəfər yazan Azərbaycanın qarşısında  yeni dövr - quruculuq dövrü başlayır. Qələbəmizin təqdimatı olan Zəfər paradında dost, qardaş ölkənin, hər zaman Azərbaycanın yanında, 44 günlük müharibədə “Azərbaycan tək deyil, Türkiyə yanındadır” söyləyən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə ifadə etsək, Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”

 

Yeganə Əliyeva

 

İki sahil.- 2020.- 22 dekabr.- S.3.