Azərbaycan dünyanı birləşdirir
Ümumbəşəri bəla olan koronavirus
pandemiyası dünyada vəziyyəti tamamilə dəyişdi
və nəticədə yeni reallıqlar meydana
çıxdı. Azərbaycan yeni vəziyyətə
çevik və adekvat reaksiya verdi. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
ilə Türk Şurasının, Qoşulmama Hərəkatının
videoformat şəklində Zirvə ğörüşlərinin
keçirilməsi, həmçinin dövlətimizin
başçısının Qoşulmama Hərəkatının
sədri qismində BMT Baş Assambleyasının xüsusi
sessiyasının çağırılmasını təklif
etməsi bunun təsdiqidir.
Artıq çox qısa müddətdə 130
ölkədən bu təşəbbüsə gələn dəstək
Azərbaycanın beynəlxalq münasibətlər sistemində
yeri və roluna, artan nüfuzuna bir daha aydınlıq gətirdi.
Möhtərəm Prezidentimiz İlham Əliyev
Qoşulmama Hərəkatının Təmas Qrupu formatında
mayın 4-də videokonfrans vasitəsilə koronavirusla
mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı
birlikdəyik” mövzusunda Zirvə görüşündə COVID-19 qlobal pandemiyasının
bütün dünya dövlətlərinə mənfi təsir
göstərdiyini önə çəkərək “Heç
bir ölkə bundan sığortalanmayıb.
Qarşılıqlı dəstək, özünəqapanmama
və yalnız birgə səylərlə COVID-19-a qalib gələ
bilərik” çağırışını etmişdir. Azərbaycanın
pandemiyadan təkmil xilas modeli beynəlxalq səviyyədə
təqdir olundu və bu gün əksər dövlətlər
bu təcrübəmizdən istifadə edir. Nəzərə
alsaq ki, COVID-19 dünya müharibəsi ilə eyniləşdirilir,
bu halda onun fəsadlarını təsəvvür etmək
çətin deyil. Xüsusilə yaddan
çıxarmaq olmaz ki, bu müharibədə hücum
taktikası deyil, özünütəcrid qələbəni
şərtləndirən amil kimi müəyyənləşdirilib.
İnsanların sağlamlığının təminatı əsas
olsa da, hər bir dövlət öz təcrübəsinə
və imkanlarına uyğun hərəkət edir.
Türk
Şurasının Zirvə görüşündəki
nitqində dövlətimizin başçısı İlham
Əliyev haqlı olaraq vurğulamışdır ki,
pandemiyanın ilk günlərindən etibarən bəzi
ölkələrin və beynəlxalq təşkilatların
koronavirus qarşısında çaşqın
qalmasının, özünəqapanma yolunu seçməsinin
şahidi olduq. Belə bir təhlükənin hər
kəsin qapısını döydüyü bir zamanda möhtərəm
Prezidentimiz İlham Əliyev nümunəvi addım ataraq
pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik
sayəsində qalib gəlməyin
mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Dövlətimizin başçısı
Qoşulmama Hərəkatının Zirvə
görüşündəki nitqində “Sədrliyi öz
üzərimizə götürərkən mən bəyan
etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin
maraqlarının müdafiə edilməsi üçün əməli
addımlar atacaq, həmrəyliyin gücləndirilməsini
və qarşılıqlı dəstəyi rəhbər
tutacaqdır” hədəfini açıqlamışdır.
Bir-birinə əks qütblərdə dayanan dövlətlərin,
beynəlxalq təşkilatların koronavirus infeksiyasına
qarşı mübarızədə bir araya gəlməsi “Azərbaycan
dünyanı birləşdirir” tezisini bir daha təsdiqlədi.
