Zəfər Paradı tariximizə
qızıl hərflərlə yazılan möhtəşəm
hadisədir
Milli Məclisin deputatı Anar Məmmədov
-Anar
müəllim, bildiyimiz kimi dekabrın 10-da Bakıda Zəfər
Paradı keçirildi. Bu möhtəşəm
tədbir cəmiyyətimizdə böyük ruh yüksəkliyi
ilə qarşılanıb. Zəfər
Paradının əhəmiyyətini necə dəyərləndirirsiniz?
-Dekabrın
10-da Bakıda, “Azadlıq” meydanında keçirilən Zəfər
paradı öz haqq mübarizəsindən qalib çıxan
Azərbaycanın bütün dünyaya qələbəsinin,
Türkiyə-Azərbaycan əbədi
qardaşlığının nümayişi idi. Azərbaycan xalqı ilk növbədə tarixi ədalətin
bərpa edilməsini bayram edərək mövcud olduğu illər
ərzində əldə etdiyi ən böyük zəfərini
beynəlxalq ictimaiyyətə rəsmən elan etdi. Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına
həm də rəqibləri üçün böyük və
əhəmiyyətli siyasi bir ismarıc idi.
Belə
ki, hər zaman qonşuların ərazi iddiaları nəticəsində
süverenliyimiz və müstəqilliyimiz təhdid altında
olsa da, Azərbaycan Qarabağ mövzusunda ictimaiyyət, ordu,
müxalifət və iqtidar bir yerdə bir yumruğa
çevirilib erməni qəbskarlarının layiqli
cavabını verə bildi. Prezident İlham
Əliyevin də dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi,
həm də gücümüzü təcəssüm etdirir.
Bu dəmir yumruq düşmənin belini
qırdı, düşmənin başını əzdi və
bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik.
Azərbaycanın müzəffər Ordusu öz
tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub
etdi. Həqiqətən də, 44 günlük Vətən
müharibəsi dövründə biz bütün güclərimizi
səfərbər edərək, mənfur düşmənin
mübarizə əzmimizi qırmasına imkan vermədik,
düşmən üzərində qələbə
qazandıq, tarixi ədaləti bərpa edib bütün
dünyaya qalib Azərbaycan, məğlub Ermənistanı
göstərmiş olduq. Azərbaycan əsgəri
sübut etdi ki, biz mübariz xalqıq. O, illərlə
formalaşmış “uduzmuş xalq” sindromunu qırdı. Artıq biz “qalib xalqıq”, bizim özümüzə
inam hissimiz artıb. 44 gündə və
hazırkı dövrdə hələ də xalqımız tərəfindən
elə nümunələr göstərilir ki, bu, bizim
bütövlükdə mərd, vətənpərvər, igid
xalq olduğumuzu bir daha təsdiqlədi. Xalqımız
yumruq kimi, cənab Prezidentin dediyi kimi, dəmir yumruq kimi bir
amal uğrunda birləşdi.
Silahlı Qüvvələrimiz döyüş
meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən
düşmən tərəfindən ələ keçirilən
qənimətlər, zirehli və yüngül texniklar,
artilleriya vasitələri və topları bu paradda
nümayiş etdirməklə, düşmən ordusunu nə
qədər böyük zərərə
uğratdığını göstərmiş oldu. Zəfər paradında 3000
nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi
texnikanın, o cümlədən silahlanmaya yeni qəbul
edilmiş müasir hərbi texnikanın, raket və artilleriya
qurğularının, hava hücumundan müdafiə sistemlərinin,
hərbi gəmi və katerlərin nümayişi ilə
yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan
Ordusunun darmadağın etdiyi düşməndən ələ
keçirdiyi hərbi qənimətlərin bir qisminin
nümayişi, ən əsası isə İkinci Qarabağ
müharibəsində iştirak edən hərbi hissələrin
nümayəndələrinin, qazilərimizin, həmçinin
Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlərin
sıra addımı ilə Qələbəni qeyd etməsi hər
birimizdə qürur və şərəf hissi yaratdı.
