145-illik-yol-azerbaycan-metbuatinin-sabahina-ishiq-salir

 

29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yolu göz önündədir. Bu gün Azərbaycan dünyanı heyrətləndirən uğurları, inkişaf modeli ilə  nümunə göstərilir, təqdir edilir.  Müstəqilliyimizin ilk illərində  Azərbaycanın yaşadıqları  hər kəsə məlumdur. Bu uğursuzluqlar fonunda  mətbuatın da hansı çətinliklərlə üzləşdiyi yaddaşlardadır. Təbii ki, o dövrdə  mətbuat azadlığından danışmaq qeyri-mümkün idi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin əsasını qoydu.  Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitliyin, qanunun aliliyinin təmin olunması bütün istiqamətlərdə inkişafı stimullaşdırdı.  Ümummilli lider Heydər Əliyevin  Fərmanı ilə senzuranın ləğvi  demokratik, dünyəvi və sivil dövlət quruculuğu yolunu tutan Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açdı. Qanunvericilik təkmilləşdirildi və beynəlxalq standartlara uyğunlaşdırıldı, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə  mütəmadi görüşlərin ənənəsinin yaradılması, KİV-lərlə bağlı  problemlərə operativ və prinsipial müdaxilə  ulu öndər Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Məhz bu diqqət və qayğının nəticəsidir ki,  ulu öndər Heydər Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.

 

    Son 16 ildən artıq  dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini, onlara çatmaq yollarını şərtləndirdi. Bu təkmilləşmə mətbuatımızdan da yan keçmədi. Ölkə Prezidentinin Sərəncamı ilə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi,  bu sənədə uyğun olaraq    cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  yaradılması da deyilənlərin təsdiqidir. Fondun yaradılmasında   məqsəd  təbii ki,    azad mətbuatı  inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən  jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fondun   Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə mütəmadi olaraq ayrı-ayrı mövzularda keçirdikləri  yazı müsabiqələri  müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, yaradıcılıq imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərir.  Dövlətimizin  başçısı İlham Əliyev  Mətbuat Şurasının yeni binasının açılışında bildirmişdir: «Hesab edirəm ki,  peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də  aradan qaldırılacaqdır.  Ondan sonra bizim milli adət-ənələrimizə xas olmayan  başqa məqamlar da aradan  qaldırılacaqdır.  Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır  Ölkə Prezidenti,  həmçinin   «Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik  prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai  rəyə təsirinin gücləndiyi müasir dövrdə  mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir» fikirləri ilə   Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri  diqqətə çatdırır. Tarixin yaddaşlığı, zamanın hakimliyi fonunda  bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan mətbuatı bu gün  inkişafın yeni mərhələsini yaşayır.

 

    Ölkə Prezidenti İlham Əliyev  cəmiyyət həyatında mətbuatın rolunu  yüksək dəyərləndirərək bildirir ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycan qarşısına  inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini qoyub.  Belə olan halda  təbii ki,  media ilə bağlı məsələlər də  ən yüksək səviyyədə öz həllini tapmalıdır. Heç şübhəsiz ki,  ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi, müasirləşmənin, modernləşmənin dövlət siyasətinin ana xəttini təşkil etdiyi  müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur.  Bu vəzifələr bir daha belə bir reallığı  təsdiqləyir ki, hər dövrün, zamanın öz tələbi vardır. Bu tələblərdən irəli gələn addımlar,  imzalanan Fərman və sərəncamlar yenilikləri, uğurları qaçılmaz edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda 145 illik tarixə malik olan mətbuatımızın imza atdığı uğurların miqyası genişdir, bu fonda  gələcəyə inamla irəliləyirik.

 

     Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki,  Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır, bu halda hər bir mətbu orqanın, media nümayəndəsinin üzərinə düşən məsuliyyət daha aydın görünür.  Ölkəmizdə internet istifadəçiləri 85 faizdən çoxdur.  Bu günün əsas tələbi budur ki, ictimaiyyətin  informasiya tələbatı yüksək səviyyədə  ödənilsin. Eyni zamanda, günümüzün digər  çağırışı informasiya təhlükəsizliyinin təmin edilməsidir. Təbii ki, bu çağırışlar özlüyündə jurnalistlərin məsuliyyətini və peşəkarlığını  aktuallaşdırır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqamı hər zaman önə çəkir ki, jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi çox vacib məsələlərdir: «Bu gün dünyada gedən proseslər, təsir uğrunda aparılan mübarizələr, - açıq və gizli mübarizələr, - əlbəttə ki, Azərbaycandan da yan keçə bilməz. Ölkəmizin önəmi, təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz gücümüzə olan inamımız, əlbəttə ki, Azərbaycanı bu sahədə çox cəlbedici ölkəyə çevirir. Azərbaycanı təsir altına salmaq, təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri son 10 il ərzində durmadan aparılır. Bəzi məsələlərdən media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa məlumatdan istifadə edib düzgün təhlil aparmaq üçün imkanlar vardır. Amma bir çox məsələlər cəmiyyət üçün qaranlıq olaraq qalır. Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və Azərbaycanın müstəqil xətti, xüsusilə xarici siyasət, enerji resurslarının nəqli, daxili siyasət, Qarabağ məsələsi ilə bağlı barışmaz mövqeyi bəzi dairələri hərəkətə gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə bağlı atılan addımlarımız bəzi dairələrdə narahatlıq doğurur. Belə olan halda müxtəlif üsullardan istifadə edilə bilər və istifadə də edirlər - “qara piar” kampaniyası, ölkəmizi ləkələmək cəhdləri. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışırlar, seçkilərlə bağlı hərdənbir, yəni beş ildə bir dəfə fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti bilir və bilməlidir. Belə olan halda biz özümüzü, müstəqil xəttimizi qorumaq üçün, əlbəttə ki, daha da güclü olmalıyıq  Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlara söykənərək, belə bir tezisi irəli sürür - Azərbaycan mediası daim inkişaf etməlidir.  Bu  məqsədi şərtləndirən amil isə budur: «Əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir

 

   Siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu  orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri  əsas tutmalıdır.

