Azərbaycan
Ordusu öz tarixi missiyasını şərəflə yerinə
yetirdi
İkisahil.TV-nin
bugünkü müsahibi Milli Məclisin deputatı Vüqar
İskəndərovdur
-Bu gün Azərbaycan cəmiyyəti Qələbə
sevincini yaşayır. Bildiyimiz kimi, dekabrın 10-da Bakıda Zəfər
paradı keçirildi. Bu möhtəşəm tədbir cəmiyyətimizdə
böyük ruh yüksəkliyi ilə qarşılanıb. Zəfər
paradının əhəmiyyətini necə dəyərləndirirsiniz?
-Sentyabrın 27-də
işğalçı Ermənistanın ölkəmizə
qarşı həyata keçirdiyi növbəti hərbi təxribat
düşmən ölkənin acınacaqlı və biabırçı
məğlubiyyəti ilə başa çatdı. Belə ki,
bu təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun apardığı 44
günlük Vətən müharibəsi Ermənistan ordusunun
darmadağın olması və işğalçı ölkə
üçün kapitulyasiya aktı kimi dəyərləndirilən
üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.
Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən
münaqişəni həll etdi, özü də buna güc
yolu və siyasi vasitələrlə nail oldu. Yəni, Azərbaycan
öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll
etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin
mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik
Şurasının qətnamələrini yerinə yetirdi. Bu
savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər
və zabitlərimizin yüksək döyüş ruhunu
nümayiş etdirdi. Silahlı Qüvvələrimizin
şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına
döyüşərək düşmənə
sarsıdıcı zərbələr endirdi. İllər ərzində
Ermənistanın işğal altındakı
torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi,
minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər
müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə
yarıldı. Beləliklə, Azərbaycan Ordusu gücü və
qüdrəti barədə söylənən fikirləri ilk
gündən döyüş meydanında sübuta yetirdi.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəsmi
«Instagram» səhifəsində etdiyi paylaşımda da
vurğulandığı kimi, «Hər birimiz bu Zəfərin nəyin
bahasına qazanıldığını yadda saxlamağa
borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini
heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim
yaşayacaq».
Göründüyü kimi, şəhidlərimizin
qanı yerdə qalmadı, onların uğrunda
savaşdıqları müqəddəs torpaqlarımız
indi düşmən tapdağından azaddır. Dekabrın
10-da Bakıda, «Azadlıq» meydanında keçirilən Zəfər
paradı öz haqq mübarizəsindən qalib çıxan
Azərbaycanın Qələbəsinin, Türkiyə-Azərbaycan
əbədi qardaşlığının bütün
dünyaya nümayişi idi. Azərbaycan xalqı ilk növbədə
tarixi ədalətin bərpa edilməsini bayram edərək
mövcud olduğu illər ərzində qaandığı ən
böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən
elan etdi. Bu hərbi parad Azərbaycanın həm tərəfdaşları,
həm də rəqibləri üçün böyük və
əhəmiyyətli siyasi mesaj idi. Belə ki, hər zaman
qonşuların ərazi iddiaları nəticəsində
suverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa
da, Azərbaycan xalqı bir yumruğa çevirilib erməni qəbskarlarının
layiqli cavabını verə bildi. Prezident İlham Əliyevin
də dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm
də gücümüzü təcəssüm etdirir. Bu dəmir
yumruq düşmənin belini qırdı, düşmənin
başını əzdi və bu gün biz qəhrəman xalq
kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər
Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
-30 ilə yaxın yarıtmaz fəaliyyəti
ilə gündəmdə olan
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Sizcə,
Minsk qrupuna bundan sonra ehtiyac varmı?
- ATƏT-in Minsk qrupu ötən 28 il ərzində
münaqişənin həllində heç bir rol oynamadı.
Əslində, vasitəçilik problemi həll etməyə
yönəlmiş fəaliyyətdir. Beynəlxalq hüquqda
problemin həlli üçün hamı tərəfindən
qəbul olunmuş konkret normalar var. Bu, ilk
növbədə hər bir ölkənin tanınmış sərhədləri
çərçivəsində suverenliyinin bərpası məsələsidir.
İkincisi, Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən və
ermənilərin Azərbaycan torpaqlarını işğal
etməsi faktının qeyd olunduğu digər
başlıca sənədlər BMT Təhlükəsizlik
Şurasının (TŞ) qəbul etdiyi 4 qətnamədir.
Vasitəçilər isə "Siz nəyə
razılaşsanız, biz onu qəbul edəcəyik" kimi
neytral, yaxud laqeyd mövqe nümayiş etdirirdilər. Vasitəçilik
missiyası və vəzifəsi özündə BMT TŞ-nin
4 qətnaməsinin tələblərinin yerinə yetirilməsini
ehtiva etməli idi. Təəssüf ki, biz həmsədrlərin
fəaliyyətində bunu görmədik. Hələ bu
günədək biz bir dəfə də rast gəlmədik
ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb
etsinlər ki, bu problemin həlli yolu BMT TŞ-nin qəbul
etdiyi qətnamələrdən keçir. Bu
günə qədər hərbi təcavüzün ortada
olmasına, torpaqlarımızın bir hissəsinin
işğal olunmasına, 1 milyon insanın öz vətənində
məcburi köçkün vəziyyətinə düşməsinə
baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə
kimi çəkməmişdir.