Dövlətimizin başçısı İlham Əliyevin
2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 100 illiyi münasibətilə
keçirilən hərbi paradda söylədiyi bu fikirləri
xatırlatmaq istərdik: “Gün gələcək və bu
gün işğal altındakı torpaqlar azad olunandan sonra
orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq
meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.
Biz bu müqəddəs günü
yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq”. Nəhayət
gözlənilən gün - o böyük gün gəldi, vədə
əməl olundu və biz bütün dünyaya qalib Azərbaycan
Ordusunun Zəfər paradını nümayiş etdirdik.
Beləliklə, Zəfər paradı tariximizə
qızıl hərflərlə yazılan möhtəşəm
hadisədir.
Azərbaycanın 44 günlük Vətən Müharibəsində
qazandığı zəfərdə qardaş Türkiyənin
böyük payı var. Vətən müharibəsi
dövründə qardaş ölkənin mövqeyini,
gücünü, siyasi, mənəvi dəstəyini
bütün dünya gördü. Azərbaycan xalqı,
ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə
daha da ruhlandırdı. Bu baxımdan, cənab
Rəcəb Tayyib Ərdoğanın Qələbə
Paradında iştirakı və qardaş Türkiyə
ordusunun Azərbaycan ordusu ilə çiyin-çiyinə
olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına,
beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə,
onun havadarlarına xüsusi mesaj idi. Biz əminik ki,
artıq Birinci Qarabağ savaşında və Vətən
müharibəsində canlarından keçən şəhidlərin
ruhları şaddır!
-Uzun illər
danışıqlar prosesi davam etsə də, münaqişənin
həllində hərbi yol qaçılmaz oldu...
-Azərbaycan
30 illik həsrətdən sonra nəhayət işğala son
qoydu və Ermənistanı həm hərbi arenada, həm də
siyasi arenada məğlub etdi. Təəssüf
ki, münaqişənin hərbi yolla həll edilməsi
qaçılmaz idi. Çünki ermənilər
torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları
imitasiya məqsədilə aparır və sadəcə
torpaqlarımızda möhkəmlənmək
üçün vaxt qazanmağa çalışırdı.
Ermənistan
tərəfi xüsusilə son 2 il ərzində
təxribatçı addımları, bəyanatları və
hərəkətləri ilə müharibədən başqa
çıxış yolu olmadığını sübut etdi.
Onu da qeyd edim ki, son illərdə beynəlxalq
hüquq və prinsiplərin kobudcasına pozulması
Qarabağ münaqişəsinin həllinin diplomatik yollarla
olmasına inamı get-gedə azaltdı. Hər kəs
müşahidə edirdi ki, bəzi ölkələr güc tətbiq
edərək öz məqsədlərinə çatır, beynəlxalq
hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri
sadəcə kağız üzərində qalaraq, heç
bir məcbur edici funksiya daşımırdı. Belə olan halda Azərbaycan xalqı öz problemini
özü həll etmək məcburiyyətində idi. Azərbaycan Ordusu cəbhədə, səngərdə
qələbə qazanmalı idi ki, tarixi ədalət bərpa
olunsun, BMT Təhlükəsizlik Şurasının qətnamələti
yerinə yetirilsin və məcburi köçkünlər illərdir
ki, həsrətini çəkdikləri öz
yurd-yuvalarına qayıtsınlar. Və
ordumuz bunu, cəmi 44 günə etdi. Nəticədə
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi,
BMT Baş Assambleyasının qətnamələri, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı
və digər təşkilatlar Azərbaycanın haqq işini
dəstəklədi.
