"Fransa dağılacaq, Ermənistan daha ağır vəziyyətə düşəcək" – Ağdama "atom bombasıatanların acı taleyi

 

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

Qarabağ işğal altına düşəndən bəri özümüzü nə qədər şux tutmağa səy etsək də, qəddimiz düzəlmirdi ki, düzəlmirdi. Birinci Qarabağ müharibəsindəki uğursuzluqlar, itkilər hamımızın dilini qısa etmişdi. Amma tam əminliklə bilirdik ki, bu qisas qiyamətə qala bilməz. Çox yaxşı bilirdik ki, müharibə hələ bitməyib. Ölkə prezidenti işğal altında olan ərazilərimizin sülh yolu ilə geri alınması üçün inadla çalışırdı. Çalışırdı ki, hər kəsi, birinci növbədə də erməniləri və onlara havadarlıq edən dairələri anlatsın ki, Azərbaycan heç bir halda bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövləti yaradılmasına əsla yol verməyəcək.

 

Cənab Prezident ölkəmizin dəyişməz mövqeyini bütün tribunalardan hər kəsin gözünün içinə dimdik baxa-baxa birbaşa deyirdi. Amma ermənilər və onların havadarları bütün bu illər ərzində öz ovqatlarında idi. Problemi həll etmək missiyasını öz üzərinə götürmüş olan həmsədrlər isə sadəcə vaxt keçirməklə bizi necə deyərlər, yola verirdilər. Cənab Prezidentin və Azərbaycan ictimaiyyəti nümayəndələrinin davamlı olaraq bəyan etdikləri “əgər sülh danışıqları nəticə verməzsə, onda Azərbaycan problemi hərb yolu ilə də olsa həll etmək əzmindədir” kimi çağırış və bəyanatları da qarşı tərəfdən yetərincə ciddiyə alınmadı.

 

Əksinə, proses uzandıqca Ermənistan tərəfi daha da azğınlaşdı, hərbi ritorikanı artırdı, yeni əraziləri işğal edəcəyi ilə bizi təhdid etməyə başladı. İşğalçı dövlətə havadarlıq edənlər də onu qandırmadı, əksinə daha artıq şirnikləndirdilər. Aprel döyüşlərində və Tovuz istiqamətində Azərbaycan ordusundan aldıqları dərs də Birinci Qarabağ müharibəsinin eyforiyasını yaşamaqda olan düşməni ayıltmadı. Görünür, müdriklərimiz min yol sınaqdan keçirib, sonra deyiblər: “Fitlə donuz darıdan çıxmaz”. Necə ki, ermənilər işğal altında olan torpaqlarımızı sülh danışıqları yolu ilə qaytarmadılar.

 

“Dəmir yumruğ”un qüdrəti

Beləliklə, İkinci Qarabağ müharibəsi zərurət oldu. 44 günlük hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu düşmənin bütün resurslarını məhv etdi, onu diz çökdürdü, Ermənistan dövlətini kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Bir müddət öncə Şuşada sərxoş vəziyyətdə yallı gedən, “Qarabağ Ermənistandır”, –  deyən Paşinyan prezidentimizin “dəmir yumruğu” altında “Qarabağ Azərbaycandır”, – deməyə məcbur oldu və dediklərinin də altından imza etdi. Bax, donuzu darıdan belə çıxararlar! Allaha çox şükürlər olsun! Torpaqlarımızın düşmən işğalından azad olunması sayəsində qəddimiz düzəldi, üzümüz güldü, qürurumuz təmizləndi. Bütün dünya gördü və anladı ki, kim kimdir. İndi sanki, dünyanın ən xoşbəxt insanları bizik. Bu xoş ovqatı xalqımıza bəxs etmiş ordumuza, onun hər bir əsgər və zabitinə nə qədər “əhsən” desək, nə qədər minnətdar olsaq, yenə də azdır.

 

Tarix boyu əksər hallarda müharibələrin taleyini ordudan çox onun başında duran sərkərdələr həll edib. Bu mənada biz silahlı qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sonsuz olaraq minnətdarıq. Azərbaycan Ordusunu Qarabağ uğrunda həlledici döyüşlərə məhz o hazırladı! Əsgərə, zabitə inamı, ilhamı da məhz Ali Baş Komandan özü verdi. Ali Baş Komandanın fəal hərbi əməliyyatların davam etdiyi günlərdəki müraciətləri, müsahibələri düşmənə və onun havadarlarına ağır artileriya və dron zərbələrindən daha sarsıdıcı zərbə oldu. Beləliklə, möhtərəm cənab Prezidentimiz İlham Əliyev tariximizə adı qızıl hərflərlə yazılacaq Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan oldu. Cənab Prezident, Azərbaycan xalqı Sizinlə qürur duyur!

