Bakı Ali Neft Məktəbinin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktoranturasına
Bakı
Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev
ABŞ-ın 3 nüfuzlu universitetində oxumaq şansı
qazanıb. Ali məktəbin
magistratura pilləsində
neft-qaz mühəndisliyi
ixtisasının builki
məzunlarından biri
olan M.Vəliyev Cənubi Kaliforniya, Ostindəki Texas və Texas A&M universitetlərinin doktorantura
pillələrinə tam
təqaüdlə qəbul
olub. Bakalavr təhsilini də fərqlənmə diplomu ilə bitirmiş BANM-in məzunu təhsilini Cənubi Kaliforniya Universitetində davam etdirməyi qərara alıb.
AZƏRTAC Məhəmməd Vəliyev ilə müsahibəni təqdim edir.
-Qazandığınız uğura görə sizi təbrik edirik. Gəlin, sizi tanıyaq.
-1996-cı ildə Bakıda
anadan olmuşam. İbtidai təhsilimi
2002-2006-cı illərdə Bakı şəhəri Yasamal rayonu 286 nömrəli tam orta məktəbdə almışam.
2006-2013-cü illərdə
Nəsimi rayonu Texniki-Humanitar liseyində oxumuşam. 2013-cü ildə
qəbul imtahanında
662 bal toplayaraq
Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına
qəbul oldum. Təhsil aldığım müddətdə
universitetdə Neftçi
mühəndislər, İntellektual
oyunlar, Şahmat və Futbol klublarına üzv olub və bu
klubların təşkil
etdiyi bir çox tədbirlərdə
fəal iştirak etmişəm. 2015, 2016,
2017-ci illərdə SOCAR, 2016-cı ildə Schlumberger, 2017-ci ildə
isə BP şirkətinin
təşkil etdiyi yay
təcrübə proqramlarında
iştirak etmişəm.
Bundan əlavə,
2016-cı ildə sonradan
ABŞ-da doktorantura pilləsinə
qəbul olmağıma
töhfə verən Neftçi Mühəndislər
Cəmiyyətinin nəzdindəki
Gənc İstedadlar Qrupuna qəbul olundum, burada 2 il ərzində neft sənayesində çalışan və könüllü olaraq tələbələrə dəstək
olan mühəndislərdən
dərs aldım. 2018-ci ildə bakalavr
təhsilimi fərqlənmə
diplomu ilə bitirərək, magistratura
pilləsi üzrə
Bakı Ali Neft Məktəbində neft-qaz
mühəndisliyi ixtisası
üzrə davam etdirdim. 2019-cu ilin yay aylarında BP şirkətində təcrübə
keçdim. Bu il isə
ABŞ-ın Cənubi Kaliforniya
Universitetinin doktorantura
pilləsinə 4 illik
tam təqaüdlə qəbul
olmuşam.
-Bu uğurunuza necə nail oldunuz?
-Bu, çox uzun proses idi. Zənnimcə, keyfiyyətli bakalavr və magistr təhsili, yerli və beynəlxalq şirkətlərdə qazandığım
təcrübələr, iştirak
etdiyim bir çox akademik və qeyri-akademik seminar və tədbirlər, təhsil aldığım
universitetin rəqabətli
və səmimi mühiti, hər zaman qərarlarıma hörmət edən və dəstək olan ailə üzvlərim, çalışqan,
öyrənməyə açıq
və ambisiyalı xarakterim və məqsədyönlü yanaşmam
məni uğura apardı.
-Bakı Ali Neft Məktəbindəki təhsil
gözləntilərinizi qarşılaya
bildimi və məqsədlərinizə çata
bildinizmi?
-XI sinifdə oxuyarkən təhsil alacağım universitetdən gözləntilərim
bunlar idi: beynəlxalq standartlara cavab verən, ingilis dilində təhsil müəssisəsi
olması, rəqabətli,
intellektual və səmimi mühitin mövcudluğu, universiteti
bitirdikdən sonra yalnız ölkə səviyyəsində deyil,
beynəlxalq səviyyədə
də rəqabətli
ola biləcəyim
bilik və bacarıqlara sahib olan şəxsiyyət kimi formalaşmaq və xarici ölkələrin də əmək bazarlarına rahatlıqla inteqrasiya edə bilmək. Beş il bakalavriat
və iki il magistratura pilləsi üzrə təhsil aldıqdan sonra əminliklə deyə bilərəm ki, doğru seçim etmişəm və BANM mənim gözləntilərimi tam qarşılayan
ali təhsil ocağı olub.
-BANM-də aldığınız
təhsilin sizin Cənubi Kaliforniya Universitetinə qəbul olunmağınızda hansı
rolu olub?
-BANM-də hazırlıq ilində (Foundation mərhələsi)
öncə ingilis dili və kompüter
biliklərinə yiyələnmişəm.
Ali məktəbin Heriot-Vatt
universiteti ilə əməkdaşlığı çərçivəsində bakalavriat (4 il)
və magistratura (2 il) illərində neft-qaz mühəndisliyi üzrə çox keyfiyyətli təhsil almışam. Bundan əlavə, universitetin
səmimi və intellektual mühiti, sosial bacarıqları inkişaf etdirən imkanları, universitetdə
fəaliyyət göstərən
klub və cəmiyyətlər də
şəxsi inkişafımda
ciddi rol oynayıb. Nəticədə BANM-dəki təhsil
özünəinamı inkişaf
etdirib və məni xaricdəki universitetlərə qədər
aparıb.
-Doktorantura təhsili üçün niyə məhz Cənubi Kaliforniya Universitetini seçdiniz?
-Bakalavriat təhsilimin sonuncu ilində “Data
Science” barədə eşitməyə
başladım. Bir az araşdırdıqdan
sonra maraqlarıma uyğunluğunu, eləcə
də bu sahənin perspektivlərini
nəzərə alaraq,
bütün resurslardan
istifadə etməyə
başladım və gələcəkdə imkan
olduğu halda bu sahəyə yönəlməyi qərara
aldım. Bu il
ABŞ-ın neft-qaz mühəndisliyi
üzrə ən nüfuzlu universitetlərinə
qəbul olsam da, Cənubi Kaliforniya Universiteti üzərində
dayandım. Əsas səbəb “Data Science” sahəsinə olan marağımdır. Həmçinin universitetin Kaliforniyada yerləşməsi, kompüter
elmləri üzrə
ixtisaslaşmış və
nüfuzlu olması, eləcə də çalışacağım professorun
da mənimlə ortaq maraqları seçimimə
ciddi təsir göstərdi.
-Doktorantura təhsilindən
(PhD) sonra planlarınız
nədir?
-Yaşadığımız dövr
çox dinamik olduğundan, eləcə də son illərdə maraq dairəm sürətlə dəyişdiyindən
formalaşmış konkret
planım yoxdur. Hazırkı düşüncələrimə
görə, böyük
texnologiya şirkətlərində
elmi fəaliyyətlə
məşğul olmaq
maraqlı gəlir.
ABŞ-da bir qədər
təcrübə qazandıqdan
sonra Azərbaycana qayıtmaq və təcrübəmi ölkəmizdə
bölüşmək başlıca
prioritetlərimdəndir.
Zamin Məmmədov
İki sahil.- 2020.- 1
iyul.- S.11.