Möhtərəm Prezidentimiz İlham
Əliyevin təşəbbüsü ilə keçirilən
Zirvə görüşləri pandemiya dövründə təcrid
yolunu seçən dünya ölkələri arasında əlaqənin
yaradılmasında əhəmiyyətli rol oynadı ki, bu da
öz növbəsində Azərbaycanın dünya birliyində
möhkəmlənən mövqeyinə işıq
saldı. Bu tədbirlər ölkə Prezidentinin türk
dünyasının və beynəlxalq aləmin birliyinə dəstəyi
kimi dəyərləndirilməlidir. Bütün türk
dünyasını, eyni zamanda, dünya dövlətlərini
bir araya gətirən Azərbaycan müdrik addımları ilə,
həmçinin dialoq siyasətinin tərəfdarı
olduğunu nümayiş etdirdi. Azərbaycanın
120 ölkəni özündə birləşdirən, BMT
Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat
olan Qoşulmama Hərəkatının beynəlxalq
nüfuzunu, ümumbəşəri problemlərin həllində
rolunu artırmaq əzmində olduğunu xüsusi qeyd edən
cənab İlham Əliyev bildirir ki, bu məsələlərin
çözülməsində ölkələr arasında
dostluq, həmrəylik və qarşılıqlı dəstək
xüsusi rol oynayır. Qoşulmama Hərəkatının
Zirvə ğörüşündə möhtərəm
Prezidentimiz İlham Əliyev bildirmişdir ki,
razılığınız olarsa, qlobal həmrəyliyin
nümunəsi kimi Qoşulmama Hərəkatının üzv
ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə
tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr
olunmuş dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans vasitəsilə
xüsusi sessiyasının keçirilməsi təklifi ilə
çıxış edə bilərik.
Dünyada
sülhün, təhlükəsizliyin təminatçısı
kimi tanınan BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsi təsəbbüsü nə
qədər böyük cəsarət və qətiyyət tələb
edirdisə, bu işdə 130 ölkənin dəstəyi bir
o qədər qürurvericidir, Azərbaycana beynəlxalq
baxışın təqdimatıdır. Ədalətli
mövqeyə, müstəqil siyasətə, beynəlxalq
hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasətə,
ən əsası dövlətinin, xalqının
maraqlarını hər şeydən üstün tutan
güclü liderə malik olan bir dövlətin qətiyyətli
addımları qaçılmazdır. Azərbaycan,
eyni zamanda, real həqiqətlərə, real faktlara əsaslanan
ağıllı təbliğatına, əlverişli
coğrafi mövqeyinə güvənərək dövlətlər,
xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, bu
aktual çağırışı edir ki, beynəlxalq
hüquq normalarının icrası üçün vahid
mexanizm müəyyənləşdirilsin, bütün
problemlərin, o cümlədən regional münaqişələrin
həllində ədalət meyarı əsas
götürülsün. Bu kimi məqamları nəzərə
almaqla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğu, erməni
işğalçılarının zəbt etdikləri ərazilərimizdən
qeyd-şərtsiz çıxarılması öz əksini
tapıb. Həmçinin dövlətimiz münaqişənin
həllində bütün dövlətlərin potensial
imkanlarından maksimum istifadəni qarşısına əsas
vəzifə kimi qoyaraq BMT Baş Assambleyasının
sessiyalarında problemin müzakirəsinə nail olub. Baxmayaraq
ki, işğalçı Ermənistan və ona dəstək
verən dövlətlər ölkəmizin bu mövqeyini
münaqişənin həllində vasitəçilik
missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun
missiyasından imtina kimi təqdim etməyə
çalışıblar. Görünür, Ermənistanın
dövlətimizin başçısının BMT Baş
Assambleyasının xüsusi sessiyasının keçirilməsi
təşəbbüsünü dəstəkləməməsində
bu amillər də əsas yer tutur. İşğalçı
dövlət dərk edir ki, artıq yalanlarının ayaq
tutub yeriməsi qeyri-mümkündür. Hər bir
dövlətin ərazi bütövlüyü, sərhədlərinin
toxunulmazlığı BMT-nin əsas prinsipidir. Diğər tərəfdən,
işğalçı dövlət bu səbəbdən təşəbbüsü
dəstəkləməyə utanıb ki, pandemiyadan xilas olmaq
üçün heç bir təcrübəyə, modelə
malik deyil. Hazırda Ermənistan pandemiyanın ən
ağır nəticələrini yaşayan ölkədir.