 

Erməni vəhşiliyi və ya vandalizmin misilsiz “nümunəsi”

Tarix boyu çoxsaylı müharibələr olub. Müharibə isə dağıntı deməkdir. Yəni, müharibələr nəticəsində ölkələr, şəhərlər, kəndlər və infrastruktur dağılır. Hər zaman belə olub. Amma dağıntıların və faciələrin forması, miqyası, üsulları və dərəcəsi fərqli olub. Qarabağ müharibəsi dağıntıların miqyası baxımından bəlkə də ən çox fərqlənən müharibə oldu. Hər dəfə Müdafiə Nazirliyinin Ağdam və Füzulidən yaydığı görüntüləri seyr etdikcə adam dəhşətə gəlir. Onları müqayisə etmək üçün analoq da tapmaq çətindir. Gəlin, bəzi müqayisələr aparaq.

 

İkinci dünya müharibəsi hələlik tarixdə ən ağır nəticələri və çoxsaylı insan itkiləri ilə yaddaqalan müharibə hesab olunur. Bu müharibə Avropanı bütünlüklə, Asiya qitəsinin də geniş bir hissəsini əhatə etmişdi. İkinci dünya müharibəsində də ən çox dağıntıya məruz qalmış şəhərlərdən biri Stalinqrad idi. İndi gəlin, Stalinqradla Ağdamı, Füzulini müqayisə edək. Müqayisə etmək mümkündürmü?! Ağdamda, Füzulidə bir ədəd belə salamat bina qalmayıb. Qədim tarixi olan çoxasylı kurqanlar, məzarlıqlar və müqəddəs yerlər vəhşicəsinə dağıdılıb, məzarlar, türbələr, məscidlər və xanəgahlar üzərindəki daş kitabələr, o kitabələr ki bu yerlərin əzəli sahiblərinin adı orada həkk olunmuşdu, sındırılaraq, dağıdılaraq məhv edilib. Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocalı da onun kimi. Bu nə dəhşətdir!? Bu nə vəhşilikdir!? Bu nə rəzalətdir!? Barbarlığın, vandalizmin bundan daha betər nümunəsi ola bilərmi?!

 

Nədənsə hər dəfə Ağdam və Füzuli şəhərlərinin Müdafiə Nazirliyi tərəfindən yayılan görüntülərini seyr etdikcə qeyri-ixtiyarı olaraq ölü şəhərlər olan qədim Pompey və Xirosima gözlərim önünə gəlir. Doğrusu, xəyalən nə qədər axtarsam da, dağıntıların miqyasına adekvat olan digər nümunə tapa bilmirəm. Yəni, erməni vandallarının vəhşiliyi nəticəsində Ağdam və Füzuli də sözün tam mənasında Pompey və Xirosima kimi ölü şəhərə çevrilib. İstərdim ki, bu müqayisələr zamanı oxucu bir məqama da xüsusi diqqət etmiş olsun. Məlum olduğu kimi qədim Pompey 1956 il bundan öncə Vezuvi dağında püskürən vulkanın lavası və toz-dumanı altında qalıb, Stalinqrad hərbi əməliyyatların gedişi zamanı dağılıb, Xirosimaya isə atom bombası atılıb. Ağdam və Füzulidə isə nə vulkan püskürüb, nə də oraya atom bombası atan olub. Nə Birinci, nə də İkinci Qarabağ müharibəsi zamanı Ağdam və Füzulidə küçə və barrikada döyüşləri də getməyib. Görüntülərdən aydın olduğu kimi bu Azərbaycan şəhərləri hərbi əməliyyatlar zamanı deyil, məhz atəşkəsin davam etdiyi illər ərzində ermənilər tərəfindən bilərəkdən məqsədli şəkildə viranəyə çevrilib. Belə bir vandalizm aktını həyata keçirkməkdə düşmən tərəfin iki əsas məqsədi olub:

 

Bu yerlərdə həyatın izlərini itirmək;

Azərbaycan şəhərlərində binaları və digər infrastrukturu dağıdaraq əldə etdikləri material və avadanlığı mənimsəyərək Ermənistana daşımaq.

Əslində isə Azərbaycan hərbiçilərinin hər cür imkanı var idi ki, Ağdamı, Kəlbəcəri və Laçını tərk edən erməniləri soyunduraraq lüt anadangəlmə yola salsınlar. Necə ki, vaxtı ilə onlar azərbaycanlıları öz doğma yurdlarından məhz bu vəziyyətdə qovmuşdular. Amma Azərbaycan hərbiçiləri onların etdikləri vəhşilikləri təkrar etmədilər. Əksinə, hər cür şərait yaratdılar ki, onlar öz şələ-küləsini yığışdıraraq rədd olub getsinlər. Bu əslində qansalar erməniyə də, onun havadarlarına da, lap elə mütərəqqi dünyaya da bir mesaj idi. Baxın müqayisə edin, görün kim kimdir. Bu, ermənilərin vəhşilikləri, bu da Azərbaycan hərbiçilərinin onların vandal hərəkətlərinə və vəhşiliyinə adekvat olmayan humanist yanaşımı. Qoy, müqayisə edib utansınlar, yerə girsinlər!