 

   Bir əsas məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərə diqqət və qayğısının nəticəsidir ki, üç dəfə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən  «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.  «Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir» söyləyən ölkə Prezidenti  İlham Əliyev bildirir ki, aldığı bu mükafatdan asılı olmayaraq,  bundan sonra da  Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq: «Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm.»

 

     Bir mühüm məqamı da qeyd edək ki, dövlətimizin bu diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında öncül yerlərdə dayanır. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan davamlı   sərəncamlar da  media  ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Təbii ki, dövlətimizin bu addımı da  iqtisadi inkişafa əsaslanır. İlk Sərəncam 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı. Sərəncama uyğun olaraq  mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin  tikilməsi məqsədilə 2010-cu il dövlət  büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında   Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna  5 milyon manat vəsait ayrıldı. Milli mətbuatın 138 illiyində həmin binanın açılışı oldu.  Ev alan  jurnalistlər arasında heç bir ayrı seçkiliyin qoyulmaması, yəni siyasi mövqeyindən asılı olmayaraq bütün  media nümayəndələrinin bu qayğıdan bəhrələnməsi dövlətimizin azad mətbuatın inkişafına diqqətinin bariz nümunələrindən biri  kimi dəyərləndirildi. 2013-  2017-ci illərdə   «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» növbəti Prezident sərəncamları imzalandı. Həmin sənədlərdə qeyd olunduğu kimi,  Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə  prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət  həyatının bütün sahələrinin  yeniləşdiyi müasir dövrdə  kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin  diqqət mərkəzində duran əsas  məsələlərdən biridir.  Son illər  milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılmış, KİV redaksiyaları və fərdi jurnalist  layihələrinə hərtərəfli dəstək göstərilmiş, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  ardıcıl tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə ikinci bina istifadəyə verildi, üçüncü binanın istifadəyə verilməsi  isə cari il üçün nəzərdə tutulur. 

 

   Göründüyü kimi,  ölkəmizin iqtisadi inkişafı digər sahələr kimi, mətbuatın da inkişafı yönümündə davamlı addımların atılmasını stimullaşdırır.

      Bir mühüm məqamı da qeyd edək ki, XXI əsr informasiya mübarizəsi əsridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, internetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Cənab İlham Əliyev bildirir:  «Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq

 

     Cənab İlham Əliyev  hər  çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinin gündəlik işimiz olması ən mühüm çağırış kimi səsləndirilir. Ümummilli məsələlərdə birlik, həmrəylik vacibdir.  Siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq bütün mətbu orqanlar, media nümayəndələri yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin açıqlanmasına öz töhfələrini verməlidir.  Azərbaycanın diplomatik uğurları, eyni zamanda, iqtisadi imkanlarının artması fonunda güclənən, qüdrətlənən ordusu bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Aprel döyüşləri, Naxçıvan qələbələri Azərbaycan Ordusunun gücünün nümayişi oldu. Həmçinin Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndi də dalğalanacağı gün uzaqda deyil.

 

                         

      Hazırda ümumbəşəri bəla olan koronavirus pandemiyasına qarşı mübarizə prioritet məsələ kimi öndədir. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, Azərbaycan malik olduğu imkanlardan maksimum istifadə etməklə  bu bəladan az itki ilə çıxacaq. İnsanların sağlamlığının təminatı əsas götürülərək bu məqsədə nail olmaq üçün özünütəcrid qaydalarına riayət edilməsi  əsasdır. Hər bir məsələnin həllində  maarifələndirmə işinin rolunu nəzərə alsaq mətbuatın üzərinə düşən məsuliyyəti daha aydın görərik. Pandemiya dövründə  yazılı və elektron KİV-lər bu sahədə fəallıqlarını daha da artıraraq ictimaiyyətə xəstəliyin hansı fəsadlara yol aça biləcəyini təqdim etdikləri maarifələndirici yazıları, verilişləri ilə çatdırırlar. Bütün qüvvələrin səfərbər edilməsində məqsəd  insanların sağlamlığını təmin etmək, mübarizədən uğurla çıxmaq, postpandemiya dövrünün  inkişaf modelinə uyğun olaraq addımların atılmasına müvəffəq olmadqdır. Belə çətin vəziyyətdə, yəni koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyacın duyulduğu zamanda  dövlətimizin başçısı İlham Əliyevin  milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Cənab İlham Əliyev bir daha azad mətbuatın inkişafının nə qədər böyük önəm daşıdığını, jurnalist əməyinə böyük dəyər verildiyini  təsdiqlədi. Həmin Sərəncamda  Prezident Administrasiyasına koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının  ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında  Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb. Bu tədbirlər çərçivəsində bir daha mətbuatımızın keçdiyi 145 illik yola bir daha nəzər salınacaq,  bu fonda qarşıdakı dövr üçün görüləcək işlər açıqlanacaq. Reallıq budur ki, daim həqiqətlərimizin  çarçısı olan mətbuatımız  hər günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın əldə etdiyi nailiyyətləri böyük ruh yüksəkliyi ilə ictimaiyyətə çatdırır, xalq-hakimiyyət birliyinin daha da möhkəmlənməsinə öz töhfəsini verməyə səy göstərir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2020.- 3 iyul.- S.7.