Burada virusa yoluxanların sayı pik nöqtədədir.
İşğalçı dövlətin iqtisadi
imkanlarının həddindən artıq aşağı səviyyədə
olması vəziyyətdən xilas olmaq üçün hər
hansı tədbiri həyata keçirməyi imkansız edir.
Bu gün, eyni zamanda, beynəlxalq maliyyə qurumlarından ən
çox yardım dilənən ölkə Ermənistandır.
Düşünmək olar ki, dünyanı silkələyən
koronavirus pandemiyasının başa çatmasından
sonrakı dönəmdə beynəlxalq birlik ədalət
meyarının mövcudluğunu etiraf edəcək,
işğalçı dövlət əsassız
iddialarına son qoyub imitasiya xatirinə deyil, əsl həqiqətdə
danışıq masası arxasında oturacaq.
Yuxarıda qeyd etdiyimiz faktlar bu
gün Azərbaycanın beynəlxalq münasibətlər
sistemindəki müstəsna yerini və rolunu, qlobal və
regional problemlərin həllində söz sahibi olduğunu bir
daha göz önündə canlandırır. Ölkəmiz
pandemiyadan əvvəlki dövrdə də müxtəlif beynəlxalq
səviyyəli tədbirlərin keçirilməsi
üçün ideal məkan kimi qəbul olunurdu. İqtisadi,
siyasi, humanitar mərkəzə çevrilən Azərbaycan
ötən il Qoşulmama Hərəkatının XVIII Zirvə
görüşünə ev sahibliyi etmişdir. Həmin tədbirdə
120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın
üç il ərzində Qoşulmama Hərəkatına sədrlik
etməsi barədə qərar qəbul olunmuşdur. Bu, Azərbaycana,
möhtərəm Prezidentimiz İlham Əliyevə göstərilən
böyük inam və etimadın bariz nümunəsi kimi təqdir
edildi. Bütün beynəlxalq səviyyəli tədbirlərdə
bütün dövlətləri dostluğa,
qarşılıqlı dəstəyə və həmrəyliyə
dəvət edən möhtərəm Prezidentimiz İlham
Əliyev bildirir ki, Azərbaycan böyüklüyündən
kiçikliyindən asılı olmayaraq bütün
dövlətlərlə bərabərhüquqlu,
qarşılıqlı hörmətə və maraqlara əsaslanan
siyasət həyata keçirir, tolerantliğı,
multikulturalizmi həyat tərzinə çevirir. Dövlətimizin başçısı cənab
İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin
ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam
Həmrəyliyi İli” elan edilməsi, həmçinin 2015-ci
ildə Azərbaycanin ilk Avropa Oyunlarına, 2017-ci ildə IV
İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də
ölkəmizin birliyə, həmrəyliyə verdiyi
önəmin, dünyaya bu ciddi çağırışları
etmək imkanlarına malik olduğunu nümayiş etdirdi.