 

Biz əmin idik ki, Qarabağa qayıdacağıq!

Birinci Qarabağ müharibəsi dönəmində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşa işğala məruz qalarkən azərbaycanlılar ev əşyalarına dəymədən belə mənzillərinin qapılarını qıfıllayaraq o yerləri tərk ediblər. Ona görə ki, onlar yenidən bu yerlərə qayıdacaqlarına əmin idilər. İndi görün, ermənilər Ağdamdan, Kəlbəcərdən, Laçından çıxarkən nə vəhşiliklər törətdilər. 30 il başqasının zorla zəbt olunmuş evində yaşayasan, ictimai binalardan istifadə edəsən, bu yerlərin sərvətlərindən bəhrələnəsən, yerin sahibi gələndə də hər şeyi, hətta evlərin qapı-pəncərələrini, tualetlərdəki unitazları belə  söküb-süpürüb Ermənistana aparasan. Görün, bu bədbəxtlər nə gündədir! Apara bilmədiklərini də düşməncəsinə dağıdasan, od vurub yandırasan. Mal-qaranı, iti, pişiyi hətta at və eşşəyi belə qüllələyib gedəsən.

 

Tarix boyu, dünyanın heç bir yerində buna bənzər vandal aksiya olmayıb. Özlərini lallığa, karlığa və korluğa vurmaqla ağızları köpüklənə-köpüklənə demokratiyadan və beynəlxalq hüquqdan dəm vuran Fransa senatorları bütün bunlardan xəbərsizdirmi?! Artıq neçə ildir ki, prezident Makronun özünün də etiraf etdiyi kimi “zorakılıq və irqçiliyin” tüğyan etdiyi Fransada cəmiyyətin böyük bir hissəsini təmsil edən “sarı jiletlərin” etirazları səngimək bilmir.

 

Qoy, Fransa rəsmləri bu barədə düşünsünlər. Heç bir dövlət, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayan, əslində isə olmayan qondarma xunta rejimi olan DQR-ın müstəqilliyini tanımaq pərdəsi altında beynəlxalq hüququn bütün tələblərini kobud şəkildə pozan Fransa sayca DQR əhalisindən 5-10 dəfə çox Marsel və Korsika ermənilərinə müstəqillik versin. Hansı ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Fransanın nüfuzlu “Fiqaro” qəzetinə və “France 24” telekanalına müsahibələrində Fransa dövlətinin və hakim dairələrinin xarici siyasət fəaliyyətindəki bu dizbalansı dəfələrlə onlara xatırladıb.

 

Uzun illərdir ki, müstəmləkə əsarəti altında saxladığı Yeni Kaledoniya və Qəmər adaları İttifaqına daxil olan Mayot adası əhalisinin iradəsinə, mübarizəsinə, bu məsələ ilə bağlı keçirilən referendumların nəticələrinə və BMT qərarlarına məhəl qoymayan, Marsel və Korsikada yaşayan yüz minlərlə erməninin maraqları və hələ ki onların gizli saxladıqları separatçılıq niyyətləri barədə düşünməyən Fransa rəhbərləri gərək heç Qarabağın adını belə dilə gətirməyə. Amma nə yazıq ki, bu dünyada hələ ki nə öz gözündə tiri görməyib özgə gözündə tük axtaranlar var.

 

Belə görünür ki, Makron və onun komandası zəngin demokratiya və dövlətçilik ənənələri olan Fransanı hansı duruma saldıqlarını hələ də anlamırlar. Əgər hadisələrin inkişafı bu cür davam edərsə, dərviş və məstəli şahlar nəinki Parisi, bütövlükdə Fransanı dağıdacaqlar. Odur ki, “özlərinə umac ova bilməyənlər bizlərə əriştə kəsməyi” öyrətməyə girişməsinlər. Yoxsa bunun sonu yaxşı olmaz.

 

Ermənistan üçün erməni diasporundan daha artıq ermənilik edən bəzi Avropa ölkələrinin siyasilərinin niyə səsi çıxmır? Bu dairələr daşı-daş üstündə qalmayan müqəddəs yerlərimizi, uçurulub-dağıdılan, içərisində donuz saxlanılan məscidlərimizi görməzliyə vurarkən Şuşada erməni kilsəsinə mərmi dəydiyi barədə haray qaldırır, işğaldan azad olunmuş ərazilərdəki xristian abidələrinin taleyindən guya narahat olurlarmış kimi beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırlar. Bu adamlar anlamırlar, yaxud da anlamaq istəmirlər ki, birincisi həmin xristian abidələrinin əksəriyyəti qədim Azərbaycan dövləti olan Albaniya dövlətinə aid abidələrdir ki, ermənilərin də onlara əsla aidiyyatı yoxdur. İkincisi, həmin ərazilərdəki İslam dövrünə aid yüzlərlə abidə ermənilər tərəfindən vəhşicəsinə dağıdılanda, təhqir olunanda o mədəniyyət “fədailəri” harada idilər?