Beləliklə, münaqişənin həlli
üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü
səylər nəticəsində münaqişə ilə
bağlı, Qarabağın tarixi ilə bağlı dünya
ictimaiyyətinə dolğun məlumat
çatdırıldı, Ermənistanın yalançı təbliğatına
son qoyuldu və bütün dünya gördü ki, Qarabağ
əzəli, tarixi, əbədi Azərbaycan
torpağıdır.
-ATƏT-in
Minsk qrupunun həmsədrləri regiona səfər etdi. Sizcə, Minsk qrupuna bundan sonra ehtiyac varmı?
-
ATƏT-in Minsk qrupu ötən 28 il ərzində
münaqişənin həllində heç bir rol oynamadı.
Əslində, vasitəçilik problemi həll
etməyə yönəlmiş fəaliyyətdir. Beynəlxalq hüquqda problemin həlli
üçün hamı tərəfindən qəbul
olunmuş konkret normalar var. Bu, ilk növbədə hər bir
ölkənin tanınmış sərhədləri çərçivəsində
suverenliyinin bərpası məsələsidir. İkincisi, Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən və
ermənilərin Azərbaycan torpaqlarını işğal
etməsi faktının qeyd olunduğu digər başlıca
sənədlər BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədir.
Vasitəçilər isə "siz nəyə
razılaşsanız, biz onu qəbul edəcəyik" fəlsəfi
kimi neytral, yaxud laqeyd mövqe nümayiş etdirirdilər.
Vasitəçilik missiyası və vəzifəsi
özündə BMT TŞ-nin 4 qətnaməsinin tələblərinin
yerinə yetirilməsini ehtiva etməli idi. Təəssüf ki, biz həmsədrlərin fəaliyyətində
bunu görmədik. Hələ bu günədək biz
bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri
olan ölkələr tələb etsinlər ki, bu problemin həlli
yolu BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən
keçir və heç olmasa Ermənistanı
çağırırıq ki, bu qətnamələrin tələblərini
yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün
ortada olmasına, torpaqlarımızın bir hissəsinin
işğal olunmasına, 1 milyon insanın öz vətənində
məcburi köçkün vəziyyətinə düşməsinə
baxmayaraq, Minsk Qrupu təcavüzkarın adını indiyə
kimi çəkməmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 12-də
ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən
bildirdi ki, Minsk qrupunun ideyalarla çıxış etmək və
yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti
olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq
bundan ibarətdir. Əgər həqiqətən
də onlar problemin sülh yolu ilə həllinin tərəfdarı
olsaydılar o zaman bitərəf mövqe sərgiləyərdilər.
Zaman göstərdi ki, onların fəaliyyəti
bəzi Avropa ölkələri, təşkilatları kimi
ikili standartlara söykənib. Onların səriştəsiz
fəaliyyəti nəticəsində torpaqlarımız illərdir
ki, işğal altında qaldı. Artıq
məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti
olduğu kimi saxlamaq istəyirdilər. Bunun
əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi
yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı
döyüş meydanında məğlub edərək,
işğalçını məğlubiyyətini etiraf etməyə
və Ermənistanın kapitulyasiyasına nail olduq. Bəyanatı
imzalamağa məcbur etdik.
Qarşıdakı müddətdə
isə ATƏT-in Minsk qrupu həmsədrlərinin hər
üçü artıq yeni fəaliyyət proqramı təqdim
etməli, konkret olaraq neytral mövqe nümayiş etdirərək
xalqların sülhə hazırlanması, etnik
barışığın təmin olunması kimi məsələlərə
yeni canlanma gətirməlidirlər. Nəzərə
alsaq ki, Minsk qrupu həmsədrlərinin bu səfəri
onların öz təşəbbüsləri ilə olub və
onlar Azərbaycana dəvət edilməyib, deməli artıq
özləri mövcud vəziyyətlə barışmalı
və yeni reallıqlar fonunda konkret təkliflərlə
çıxış etməlidirlər.
İki sahil.- 2020.- 17 dekabr.- S.19.