Amerikanın “Medium” saytında Ermənistanın
Azərbaycana qarşı
işğalçı siyasəti
barədə məqalə
dərc edilib
Amerikanın “Medium” saytında Azərbaycan Respublikasının
Los-Ancelesdəki Baş
konsulu Nəsimi Ağayevin “Ermənistan: mədəni soyqırımı,
tanımadan imtina və riyakarlıq” sərlövhəli məqaləsi
dərc edilib.
AZƏRTAC xəbər
verir ki, materialda Ermənistanın
Azərbaycana qarşı
təcavüzündən, erməni
silahlı qüvvələri
tərəfindən Dağlıq
Qarabağ regionunun işğal edilməsindən
və bu bölgədə etnik təmizləmələr aparılmasından
bəhs edilir.
N.Ağayev yazır ki,
müharibələr həmişə
fəlakətlər gətirir,
lakin əgər müharibə hərbi cinayətlərlə, o cümlədən
dinc sakinlərə hücumlar, yaşayış
məntəqələrinin qəsdən dağıdılması
və ya “mədəni soyqırımı”
törədilməsi
ilə müşayiət
olunursa, belə müharibə gələcək
nəsillər üçün
fəlakət xarakteri
daşıyır. İŞİD-in Suriya və
İraqda törətdiyi
əməllər buna
əyani sübutdur.
Müəllif qeyd edir ki, Qafqazda da
hadisələr belə
ssenari üzrə inkişaf edir, bunun əks-sədasını
ABŞ-da da hiss etmək olar. 1990-cı illərin əvvəlində Ermənistan
Azərbaycana qarşı
elan edilməmiş müharibəyə başladı,
nəticədə Azərbaycanın
Qarabağ regionu işğala və etnik təmizləməyə məruz qaldı. Qarabağdan və Ermənistandan 1 milyona yaxın Azərbaycan vətəndaşı
qovuldu. BMT Təhlükəsizlik
Şurası bu işğalı dəfələrlə
pisləyib, Ermənistan
qoşunlarının işğal
etdikləri ərazilərdən
çıxarılmasını tələb edib, Ermənistan isə bu çağırışlara
məhəl qoymadan suveren Azərbaycanın ərazilərinin təqribən
20 faizini hələ də işğal altında saxlayır. 30 ilə yaxındır ki, Azərbaycandan olan məcburi köçkünlər
öz doğma evlərinə, yurdlarına
qayıtmaq imkanından
məhrumdurlar.
Hazırda beynəlxalq ictimaiyyət
Ermənistanın hərəkətlərinin
haqsız olmasını
etiraf etməyə başlayıb, lakin
ABŞ-dakı erməni
icmaları heç bir təqsiri olmayan yüz minlərlə dinc sakinə qarşı Ermənistanın cinayətlərinə
haqq qazandırmağa,
erməni qoşunlarının
işğal edilmiş
rayonlardan çıxarılması
barədə beynəlxalq
birliyin çağırışlarını
və təzyiqini dəf etməyə çalışırlar. Ermənilərin
hərbi cinayətlərinin
gizlədilməsi üçün
bu cür cəhdlər ABŞ Konqresində
də, ayrı-ayrı
ştatların müxtəlif
qanunvericilik orqanlarında
da müşahidə olunur. Bəzi qanunvericilər ermənipərəst
qanun layihələri və qətnamələr
təqdim edirlər. Erməni lobbisi Konqresin bəzi üzvləri üçün əyləncə
xarakterli səfərlər
təşkil edir, belə konqresmenlər Azərbaycanın işğal
altında olan ərazilərinə qanunsuz
səfərlər edir,
Ermənistanı tərifləyir,
ermənilər tərəfindən
törədilmiş hərbi
işğalı və
etnik təmizləmələri tamamilə
dəstəklədiklərini bildirirlər. Bu dəhşətli addım
ABŞ-ın çoxillik
xarici siyasətinə
ziddir və Azərbaycandan olan 1 milyon məcburi köçkünün düşdüyü
ağır vəziyyətə
etinasızlıqdır.
N.Ağayev yazır
ki, “mədəni soyqırımı” faktlarını
saymaqla qurtarmaz. Azərbaycan mədəniyyətinin
məhv olunmasına dəlalət edən əyani faktlar var. Məsələn, Azərbaycanın Şuşa
şəhəri demək
olar ki, viran edilib, bu
şəhərdəki məşhur
Mamay məscidi erməni kilsəsinə çevrilib, məscidin binasındakı lövhə
silinib və erməni xaçı ilə əvəz edilib. Azərbaycanın qədim Ağdam şəhərində işğaldan
əvvəl 50.000 azərbaycanlı
yaşayırdı. Erməni
qoşunları bu şəhəri yerlə-yeksan
ediblər, indi oranı “Qafqazın Xirosiması” və ya “Kabus şəhər”
adlandırırlar.
Ermənistanda və işğal edilmiş Qarabağ regionunda Azərbaycanın
mədəni irsi olan 4500 tarix, din və mədəniyyət
abidəsi talanıb, dağıdılıb və
murdarlanıb. Azərbaycanlı
diplomat qeyd edir ki, bu
“mədəni soyqırımı”nın
əsasən 1994-cü ildə
atəşkəs haqqında
saziş bağlanandan
sonra törədilməsi
ən dəhşətli
faktdır.
1990-cı ildə Yerevanda yaşayan etnik azərbaycanlılara qarşı talanlar zamanı azərbaycanlıların
“Dəmirbulaq” məscidi
buldozerlə sökülüb.
“The New Yorker” qəzetinin müxbiri Robert Kallen və erməni tarixçi Corc Bornoutyan həmin məscidin dağıdılmasının şahidləri
olublar. Erməni jurnalistin çəkdiyi bir videoda Ermənistanın
Vayots Dzor rayonunda azərbaycanlıların
dəfn edildiyi qəbiristanın dağıdılması
təsvir olunub. Videodan görünür ki, qəbirlər dağıdılıb və
murdarlanıb. Bundan əlavə, Ermənistan on minlərlə ermənini qeyri-qanuni şəkildə Azərbaycanın
işğal edilmiş
ərazilərinə, əvvəllər
azərbaycanlılara məxsus
olmuş evlərə
köçürüb. Bu
fakt Avropa İnsan Haqları Məhkəməsinin qərarında
da təsdiq edilib.
Azərbaycanın Baş konsulu məqaləsinin sonunda yazır ki, kütləvi qətllər
törədilməsinin, minillik
tarixin məhv edilməsinin inkar olunması bu əməllərin törədilməsindən
daha betərdir.
İki sahil.- 2020.- 8
iyul.- S.15.