 

Bir çoxunun elementar mədəniyyəti və insanlığı çatmadı ki, himayə etdikləri Ermənistan tərəfindən müharibə bölgəsindən çox-çox uzaqda olan Gəncədə, Bərdədə, lap elə Tərtərdə törədilən vəhşiliklər nəticəsində çoxsaylı mülki insanların həlak olması ilə bağlı sadəcə başsağlığı versinlər. XXI əsirdə Qərbin mədəniyyəti budurmu?! İnkişaf etməkdə olan, yaxud  da müstəqilliyə yeni qədəm qoyan xalqlara, ölkələrə demokratiya və hüquqdan moizə oxuyan və ya moizə oxumaq iddiasında olan bu dairələr unudurlar ki, cinayəti görüb susan, cinayətkarı silahlandıran, onu şirnikləndirən, belələrini hər vasitə ilə himayə edənlərin özü də cinayətkardır.

 

Görəsən, torpaqlarımızın Ermənistan tərəfindən işğalına göz yuman, 30 il ərzində Azərbaycanın probleminin sülh yolu ilə həll etmək cəhdlərinə biganə qalan, BMT-nin Qarabağla bağlı məlum qətnamələrinin icrasına əngəl olan, nəhayət, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Ermənistanı hər vasitə ilə müdafiə edən, öz ərazilərini azad etməyə qalxan Azərbaycanı və bizə mənəvi dəstək olan qardaş Türkiyəni şantaj edən həmin dairələr özlərinin zədələnmiş və ləkələnmiş imiclərini necə bərpa edəcəklər?! Ümumiyyətlə bərpa edə biləcəklərmi?! Terrorçu dövlət olan cırtdan Ermənistanın işğalçılıq siyasətini, beynəlxalq hüquqa və insanlığa zidd hərəkətlərini müdafiə və himayə etməklə bütün dünyanın gözü qarşısında özünü gözdən və hörmətdən salmağa dəyərdimi?!

 

Xeyrin Şər üzərində qalibiyyəti

 

Hazırda Azərbaycan xalqı Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin sevinicini yaşayır. Azərbaycan hökuməti işğaldan azad olunmuş şəhər və kəndlərin bərpası və yenidən qurulması planlarını işləyir. Qarabağın parlaq və firavan gələcəyinin konturları elə  indidən çox aydın görünməkdədir. Müharibəni başlayan, sonda isə kapitulyasiya sənədinə imza atmaqla biabırçı məğlubiyyətə uğrayan işğalçı Ermənistan hazırda öz tarixinin ən ağır günlərini yaşayır. Özü də hələ bu harasıdır, qarşıda işğalçı dövləti indikindən də ağır günlər gözləyir.

 

Atalar elə-belə deməyiblər ki, özgəsinə quyu qazan özü həmin quyuya düşər. İnanmıram ki, ermənilər gen və dərin qazdıqları bu quyudan asanlıqla çıxa bilərlər. Bu yerdə vaxtı ilə Moskvada Mixail Qorbaçovun sədrliyi ilə Qarabağ probleminə dair azərbaycanlı və erməni ictimai xadimlərinin iştirakı ilə keçirilən görüşlərdən birində xalq yazıçısı Mirzə İbrahimovun xatırlatdığı müdrik bir məsəl də yadıma düşdü. O dedi: “İlahi birinə pislik etmək istəyəndə əvvəlcə onun ağlını alır. Ağıldan məhrum olan isə özünə elə bir pislik edir ki, heç kəs onu edə bilməz”. Yəni, ermənilər bu gün öz ağılsızlıqlarının, öz səhvlərinin və öz cinayətlərinin bəlasını çəkirlər. Qonşularla mehriban qonşuluq etməyi bacarmayıb düşmənçilik yolu tutanların aqibəti belə də olmalı idi. Elə tarix boyu Xeyirlə Şərin mübarizəsinin ədalətli sonluğu da məhz belə olub. İlahi tariximizə Vətən müharibəsi kimi düşən İkinci Qarabağ müharibasi timsalında Xeyirin Şər üzərində möhtəşəm qalibiyyətini təmin etmiş olan Rəşadətli ordumuzu və Müzəffər Ali Baş Komandanımızı qorusun!

 

 

 

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

 

 İki sahil.- 2020.- 9 dekabr.- S.17