Ümumbəşəri bəla
olan koronavirus pandemiyası dövlətlər, xalqlar
arasında birliyin, həmrəyliyin vacibliyini bir daha
aktuallaşdırdı. Türk Şurasının, daha sonra
Qoşulmama Hərəkatının videoformatda “COVID-19-a
qarşı birlikdəyik” devizi altında Zirvə
görüşlərinin ardınca möhtərəm
Prezidentimizin BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü
Azərbaycanın dünyaya birlik, həmrəylik
çağırışlarının davamı, tərkib
hissəsidir. Qoşulmama Hərəkatının
sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli
diplomatiyanı və multilateralizmi təşviq etməsi
dünya birliyi tərəfindən təqdir olunur. Əvvəldə
də qeyd etdiyimiz kimi, Azərbaycanın bu təşəbbüslərinə
verilən dəstək ölkə Prezidentinin şəxsi nüfuzunun,
liderlik keyfiyyətlərinin və uğurlu siyasətinin nəticəsi
kimi dəyərləndirilir. Belə bir
addımın atılmasına görə istər keçirilən
videoformat şəklində Zirvə görüşlərində,
istərsə də dövlətimizin
başçısına ünvanlanan məktublarda hörmətli
Prezidentimizə təşəkkürlər ifadə olunur, belə
çətin dövrdə Azərbaycanla yanaşı,
bütün dövlətlərin diqqətdə
saxlanılması, ehtiyacı olanlara humanitar yardımların
göstərilməsi liderlik keyfiyyətinin təcəssümü
kimi qəbul olunur. Azərbaycanın artıq regional çərçivədən
beynəlxalq müstəviyə çıxaraq əməkdaşlığa
davamlı töhfələr verməsi həyata keçirilən
siyasətin uğuru kimi qeyd edilir. BMT Baş
Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande
Qoşulmama Hərəkatının Zirvə
görüşündə bildirmişdir ki, heç bir
ölkə qarşıya çıxan bu çətinliyi, bu
maneəni təkbaşına aradan qaldıra bilməz: “Biz BMT
olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri
dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun
yayılmasının qarşısını alaq. Biz, həmçinin
istəyirik ki, bütün dövlətlər, millətlər
arasında olan qeyri-bərabərlik aradan
qaldırılsın. Bunun üçün biz daha
güclü və dayanıqlı sistem yaratmalıyıq. Eyni
zamanda, biz görürük ki, inkişafda olan bir sıra
ölkələrin borcları çox kəskin şəkildə
artır. Bunlardan irəli gələrək bildirmək istəyirik
ki, biz cari böhranın lap ortasındayıq. Bir çox
ölkələr, həmçinin öz həllini tapmayan
silahlı münaqişələrdən əziyyət çəkir,
münaqişələr dayandırılmalıdır. Biz
bununla bağlı BMT-nin Baş katibi adından qlobal miqyasda atəşkəsin
təmin edilməsi üçün çağırış
etmişik. Biz beynəlxalq əməkdaşlığı
gücləndirməliyik.” BMT-nin Baş katibi Antonio Quterreş
isə Zirvə görüşü
iştirakçılarına videomüraciətində
vurğulamışdır ki, COVID-19 cəmiyyətlərimizin
və iqtisadiyyatlarımızın sarsıntı
qarşısında kövrəkliyini açıq nümayiş
etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin
icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi
bütün çılpaqlığı ilə üzə
çıxardı. Burada yeganə cavab cəsarətli,
uzaqgörən və əməkdaşlığa əsaslanan
rəhbərlik keyfiyyətləridir. Bu böhranın
miqyası və mürəkkəbliyi əlaqələndirilmiş
qlobal cavab tədbirlərini tələb edir.
Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşəbbüslərindən
irəli gələn bu birliyin, həmrəyliyin əhəmiyyətini
belə dəyərləndirir: “Biz həmrəy
olmalıyıq, bütün siyasi sərhədləri
aşaraq heç zaman görünmədiyi qədər bu
mühüm işləri aparmalıyıq. Çünki virus
özlüyündə iki əsas meyarın bir
kombinasiyasıdır. O, sürətlə yayılır və
o qatildir. Buna görə bizə qlobal həmrəylik və
birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik,
ondan öndə getməliyik. Sizin davamlı çoxtərəfli
işiniz və uzunmüddətli öhdəliyiniz COVID-19-un
qarşısının alınmasında çox vacibdir.
Ölkələr arasında şəffaflığın,
etimadın və əlaqələndirmənin qurulması
olduqca önəmlidir. Ona görə dünyanın hər bir
dövləti buna hazır olmalıdır. Belə bir qlobal
fövqəladə hal qarşısında həmrəylik
prinsiplərindən çıxış edərək biz
insanları və millətləri bu səylərdə birləşdirməliyik.”