Azərbaycan Prezidenti İlham
Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun həmsədrlərini
qəbul edərkən bildirdi ki, Minsk qrupunun ideyalarla
çıxış etmək və yaradıcı olmaq istiqamətində
müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə
verməmişdir. Reallıq bundan ibarətdir. Əgər
həqiqətən də onlar problemin sülh yolu ilə həllinin
tərəfdarı olsaydılar o zaman bitərəf mövqe sərgiləyərdilər.
Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa
ölkələri, təşkilatları kimi ikili standartlara
söykənib. Onların səriştəsiz fəaliyyəti
nəticəsində torpaqlarımız illərdir ki,
işğal altında qaldı. Artıq məlum olduğu
kimi, onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi
saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan
dövləti hərbi-siyasi yolla öz torpaqlarını
işğaldan azad etdi, Ermənistanı döyüş
meydanında məğlub edərək,
işğalçının məğlubiyyətini etiraf etməsinə
nail olduq.
-Təəssüf hissi ilə
qeyd edilməlidir ki, uzun müddət
bəzi beynəlxalq təşkilatlar təcavüzkarı öz adı ilə
çağırmaq, işğalla bağlı qəbul
edilmiş sənədlərdə
işğalçının kim olduğunu göstərmək
istəmirdilər. Sizcə, tarixi ədalətin bərpa
olunmasını şərtləndirən amillər
hansılardır?
- Düz vurğuladınız,
uzun illər işğalçının haqlı tərəf kimi
tanıdılması vaxt apardı. Dövlətimizin
başçısı düşünülmüş
diplomatik addımları ilə bütün dünyada Azərbaycana
qarşı obyektiv rəy formalaşdırmağa, beynəlxalq
təşkilatlarda ədaləti, beynəlxalq hüququ
tanıyan, əks etdirən qərar və qətnamələr
qəbul etdirməyə müvəffəq oldu. Eyni zamanda, Azərbaycan
informasiya müharibəsində də qələbə
qazandı, Xocalı soyqırımı haqqında dünyaya
müfəssəl məlumat verməyə müvəffəq
oldu. Belə ki, «Xocalıya ədalət!»
kampaniyası, 10-dan çox ölkə tərəfindən
Xocalı soyqırımının tanınması demək
olar ki, münaqişə ilə bağlı həqiqəti əks
etdirən mənzərəni formalaşdırdı və
dünya ictimaiyyətinə çatdırdı.
«Human
Rights Watch»un hesabatı ermənilər
üçün gözlənilməz olub. Belə ki, «Human
Rights Watch» insan haqları təşkilatı dekabrın 15-də
«Ermənistan Azərbaycana qarşı klastr bombalarından
istifadə edib» adlı hesabat yayıb. Təşkilatın
hesabatından da göründüyü kimi, Azərbaycan
Ordusundan fərqli olaraq, Ermənistan hərbi birləşmələri
arsenalında olan «Toçka-U» və «İskəndər»
ballistik raketləri, «Smerç» və Çin istehsalı olan
“WM-80” yaylım atəşi sistemlərindən istifadə etməklə,
altı həftəlik müharibə dövründə Azərbaycanda
əhalinin sıx yaşadığı yaşayış məntəqələrinə
dəfələrlə klastr bombaları atıb. Onların mülki əhaliyə qarşı belə
qəddar formada rəftarı, əlbəttə, beynəlxalq
təşkilatların da gözündən yayınmadı.
Təşkilatın araşdırmaçıları bu
ilin noyabrında Azərbaycana səfərləri zamanı
üç rayona klastr bombaları ilə dörd hücumun
gerçəkləşdirildiyini sənədləşdiriblər. Sənəddə
qeyd olunub ki, bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi
mülki şəxs öldürülüb, iki uşaq daxil 20
nəfər yaralanıb. «Human Rights Watch» II Qarabağ
müharibəsində Azərbaycanın da dörd hücumda
klastr sursatlara əl atdığını sənədləşdirdiyini,
hücumlardan üçünün Xankəndiyə, birinin
Hadruta endirildiyini bildirib. Ermənistandan fərqli
olaraq bu silahlarla yalnız hərbi hədəflər vurulub.
Bizim ordu mənfur düşmənlərimiz kimi
ləyaqətsiz deyil ki, mülki insanları hədəf
alsın. Biz haqq savaşında yalnız hərbi
birləşmələrə, terrorçulara qarşı
vuruşmuşuq və onları torpaqlarımızdan
qovmuşuq.
-Göründüyü
kimi, Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz
maraqlarını həyata keçirmək istəyənlərin
planları dövlət başçımız tərəfindən
kökündən məhv edildi…
- Prezident
İlham Əliyev Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməklə həm də
regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın
və qərəzli mövqe nümayiş etdirən digər
dairələrin mövcud münaqişədən istifadə
edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz
maraqlarını təmin etmək istiqamətində
qurduqları planları alt-üst etdi. Bu
baxımdan da yaranmış yeni reallıqlar fonunda Fransa da
mövcud vəziyyətlə barışmalı, Ermənistanı
da bu reallıqlarla barışmağa
çağırmalıdır. Fransa Cənubi
Qafqazın inteqrasiyasına və xalqların ümumi
rifahına töhfə verməyə yönələn
addımlar atmalıdır. Görünür
ki, nizamlama prosesindən kənarda qalan Fransa Rusiya və
Türkiyənin münaqişənin həlli ilə bağlı
atdıqları nəticəyönümlü addımları
həzm edə bilmir. Hesab edirəm ki, zaman keçdikcə buna da
alışacaqlar.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2020.- 17 dekabr.- S.9.