Təbii ki, bu kimi
çağırışları, Azərbaycanın təşəbbüslərinə
dəstəyi ifadə edən fikirləri daha şox qeyd edə
bilərik. Əsas olan budur ki, Azərbaycan hər zaman
olduğu kimi, bu gün, pandemiyanın geniş
yayıldığı və mübarizənin daha dərinləşdirildiyi
bir zamanda da yalnız özünü deyil, dünyanı
düşünür. Məhz buna görədir
ki, dövlətimizin başçısı cənab İlham
Əliyevin BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsi təşəbbüsü
Azərbaycan Prezidentinin artıq regional liderlik səviyyəsini
aşaraq dünya liderliyi keyfiyyətinə yüksəldiyini
bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın
30-dan çox ölkəyə humanitar yardım göstərməsi
də dövlətimizin başçısının beynəlxalq
nüfuzunun yüksəlməsinə müsbət təsir edən
amillər sırasındadır.
Bu məqamı da xüsusi qeyd etməliyik ki,
keçirilən Zirvə görüşləri Azərbaycanın
pandemiya dövründə görüdyü işlərin, tətbiq
etdiyi təkmil təcrübənin təqdimatı oldu. Bu gün koronavirusa qarşı mübarizədə
hər bir dövlətin həyata keçirdiyi tədbirlərin
diqqətdən keçirilməsi, səylərin birləşdirilməsi
əsas müzakirə mövzusudursa, Azərbaycanın təcrübəsi
Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərinin
də etiraf etdikləri kimi, təqdirəlayiqdir.
Özünütəcrid bu bəlaya qarşı mübarizədə
əsas amil kimi qəbul olundu. Dövlətimizin
başçısı cənab İlham Əliyevin “Biz birlikdə
güclüyük!” çağırışına ölkə
vətəndaşları mütəşəkkilliklə cavab
verdilər. Dövlət-vətəndaş
birliyinin möhkəmləndirilməsi fonunda ölkəmiz bu
bəlaya qarşı mübarizənin birinci mərhələsindən
uğurla çıxdı. Dövlətimiz üzərinə
düşən vəzifəni yüksək səviyyədə
yerinə yetirir, sağlamlığımızın
keşiyində dayanan həkimlərimiz xəstələrimizin
tez sağalıb əvvəlki həyatlarına
qayıtmaları üçün bütün qüvvə və
bacarıqlarını səfərbər edir, polislərimiz
karantin qaydalarının pozulmaması üçün səylə
çalışırlar. Məhz bu birliyin yaradılması
fonunda sabaha böyük ümidlə baxırıq.
Azərbaycan pandemiyaya qarşı mübarizədə
ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı
ilə səmərəli əməkdaşlıq edir və həmin
əlaqələr bu gün də davam etməkdədir. Qurumun ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan
hazırkı qlobal təhlükənin ölkə əhalisinə
təsirini mümkün qədər minimallaşdırmaq
üçün ən səmərəli tədbirlər həyata
keçirən ölkələrdən biridir. Ölkəmiz
dünya birliyinin məsuliyyətli və səmərəli
üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə
mübarizəyə böyük töhfə verir. Bu gün həmin
inam və etimad BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsi təşəbbüsünə
dəstəkdə də özünü qabarıq şəkildə
büruzə verir. Bu reallıq bir daha təsdiqlənir ki, səyləri
birləşdirməklə bu bəlaya qarşı daha təsirli
müqavimət göstərə bilərik. Reallıq budur ki,
koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq
qarşısında qoyub. Hər bir dövlət bu sınaqdan
layiqincə çıxmaq üçün ciddi səylər
göstərir. Təbii ki, Azərbaycanın təkmil təcrübəsi,
malik olduğu imkanlar, inkişaf modeli onun bu çətin məqamda
da digər dövlətlərə öz dəstəyini
göstərməsinə rəvac verir. Amma cənab İlham
Əliyev bu dəstəkdən, birlik, həmrəylik
çağırışlarından bəhs edərkən
özü-özlüyündə yaranan “Biz bunu etməyə
də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi?”
sualına qısaca olaraq “Yox” söyləməklə bunu belə
əsaslandırır ki, kim bizə irad tuta bilərdi, hətta
bu ağır dövrdə biz bu təşəbbüsü irəli
sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli
ölkəyik və etibarlı tərəfdaşıq: “Bax, bu çətin dövrdə hər kəsin əsl
siması üzə çıxdı. Kim nəyə qadirdir,
kim ölkəni necə idarə edir, kim böhrana
qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti
səfərbər edə bilir, kim isə, sadəcə olaraq,
xarici yardıma möhtac qala-qala başqasından yardım
dilənir. Ona görə həm özümüzə,
xalqımıza, həm də bütün dünyaya bir daha
göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim
üçün milli maraqlar prioritet məsələdir.
İnsanların sağlamlığı isə milli maraqlar
arasında prioritet yerdədir.”
Azərbaycanın ümumbəşəri bəlaya
qarşı istər ölkə daxilində, istərsə də
beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımıza
bütün müraciətlərində koronavirusdan xilas
olmağın ən adi qaydalarına riayət edilməsinə
çağırışlar olunur. Mehriban xanım
Əliyevanın “Mən sizə bir övlad, bir həyat
yoldaşı, bir ana və nənə olaraq müraciət
edirəm! Qəlbimin dərinliklərindən gələn və
hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni
anlayacağınıza ümid edirəm!” kimi
çağırışları hər bir ananın ürəyindən
keçən çağırışdır. Mehriban
xanım Əliyeva bildirir ki, bu gün koronavirus epidemiyası
ilə mübarizədə ön cəbhədə olanlara ən
gözəl minnətdarlıq-özünütəcrid rejiminə
riayət etməkdir. Bu əminlik də ifadə olunur ki,
COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı
gün gələcək. Həmin gün uzaqda deyil.
Dövlətimizin
başçısının təşəbbüsü ilə
videoformatda keçirilən Türk Şurasının, eyni
zamanda, Qoşulmama Hərəkatının Zirvə
görüşlərində Azərbaycanın hər bir sahədə
qazandığı uğurlara diqqət yönəldilərək,
təkmil islahatların, yeniliyə meyilliliyin nə kimi
uğurlara yol açdığı və bu fonda COVID-19-a
qalib gəlmək imkanlarımız xüsusi qeyd olunmuşdur.
Pandemiya hər bir ölkənin yeni
texnologiyaların inkişafı istiqamətində əldə
etdiyi uğurlara da işıq salır. Hər sahədə
nümunəvi olan Azərbaycan bunu da dünyaya nümayiş
etdirdi. Qeyd edilən Zirvə görüşlərinin
keçirilməsi məhz ölkəmizdə yeni
texnologiyaların inkişafına əsaslanır. Pandemiya özünütəcridə
çağırış olduğu üçün istər
orta, istərsə də ali təhsil müəssisələrində
distant təhsilə üstünlük verilməsi ölkəmizin
malik olduğu imkanların təqdimatında əhəmiyyətli
rol oynayır. Əsas olan budur ki, hər dövrün,
zamanın tələbinə uyğun olaraq təkmilləşmə
həyata keçirilir, bu isə öz növbəsində
heç bir dövlətin sığortalanmadığı
müəyyən çətinliklər yarananda öz rolunu
aydın şəkildə nümayiş etdirir. Yəni çətinliklərə
qalib gəlmək hərtərəfli inkişafa əsaslanan
amillərlə bağlıdır.
Bu gün ölkə və
dünya mətbuatında geniş müzakirə olunan
mövzular sırasında dövlətimizin
başçısı cənab İlham Əliyevin BMT Baş
Assambleyasının xüsusi sessiyasının keçirilməsi
təşəbbüsünun 130 dövlətin böyük dəstəyini
qazanmasıdır. Bu əminlik ifadə edilir ki,
xüsusi sessiya pandemiya qarşısında beynəlxalq
ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait
yaradacaq və bu, qlobal təhdidə qarşı qlobal
cavabın tapılmasına öz müsbət töhfəsini
verəcək. Təşəbbüsləri
gerçəkliyə çevirən Azərbaycan beynəlxalq
birliyin fəal üzvü kimi daim öz sözünü
deyir, hər bir məsələnin həllində vahid
yanaşmanın müəyyənləşdirilməsinin
birlikdən, həmrəylikdən asılı olduğunu
açıqlayır.
Nurlana Əliyeva
İki sahil.- 2020.- 4
iyul.- S.7.